Həbsxanada qiyam: 31 nəfər öldürülüb, 96 mühafizəçi girov götürülüb - Fotolar
Tarix: 26-07-2023 18:05 | Bölmə: Dünya
Həbsxanada qiyam: 31 nəfər öldürülüb, 96 mühafizəçi girov götürülüb

Ekvadordakı həbsxanalardan birində baş verən iğtişaşda 31 nəfər ölüb, 11 nəfər yaralanıb. Digər həbsxanalara da yayılan iğtişaşda ən azı 96 mühafizəçi məhbuslar tərəfindən girov götürülüb.

Reyting.az
xəbər verir ki, Cənubi Amerika ölkəsi Ekvadorun Quayaquil şəhərində yerləşən ölkənin ən böyük həbsxanası olan Litoral cəzaçəkmə müəssəsində şənbə günü məhbuslar arasında dava ilə başlayan hadisələr sonradan üsyana çevrilib.

Məlumata görə, buna paralel olaraq, bir çox məhbus aclıq aksiyasına başlayıb.



Ekvador prezidenti Gilyermo Lasso bu gün səhər hadisələrdən sonra ciddi daxili qarışıqlıq səbəbindən ölkədəki bütün həbsxanalarda 60 günlük fövqəladə vəziyyət elan edib.

Daxili işlər naziri Xuan Zapata fövqəladə vəziyyətin elan edilməsindən sonra verdiyi açıqlamada deyib ki, Ekvador Silahlı Qüvvələri və təhlükəsizlik qüvvələrindən ibarət 2700 nəfər Litoral həbsxanasına müdaxilə edib.

Nazir bildirib ki, təhlükəsizlik qüvvələrinin basqınından sonra həbsxanada nəzarət bərpa olunub və prokurorluq əməkdaşları bölgədə araşdırmalara başlayıb.

Nazir Zapata girov saxlanılan mühafizəçilər haqqında məlumat verməyib.

Ekvador Silahlı Qüvvələrinin açıqlamasında bildirilir ki, əməliyyat zamanı həbsxanada məhbusların istifadə etdiyi bəzi qısa və uzun lüləli silahlar və çoxlu sayda sursat müsadirə edilib.



Ekvador həbsxana xidməti tərəfindən dünən verilən açıqlamada girov saxlanılan mühafizəçilərin sayı barədə dəqiq rəqəm verilmədən ən azı beş həbsxanada mühafizəçilərin öz iradələri xaricində saxlanıldığı qeyd edilib.

Amma qeyri-rəsmi xəbərlərdə təkcə Kuenkadakı Turi həbsxanasında 53 mühafizəçinin girov saxlandığı deyilir. Məlumata görə, ölkədə fəaliyyət göstərən “Los Tiguerones” və “Los Lobos” cinayətkar dəstələrinə məxsus məhbuslar həbsxanaya nəzarəti ələ keçirmək üçün əlbəyaxa olublar.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər