17:03 / 17-07-2019
Dollar neçəyə olacaq?
Robtex - Azad Müzəffərli yazır
Tarix: 16-03-2019 12:21 | Bölmə: Azad MÜZƏFFƏRLİ
Robtex

(Hekayə)

- Ay aman, sən Allah bəsdir, a kişi, uşağa da adam belə əndərbadi ad qoyar?

- Siz burnunuzun ucundan o yana boylana bilmirsiniz, ona görə də bu ad sizə əndərqəlib gəlir... Barı, arada-bir də olsa, başınızı işlədin də...

- Ay başına dönüm, axı, bu uşağın ağlı kəsəndə məhəllədəki tay-tuşları onu adıyla bağlı fitə basacaqlar e, bəs, bunu gözünün qabağına gətirmirsən?

- Əgər, belə uzaqgörənlikdən dəm vurursansa, yaddan çıxarma ki, artıq 21-ci əsrdi ey, texnologiyaların, elmi-texniki tərəqqinin vüsət götürdüyü dövr... Çox uzağa getməyək, bax, elə bu əsrin ortalarından başlayaraq yeni nəsil robotlar meydan sulayacaq. Onda məhz həmin robotları idarə edə biləcək, ən əsası, nəzarətdə saxlamaq qüdrətində olacaq kreativ kəslərə kəskin ehtiyac duyulacaq.

- Ay kişi, hər şeyi çox şişirdirsən ey, sən dediklərinə hələ ən azı bir neçə əsr var, yəqinki?

- Eybi yox, yaşayarıq, görərik... Ağıllı kəslər hələ biz dünyaya gələndən bəri Marsda xeyli torpaq alaraq adlarına sənədləşdiriblər də. Deyilənə görə, haradasa bu əsrin ortalarından etibarən oralar da məskunlaşdırılmağa başlayacaq...

- Bəs, belə öncəgörənsənsə, sən nə əcəb, indiyədək oralardan mülk almaq iddiasına düşməmisən?

- Lağ-lağıdan əl çək... Başa düş, artıq biz özümüz robotlar erasının girişindəyik... Xüsusi xidmət orqanlarında, hərbi sənayedə hələ indinin özündə elə texnologiyalar var ki, heç təsəvvürünə belə gətirə bilməzsən... Sadəcə, qayda belədir, onlar daha da təkmilləşdirilərək yeniləri ilə əvəzləndikcə, əvvəlki ixtiraların iqtisadiyyatın və gündəlik həyatın müxtəlif sahələrində tətbiqinə başlanır... Bax, elə mobil telefonları, kompyuterləri götür... Yəqinki, iyirmi-otuz il əvvəl bunları heç yuxunda da təsəvvür edə bilməzdin?!

- Döşə gəlsin, əməlli-başlı alimsənmiş, heç mənim xəbərim yoxmuş?!

- Sən sancmağında ol, mənsə fikrimdə qətiyəm, uşağın adı Robtex olacaq, vəssalam. İnsanlar anlamalıdır ki, övladlarını gələcəyə hazırlayarkən cari meyarları deyil, ən azı iyirmi-iyirmi beş il sonrakı reallıqları nəzərə almalıdırlar... Özü də bu başdan deyirəm, mən oğlumu məhz robotlar üzrə yüksək ixtisaslı texnik peşəsinə hazırlayacam, bunun üçün əlimdən gələni əsirgəməyəcəm, ona məhz bu məntiqdən qaynaqlanan adı da təsadüfən seçməmişəm... Özüm bu sahədə alim ola bilməsəm də, oğlumu məhz həmin sahəyə yönəldəcəm... Bir də yaddan çıxarma ki, yaxın gələcəkdə, zənnimcə, insan ömrü də iki-üç dəfə uzanacaq, artıq indidən həkimləri robotların əvəzləməsi buna aparır. Robot-həkimlər isə yəqinki gündəlik müayinə sayəsində insan orqanizminin tez sıradan çıxmasının qarşısını əsaslı şəkildə ala biləcəklər. Bu, hazırda inandırıcı gəlməyə bilər, amma yaddan çıxarma ki, biz özümüz indinin özündə belə tək-tək də olsa, ömrü yüz əlli sənəyə yetən insanların canlı şahidləriyik...

- Bu boyda gurultulu nitqin qarşısında daha deməyə söz tapmıram, qoy, sən deyən olsun, həmişəki kimi mən təslim, ağ bayrağı da mətbəxdən asacam... Gücüm ancaq ona yetir ki, səni sürəkli alqışlara qərq eləməyim...

Kişinin ağzı falmış... Yerin, göyün hər qarışı insanların nəzarətindəydi. İyirmi ikinci əsr bitməkdəydi. Daha müxtəlif xalqların, millətlərin bir-birinə qənim kəsilmələrinə ehtiyac qalmamışdı. Müharibələr tarixin arxivinə qovuşmuşdu. Yer sakinlərinin bircə dövləti vardı. İlkin dövrlərdə ünsiyyətdə poliqlot tipli proqramlardan, hərəkətdə olan titrlərdən istifadə olunsa da, indi hamı ümumişlək dildə danışırdı. İş orasındaydı ki, robotlarla da ünsiyyət məhz bu dildə aparılırdı. Həmin dil çoxlu sayda terminlərlə yüklənsə də, vərdişkardılar deyənə kimsə danışıqda elə bir çətinlik çəkmirdi. Qabaqkı insanlar tədricən superinsanlara çevrilmişdilər. Fəth olunmayan qalaktikalar, planetlər də qalmamışdı. Onların əksəriyyətinin məskunlaşdırılmasına isə Marsdan başlanmışdı. Artıq Yerdə elə bir sıxlıq müşahidə olunmurdu.

İndi insanların yuxusunu ərşə çəkən bircə əndişələri vardı. Bəşər övladı özlərinin intellektual məhsulu olan robotların köləsinə çevrilməmək üçün onlarla qiyabi “müharibə”dəydi. Adəmin törəmələri proqramlaşdırma zamanı dəridən-qabıqdan çıxırdılar ki, cüzi də olsun səhvə yol verməsinlər. Hələki birtəhər bunun öhdəsindən gəlirdilər. Elmi-texniki tərəqqi kosmik sürət aldığından get-gedə bəşər övladının işi daha da çətinə düşürdü. Ən başlıca vəzifə isə robotların qətl və buna bənzər naqisliklərdən zərrəcə də olsun xəbər tutmamaları idi. Hələki, vahid intellektual mühitə nəzarət insanların əlindəydi, qlobal informasiya şəbəkəsinə birbaşa çıxış da onların ixtiyarındaydı. Əslində, insanlarla robotların zahiri görünüşündə elə bir fərq qalmamışdı. Superinsanlar onları özləri ilə səhv salmamaq üçün robotların dərisinin sintetik materialını bir qədər fərqli, amma eyni rəngə boyayırdılar. Müasir robotların jest, mimika, emosiya və hissləri təqribən insanınkına yaxındı. Bu da insanların gecəli-gündüzlü səyləri nəticəsində artıq robotların intellektinin həşaratınkından meymununkuna qədər təkmilləşməsindən qaynaqlanırdı. İndi mükəmməl şəkildə rəqəmsallaşdrılan robotların da özlərinə görə xatirələri vardı. İnsanlarla mükalimədə heç də geri qalmırdılar, riyazi hesablamalar və buna bənzər məsələlərdə isə əksinə, onlara hətta köməkçi də olurdular. Hazırda əkən də, becərən də, biçən də, iqtisadiyyatın bütün sahələrindəki ən ağır, hədsiz dərəcədə mürəkkəb işləri yerinə yetirən, bütün növ xidmətləri göstərən robotlardı. Yeni doğulan körpələrə, bağça yaşlı uşaqlara dayəlik də robotlara həvalə olunurdu. Həyatın elə bir sahəsi yoxdu ki, robotlar insanların qolundan tutmasın. İnsanlarınkı isə kreativlik hesabına onları mükəmməl şəkildə idarə etmək idi.

Robotlardan ən azı bir addım öndə olmaq məcburiyyyətində qalan Yer sakinləri sırasında üzərinə böyük vəzifələr düşən kəslərdən biri də Robtex idi. Bəli, yanılmırsınız, iyirmi birinci əsrin əvvəllərində düyaya göz açan həmin o körpə ki, atasıyla anası onun adı üstündə əməlli-başlı savaşa qalxmışdılar. Elə, məhz atasının prinsipial və perspektivi düzgün proqnozlaşdırma bacarığı sayəsində indi yaşı iki yüzə yaxınlaşan Robtex dünyanın barmaqla sayılası robot texniklərindən biriydi, bu sahə üzrə alimlikdə tayı-bərabəri yoxdu. Vaxtında aldığı dual (nəzəriyyə ilə praktikanın mükəmməl şəkildə uzlaşdırılması) təhsil hesabına bu sahənin damarını qədərincə tuta bilmişdi. Robotların yeni nəslinin yetişdirilməsində də onun əvəzsiz xidmətləri vardı.

Di gəl, Robtex kəllə olsa da, elmə, təhsilə üstünlük verən atasının hərdən özünü qabarıq göstərən kobud xisləti ona da eynilə sirayət etmişdi. Yaşa dolduqca, robotlarla psixoloji döyüş daha amansız xarakter aldıqca, Robtex bir qədər də əsəbi olmuşdu. Bundan ən çox sıxıntı yaşayan isə şəxsi mənzilində saxladığı xidmətçi kişi və aşpaz qadın robotlar, bir də tez-tez onu müayinədən keçirərək sağlamlığının qeydinə qalan, ona bu qədər uzun ömür bəxş edən kişi həkim robot idi. Bura onun vas-vasılığından xanımını çərlədərək həyatdan nisbətən tez köçməsində dolayı yolla təqsirkar olmasını, eləcə də, əvvəlki qadın aşpaz robotu adicə bir səhvinə görə çilik-çilik eləməsini, onun xarakterindəki çatışmazlıqlar ucbatından uşaqlarının böyüyəndən sonra digər planetlərdə yaşamağa üstünlük vermələrini də əlavə eləsək, Robtexin xarakterinin axsayan tərəfinin ümumi mənzərəsini yaratmış olarıq. Elə bu səbəbdən büruzə verməməyə çalışsalar da, hər üç robot ondan əməlli-başlı “yanıqlı” idi. Sadəcə, hələki onların kitabında heyif çıxma və bu qəbildən digər hisslər olmadığından Robtexin sağlam məntiqə sığmayan bəzi əməlləri “cəzasız” qalırdı. Ədalət naminə onu da qeyd etməliyik ki, əksər hallarda Robtex istər bu robotlarla, istərsə də sıx ünsiyyət saxladığı həmkarları və ya digər insanabənzər robotlarla o qədər səmimi və mehriban olurdu ki, adamın onun hərdən arzuedilməz insana çevrilməsinə inanmağı belə gəlmirdi. Di gəl, tutması vardı, özü də, bir anın içindəcə bütün müsbət keyfiyyətlərinə soğan doğrayan tutması.

Robtex arada-bir bu dünyadan qopmaq, daimi psixoloji gərginlikdən müvəqqəti də olsa qurtulmaq üçün mənzilindəki öz zövqünə uyğun məxsusi tərtibat verdirdiyi odasına çəkilərdi. Həmin otaqda ruhunu ən çox oxşayansa, qədimi naxışlarla nəfiscəsinə bəzədilmiş arxalıq və möhtəşəm tiyəli, parıltısı göz qamaşdıran sivri qılınc idi. Bunlar ona lap ulu babalarından qalma yadigarlardı. Nəsilbənəsil bunları göz-bəbəkləri kimi qoruyaraq bir-birinə ötürmüşdülər. İndi bunlar Robtexin ixtiyarındaydı. Evindəki robotlar maraqlananda, o, qılıncı orağa bənzər qədimi əkin-biçin aləti kimi qələmə vermişdi. Robtexdən fərqli olaraq həmin binəvaların hardan ağlına gələ bilərdi ki, bir neçə əsr öncə bu qılınc neçə-neçə başı dibindən üzmüş, xeyli insanınsa köksünü qana bələmişdi. Robtexin ulu babası öz dövrünə görə qılınc oynatmaqda sayılıb-seçilən kişilərdən biri olmuşdu. Nəsildən-nəsilə ötürülən deyimlərə görə qılınc döyüşündə onun tayı-bərabəri yoxmuş.

Robtexin arada-bir qlobal şəbəkə vasitəsilə xatirələr aləminə səyahət eləmək şakəri də vardı. Yaddaşını çözələməyə ta körpəlikdən vərdişkardı. Bu dəfə qəflətən iç dünyasından gənclik illərində doydum demək bilmədən baxdığı davalı kinoları yenidən seyr etmək istəyi keçdi. Böyük əziyyət bahasına da olsa, kompyuterə bənzər şəxsi aparatındakı arxivin dərinliklərinə baş vurdu. İnadından dönmədi. Nəhayət, arzuladığına yetdi. Öz hücrəsinə çəkilərək divardakı ekran vasitəsilə böyük həvəslə həmin kinonu izləməyə başladı. Bu, haradasa, təqribən yüz əlli-yüz altmış il əvvəlin kinosuydu. Mamır basmış xatirələri pöhrələndikcə, Robtex hissiyyata qapılaraq real dünyadan aralandı. Özünü qabaqkı xoşbəxt insanlar təkin hiss elədi, köksü kükrədi.

Kəskin süjetli kinoya nə təhər uymuşdusa, ehtiyat tədbirlərini əldən verərək aşpaz robotdan içki gətirməsini istədi. Tapşırığı anındaca yerinə yetirildi. Fikri-zirki tamamən ekrana kökləndiyindən bayaqdan maraqdan çatlayan aşpaz robotun gözucu onun nəyə tamaşa etdiyinə nəzər yetirməsi də diqqətindən yayındı. Tərslikdən bu məqamda ekranda növbəti qətl hadisəsinin qızğın çağıydı. Bu, anındaca aşpaz robotun diqətini çəkdi, ilk dəfəydi belə anlaşılmaz səhnənin şahidi olurdu. Ekrandakı kəs var gücüylə qılıncı rəqibinin sinəsinə saplamışdı, qan fışqırmaqdaydı. Maraq robotu götürsə də, sahibi duyuq düşməsin deyə oradan uzaqlaşdı.

Yarıminsana bənzər robot öz aləmində indicə şahidi olduqlarının mahiyyətinə varmağa çalışdı. Ha əlləşdisə, bunu proqramlaşdırılmış kəlləsinə axıra qədər sığışdıra bilmədi. Əlacsız qaldığı bir məqamda həkim robot özünü yetirdi. Növbəti müayinənin dəqiq vaxtı əvvəlcədən müəyyənləşdirildiyindən o, maneəsiz Robtexin mənzilinə daxil olmuşdu. Marsdan təşrif buyurmuşdu, pilotsuz aparatı ilə. Sahibi ilə birgə o da Marsa köçməli olmuşdu. Xidmətçi robot həkim robotun gəlişi barədə sahibini məlumatlandırdı.

Hələ də uşaqlıq xatirələrinin ağuşunda çabalayan Robtex hələki filmin birinci hissəsinə baxmağa macal tapmışdı. İstər-istəməz “kompyuter”indəki “dayan” düyməsini basaraq qonşuluqdakı tibbi müayinə otağına adladı. Artıq həkim robot müayinəyə hazır vəziyyətdəydi. Robtexin bu otağa keçməyi ilə yoxlama prosesinə start verildi.

Xeyli çəkən yoxlama zamanı həkim robotun fikri xəyalən aşbaz robotdaydı. Çoxdandı onda gözü vardı. Robtexin çilik-çilik elədyi əvvəlki aşbaz robotdan sonra həkim robot indikinə meylini salmışdı. Bu canıyanmış da əvvəlkindən qəşənglikdə heç geri qalmırdı. Gözləri isə sələfininkindən qat-qat mənalıydı. Həkim robot xeyli vaxtdı bu “xanım aşpaz”la yaxınlaşmağa can ataraq münasib fürsəti gözləyirdi. İndi əsas məsələ mənzil sahibini bundan duyuq salmamaq idi. Aşpaz robotun da onunla dilbir olmaqda marağını boğa bilmədiyindən hələ əvvəlki görüşlərində duyuq düşmüşdü.

Nəhayət, müayinə bitdi. Robtexin səhhəti əvvəlki təkin qoz kimiydi. “Həkim” yoxlamanı təzəcə başa vurmuşdu ki, ev sahibini təcili işə çağırdılar. O, çalışdığı kollektivdə əvəzedilməz texnik-alimlərdən biri sayıldığından kəskin ehtiyac duyulanda onu axşam və ya gecələr də işə səsləyirdilər. Bu da çox vaxt onun işlədiyi ən qabaqcıl elmi-tədqiqat müəssisəsindəki cızığından çıxan robotların zərərsizləşdirilməsi üçün lazım gəlirdi. Beləcə, Robtex əvvəlki “aşbaz”ı da nəzərə alsaq, bir qəbirstanlıq robotu cəhənnəmə vasil eləmişdi. Bu işdə ad-san sahibiydi. İpə-sapa yatmayan, özünü insanlarla bir cərgəyə qoymağa cəhd göstərən robotların öhdəsindən gəlməkdə pərgardı, tam püxtələşmişdi. Həmkarlarının proqramlaşdırmadakı səhlənkarlığı ucbatından qafası başqa səmtə yönələn robotlarla duel onluqdu.

Robtex mənzili təcili tərk edər-etməz robotlar qoşalaşdı. Aşbaz robot yamanca qayğılı idi. O, həkim robota ağzını açmağa belə imkan vermədi.

- Gəl dalımca, sənə qəribə bir şey göstərəcəm. Bayaqdan bəri baş sındırsam da, heç cür anlaya bilmirəm.

- Mən də sənin danışığından baş aça bilmədim, nə demək istədiyin mənə qaranlıq qaldı?

- İndi hər şey sənə aydın olacaq, sadəcə, dalımca gəl...

Aşbaz robot düyməni basıb avadanlığı işə salan təkin divardakı ekranda kino yenidən canlandı. Robotlar filmin birinci hissəsinin bitməsi barədə titrləri görən kimi onu başa çəkdilər. Onlar təkin ev sahibinin əlindən dad döyən xidmətçi robotu da tezcənə səsləməyi unutmadılar. Üçü də olmazın maraqla filmə kökləndilər. Adətən Robtex axşamlar təcili işə çağırılanda ən yaxşı halda bir də səhər alaqaranlıqda evinə dönərdi. Həmin mənzilin digər “sakinləri” bunu bildiklərindən arxayıncasına öz işlərindəydilər.

Filmin ssenarisi sanki Robtexin vaxtilə qılınc oynatmaqda rəqib tanımayan babasının döyüş səhnələri əsasında qurulmuşdu. Əsərin qəhrəmanı işğalçı yürüşlər zamanı haqq edənə də, etməyənə də aman vermirdi. Ələlxüsus da, gözü qızanda fərqinə varmadan eynilə Robtexin babası təkin qabağına çıxanları qəddarcasına o dünyalıq edirdi. Robotların haradan ağlına gələ bilərdi ki, bu, bir zamanlar böyük qazanca hesablanmış filmlərdən biriydi. Rejissor mətləbi yox, tamaşaçını daim gərginlikdə saxlamağı üstün tutmuşdu. Film boyunca meyit meyit üzərinə qalanırdı, barmaqla saya gələsi deyildi.

Robotlar öncə ekranda baş verənlərdən bir o qədər də baş açmasalar da, tədricən qurbanların sinəsindən və üzülmüş boyunlardan fışqıran qan şırnağı nəhayətdə onlara ip ucu verdi. Bu sirrin faş olmasında həkim robotun bilgiləri xüsusilə kara gəldi. Filmin hər iki hissəsinə tamaşa eləyəndən sonra məsələnin nə yerdə olduğunu dumanlı şəkildə də olsa, birgə çözə bildilər. Hər biri Robtexdən yanıqlı olduğundan dodaqlarını gəmirirdilər. Sonda sözü bir yerə qoyaraq səbirsizliklə Robtexin evə dönməsini gözlədilər.

Dan yeri sökülər-sökülməz mənzilinə varid olan Robtexi xidmətçi və aşbaz robotlar hərəsi bir qolundan qamarladılar. O, baş verənlərdən çaşqınlıq məngənəsindəydi, cınqırını çıxarmağa belə macal tapmadı. Həkim robot bütün hikkəsiylə eynilə kinodakı kimi babasının qılıncını zərblə Robtexin sinəsinə sapladı. O, vəhşi bir bağırtı çıxararaq ikiqat oldu. Ürəyi bununla yumşalmayan xidmətçi robot həkim robotu qabaqlayaraq cəld hərəkətlə qılıncı Robtexin sinəsindən çıxararaq var gücüylə onun boynuna endirdi. Robtexin kəlləsi xeyli dığırlanaraq nəhayət otağın bir küncündə qərar tutdu. Üst-başları qana bələnən robotlar sanki yuxudan ayılaraq asta qaçan namərddi deyə dabanlarına tüpürərək götürüldülər, hara qaçacaqlarını axıra qədər kəsdirə bilməsələr də. Bu qanlı hadisə zamanı isə şəhər hələ də şirin yuxusundaydı.

Həmin olayın faş olmaması üçün gecəli-gündüzlü səy göstərən insanlar qısa müddətdə Robtexin cənazəsini yerbəyer elədilər, eləcə də, az vaxtda yaxaladıqları robotların hər üçünü ələgəlməz hala saldılar. Onların izini ilim-ilim itirdilər. Xoşbəxtlikdən, robotlar şahidi olduqlarını və törətdikləri əməli hələki özlərinə bənzərlərlə bölüşməyə macal tapmamışdı. Digər robotlar əvvəlki təkin hələ də qətlin, amansızlığın nə olduğundan bixəbərdilər. Sadəcə, baş verən bu hadisə ən müasir proqramlarla yüklənmiş insanabənzər robotların onlara ağalıq edən kəslərlə ilk “döyüşü” oldu. Mütəxəssislər belə vəziyyətin bir daha təkrarlanmaması üçün baş sındırmaqdan yoruldum demək bilmirdilər. Axı, insan üçün can şirin şeydi. Hansı dövranda yaşamalarından, nə qədər ömür sürmələrindən asılı olmayaraq. Bəşər övladı üçün dəyişməz bir qanun var; nəyin bahasına olur-olsun bacardıqca təbiətə hakim kəsilmək, hər şeyi öz maraqlarına kökləmək, eləcə də, bir-biriylə də güzəştsiz əbədi rəqabətdə olmaq... Vəssalam...скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}