Almanlar Qarabağ müharibəsini və Azərbaycan Ordusunu yenə nümunə göstərir
Tarix: 14-06-2021 16:17 | Bölmə: Slayd
Almanlar Qarabağ müharibəsini və Azərbaycan Ordusunu yenə nümunə göstərir

Azərbaycanın 44 günlük Vətən müharibəsində pilotsuz uçuş aparatlarından (PUA) uğurla istifadə etməsini və beynəlxalq PUA bazarındakı vəziyyəti təhlil edən Almaniyanın nüfuzlu Müdafiə və Strateji Tədqiqatlar İnstitutu (German Institute for Defence and Strategic Studies - GIDS) Almaniyanın döyüş PUA-larının müdafiəyə hazır olmadığını bildirib.

Reyting.az
xəbər verir ki, institutun müasir müharibə və yeni texnologiyalar üzrə eksperti, polkovnik-leytenant Maykl Karlın sözlərinə görə, əgər Almaniya ordusu konkret münaqişə zamanı Azərbaycanla döyüşsəydi, çətin ki, qələbə şansı olardı.

Polkovnik-leytenant deyib ki, döyüş və kamikadze PUA-ların yer aldığı silahlanma sistemlərinin qarşısında özümüzü adekvat olaraq müdafiə edə bilməzdik: “Təkcə Hava Hücumundan Müdafiə Sistemlərimizin olmaması məhvimizə səbəb olacaqdı”.

Müdafiə və Strateji Tədqiqatlar İnstitutundan daha öncə Almaniyanın müdafiə sahəsi üzrə ixtisaslaşmış digər tətqiqat mərkəzləri də Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı müharibə zamanı seçdiyi strategiyaya münasibətdə eyni yanaşmanı sərgiləyiblər.

Siyasi şərhçi Oqtay Qasımov Reyting.az-a deyib ki, bu məlumatlar yeni deyil: “Müharibə bitəndən qısa müddət sonra da Almaniya mətbuatında belə analitik yazı nəşr edilmişdi. O zaman da alman analitiklər qeyd edirdi ki, Azərbaycan Ordusu hərbi-müdafiə sənayesinin son texnoloji silahlarından istifadə etməklə müharibə aparıb. Bu savaşda həm Azərbaycan Ordusunun döyüş qabiliyyəti, həm də modern silahlardan istifadə etməsi yüksək qiymətləndirilirdi. O zaman əslində belə yazılar həm də alman hökumətini tənqidi notlar üzərində qurulurdu. Yəni bu, həm də ritorik məsələdir.

Əlbəttə, Almaniya böyük dövlətdir, onun özünü müdafiə edəcək qabiliyyətində olan güclü ordusu var. Çox xoşdur ki, dünyanın öndə gələn mütəxəssisləri, Almaniya kimi dövlətin hərbi ekspertləri Azərbaycan Ordusunun döyüş qabiliyyətini, onun II Qarabağ savaşında göstərdiyi qəhrəmanlığı və peşəkarlığını yüksək qiymətləndirirlər”.

Bununla yanaşı, siyasi şərhçi əlavə edib ki, belə məqalələrin ortaya çıxmasının başqa bir səbəbi də var: “Belə məqalələrdə hökuməti tənqid mövcuddur. Yəni alman ordusunun müasir silahlarla təmin edilməsi, ordunun modernləşdirilməsi məsələni qoyurlar. Alman hökumətinə deyirlər ki, xəsislik etmək lazım deyil, ordu modernləşdirilməlidir, müasir silahlarla təmin edilməlidir. Əslində Azərbaycan Ordusunun peşkarlığı və əlinin altında olan silahlar bu konteksdə təqdim olunur”.

Məlumat üçün qeyd edək ki, hər il Bundestaqda dövlət büdcəsinin müzakirəsi zamanı bu kimi məsələlər qaldırılır. Lakin hökumət indiyə qədər alman ordusunun arsenalını zənginləşdirmək və müasir texnologiya ilə təmin etmək üçün maliyyə ayırmayıb.

Onu da qeyd edək ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi və müasir texnolgiyalardan məharətlə istifadəsi, Ali Baş Komandan İlham Əliyevin düzgün hərbi taktika seçməsi təkcə Almaniya KİV-lərində deyil, dünyanın əksər ölkələrinə məxsus mediada və siyasi dairələrdə müzakirə predmeti olub və olmaqdadır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}