10:17 / 04-12-2024
Ceyhun Bayramov Maltaya gedib
Əli Əhmədov: “Əli İnsanov erməni lobbisinin dəstəyinə arxalanır” - Müsahibə
Tarix: 06-05-2019 18:04 | Bölmə: Müsahibə
Əli Əhmədov: “Əli İnsanov erməni lobbisinin dəstəyinə arxalanır”

Baş nazirin müavini deyir ki, sabiq nazir azadlığa çıxdıqdan sonra xalqdan dəstək ala bilmədiyi üçün erməni lobbisinə sığınmağa çalışır

Sabiq səhiyyə naziri Əli İnsanovun Azərbaycan iqtidarına qarşı son ittihamları hakim düşərgə təmsilçiləri ilə yanaşı cəmiyyətin ayrı-ayrı tanınmış şəxsləri tərəfindən də hiddətlə qarşılanıb.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədovun sabiq nazir haqqında dedikləri isə daha sərtdir.

Reyting.az mövzunun aktuallığını nəzərə alaraq, Əli Əhmədovun "Trend"-ə verdiyi müsahibəsini təqdim edir.

- Əli müəllim, əvvəlcə müsahibəyə vaxt ayırdığınıza görə təşəkkür edirik. İlk olaraq son günlərdə Azərbaycan iqtidarı əleyhinə əsassız bəyanatlar səsləndirən Əli İnsanovun davranışına qiymət verməyinizi istərdik.

- Əli İnsanov Prezident İlham Əliyevin humanist addımı ilə əfv sərəncamı əsasında vaxtından əvvəl azadlığa buraxıldı. Hesab edirəm ki, ləyaqət hissini itirməyən istənilən adam ölkə başçısının bu jestinə uyğun davranış sərgiləməli idi. Ən azından bir təşəkkür ifadə etməli idi. Dəfələrlə Heydər Əliyevə sadiq olduğunu bəyan edən insan onun məzarını ziyarət etməli idi. Əli İnsanov isə bunu etmədi və cəmiyyətdə ona qarşı münasibət daha da pisləşməyə doğru dəyişdi.

Əli İnsanov təşəkkür etmək əvəzinə mətbuata verdiyi müsahibədə şər və böhtan atmağa davam etdi. Biz Yeni Azərbaycan Partiyası olaraq Əli İnsanovun mətbuatda hər hansı bir bəyanatla çıxış etməsinə etiraz etmirik. Bizim etirazımız onun bəyanatında səsləndirdiyi və təbii olaraq Azərbaycanın milli maraqlarına uyğun gəlməyən məqamlarla bağlıdır.

Əli İnsanov erməni lobbisinin dəstəyinə arxalanmaq məqsədilə onların müdafiəçisi kimi çıxış etməyə başlayıb. Düşünürəm ki, bunun əsas səbəbi onunla əlaqədardır ki, Əli İnsanov azadlığa çıxdıqdan sonra ümid etdiyi xalqın dəstəyini görmədi və özünü ermənilərin, eləcə də onların lobbisinin qanadının altına salmağa çalışdı. O bəyan edib ki, guya ermənilər ona görə ölkəmizə qarşı separatçı mübarizəyə başlayıblar ki, onların Azərbaycanda hüquqları pozulur.

Güman edirəm ki, Əli İnsanov ermənilərin Azərbaycana qarşı separatçı hərəkətlərinin 1988-1989-cu illərdə başladığından xəbərsiz ola bilməz. Çünki onun da o vaxt Ermənistanda yaşayan qohum-əqrəbaları həmin illərdə deportasiyaya məruz qalıblar. Əli İnsanov bu faktı insafsızcasına təhrif edərək ermənilərin separatçı hərəkətlərinin mənbəyi kimi guya Azərbaycanda yaşamaq inkanlarının məhdudlaşdırılmasını önə çəkir.

Əlbəttə ki, Əli İnsanov bununla hamıya məlum olan böyük tarixi faktlara da böyük kölgə salmış olur. Məsələn, 1905-1907-ci, 1915-1918-ci illərdə ermənilər tərəfindən Azərbaycana olan çoxsaylı hücumlar, Bakı, Şamaxı və digər şəhərlərimizdə günahsız azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi, onların türkə, azərbaycanlıya olan nifrətindən qaynaqlanan mübarizəsi kimi reallığa çevrilib. Bütün bunları bilərək onun - təbii ki, Əli İnsanov bunları bilməmiş deyil - ermənilərin guya Azərbaycan iqtidarının günahı ucbatından Azərbaycandan narazı düşməsi haqqında əsassız bəyanatları üzücüdür. Bu əsassız bəyanatların bir adı var – milli xəyanət. Bu, Azərbaycanın milli maraqlarını torpaqlarımızı işğal etmiş erməni separatçılarının ayaqları altına atmaqdır.

Son çıxışında o özünü daha çox ermənilərin müdafiəçisi kimi təqdim etməyə çalışır. Hesab edirəm ki, Əli İnsanovun bu hərəkətləri Azərbaycan xalqı tərəfindən bağışlanılmayacaq.

O bəyan edir ki, hər hansı bir siyasi partiya yaratmaq fikrindədir. Bu siyasi partiyaya o, kimləri cəlb edəcək? Erməniləri, erməni diasporunu?

Əli İnsanov Azərbaycanın bugünkü reallıqlarını çox yaramaz formada təhrif edir. Guya Azərbaycanda insan hüquqları pozulur, əhali çətinliklər içərisində yaşayır. Əli İnsanov Bakının timsalında Azərbaycanda nə qədər möhtəşəm dəyişikliklərin baş verdiyinin şahidi ola-ola bütün bu gerçəkliklərə göz yumur. Bu isə onun məkrli niyyətindən xəbər verir.

İnsanın bir siması, vahid mövqeyi olmalıdır. Vaxtilə Azərbaycanda 10 il müddətində nazir vəzifəsində işləyərkən iqtidarı bəlağətlə tərifləyib, müxalifətə qarşı kəskin mövqe nümayiş etdirən Əli İnsanov bu gün tamamilə əksini söyləyir. Belə olan halda bir söz ortaya çıxır - simasızlıq.

- Əli müəllim, sosial şəbəkələrdə saxta profillərdən istifadə edərək Azərbaycana, ayrı-ayrı insanlara qarşı qarayaxma kampaniyasının aparılması da bu gün cəmiyyəti narahat edən problemlərdən biridir. Sizcə, bu cür kampaniyalar hansı məqsəd daşıyır?

- Azərbaycanda söz, mətbuat, fikir, vicdan azadlığı təmin olunub. İstənilən insan öz fikrini açıq şəkildə ifadə etmək imkanına malikdir. Eyni zamanda insanların siyasi hüquq və azadlıqları təmin olunub, ayrı-ayrı siyasi təşkilatlarda birləşə bilirlər, Azərbaycanda çoxlu sayda müxalifət partiyaları var. Reallıq ondan ibarətdir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir. Bunun üçün ciddi əsaslar var. Bu əsaslar Azərbaycanın inkişafı, müasirləşmə, yeniləşmə, insanların təhlükəsizliyinin qorunması və özlərini sərbəst hiss etməsi ilə əlaqədardır. Digər bir məqam isə əhalinin sosial rifahının yüksək səviyyədə təmin olunmasıdır.

Son bir neçə ay ərzində Prezident İlham Əliyevin sərəncamları ilə müxtəlif kateqoriyadan olan insanların rifahının yaxşılaşdırılması ilə bağlı addımlar atılıb. Əmək haqları, pensiyalar, müavinətlər, tələbə təqaüdlərinin artırılmasına dövlət tərəfindən böyük vəsaitlər xərclənir. Bütün bunlar birmənalı şəkildə insanların hakimiyyətə olan münasibətinin daha da yaxşılaşması üçün zəmin yaradır. Tam qətiyyətlə deyə bilərik ki, Azərbaycan vətəndaşları mütləq çoxluq etibarilə Prezident İlham Əliyevi, onun həyata keçirdiyi siyasəti dəstəkləyirlər. Bu da təbii olaraq hakimiyyətdə olan partiyanın elektoratının sayını artırır. Belə olan halda isə müxalifətin elektoratı azalır. Müxalifət öz elektoratını formalaşdırıb möhkəmləndirmək üçün mükəmməl konsepsiya və strategiya ortaya qoya bilmir. Bir neçə ildir ki, əks qütbdə olanlar normal bir siyasi platforma müəyyənləşdirib əsas hədəf və niyyətlərini insanlara çatdıra bilməyiblər. Buna görə də Azərbaycan cəmiyyətində bugünkü müxalifətə inam qalmayıb. Bunu mütləq şəkildə etiraf etmək lazımdır.

Müxalifət itirdiyi mövqelərini yanlış yolla bərpa etməyə çalışır. Bu da söyüş, təhqir, böhtan kampaniyasıdır. Bu isə istənilən halda başucalığı gətirmir. Eyni zamanda bu kampaniya onların tərəfdarlarının sayını da azaldır.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün müasir texnologiyaların yaratdığı imkanlardan çirkin məqsədlə istifadə edənlər var. Onlar sosial şəbəkələrdə saxta profillər, yalançı adlarla az sayda insanlar cəlb etməklə hakimiyyətdə olanları təhqir edir, cəmiyyətin hörmətli üzvlərini təhqirə, mənəvi terrora məruz qoyurlar. İnsanlar onların kimlər tərəfindən təhqir olunduğunu, mənəvi terrora məruz qaldığını bilmirlər. Çünki bunlar yalançı profillər, adı məlum olmayan insanlardır. Bu, Azərbaycan cəmiyyətində ciddi narazılıq mənbəyinə çevrilib. Biz bunu qətiyyətlə pisləyirik. Onlar açıq şəkildə mübarizə aparmalı, öz fikir və məqsədlərini aydın ifadə etməlidirlər. Təhqir və böhtanla hakimiyyət uğrunda mübarizə aparmaq mümkün deyil. Əgər hakimiyyət uğrunda mübarizə aparırsansa, düzgün olmalı, insan hüquqlarına hörmətlə yanaşmalısan. Böhtanla imic formalaşdırmaq mümkün deyil.

Bugünkü müxalifət nümayəndələrinin əksəriyyəti yalnız söyüş söyən, təhqir edən bir marginal qrupa çevrilib. Bu, cəmiyyət üçün böyük təhlükə mənbəyidir. Yalnız onların düz yola gələcəyi təqdirdə normal bir situasiya yaranar.

Təəssüf ki, bu gün müxalifət yalan və böhtan təqdim edir. Bu cür insanlarla dialoq aparmaq qeyri-mümkündür. Cəmiyyət müxalifətin mənəviyyatsızlıq mövqeyinə yuvarlanmasını qətiyyətlə pisləyir. Azərbaycanda siyasəti çirkaba çevirmək lazım deyil. Azərbaycan uğurlu bir dövlət kimi özünü təsdiq edib, böyük inkişaf perspektivləri var və hamımız bir vətəndaş olaraq ona çalışmalıyıq ki, ölkəmiz bu inkişaf yolundan hansısa maneələrə görə geri çəkilməsin.

- Bu gün müxalifət nümayəndələri tərəfindən tez-tez dialoq məsələsi səsləndirilir. Lakin müxalifətin öz daxilində bir parçalanma var. Sizcə dialoq aparıla biləcək müxalifət var?

- Bugünkü reallıqlardan biri odur ki, Azərbaycan müxalifəti özünü dağıdıcı bir güc kimi ifadə edir. Təsəvvür edin, vaxtilə bir yerdə olan müxalifət partiyaları indi parçalanıb, birləşmək niyyətləri belə yoxdur. Vaxtilə vahid siyasi qüvvə olan Xalq Cəbhəsi, daha sonra Müsavat Partiyası kimi fəaliyyət göstərənlər bir neçə yerə parçalandılar. Onların hakimiyyətdə olduğu 90-cı illərin əvvəllərində cəmiyyət parçalanmışdı. Şimal və Cənubda müəyyən qüvvələr ortaya çıxmışdı, mərkəzdə müxtəlif məqsədlərə və siyasi partiyalara xidmət edən silahlı qüvvələr tüğyan edirdi, ölkə parçalanırdı. Hakimiyyətin daxilində bir-biri ilə mübarizə aparan dəstələr var idi. Bakıdan Gəncəyə, Gəncədən Bakıya silahlı qüvvələr göndərirdilər ki, hakimiyyəti parçalasınlar.

Parçalanmağa meylli qüvvələr cəmiyyəti birləşdirə biməz. Bu, cəmiyyət üçün böyük fəlakətə gətirib çıxara bilər. Təsəvvür edin, onlar hakimiyyətə gəlsələr, Azərbaycanda nə qədər bir-biri ilə mübarizə aparan hakimiyyətdaxili qüvvələr olar. Onlar dağıtmaq və parçalamağı daha yaxşı bacarır, cəmiyyətin birləşdirici güc mənbəyi kimi özlərini təsdiq edə bilmirlər. Dağıdıcı bir güc kimi fəaliyyət göstərən, birləşə bilməyən, öz aralarında normal dialoq təşkil edə bilməyən bir qüvvə Azərbaycan üçün nə vəd edə bilər?

Azərbaycan indi çox dəyişib, 90-cı illərin əvvəllərində vəziyyətlə müasir dövrü müqayisə etsək, bunun şahidi olarıq. Tarixi miqyasda baxanda iki Azərbaycan haqqında danışırıq. 90-cı illərin əvvəllərində fəlakətlə üz-üzə qalan, açlıq və səfalətin tuğyan etdiyi, parçalanma ərəfəsində olan və hazırkı, sürətlə inkişaf edən, gözəlləşən, müasirləşən, paytaxtı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən, dünyanın ən mötəbər tədbirlərinin keçirildiyi Azərbaycan. Bu, mənfur qüvvələrin istəmədiyi Azərbaycandır və imkan vermək olmaz ki, onlar yenidən fürsət tapıb əldə olunmuş nailiyyətləri dağıtsın, ölkəni yenə də 90-cı illərin əvvəllərindəki vəziyyətə gətirsinlər. Biz bu niyyətlə yaşayan müxalifətin qəti əleyhinəyik.

- Müxalif qüvvələrin xarici dairələrin təsiri altına düşməsi də bu gün əsas problemlərdən biridir.

- "5-ci kolon"a çevrilən müxalif qüvvələr güclü olmasa da, mövcuddur. Onlar müxtəlif niyyətlərlə xaricdən verilən tapşırıqlar, hədiyyələr və stimullaşdırıcı təkliflər əsasında fəaliyyət göstərirlər. Təbii ki, bu, Azərbaycanın nəinki hakimiyyəti üçün, bütövlükdə müstəqilliyi üçün təhlükədir. Azərbaycana qarşı olan ayrı-ayrı qüvvələr tərəfindən maliyyələşən bu qrupların aldıqları bütün tapşırıqlar milli maraqlara tamamilə ziddir.

Biz Azərbaycanın daxilində olan, özlərini siyasi təşkilat adlandıran qrupların "5-ci kolon"a çevrilməsinin qəti əleyhinəyik və bunun qarşısı mütləq şəkildə alınmalıdır.

Xarici ölkələrdə ölkəmizə qarşı təxribat planlarında iştirak edən bəzi azərbaycanlılar da "5-ci kolon"un hissələridir. Onlar əlaqələndirici funksiya yerinə yetirir, müəyyən tapşırıqları burdakı insanlara çatdırır və ideoloji zəmin hazırlayırlar. Bu ideoloji zəmin isə yalan, böhtan, təhqir əsasında həyata keçirilir. Onlar xaricdə sığınacaq alıb, Azərbaycan haqqında iftira yaymaqdadırlar. Bütün bunların hamısı Azərbaycan vətəndaşları tərəfindən düzgün qiymətləndirilir. Sübut etməyə ehtiyac yoxdur, bunu hamı görür.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər