Almaniya kəşfiyyatı Buçadakı qətliamla bağlı Rusiyanın radiorabitəsini ələ keçirib
Tarix: 07-04-2022 14:23 | Bölmə: Dünya
Almaniya kəşfiyyatı Buçadakı qətliamla bağlı Rusiyanın radiorabitəsini ələ keçirib

Almaniya Federal Kəşfiyyat Xidməti (FKX) Buça şəhərindəki qətliamla bağlı yeni məlumatların yer aldığı iddia edilən Rusiya hərbi radiorabitəsini ələ keçirib.

İddia olunur ki, əldə edilən səslərdə Rusiya hərbçiləri Buçada mülki əhalinin məhv edilməsi, habelə qətlə yetirilən konkret şəxsləri müzakirə ediblər.

Bu barədə Almaniyanın “Spiegel” qəzeti FKX məlumatlarına istinadən yazıb.

Bəzi radioməlumatlarda Buçanın baş küçəsi boyu öldürülən şəxslərin meyitlərinin qaldığı yerlər müzakirə olunub. Məlumatların birində hərbçi bildirib ki, o, dostları ilə birgə velosipeddəki şəxsi güllələyiblər. Dünyanın müxtəlif ölkələrində mediada yayımlanan velosipedlə öldürülmüş həmin adamın şəkli Buçadakı vəhşiliyin ən məşhur dəlillərindəndir. Bir başqa məlumatda qeyd olunub ki, ukraynalı hərbçilər öncə dindirilib, daha sonra isə güllələniblər.

Bundan əlavə, məlumata əsasən, Suriyadakı döyüşlərdə qəddarlığı ilə seçilən “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) yaraqlıları Buçadakı vəhşiliklərdə həlledici rol oynayıblar.

“FKX ələ keçirdiyi məlumatlar onu göstərir ki, Buçadakı qırğınlar nə təsadüfi, nə də nəzarəti itirmiş ayrı-ayrı əsgərlərin hərəkətləridir. Çox güman ki, bu materiallar dinc əhalinin öldürülməsinin Rusiya ordusunun adi üsulunun və bəlkə də mülki əhali arasında qorxu və dəhşət yaymaq və müqaviməti yatırmaq strategiyasının bir hissəsinə çevrildiyini göstərir”, - nəşr vurğulayıb/Report.

Qeyd edək ki, "Vaqner" ÖHŞ-nin muzdluları Liviya, Suriya, həmçinin Afrika kimi ərazilərdə Moskvanın qeyri-rəsmi tapşırıqlarını yerinə yetirməklə tanınırlar.

Xatırladaq ki, martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər - mülki əhalinin öldürülməsi, işgəncələr, zorlamalar və talan faktları aşkarlanıb.

Azad edilmiş Buçada jurnalistlərin çəkdiyi və mülki şəxslərin meyitlərinin əks olunduğu fotolar bütün dünyaya yayılıb. Hadisə Rusiya, Ukrayna və müxtəlif ölkələrdə fəallar, siyasətçilər və mədəniyyət xadimləri tərəfindən pislənilib. Bir sıra mötəbər nəşrlər, ekspertlər hadisəni soyqırımı aktı kimi qiymətləndirib və qətliamı törədən hərbçilər nasist Almaniyasının hərbi cinayətkarları ilə müqayisə edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər