Ölkədə silahlı quldur dəstələri yarana bilər
Tarix: 01-11-2017 13:08 | Bölmə: Slayd
Ölkədə silahlı quldur dəstələri yarana bilər

Təhlükəsizlik polkovniki həyəcan təbili çalır: “Azərbaycanda kriminogen durum gərginləşir. İqtisadi durum ağırlaşdıqca oğurluğun, quldurluğun səviyyəsi artacaq”

Bir neçə gün əvvəl Bakıda daha bir terror aktının qarşısı alınıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında bildirilirdi ki, Azərbaycanın hüdudlarından kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxs Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində "Abdullah” ləqəbli Azərbaycan vətəndaşı Bəxtiyar Məmmədsadıq oğlu Ələkbərovun yaşadığı evdə toplaşaraq sonuncunu qeyd olunan cinayətkar birliyin tərkibində özlərindən ibarət dəstənin "əmir”i seçiblər.

Müəyyən edilib ki, həmin şəxslər ardıcıl terror aktları törətmək məqsədi ilə əldə etdikləri maddə və ləvazimatlarla kustar üsulla partlayıcı-yandırıcı predmetlər hazırlayıb, 2017-ci il oktyabrın 22-də Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində seçdikləri məkanda sınaqdan keçiriblər. Həmin şəxslərin əməliyyat-texniki yolla ətraflı qeydə alınmış görüşlərində onlar ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə 2017-ci il oktyabrın 28-də Bakı şəhərində keçirilən müxalifətin mitinqində terror aktı törətmək barədə razılığa gəliblər.

DTX-də başlanılmış cinayət işi üzrə barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılmış şəxslərin saxlanılması üçün 2017-ci il oktyabrın 25-də kompleks əməliyyat tədbirləri keçirilib.

Əməliyyat zamanı cinayətkar dəstənin üzvləri - Azərbaycan vətəndaşları Bəxtiyar Məmmədsadıq oğlu Ələkbərov, "Əbu-Yunis” ləqəbli Anar Mehman oğlu Məsimli və "Əbu-Vakkaz” ləqəbli Cavid Hüseyn oğlu Hüseynli odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv ediliblər. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ölkədə silahlı quldur dəstələri yarana bilər

Ehtiyatda olan təhlükəsizlik polkovniki İlham İsmayıl məsələni “Reytinq”ə şərh edərkən deyib ki, baş verənləri analiz edib hər hansı nəticəyə gəlmək çətindir. Onun sözlərinə görə, DTX-nın ictimaiyyətə təqdim elədiyi məlumat detallı olmadığına görə, konkret fikir yürütmək mümkün deyil. Amma görünən odur ki, yenə də radikal dindarların məsələsidir:

“Xatırladım ki, bir neçə il öncə müxalifətin mitinqlərinin birində İŞİD-in bayrağını qaldırmışdılar. Təbii ki, bu, bir təxribat idi. Sonradan öyrənilmədi ki, İŞİD-in bayrağını kim qaldırıb.

Bilirsiniz, İŞİD heç vaxt hansısa demokratik qüvvələrin tədbirində bayraq qaldırmır. Onlar ya terror törədir, ya da hansısa terror aktını boynuna götürür ki, mən etmişəm. Çox təəssüf ki, bu proses davam edir”.

İlham İsmayıl nəzərə çatdırıb ki, DTX-nın məlumatı sona qədər verilməyib:

“Açılmır ki, nədən müxalifətin mitinqi hədəfə alınıb? Əgər müxalifətin mitinqi hədəfə alınırsa, kameralar var, hamının gözü qabağında terror törətməkdə məqsəd nədir? Nəyə görə ajiotaj yaratmaq istəyirlər? Mitinqin olmasını istəmirlər, yoxsa cəmiyyəti qorxudurlar? Müxalifətin mitinqindənsə başqa kütləvi tədbirdə terror törətsələr, dövlətə daha çox təzyiq etmiş olarlar. Yəni, bu məsələdə xeyli suallar yaranır. Hesab edirəm ki, bu məsələdə əsas sual odur ki, niyə məhz müxalifətin mitinqi hədəf seçilib? Aidiyyatı qurumlar bu suallara cavab tapıb ictimaiyyətə məlumat verməlidir”.

Onu da nəzərə çatdıraq ki, bu, Azərbaycanda ilk terror planı deyil. Bu il ərzində bir neçə dəfə DTX ölkəmizdə terror törətmək istəyənlərin zərərsizləşdirilməsi ilə bağlı rəsmi məlumat yayıb. Hətta bunlardan birinin Milli Məclisin binasında planlaşdırıldığı bildirilirdi.

Ölkədə silahlı quldur dəstələri yarana bilər

Məsələ ilə bağlı Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc da bir neşə gün əvvəlki müsahibəsində maraqlı məqamlara toxunub. O, bildirib ki, ələ keçirilən adamlar inanclı kəsimdən olsalar da, onların dini ekstremist qruplaşmalarla nə dərəcədə əlaqəli olduğunu demək çətindir:

"İŞİD yarandıqdan sonra ekspertlər, siyasətçilər həyəcan təbili çalırdı. Hər kəs bir sualı verirdi: İŞİD dayaqlarına zərbə vurulandan, yuvaları dağıdılandan sonra sağ qalan birləşmələr hara üz tutacaq? İŞİD çıxarıldığı ərazilərdə bayrağını endirib, harada qaldıracaq? Elə bilin ki, həmin o dövr gəlib çatıb. İŞİD-ə ciddi zərbə vurulur, məskunlaşdığı yerlərdən çıxarılır.

DTX-nın zərərsizləşdirdiyi həmin adamların ləqəblərindən görünür ki, bu sahədə "əməkləri” olmuş şəxslərdir. Hətta onların arasında “Əmir” rütbəsinə qədər yüksələnlər də var. Bu o anlama gəlir ki, casus kimi ələ keçirilən, terror şəbəkəsinin yeminə çevrilmiş adamlar, təəssüf ki, inanclı kəsimdən olanlardır. Bu adamların etiqadından istifadə edən konkret mərkəzlər mövcuddur. zərərsizləşdirilən adamların həmin dini ekstremist qruplaşmalarla əlaqəsi varmı, bu suala cavab vermək çətindir”.

Millət vəkili düşünür ki, o adamların planları baş tutsaydı, bu, Azərbaycanda qarışıqlıq salmaq istəyən qüvvələrin mənafeyinə işləyərdi:

"Azərbaycanın ən böyük sərvəti sabitliyidir. Lakin düşünün ki, hansısa qüvvələr hər hansı bir kütləvi aksiyanı hədəf götürərək, ora zərbə vururlar. Burada həyatını itirən insanlar hansı cinahdan, hansı siyasi mənsubiyyətdən getmələrindən asılı olmayaraq, birinci növbədə terrorçu qüvvələrin niyyəti baş tutmuş olardı.

İkincisi, onların niyyəti odur ki, camaata "dövlət sizi qorumur, bizimlə hesablaşın”,- mesajını verə bilsinlər.

Üçüncüsü, şübhəsiz ki, Avropada ixtisaslaşmış tənqidçi siyasi mərkəzlər bununla Azərbaycan hakimiyyətini daha çox tənqid etmək imkanı qazanmış olurlar. Ona görə də təhlükəsizlik məsələsində müxaliflik etmək olmaz. Hər kəs bu məsələdə dövlətin müvafiq qurumlarının yanında olmalıdır”.(BakuPost.az)

İ.İsmayıl isə deyir ki, İŞİD-in Azərbaycanı hədəfə alması ilə bağlı iddiaların ciddi əsası yoxdur:

“İŞİD böyük təşkilatdır. Onlar Amerikadan tutmuş Avropaya qədər hər hansı akt həyata keçirə bilirlər. Düzdür, məsələnin başqa tərəfləri də var ki, böyük dövlətlər İŞİD-dən başqa məqsədlər üçün istifadə edirdilər. Amma Azərbaycan İŞİD-in hədəfində deyil. Sadəcə olaraq, İŞİD sıralarında azərbaycanlılar da var. Onlar da müxtəlif vaxtlarda bu istiqamətdə müəyyən mesajlar verirlər. Guya hər kəs öz yerində İŞİD-in təmsilçisi sayılır, sabah hər hansı bir hakimiyyət məsələsində söz sahibi olacaqlar və s. Odur ki, bu təhlükə istisna olunmur. Ona görə də DTX bu məsələni daim diqqətdə saxlayır”.

Son dövrlər iki dəfə əməliyyat keçirildiyinə, 4 nəfərin öldürüldüyünə, bəzilərinin isə məhkəməsinin davam etdiyinə diqqət çəkən İ.İsmayıl bir daha təkrar edib ki, böyük mənada Azərbaycan İŞİD-in hədəfində deyil:

“Milli Məclisdə hər hansı terror aktı törətməyi sadə məsələ saymıram. Çünki parlamentin təhlükəsizliyi olduqca diqqtəli təşkil olunur. İŞİD-in Milli Məclisi hədəfə götürməsi və orada hər hansı akt törətməsi üçün gərək burda yüksək səviyyədə hazırlıq işləri görə. Məsələ ondadır ki, İŞİD-in hazırlığı o səviyyədə deyil. Yadınızdadırsa, İranda məhz parlament hədəf götürülmüşdü. Həmin dəsti-xətti nəzərə alaraq fikirləşirlər ki, İrandakı şeyi Azərbaycanda da edə bilərlər. Nəzərə alsaq ki, İranda kifayət qədər ciddi qruplar var və hazırlıq yüksək səviyyədədir, Azərbaycanda isə elə bir vəziyyət yoxdur.

Amma açığını deyim ki, DTX-nın ayıq-sayıqlığı, əməliyyat şəraitinə nəzarəti olmasa, çox şey baş verə bilər. Deməli, nəzarət var. Son əməliyyat tədbirləri də göstərir ki, ədəbiyyatdan tutmuş digər addımlar nəzarətdədir. Təbii ki, bu da müsbət haldır”.

Digər diqqətçəkən məqam odur ki, son dövrlər ölkədə kriminogen durum da kritikləşir. Artıq iş o yerə çatıb ki, təhlükəsizlik orqanlarına qarşı silahlı müqavimət də göstərilir. Belə ki, 25 oktyabr 2017-ci il tarixdə DTX əməkdaşları tərəfindən müxtəlif dini etiqadlara mənsub üç silahlı şəxsin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş ünvanda (Abşeron rayonu, Xırdalan şəhərində) yerləşən mənzilə Abşeron Rayon Prokurorluğunun və Baş Prokurorluğun Kriminalistika şöbəsinin prokuror-kriminalistlərinin iştirakı ilə baxış keçirilib. Prokurorluqdan verilən məlumata görə, baxış zamanı mənzildən 5 ədəd patronla birlikdə 1 ədəd "Makarov” markalı tapança, 2 ədəd partlayışa hazır vəziyyətdə olan əl qumbarası, 7 ədəd hazır vəziyyətdə şüşə butulkalarda kustar üsulla hazırlanmış "Molotov kokteyli”, həmin partlayıcı-yandırıcı predmetlərin alışması üçün nəzərdə tutulmuş xeyli sayda alışdırıcılar, "Molotov kokteyli”nin hazırlanması üçün nəzərdə tutulmuş 4 ədəd alışdırıcı maye ilə dolu 5 litrlik plastik qablar aşkar edilələrək müvafiq qaydada qablaşdırılaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Keçmiş MTN polkovniki isə, son dövrlər kriminogen durumun gərginləşdiyini və oyanmanın baş veridyini vurğulayıb. Onun sözlərinə görə, ölkədə sosial-iqtisadi böhran dərinləşdikcə, insanların dolanışığı çətinləşdikcə kriminal hadisələr artır: “Bu, bütün dövrlərdə belə olub. Kriminal iki formada olur. Biri cibgirlər, oğrulardır, digəri silahlı banda formasında fəaliyyət göstərənlərdir. Hesab edirəm ki, artıq bu proses başlayıb. Cəmiyyətdə iqtisadi durum ağırlaşdıqca oğurluğun, quldurluğun səviyyəsi artacaq. Bu quldurluğun silahlı formaya keçməsi daha təhlükəlidir. Mənə elə gəlir ki, sosial vəziyyətin ağırlığından kriminal hadisələrin artması başlanğıcdır. Vəziyyət belə davam eləsə, qeyd olunan kriminallar xeyli arta, hətta bir qədər də inkişaf etməklə silahlı quldur dəstələri yarana bilər. SSRİ-də müharibədən sonra bu cür quldur dəstələri geniş yayılmışdı. İndi də Azərbaycanda vəziyyət getdikcə pisləşir. Bu da quldurğuluğa, kriminal hadisələrin artmasına rəvac verir. Hər halda, aidiyyatı qurumlar bunu nəzərə almalıdır. Proseslər təhlil olunmalı, profilaktik tədbilərlə yanaşı, əməliyyat tədbirləri artmalıdır. Bu məsələlər təhlükəsizliyə cavabdeh olan yüksək çinli məmurların gündəmində olmalıdır”.

Son olaraq qeyd edək ki, istər İŞİD təhlükəsinə, istərsə də müxtəlif cinayətkar şəxs və ya şəxslərə qarşı mübarizə təkcə hüquq-mühafizə orqanlarının işi sayılmamalıdır. Azərbaycanı sevən, onun inkişafını istəyən hər bir vətəndaş cəmiyyət və dövlətimiz üçün təhlükəli olan bu məsələdə hüquq-mühafizə orqanlarına imkanı daxilində köməklik göstərməlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}