Ukraynanın daha üç yaşayış məntəqəsi azad edilib
Tarix: 06-04-2022 09:58 | Bölmə: Dünya
Ukraynanın daha üç yaşayış məntəqəsi azad edilib

Rusiya Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətləri ərazisində hücum hazırlaşır. Reyting.az xəbər verir ki, bu məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Baş Qərargah bəyan edir ki, düşmən başqa ölkələrdən Ukraynaya qarşı muzdlu döyüşçülər gətirir: “14-cü Ordu Korpusunun 200-cü əlahiddə motoatıcı briqadasının komandanlığı itkiləri kompensasiya etmək üçün hərbi qulluqçulara təlim keçir. İnformasiyaya əsasən, briqadanın ümumi canlı itkisi 30 faizə yaxındır. Taborlardan birinin taktiki qrupu tamamilə məhv edilib, başqa biri isə döyüş qabiliyyətini bərpa etmək üçün Belqorod vilayətinə aparılıb”.

Bildirilir ki, Slobojan istiqamətində Rusiya hərbçiləri Xarkov şəhərini mühasirəyə almağa çalışırlar.

Baş Qərargah rəsmi informasiyaya əsaslanaraq bildirir ki, Rusiyanın 20-ci ümumqoşun ordusunun 236-cı artilleriya briqadası şəxsi heyətinin və silah-sursatının 20 faizini itirib: “İşğalçılar beynəlxalq humanitar hüquqla qadağan olunan silahlardan fəal şəkildə yararlanırlar. Ukrayna Silahlı Qüvvələri ötən sutkada Rusiyanın 8 qanadlı raketini məhv edib”.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri əks-hücumu nəticəsində Xerson vilayətinin Dobryanka, Novovoznesensk və Trudolyubovka yaşayış məntəqələrinə nəzarəti ələ keçiriblər: “Aleksandrovka rayonunun azad edilməsi istiqamətində döyüş davam edir”.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib ki, Rusiya Silahlı Qüvvələri Xerson və Nikolayev vilayətlərini təhvil verməyə hazırlaşır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər