Tələbələrlə bağlı qərar verilib
Tarix: 18-02-2017 17:05 | Bölmə: Cəmiyyət / Xəbərlər

Azərbaycanda 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olan uşaqlar dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla əyani formada təhsillə əlaqədar ixtisaslara qəbul olduqda, təhsil haqlarından azad olacaqlar.

Reyting.az apa-ya istinadla xəbər verir ki, bu, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclasında qəbul edilən qərarda əksini tapıb. Qərarda deyilir ki, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun 1-ci maddəsinin 12-ci abzasındakı anlayışa 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olmuş və dövlət ali təhsil müəssisələrində əyani formada təhsil alan şəxslərin aid edilməməsi Konstitusiyanın 25-ci maddəsinin I hissəsi ilə uyğunsuzluq təşkil etdiyindən, həmin normanın bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğunlaşdırılması Milli Məclisə tövsiyə edilsin.

Bu Qərarın nəticəvi hissəsinin 1-ci bəndində göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin tələbləri əsas götürülərək, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla əyani formada təhsil alan şəxslər "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 12-ci abzasında göstərilən səbəblərə görə 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olduqda, onların təhsil haqlarının ödənilməsi təhsil aldıqları müddətdə (23 yaşınadək) "Təhsil haqqında” qanunun 38.3-cü maddəsinə müvafiq olaraq təmin edilməlidir.

Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Qeyd edək ki, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun 1-ci maddəsinin 12-ci abzasında qeyd edilib ki, valideynlərini itirmiş vəvalideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər 18 yaşınadək hər iki valideynini itirmiş, habelə hər iki valideyninin himayəsindən məhrum olmuş ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Konstitusiyanın 25-ci maddəsinin I hissəsində isə bildirilir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. "Təhsil haqqında” qanunun 38.3-cü maddəsinə qeyd edilir ki, dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər.

 





Bölməyə aid digər xəbərlər
Dünən, 12:56 Sabah yağış yağacaq

bütün xəbərlər