Xoşbəxt şair
Tarix: 06-03-2017 10:51 | Bölmə: Mətanət ƏLİYEVA


Fevralın 1-də şair Əli Nasir 61 yaşında vəfat etdi. Əli Nasiri xatırlayanda yada ilk növbədə uşaq saflığı, xeyirxahlıq, çılğınlıq düşür. Yəqin elə xarakterindəki bu xüsusiyyətlər onu həbsxanaya aparmışdı.

1994-95-ci illərdə həbsxanalar mütəllibovçular, OMON-çular, "TMR”-çilərlə ("Talış Muğan Respublikası”) dolu idi. Respublikada ilk dəfə "İmpuls” qəzetində "Siyasi məhbuslara azadlıq!” şüarı altında məhbusların siyahısı və şəkilləri gedirdi. Həmin vaxt Əli Nasir də "TMR”-in iştirakçısı kimi həbsxanada yatırdı, 8 il azadlıqdan məhrum edilmişdi. Belə günlərin birində redaksiyamıza bir nəfər gəlib dedi ki, Əli Nasirin qardaşıdır. Qardaşı haqqında danışdı, ağladı, dedi ki, bacısı məscidə gedib, orada görüb ki, Əli Nasirin mərsiyyələrini deyirlər, bacısının ağlamaqdan ürəyi gedib.

Qardaşının dedikləri əsasında Əli Nasir haqqında bir səhifəlik yazı hazırladım. Həbs müddətinin bitməsinə az qalmış Əli Nasir əfv edilərək azadlığa çıxdı. Bu işdə yazının təsirinin olub olmadığını bilmirəm, amma həbsxanadan çıxan gün Əli Nasir iki oğlu ilə təşəkkür etmək üçün redaksiyamıza gəlmişdi.

Mən çox siyasi məhbus haqqında yazılar yazmışdım, amma Əli Nasirdən başqa heç kim heç telefonla da zəng edib təşəkkürünü bildirməyib. Əslində bunu heç vaxt gözləməsəm də, minnətdarlıq hissi olan adamları qiymətləndirirəm. Belə adamlar azdır. Əksər adamların ona yaxşılıq edənləri borclu çıxarmasını görmüşəm.

Sonradan bir neçə il Əli Nasir "İmpuls” qəzetində işlədi, "Çeşmə” səhifəsinin aparıcısı oldu. Bu illər ərzində onu insan kimi daha dərindən tanıdım.

Əli Nasir fitri istedada malik şair olmaqla bərabər, parlaq şəxsiyyət, çox tərbiyəli, abır-həyalı, xeyirxah, uşaq kimi saf insan idi. Bu saflığına və çılğınlığına görə onu təsir altına salmaq asan idi. Talış xalqına olan sevgisindən istifadə edənlər onu yanlış yola çəkirdilər. Oğlanları və həyat yoldaşı Kəsirə xanım Əli Nasiri səhv addımlardan qorumaq üçün çox çalışırdılar.

Əli Nasir İslam dinini dərindən bilirdi. Dinə bağlılıq onu həbsxanada da çox çətinliklərdən qorumuşdu.

Əli Nasir həbsxana həyatından maraqlı əhvalatlar danışırdı. O, bir dəfə başqa məhbusa kömək edən zaman təhlükə ilə üzləşib. Quranın surələrindən birini ürəyində əzbərdən deyib, sanki möcüzə baş verib və təhlükə sovuşub.

Əli Nasir həbsxana həyatından yazsaydı çox maraqlı əsər alınardı. Onun "Məhbus” şeiri bu mövzudadır.

Redaksiyada hamı onu özünə doğma bilirdi. Əli Nasir qızları və qadınları şirin talış ləhcəsi ilə "qıza” deyə çağırırdı. Əli Nasir redaksiyamızdan gedəndə əməkdaşlar çox heyfsiləndilər, qızlardan biri kədərlə dedi ki, bundan sonra bizə kim "qıza” deyəcək?

Əli Nasirin bir insan kimi həyat yoldaşı vəövladları sarıdan bəxti gətirmişdi. O, həbsxanada olarkən həyat yoldaşı bütün əziyyətlərə qatlaşaraq övladlarını böyütdü, ərinin arxasında dağ kimi dayandı. Savadlı, ağıllı oğlanları var. Kiçik oğlu Hadıda şairlik istedadı var.

Oğlanlarının ikisini də evləndirib, üç nəvəsi var. İnsan üçün sədaqətli, ağıllı, qeyrətli həyat yoldaşı, ağıllı övladlardan böyük xoşbəxtlik ola bilməz. Əli Nasir deyirdi ki, insanın əməlləri yaxşı olanda Allah ona mükafat kimi ağıllı övladlar bəxş edir.

Əli Nasir 1955-ci il may ayının 1-də Lənkəranda anadan olub. 6 yaşında atasını itirib. Müstəqilliyimizin ilk illərində Lənkəranda nəşr olunan satirik "Çeşmə” qəzetində çıxan şeirləri ilə məşhurlaşıb. 20-yə qədər kitabı çapdan çıxıb. Kitabının bir neçəsi talış dilindədir. Şairin oğlanları yaxın vaxtlarda onun şeirlərini YOUTUBE-də yerləşdirəcəklər. Allah rəhmət eləsin!

Azərbaycan çoxmillətli ölkədir. Bəzi böyük dövlətlərin təxribatlarına baxmayaraq bu millətlər bütün dövrlərdə mehriban yaşayıblar.

Fərman Kərimzadənin "Xudafərin körpüsü” romanından oxuduğum faktlara əsasən, Böyük Azərbaycan dövlətinin qurucusu Şah İsmayıl Xətai siyasi fəaliyyətə başladığı ilk illərdə Talış xanı onu himayə edib. Şah İsmayıl kiçik dəstəsi ilə Astaranın Ərcivan kəndinə gəlib, orada tərəfdarlarını toplayaraq Azərbaycan dövlətini birləşdirib. Şah İsmayılın ulu babası Zahid Gilani Ərcivan kəndindən olub və bu kənddə dəfn olunub.


Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA



Bölməyə aid digər xəbərlər
30-11-2017, 12:28 Mətanət ƏLİYEVA - Vacib əməl
14-10-2017, 14:36 Mətanət ƏLİYEVA - Su, su, su!!!
14-03-2017, 12:59 Mətanət ƏLİYEVA - Əsas hədəf

{sape_links}{sape_article}