Deputat: “Azərbaycanın çıxış yolu müharibədədir” - Müsahibə
Tarix: 16-09-2018 01:00 | Bölmə: Müsahibə
Deputat: “Azərbaycanın çıxış yolu müharibədədir”

Araz Əlizadə deyir ki, Qarabağı işğal edib Ermənistana verən Rusiyadır, amma indi bu dövlət münaqişənin həllində vasitəçi kimi iştirak edir


Son günlər bəzi erməni KİV-ləri Ermənistan parlamentinin Azərbaycana müharibə elan etməsi barədə sensasiyalı xəbər yayıb. Məlumatda qeyd olunur ki, sentyabrın 12-də Ermənistan parlamenti özünün fövqəladə yığıncağında Azərbaycana müharibə elan edilməsi barədə qərar verib. Ermənistan parlamenti isə ötən iclasında hərbi təlimlərin ssenarisini təsdiqləyib.

Göründüyü kimi, Azərbaycana qarşı real müharibənin elan olunması kimi xəbərlər düşmən tərəfin növbəti təxribatıdır.

Görəsən, öncə Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatları, daha sonra “müharibə elanı” kampaniyasının arxasında nə dayanır?

“Reytinq” qəzetinin bu və digər suallarına Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə cavab verib:

- Gəlin, öncə Qarabağ münaqişəsinin mahiyyətinə varaq. O zaman Ermənistanın Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətini öz tərkibinə qəbul etmək haqqında qərar verdi. Beynəlxalq hüquqa görə, bu, artıq müharibənin başlanğıcı kimi qəbul olunmalı idi. Bunun qarşılığında Azərbaycan dünyaya elan etməli idi ki, müdafiə müharibəsinə hazırlaşır. Amma bunu eləmədilər...

İndi deyirlər ki, Ermənistan Dağlıq Qarabağdan çıxsın. Elə deyil. Dava Qarabağ uğrunda Azərbaycan və Ermənistan müharibəsidir.
Biz bu gün Minsk qrupunun həmsədrlərinə baxanda görürük ki, bu qurumun fəaliyyəti yoxdur. Məsələ ondadır ki, Qarabağı faktiki olaraq işğal edib Ermənistana verən Rusiyadır, amma indi bu dövlət münaqişənin həllində vasitəçi kimi iştirak edir. Rusiyanın burada tərəf olması və müharibənin dinc yolla həllindən danışması məntiqə uyğun deyil.

Amerikada, Fransada böyük erməni diasporu var və onlar Ermənistanın sözünü deyirlər. Digər tərəfdən, ATƏT-in heç bir məcburedici mexanizmləri yoxdur. Ona görə də bu məsələ ATƏT tərəfindən dinc yolla həll edilə bilməz.

- Bəs münaqişənin həlli üçün çıxış yolu nədir?

- Azərbaycanın yeganə çıxış yolu müharibədir, ayrı yol yoxdur.

O ki qaldı Paşinyanın müharibə elan edəcəyini deməsinə, qoy eləsin, eləməyən biqeyrətdir. Bunu eləməsi çox gözəl olardı. Biz müharibə edə bilmirik, qoy, heç olmasa, onlar eləsin, biz də müharibə ilə torpaqlarımızı geri alaq. Yəni, danışıqlar yolu ilə nəsə əldə edə bilməyəcəyik.

- Araz müəllim, beynəlxalq təşkilatların bu münaqişənin həllində rolu yoxdursa, niyə bu qədər gözləyirik?

- Minsk qrupu yaranandan demişəm ki, bunun heç bir əhəmiyyəti olmayacaq. Bizim müharibədən başqa çıxış yolumuz yoxdur.

Azərbaycan da, Ermənistan da BMT-nin üzvüdür. BMT-nin Nizamnaməsinə görə, torpağı işğal olunmuş ölkə bütün yollardan, o cümlədən müharibədən istifadə edərək öz torpaqlarını işğaldan azad etmək hüququna malikdir. Heç kəs buna qadağa qoya bilməz. Odur ki, bu qərarı verib, müharibə etməliyik.

- Müharibə qərarını dövlət verir. Sizcə, dövlətimizin bu qərarı verməsinə mane olan səbəb nədir?

- Bu məsələ cənab Prezidentin səlahiyyətindədir. Bu məsələ ilə bağlı informasiyaya Prezident və Xarici İşlər Nazirliyi malikdir. Millət vəkilləri bu məsələni həll etmir.

- Aprel döyüşlərində Azərbaycan ordusu uğur qazandı. Bundan sonra Rusiya, Fransa və digər ölkələr Azərbaycana müharibədən çəkinməyi tövsiyə etdilər. İndi Siz müharibə variantını irəli sürürsünüz. Hətta hərbi əməliyyatlara reaksiya verən dövlətlər, müharibəyə nə deyəcəklər?

- Bilirsiniz, status-kvonunun qalması, indiyə qədər Qarabağ münaqişənin həll edilməməsi dünya ictimaiyyətinə sərf edir. ABŞ-a da, Fransaya da, Rusiyaya da... Onlar çalışacaqlar ki, Azərbaycan müharibə eləməsin. Onların mövqeyinin dəyişəcəyini gözləməyin.

- Amma Azərbaycan tərəfi diplomatik yolun tükənmədiyini bəyan edir...

- Diplomatik yol yoxdur. Girin internetə, baxın dünya müharibəsi tarixinə, tapsanız ki, hansısa işğal olunan torpaq sülh yolu ilə qaytarılıb, onda deyərsiniz, bunu mən də bilərəm. Niyə Azərbaycan üçün müstəsna hal olmalıdır? Niyə müharibə ilə işğal olunan torpaqlarımız, sülh yolu ilə qaytarılmalıdır?

- Siz prezdentliyə namizəd olanda və ya millət vəkili kimi Milli Məclisin tribunasında niyə bu barədə çıxış etmirsiniz?

- Mən, 2013-2018-ci illərdə prezident seçkilərində iştirak etmişəm. Bunların hamısını demişəm.

- Bəs niyə nəzərə alınmır?

- Yəqin mən dəqiq siyasətçi deyiləm. Mən güclü siyasətçi olsaydım, seçkidə qalib gələrdim.

Amma mən yenə də öz mövqeyimi hər zaman ifadə etmişəm. Qarabağ məsələsinin müharibədən başqa həll yolu yoxdur.

- Araz müəllim, mövzunu dəyişib ölkədəki daxili proseslərdən danışaq. Artıq prezident seçkilərindən bir neçə ay keçib. Seçkidən sonra hökumətin tərkibində dəyişikliklər oldu, müəyyən islahatlar aparılır. Seçkidən bu zamana kimi olan dönəmi necə dəyərləndirirsiniz?

- Bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatında müəyyən böhran var idi. Hökumətdəkilər çalışırlar həmin böhranın nəticələrini aradan qaldırsınlar. İqtisadiyyat hərbi müdafiə sənayesinin bünövrəsidir. Buna görə də, hazırda əsas fikir iqtisadiyyatın düzəldilməsinə verilir. Demək olar ki, əsas iş bu istiqamətdə gedir.

- Bəs mövcüd vəziyyət necədir?

- Hazırkı durumumuz normaldır. Mən həmişə nəyəsə qiymət verəndə analizi qonşu ölkələrlə aparıram. Yəni digər possovet ölkələri ilə müqayisədə bizdə vəziyyət nisbətən yaxşıdır.

- Amma son bir ayda gömrük qüsumlarının artırılması...

- Hansı məhsulların gömrük rüsumu artıb? Məsələn, spirtli işkilər üçün aksiz vergisini artırıblar. Mən düşünürəm ki, bu, əhalinin əksəriyyəti müsəlman olan ölkəyə mənfi təsir göstərmir. Çörəyə artmayıb, buğdaya artmayıb.

Bizdə biznesmen zümrəsi yoxdur, alverçi zümrəsi var. Alverçi zümrəsi isə çalışır ki, əhalini biraz da çox sıxsın.

- Sizcə, sahibkarlığın inkişafı iqtisadiyyat üçün əsas deyil?

- İqtisadiyyatın dirçəlməsi üçün əsas istehsalatdır. Alverçilər iqtisadiyyatı heç vaxt dirçəltmirlər. Alverçilər həmişə iqtisadiyyatdan yararlanırlar. Korrupsionerlər həmişə çalışırlar ki, xalqın hesabına dolansınlar.

Hər birimiz uşaqlarımızı vicdanlı böyütməliyik. Uşaq görür ki, atası oğrudur, anası oğrudur, o da böyüyəndə oğru olur. Biz nə vaxta kimi xalqın cibinə girənlər üçün “bacarana can qurban”,- deyəcəyiksə, vəziyyət düzəlməyəcək.

Hazırda ölkəmizdə kənd təsərrüfatı inkişaf eləyir, iqtisadi yüksəliş artır. Hətta bizə qarşı iqtisadi sanksiyalar qoysalar, xaricdən gətirilməyən ərzaq məhsulları hesabına bədbaxt olmayacaq, özümüzü dolandıra biləcəyik. Bu böyük amildir.

- Sizinlə razı deyiləm. Ərzaq buğdasının böyük hissəsini idxal edirik, kartof və digər ərzaq məhsullarının yarısını xaricdən alırıq. Sizcə, hansı qida ilə özümüzü dolandıra biləcəyik?


- Mən də sizinlə razı deyiləm. Biz özümüzü buğda və digər dənli bitkilərlə təmin edirik. Lakin kimsə uydurub ki, Azərbaycan buğdasından çörək bişirmək olmaz. Onda sual vermək istəyirəm: Azərbaycan neçə əsrlər boyu hansı buğda ilə dolanıb? Yəni uydurulan həmin məsələdə korrupsiya əlamətləri var.

Sovet dövründə Azərbaycanda ət üçün növbəyə dururdular. İndi ət dükanlarının əlindən tərpənmək olmur. Azərbaycanda yaxşı ət sənayesi yaradılıb və bu məhsul xaricdən gətirilmir.

Ölkəmizdə süd zavodları işləyir. Azərbaycana iqtisadi sanksiya tətbiq olunsa, ölkəmiz özünü tam təmin edəcək. Vacib deyil ki, fransız, İsveçrə, holland pendiri yesinlər. Azərbaycan pendiri də yemək olar.

- Onsuzda dediyiniz məhsulları imkanlı ailələr yeyir...

- Guya siz fransız, holland pendiri yemirsinizsə, ölürsünüz? Deyin görüm, sizə lazımdırmı o?

- Mən heç onun dadını bilmirəm...

- (Gülür) Mən ümumiyyətlə, pendir yeyə bilmirəm. Onun hansının yaxşı, hansının pis olduğunu deyə bilmərəm. Amma demək istəyirəm ki, öz istehsalımıza diqqət yetirmək lazımdır.

- Qeyd etdiniz ki, əsas istehsaldır. Azərbaycan iqtisadiyyatında əsas yeri neft sektoru tutur…

- Büdcəyə ən çox gəlir gətirən neftdir, enerji daşıyıcılarıdır. Baxın, Sumqayıtda neçə zavod işə salınıb. Əvvəllər Sumqayıtdan keçəndə adamı dəhşət bürüyürdü. Drezdenə bənzəyirdi. Bilirsiniz, niyə Drezdeni deyirəm? Müharibə təzə bitmişdi, amma Amerika aviasiyası heç bir hərbi əhəmiyyəti olmayan şəhəri darmadağın etmişdi. Sumqayıt tam darmadağın olunmuşdu. Orada filmlər üçün dəhşət səhnələri çəkmək olardı. Amma indi orada nə qədər yeni müəssisələr, zavodlar işə salınıb. Hətta bizim bəzi mötəkirlər də pullarını sənaye sahəsinə qoyur, müəssisələr açırlar. Yavaş-yavaş ağıllanırlar.

- Korrupsiya və rüşvətxorluğun da ciddi problem olduğunu deyirsiz. Buna qarşı mübarizəni qaneedici saymaq olarmı?

- Korrupsiyaya qarşı mübarizə daim aparılır. Dünyada korrupsiyaya qalib gəlmiş dövlət yoxdur. Amerikada da korrupsiya var, Böyük Britaniyada da. Hətta Çində də korrupsiyaya görə edamlar olub. Orada da korrupsiya var, qalib gələ bilmirlər. Korrupsiya insanın tamahından, tərbiyyəsindən asılıdır.

Mən həmişə deyirəm ki, ailə yaxşı tərbiyyə verəndə övlad layiqli vətəndaş olur. Elə olanda xəyanət və binamusluq olmur. Ailə tərbiyyəsi yaxşı olmayanda pis əməllər üzə çıxır.

- Sizcə, layiqli ailələrin övladlarından məmur korpusunda istifadə etmək olmazmı?

- Əgər övladı korrupsioner olmayacaq bir ailə tapa bilsəydiniz ki, bu, çox gözəl olardı. Heç kimin alnına belə bir xəbərdarlıq işarəsi yazılmır. Ona görə də, kadrların uzun müddət bir yerdə işləməsi lazım deyil. Kadrlar dəyişdirilməli, yeniləri ilə əvəz edilməlidir. Çünki insan bir yerdə qalanda, onun korrupsiyaya qurşanma ehtimalı da artır.

- Azərbaycandakı bəzi məmurlar isə 15 ildən çoxdur eyni vəzifəni icra edirlər. Sizcə, onlar yaxşı olduqları üçün bu postda qalıblar, yoxsa...


- Baxır da... Onların yaxşısı da var, pisi də. İnanırsınız, nazirlərin 80 faizinin adını bilmirəm. Mənim işim qanunvericiliklə məşğul olmaqdır. Bizə gələn qanunları oxuyuram, baxıram. Orda olan bəzi şeyləri ki, düşünürəm, düz deyil, çalışıram onlara dəyişiklik edim.

- Dəyişmək istədiyiniz qanun layihələrində dəyişiklik etməyə gücünüz çatırmı?


- Bəzən hə, bəzən yox.

- Niyə yox?

- Çünki mənim bir səsim var. Məsələn, mən çox istəyirdim ki, “Tütün haqqında” qanunda qəlyanlara tamam qadağa qoyulsun. Komitələrdən keçsə də, yuxarıda qəbul olunmurdu.

Mən neyləyə bilərəm? Uzaqbaşı yanımdakı 10-15 komitə üzvünə təbliğ edə, dəlillər gətirə, sübut edə bilərəm və s. Biz o qanuna əhəmiyyət verirdik. Görün, o qanun işləyirmi? Qanun qıfıldır. Qıfılı qoyursan, bir açar olmalıdır ki, o qıfılı bağlasın. Bizim bir çox qanunlarda o açar yoxdur.

Zaur ƏHMƏD




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər