Zelenski qətliam törədilən Buçada: "Bu, soyqırımdır"
Tarix: 04-04-2022 16:48 | Bölmə: Dünya
Zelenski qətliam törədilən Buçada: "Bu, soyqırımdır"

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Silahlı Qüvvələrinin dinc sakinlərə qarşı qətliam törətdiyi Buça şəhərini ziyarət edib.

Reyting.az
"Report"-a istinadla xəbər verir ki, Kiyev vilayətindəki şəhəri ziyarət edən dövlət başçısı dağılmış Rusiya texnikasına baxış keçirib, yerli sakinlərlə söhbət edib.

O, Rusiyanın Ukraynada hərbi cinayətlər və soyqırımlar törətdiyini bəyan edib.

Jurnalistin “Rusiya ilə sülh danışıqları hələ də mümkündürmü?” sualına prezident belə cavab verib: “Bəli, çünki Ukrayna sülhə nail olmalıdır. Biz 21-ci əsrin Avropasındayıq. Diplomatik və hərbi səylərimizi davam etdirəcəyik”.

Qeyd edək ki, martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər - mülki əhalinin öldürülməsi, işgəncələr, zorlamalar və talan faktları aşkarlanıb.

Azad edilmiş Buçada jurnalistlərin çəkdiyi və mülki şəxslərin meyitlərinin əks olunduğu fotolar bütün dünyaya yayılıb. Hadisə Rusiya, Ukrayna və müxtəlif ölkələrdə fəallar, siyasətçilər və mədəniyyət xadimləri tərəfindən pislənilib. Bir sıra mötəbər nəşrlər, ekspertlər hadisəni soyqırımı aktı kimi qiymətləndirib və qətliamı törədən hərbçilər nasist Almaniyasının hərbi cinayətkarları ilə müqayisə edilib.

Aprelin 3-də Rusiya Müdafiə Nazirliyi qoşunlarının Buçanı martın 30-da tərk etdiyini, şəhərdən çəkilmiş foto və videogörüntülərin səhnələşdirildiyini və təxribat olduğunu, həmçinin Rusiya hərbçilərinin şəhərdə olduğu müddətdə heç bir sakinə zərər vermədiyini iddia edib. Bununla əlaqədar Rusiya Buça hadisələrini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib. Eyni zamanda ABŞ və Böyük Britaniya Rusiyanı Təhlükəsizlik Şurasının iclaslarından dezinformasiya yaymaq üçün istifadə etməkdə günahlandırıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər