Tarix: 04-03-2017 17:29 | Bölmə: Cəmiyyət / Xəbərlər
Bu gün Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağı keçirilib.
Reyting.az APA-ya istinadla xəbər verir ki, yığıncaqda Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin və Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının illik hesabatı dinlənilib.
Məruzə ilə çıxış edən birliyin və ittifaqın sədri, Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə xidmət edən islahatlar, o cümlədən məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi, yüksək beynəlxalq tələblərə cavab verən yeni məhkəmə binalarının və komplekslərinin tikilib istifadəyə verilməsi, elektron məhkəmənin və qabaqcıl İKT-lərin tətbiqi, hakimlərin şəffaf seçimi və digər nailiyyətlərdən danışıb.
Tədbirdə Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliyinin sədri, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi hesabat məruzəsi ilə çıxış edərək, Assosiasiyanın ötən dövr ərzindəki fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, Azərbaycan dövləti nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və məhkəmə sisteminin müasirləşdirilməsinə yönəlmiş köklü məhkəmə-hüquq islahatlarını davam etdirir. Bu baxımdan Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən "Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin "Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünüidarəetməyə dəstək” layihəsi mühüm əhəmiyyət kəsb edir. Layihənin əsas istiqamətləri məhkəmə prosesində vaxtın idarə olunması və məhkəmə xidmətlərinin keyfiyyətinin artırılması, o cümlədən hakimlərin təlimi proqramının və metodologiyasının təkmilləşdirilməsidir.
Bununla əlaqədar təcrübələrin və məhkəmə xidmətlərinin keyfiyyətinin və səmərəliliyinin artırılması üçün tətbiq olunan metodların qiymətləndirilməsi, hədəflərin və Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) rəhbər sənədlərinin və alətlərinin icrası üçün layihə çərçivəsində icra edilməli olan konkret fəaliyyətlərin müəyyənləşdirilməsi məqsədi ilə Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurası tərəfindən 5 pilot məhkəmə (Sumqayıt və Şəki apellyasiya, Sumqayıt İnzibati-İqtisadi, Yasamal vəOğuz rayon məhkəmələri) müəyyən edilib və müxtəlif vaxtlarda pilot məhkəmələrlə tanışlıq səfərləri təşkil olunub, Avropa ölkələrində və Bakıda faydalı tədbirlər keçirilib.
Tədbirdə həmçinin, Ali Məhkəmənin Cinayət kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Şahin Yusifov, Ali Məhkəmənin hakimləri Əsəd Mirzəliyev və Xəqani Məmmədov cinayət, mülki və inzibati-iqtisadi işlərə baxılmasının xüsusiyyətləri barədə məruzələrlə çıxış edib, Yasamal Rayon Məhkəməsinin hakimi, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) vitse-prezidenti Ramin Qurbanov "Elektron Məhkəmə” İnformasiya sisteminin bəzi komponentlərinin yaradılması vasitəsilə məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasında əldə olunan nəticələr barədə məlumat verib, məhkəmə fəaliyyətinin aktual məsələləri ətrafında səmərəli müzakirələr, təcrübə və fikir mübadiləsi aparılıb.
Yığıncaqda həmçinin, təşkilati məsələlərə baxılıb, hər iki birliyə yeni üzvlər qəbul edilib.
Bölməyə aid digər xəbərlər