Rusiyadan mühacirət edənlərin sayı artır
Tarix: 11-10-2021 14:05 | Bölmə: Dünya
Rusiyadan mühacirət edənlərin sayı artır

İyirmi il ərzində - 2000-2020-ci illərdə Rusiyanın 5 milyon nəfərədək vətəndaşı ölkədən mühacirət edib.

Reyting.az
-ın məlumatına görə, statistikanı Rusiyanın “Daha dəqiq desək” platforması açıqlayıb.

Jurnalistləri, sahibkarları, vətəndaş cəmiyyəti nümayəndələrini birləşdirən platforma sosial problemlərin tədqiqatı üzrə ixtisaslaşıb.

Platformanın əməkdaşları Rusiyadan mühacirət axınını hesablayarkən Dövlət Statistika Xidmətinin və mühacirləri qəbul etmiş Qərb ölkələrinin məlumatlarına əsaslanıblar.

Hesablamaya görə, hər il Rusiyanı 276 min nəfərdən 309 min nəfərədək adam tərk edir.

Onlar əsasən MDB ölkələrinə, Avropa və Şimali Amerika dövlətlərinə üz tuturlar.

Rusiyadan mühacirət axını daha çox 2016-2019-cu illərdə olub. Həmin illərdə ölkəni 1 milyon 186 mindən çox adam tərk edib.

2006-2011-ci illərdə ölkədən köçənlərin sayı təxminən 698 min nəfər olub.

Mühacirət edənlərin yarıdan çoxu 20-40 yaşlarındadır. Onların ölkəni tərk etməsinə gətirib çıxaran əsas səbəblər təhlükəsiz, sabit həyat tapmaq və övladlarının (yaxud gələcək övladlarının) qayğısına qalmaq istəyidir.

Rusiyalı mühacirlərin yarısı üz tutduğu ölkələrdə mütəxəssis kimi çalışır, üçdə bir hissəsi isə bizneslə, yaxud başqa özəl fəaliyyətlə məşğuldur.

Rusiyadan gedənlərin 79%-i yaşadığı ölkədən razıdır.

Şikayətlər əsasən tibb və təhsil sahələri ilə bağlıdır.

“Daha dəqiq desək” platformasının 900 rusiyalı mühacir arasında keçirdiyi sorğu zamanı respondentlərin yalnız 4%-i vətənə qayıtmaq niyyətində olduğunu söyləyib. 26%-i isə sadəcə bunun mümkünlüyünü istisna etməyib.(Novator.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər