Paşinyan hökumətdə dəyişiklik edib
Tarix: 19-12-2022 11:33 | Bölmə: Xəbərlər / Dünya
Paşinyan hökumətdə dəyişiklik edib

Ermənistan hökumətində kadr dəyişiklikləri aparılır. Reyting.az-ın məlumatına görə, dekabrın 19-u Təhlükəsizlik Şurasının iclasında çıxış edən baş nazir Nikol Paşinyan Tiqran Xaçatryanın maliyyə naziri postundan baş nazirin müavini vəzifəsinə keçiriləcəyini, Vaqe Ovannisyanın isə maliyyə naziri təyin olunacağını deyib.

Baş nazirin iki müavinindən biri – Ambarsum Matevosyan dekabrın 12-də vəzifədən gedib. Digər müavin Mger Qriqoryandır.

Dekabrın 12-də elm, təhsil, mədəniyyət və idman naziri Vaqram Dumanyan da istefa verib, dekabrın 13-də onu Janna Andreasyan əvəzləyib.

Ədliyyə naziri kürsüsü oktyabrın 5-dən boşdur. Həmin gün istefa verən, iki gün sonra Ali Məhkəmə Şurasının sədri seçilən Karen Andreasyanın yerinə hələ təyinat olmayıb.

Ararat Mirzoyan xarici işlər naziri, Suren Papikyan müdafiə naziri, Armen Pambuxçyan fövqəladə hallar naziri, Vaan Kerobyan iqtisadiyyat naziri, Robert Xaçatryan yüksək texnologiyalar sənayesi naziri, Qnel Sanosyan ərazi idarəçiliyi və infrastruktur naziri, Narek Mkrtçyan əmək və sosial məsələlər naziri, Anait Avanesyan səhiyyə naziri, Akop Simidyan ətraf mühit naziridir.

Ermənistanda hökumət üzvlərini baş nazirin təqdimatı ilə prezident təyin edir.

Vətəndaş Sazişi Partiyasının lideri olan Nikol Paşinyan baş nazir postunu 2018-ci il mayın 8-dən tutur.(Novator.az)






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}