Qırx ilin yalanı
Tarix: 08-03-2017 12:29 | Bölmə: Nadir QOCABƏYLİ

Atalarımız "oğurluqla ayağısürüşkənlik qırx gün çəkər” deyiblər. Amma bir çox deyimlər kimi, bu da metaforikdir, yəni "qırx gün çəkər” ifadəsinin arxasında əslində "çox çəkməz” hökmü dayanır.

Müdrik atalarımızla bir çox məqamlarda çox zaman razılaşsam da, hər bir məsələdə olduğu kimi, arabir onların da söylədiklərində istisna hallar olur. Baxıb görürsən ki, filankəslərin oğurluqları, sürüşkənlikləri, yalan-palanları nəinki qırx gün, hətta qırx il də çəkə bilir və qırx ildən sonra faş olanda da zərrə qədər utanmadan, qızarmadan, halını belə pozmadan növbəti qırx ilin yalanını uydurmağa başlayır.

Metro idarəsi ("metropoliten” sözündən xoşum gəlmir) rəisi Tağı Əhmədovun müstəntiqin "3 milyon manatı necə qazanmısınız?” sualına birincinin verdiyi cavab son illərin ən qırmızı yalanı nominasiyası üzrə bütün rekordları qırardı, məncə. Tağı əfəndi 40 illik maaşını yığdığını söyləyib. Başqa nə deyə bilərdi? Ata-babamdan qalıb söyləsəydi, hamı başlayacaqdı metro rəisinin nəsil şəcərəsini araşdırmağa. Biznesdən qazanmışam desəydi, yenə də düz gəlməyəcəkdi, çünki dövlət məmurlarının hamısı bizneslə məşğul olsalar da, heç birisinin belə bir hüququ yoxdur. Bunu hamı bilir və deyir, ancaq açıb-ağartmaq, zilə çıxmaq olmaz. Görəsən, zilə çıxmadım ki?..

Bəlkə, Məşədi İbad demişkən belə desəydi, daha yaxşı olardı: "Dövlətimizin metroya ayırdığı vəsaitlərdən qənaət edib yığmışam ki, ağır durumlarında elə yenə onun özünə xərcləyim.” Amma yox, onda da ağzıgöyçəklər Tağı müəllimin korrupsioner olduğunu aləmə car çəkəcəkdilər. Bunun sonu isə heç də yaxşı qurtarmazdı.

Odur ki, Tağı ağa nəqədər gülməli və gülünc olsa da, az öncə sözünü etdiyimiz heç kəsin inanmadığı o "düzgün”, diplomatik cavabı verib. Çünki ağayi-Tağı hamının yalan olduğunu bildiyi şeyi söyləməyin ən düzgün yol olduğunu çox gözəl bilir, bunun üçün yetərli ağlı və təcrübəsi var. Yoxsa o boyda vaxtı bir idarədə fəhləlikdən başlayıb, rəisliyə qədər necə ucalar, bu qədər pulu necə qazanardı?

Yaxşı, görəsən, cənab Əhmədov bu cavabı verəndə düşünməyib ki ha, camaat əlinə kalkulyator alıb, ya da heç buna indi ehtiyac da yoxdur, telefondakı kalkulyator bölümünə keçib, 3 milyonu 40 ilə, yəni 480 aya bölə və onun aylıq məvacibinin ortalama 6250 manat olduğunu görə bilər? "Bu ölkədə bu qədər maaşı kim alır, özü də 40 il sərasər?” sualını verər? Əlbəttə, düşünüb. Amma başqa nə deyə bilərdi? Xalq nə düşünür-düşünsün, hansı sualı verir-versin, əsas odur ki, müstəntiq bunu soruşmasın və ondan 40 illik maaş cədvəli tələb olunmasın. Müstəntiq hətta ona "Tağı müəllim, bəs maaşınızı yığırdınızsa, özünüz hansı pulla yaşayırdınız?” sualını verə və məntiqli cavab da ala bilərdi: "Həyat yoldaşımın məvacibi ilə”. Məgər bizdə bütün müxalifət liderləri hamıya dostlarının verdiyi pullarla yaşadıqlarını söyləyib, bizi dost-tanışla üz-üzə qoymaqla məşğul deyillər? Tağı bəyin onlardan nəyi əskikdir?

Fəqət mənim müstəntiqin bu mövzunu haracan davam etdirməsindən xəbərim yoxdur, mətbuatdakı informasiya bir sualdan və ona verilən cavabdan ibarətdir.

Əsas odur ki, Tağı müəllimdən rəsmi gəlir deklorasiyası tələb olunmasın. Yoxsa kişi bu yaşında o sənədləri harada düzəltdirəcək, bu sənədlər ona Çovdarova verdiyi məbləğdən daha baha qiymətə başa gəlməyəcəkmi?

Nə isə, yaşayaq görək nə olur. Bu ölkədə kim gəlirinin hesabatını verir ki, Tağı da versin?! Amma bilmək olmaz, bu günə qədər heç Tağı Əhmədov, Akif Çovdarov kimi "bərkgedənlər” məşhər ayağına çəkilib, sorğu-suala da tutulmurdu...


Müəllifin bütün yazıları - Nadir Qocabəyli



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}