23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Azərbaycan iqtisadiyyatına təhdidlər artır - Ekspertlər
Tarix: 27-05-2018 21:26 | Bölmə: Slayd
Azərbaycan iqtisadiyyatına təhdidlər artır

Ölkənin biznes, maliyyə-bank və digər sektorlarına ciddi problemlər yarana bilər

2018-ci ilin proqnozlarına əsasən Azərbaycan iqtisadiyyatı fiskal stimullaşdırma tədbirləri ilə 1,8 faiz artacaq.

Bu barədə Dünya Bankının “Kriptovalyutalar və Blokçeyn texnologiyaları: Avropa və Mərkəzi Asiya Regionu üzrə İqtisadi Məruzə (Cryptocurrencies and Blockchain: Europe and Central Asia Economic Update)” adlı yeni hesabatında məlumat verilib.

Hesabatda qeyd olunur ki, bu il Azərbaycanın qeyri-neft ÜDM-ində də artım qeydə alınacaq. Qeyri-neft sektorunda artım dövlət investisiyalarının 83 faizədək artması ilə izah olunur.

2018-ci ilin sonuna "Şahdəniz-2" layihəsi çərçivəsində qaz hasilatına başlanacaq:

"2018-ci ilin sonunda neft hasilatının həcminin azalması gözlənilmir. Bundan başqa, 2017-ci il illə müqayisədə 2018-ci ilin sonuna neftin qiymətinin yüksək olacağı və bu qiymətlərin ortamüddətli perspektivdə sabit qalacağı proqnozlaşdırılır".

Hesabat müəlliflərinin fikrincə, karbohidrogen hasilatının və qeyri-neft ixracı artımının davamlı olması, xarici tələbatın yüksəlməsi və qeyri-neft məhsulları ixracatçılarına dövlət dəstəyinin güclənməsi Azərbaycanda ÜDM artımına müsbət təsir edəcək. Bunu əsas götürən hesabat müəllifləri 2019-cu ildə Azərbaycanda iqtisadi artımın 3,8 faiz, 2020-ci ildə isə 3,2 faiz olacağını proqnozlaşdırırlar.

Nəzərə çatdıraq ki, adətən Dünya Bankının, eləcə də digər beynəlxalq qurumların Azərbaycanla bağlı proqnozları özünü doğrultmur. Bu da onunla izah olunur ki, bu qurumlar həm ölkə daxilindəki real vəziyyəti tam analiz edə bilmir, həm də qeyri-dəqiqi olan rəsmi statistikaya uyğun hesabat hazırlayırlar. Real durumu yerli müstəqil ekspertlər daha dəqiqi dəyərləndirir, eyni zamanda, daha optimal çıxış yolu təklif edirlər.

Azərbaycan iqtisadiyyatına təhdidlər artır

Azərbaycanda iqtisadi durum və perspektivlə bağlı fikirlərini “Reytinq”lə bölüşən iqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, ölkədə iqtisadi inkişaf yalnız təşəbbüskarlıq və azad sahibkarlıq sayəsində mümkündür. Onun qənaətincə, administrativ müdaxilələr, imtiyazlı quplara dəstək hesabına hansısa sahələrin ayaqda saxlanması ən yaxşı halda "dopinq effekti" yaradır - belə inkişaf dayanıqlı və effektiv olmur, çəkilən xərclərin və sərf olunan zamanın qısa müddətdən sonra resurs və zaman itkisi olması ilə hər kəs barışır.

İqtisadçı-ekspert bildirib ki, son 3 ildə fermerlərin, əyalətlərdə sosial sahələri və dövlət qurumlarını təmsil edən işçilərin administrativ qaydada pambıq, tütün, şəkər çuğunduru və barama istehsalına cəlb edilməsi də bunun bariz nümunələrindən biridir:

“Statistika Komitəsinin 4 ayın yekunları üzrə yaydığı hesabata görə, 2018-ci ilin yanvar-aprel aylarında əvvəlki ilin eyni dövrünə nisbətən şəkər çuğunduru əkini 27.6 faiz, pambıq əkini 23.4 faiz, tütün əkini 17 faiz azalıb. Əvəzində isə tərəvəz əkini 6.5 faiz, çoxillik otların əkini 26 faiz artıb. Halbuki ötən 2 ildə dəfələrlə fermerlər, müstəqil ekspertlər vurğulayırdı ki, texniki bitkilərlə müqayisədə tərəvəz əkini həm əkin sahibəri üçün daha yüksək qazanc gətirir və həm də az zəhmət tələb edir. Üstəlik, tərəvəz əkininin zorakılıqla azaldılması ölkənin ərzaq idxalından asılılığının kəskin artımı üçün risk formalaşdırır. Çoxillik otların məcburi qaydada texniki bitkilərlə əvəzlənməsi isə heyvandarlığın inkişafına, emal sənayesinə (süd məhsullarının emalı) ağır zərbə vurur - necə ki, son 1 ildə heyvandarlığın qida rasionunda həlledici paya malik otun qiyməti kəskin bahalaşıb. Ümid edək ki, statistikadakı məlum azalma administrativ addımlarla fermerlərin işinə müdaxilə edən məmurların çox gec olmadan reallıqla barışmasının nəticəsidir”.

Ekspert ölkədə biznes imkanlarının genişləndirilməsi və inkişafı yollarından da danışıb. Onun qənaətincə, məhdud daxili tələbə malik iqtisadiyyatda biznes yalnız yüksək ixrac gəlirləri hesabına güclü inkişaf edə bilər.

R. Ağayev müqayisələr apararaq, inkişaf perspektivləri barədə mülahizələr də irəli sürüb: “Məsələn, 145 milyon nəfər Rusiya ilə 10 milyon nəfər əhalisi olan Azərbaycanda ixtiyari bir ayaqqabı istehsalçısının potensial müştəri kontingenti arasında fərqin 15 dəfəyə yaxın olduğu göz önündədir. Azərabaycanlı ayaqqabı istehsalçısı müştəri kontingenti arasında bu böyük fərqi əcnəbi müştərilər hesabına qapada bilsə, böyük qazanc sahibi olacaq. Əks halda məhdud müştəri kontingenti bu biznesin genişlənməsinə, yaxşı para qazanıb investisiyaları artırmasına, həm də nəticə etibarı ilə büdcəyə daha çox vergi ödəməsi və daha çox insana məşğulluq imkanı yaratması mümkün olmayacaq. Bunları deməyimin səbəbi Azərbaycanın ixrac statistikasının yaratdığı mənzərədir. Onsuz da ölkəmizin qeyri-neft ixracı məbləğ etibarı ilə çox kiçikdir. Məsələn, 4 ayın yekunlarına görə bütün ixracın cəmi təxminən 8 faizi və ya 485 milyon dolları qeyri-neft sektorunun payına düşüb. Bu məbləğdən bilavasitə təbii resurs sektoruna bağlı olan 2 məhsulun - elektrik enerjisi və qızılın da ixracını nəzərə alsaq, xalis qeyri-resurs sektoru üzrə 4 aylıq ixrac 400 milyon dollardan da az olur. Amma məsələ bunda da deyil: kiçik məbləğdə olan qeyri-neft ixracının özü də çox az sayda ixracatçının əlində cəmləşib. Məsələn, 2018-ci ilin 1-ci rübünün yekunlarına görə, bütün qeyri-neft ixrac gəlirlərinin 58 faizi (təxminən 205 milyon dollar) 20 subyektə çatıb. Öz növbəsində onun da 35 faizə yaxını dövlət şirkətlərinə, 65 faizi isə özəl sektora çatıb. Belə aydın olur ki, özəl sektor üzrə ixracın cəmi 25 faizi qeyri-neft əmtəələrinin, 75 faizi isə neft sektorunun hesabına təmin olunur”.

R. Ağayev qeyd edib ki, Dünya Bankının son hesabatına görə, Gürcüstanda 2.5 mlrd. dollar ixracat gəlirləri təxminən 1200 ixracatçı arasında bölünür. Azərbaycan Gömrük Komitəsi də bu cür təhlillər aparıb, həm qeyri-neft ixracat gəirlərinin neçə ixracatçıya çatıdığı, ixrac dövriyyəsinə görə (məsələn, 1 milyon, 5 milyon, 10 milyon dollaradək və s.) məlumatları paylaşsa, ölkədə qeyri-neft ixracatçılarının potensialı ilə bağlı real mənzərəni daha aydın görmək olar.

Azərbaycan iqtisadiyyatına təhdidlər artır

İqtisadçı-ekspert Nemət Əliyev isə “Reytinq”ə açıqlamasında digər məqamlara toxunub. O, Azərbaycana yönələn xarici sərmayə ilə bağlı deyib ki, bu sərmayələr 3 ilə 1 milyard dollar və ya 47 faiz azalıb:

“Vəzifə və pul düşkünləri, qabiliyyətsizlər ölkəni elə günə qoyublar ki, artıq xarici sərmayədarlar da burada duruş gətirmir. Hərə bir yolla başını götürüb gedir buralardan. Bu ilin yanvar-aprel dövrünə dair açıqlanmış məlumatlardan məlum olur ki, xarici sərmayə qoyuluşu ötən ilə nəzərən 29 faiz və ya 471 milyon dollar azalıb (faktiki qiymətlərlə). Məsələ ondadır ki, ötən il də, ondan əvvəlki ildə də, xarici sərmayələr azalmışdı, lakin o illərdə azalma səviyyəsi indiki qədər yüksək həddə olmamışdı”.

Ekspert bildirib ki, əgər xarici sərmayələr 2016-cı ildə 14 faiz (312 milyon dollar), 2017-ci ildə 12 faiz (231 milyon dollar) azalmışdırsa, bu il azalma tempi 29 faizə (471 milyon dollar) yüksəlib: “Yəni, ölkəni tərk edən xarici sərmayə bu il ötən ilə nəzərən iki dəfə artıb (471 : 231 ≈ 2 dəfə). Bu tendensiyanı müşahidə edən xarici investor buralara ayaq basmaz.

Ölkəmizə 2015-ci ilin yanvar-aprelində 2,178 milyard, 2016-cı ilin yanvar-aprelində 1,866 milyard, 2017-ci ilin yanvar-aprelində isə 1,635 milyard dollar sərmayə yatıran əcnəbilər bu ilin yanvar-aprelində həmin göstəricini 1,164 milyard dollara qədər azaldıb. Bu tendensiya göstərir ki, rəsmi tribunalardan səsləndirilən fikirlərin tam əksinə olaraq, xaricilər Azərbaycana sərmayə yatırımlarını ilbəil azaltmaqdadır. Sərmayə qoyuluşlarının dörd aylıq həcmi üzrə azalma 2017-ci ilə nəzərən 471 milyon dollar, 2016-cı ilə nəzərən 702 milyon dollar, 2015-ci ilə nəzərən 1 milyard dollar təşkil edib. Deməli, son üç ildə xarici sərmayə qoyuluşu 47 faizə qədər və ya 1 milyard dollar azalıb. Bu, böyük itkidir”.

N. Əliyev hesab edir ki, xarici sərmayə qoyuluşları sahəsində əmələ gəlmiş bu mənzərə ölkədə investisiya mühitinin pisləşdiyini göstərir: “Bu pisləşmə yerli investorlara da mənfi təsir göstərib. Çünki bu il digər mənbələr hesabına əsas kapitala yatırımların səviyyəsi də azalıb. Bütün mənbələrdən əsas kapitala yatırımlar ölkə üzrə 11 faizdən çox düşüb (müqayisəli qiymətlərlə). Belə bir şəraitdə iqtisadi inkişafdan, sayı artmaqda olan əhalinin həyat səviyyəsinin yaxşılaşmasından danışmaq absurddur”.

Ekspert son dövrlər bank sektorunda yaranan vəziyyətə də toxunub. Qeyd edib ki, təkcə mart ayında ölkənin bank sektoru 197 milyon manat zərərə düşüb: “Bununla da batmış bank sektorunda son vaxtlar müşahidə olunan müvəqqəti nisbi tərpəniş yenidən tənəzzüllə əvəz olunub. Belə ki, yanvar ayını 87 milyon, yanvar-fevral aylarını 141 milyon manat xalis mənfəətlə başa vurmuş bank sektoru yanvar-mart dövründə 56 milyon manat zərərlə üzləşib. Bu haqda məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatası yayıb. Bu məlumatların müqayisəsindən belə aydın olur ki, bank sektoru mart ayında 197 milyon manat zərərə düşüb. Bu zərərin məbləği həm yanvar-fevral dövründə əmələ gəlmiş bütün xalis mənfəəti əldən çıxara, həm də 56 milyon manat məbləğində əlavə zərər yarada bilib”.

N. Əliyevin sözlərinə görə, Palatanın açıqladığı məlumatlardan aydın olur ki, bank aktivləri bir ayda (martda) 591 milyon manat azalıb. Cari ilin iki ayında (fevral və martda) isə bankların maliyyə institutlarına yerləşdirdiyi depozitlər 317 milyon manat, qiymətli kağızlara yatırımlar 185 milyon manat, müştərilərə verilən xalis kreditlər 161 milyon manat aşağı düşüb:

“Maliyyə institutlarına buraxılan kreditlərin, banklara məxsus əsas vəsaitlərin və qeyri-maddi aktivlərin səviyyəsində də enmə yaşanıb. Odur ki, bank sektorunda fəallıq zəifləyib, gəlirlər düşüb, vəziyyət yenidən pisləşməyə başlayıb”.


Mərkəzi Bankın yaydığı məlumatlardan isə aydın olur ki, martda bank əmanət və depozitlərinin həcmi 358 milyon manat, o cümlədən, əhalinin əmanətləri 93 milyon, maliyyə təşkilatlarının depozitləri 202 milyon, qeyri-maliyyə təşkilatlarının depozitləri isə 63 milyon manat düşüb. Odur ki, bankların maliyyə və potensial fəaliyyət imkanları da məhdudlaşıb.

Ekspert sonda qeyd edib ki, belə bir vəziyyət, heç şübhəsiz, bank sisteminə inamın itməkdə davam etməsindən irəli gəlir. “Bank sektoru bu vəziyyətdə olan ölkədə ümumi iqtisadi fəallıqdan, inkişafdan danışmaq mənasızdır. Odur ki, boş vədləri bir kənara buraxıb, əməli fəaliyyətə keçmək lazımdır. Real addımlar atmadan, islahatların önünü açmadan gerçək və davamlı müsbət nəticələrə nail olmaq mümkün deyil”,- N. Əliyev deyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}