20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Li Kuan Yu və mehman əliyevlər... - Nadir Qocabəyli yazır
Tarix: 10-11-2019 19:10 | Bölmə: Nadir QOCABƏYLİ
Li Kuan Yu və mehman əliyevlər...

“Turan” İnformasiya Agentliyinin rəhbəri və radikal müxalifətin son birlik formatının iştirakçılarından biri Mehman Əliyevin BBC NEWS kanalına verdiyi və sosial şəbəkələrdə reklam olunan müsahibəsinin əsasını aşağıdakı tezislər təşkil edir:

Azərbaycanda demokratiya böhranı var, yəni sistemli böhran (sosial, siyasi, iqtisadi, insan haqları).

Çıxış yolları haqda danışan M. Əliyev ilk yerə sərbəst toplaşma və ifadə azadlığını qoyur. Onun fikrincə, bunlar olmayan yerdə, hər hansı dialoq aparmaq və söz demək mümkün deyil. Hakimiyyətlə cəmiyyət arasında dialoq olmalıdır. Seçki prosesi demokratikləşdirilməlidir ki, ölkədəki bütün ictimai-siyasi qüvvələr parlamentarizm yoluyla müsbət dəyişikliklərə nail olsunlar.

M. Əliyevə görə, sosial sifariş ölkədəki vəziyyəti dəyişməyi tələb edir. Onun fikrincə, vətəndaş çörək dərdi çəkməməlidir.

İkincisi, insan azad olmalıdır, onun haqları pozulmamalı, cəmiyyətdə ədalət olmalıdır.

Hökumət bunları nəzərə alır və nəsə etmək istəyir, ancaq nəyin bahasına olursa-olsun hakimiyyətini qoruyub saxlamaq da istəyir. Kadr dəyişiklikləri aparılır, müəyyən dəyişikliklər baş verir, vergi sistemində yeniliklər var, oliqarxik sistemi məmur texnokrat sistemi əvəz edir, ancaq işlər ləng gedir, real islahatlar yoxdur. İslahat köklü dəyişiklikdir, ancaq bu yoxdur Azərbaycanda. Biz böhranın başladığı dörd il ərzində əhəmiyyətli irəliləyiş olmadığını görürük, proqnozlar göstərir ki, gələn il də olmayacaq, çünki insan azadlığı yoxdur, insan azad olmasa, cəmiyyətdə heç bir köklü dəyişiklik olmayacaq.

Onun fikrincə, hakimiyyət hesab edir ki, sosial durumu yaxşılaşdırsa, kasıbçılığı azaltsa, insanların narazılığı, dəyişikliklərə meyil azalacaq, insanlar passivləşəcək, gündəlik çörəklərini qazandıqları üçün hər şey normaya düşəcək. Ancaq azadlıqlar da verilməlidir. Bizdə isə hələ ki sosail-iqtisadi sahədə addımlar atılır, başqa sahələr məhdudlaşdırılır. Mitinq, piket və s.

O, 1-ci yerə vətəndaş cəmiyyəti ilə dialoqu, 2-ci yerə partiyalarla dialoqu qoyur. Gələn ilki seçkiləri necə keçirməklə bağlı müzakirələr aparılmasını, dolayısı ilə Parlamentdə deputatların sayının 201-ə çatdırılmasını, qarışıq sistemin yaradılması təklif edir.

“Turan” İA şefinin fikrincə, Avropa İttifaqı ilə sazişdə siyasi məsələlər öz əksini tapsa da, iqtisadi sahəyə daha çox üstünlük verilib. Amma o, ÜTT üzvü olmadığımızı əsas gətirərək, AB ilə iqtisadi əlaqələrin də səmərəli olmayacağını vurğulayır və yenidən siyasi azadlıqları önə çəkir. Bunlarsız iqtisadi əməkdaşlığı da mümkünsüz sayır.

Mehman Əliyevin söylədiyi bütün bu fikirlər, irəli sürdüyü tezislər, əlbəttə, yeni və təkcə onun özünə aid deyil. Bunları onun mənsub olduğu siyasi düşərgə illərdir təkrarlayır, arxasını söykədiyi geopolitik-ideoloji məkan da diktə edir.

Etiraf edək ki, bu tezislər içərisində bizə lazım olanı da var, olmayanı da, qəbul etdiklərimiz də var, edəcəklərimiz də, etməyəcəklərimiz də, etməli olduqlarımız və olmadıqlarımız da, vaxtı çatanlar da, çatmayanlar da. Amma adam yaratdığı agentliyn adını “Turan” qoysa da, daxil olduğumuz bu xəyalı məkanın tarixi, coğrafi, milli-mədəni, siyasi-iqtisadi, geosiyasi, mental, etnik xüsusiyyətlərini zərrə qədər nəzərə almaq istəmir. O və dostları, əqidədaşları Avropa, Amerika deyib durublar. Yəni o, avroatlantik dedikləri məkanda nə varsa, necə varsa, bizdə hökmən o cür olmalıdır. Nə tarixi, nə coğrafiyanı, nə dini, nə mədəniyyəti, nə iqlimi, nə irqi, nə geopolitik durumu, nə də dünyadakı yerimizi, çəkimizi, gücümüzü, milli xüsusiyyətlərimizi, qonşularımızı, düşərgəmizi və digər amilləri hesaba alırlar. Özü də müqayisəyə başlayanda Avropanın şərqində yerləşən, vaxtilə bizimlə eyni siyasi düşərgəni paylaşan ölkələrin də adını çəkmir, birbaşa ABŞ-dan, İngiltərədən, Almaniyadan, Fransadan başlayırlar. Zənnimcə, bunun başlıca səbəbi bu adamların Azərbaycanı, xalqımızı zərrə qədər düşünməmələri, sifariş yerinə yetirmələri, öz şəxsi və korporativ maraqlarını güdmələridir. Sayı beş-on min nəfər olan bəlli bir zümrəni də aldadıb ətraflarında saxlayaraq, bu “importnu” ideologiyanın təsiri altında saxlamağa çalışırlar.

M. Əliyev siyasi azadlıqları – sərbəst toplaşmanı, ifadə, söz, media azadlığını önə çəkir. Çox gözəl. Məgər bu azadlıqlar bizdə yoxdurmu? Əlbəttə, var. Mitinqə icazə verilmirmi? Verilir. Hökumət, vəzifəli şəxslər tənqid olunmurmu? Olunur. İnsanlar fikirlərini sərbəst ifadə edə bilmirlərmi? Edirlər, hətta istədikləri söyüşləri də söyürlər. Ancaq bütün bunların sizin istədiyiniz formada, dozada, yerdə olmaması tamamilə başqa bir məsələdir və hesab edirəm ki, Azərbaycandakı siyasi azadlıqların bugünkü səviyyəsi belə hazırda bizə xeyirdən çox, ziyan gətirir.

Unutmaq olmaz ki, yaxın keçmişdə çoxumuzun vətəndaşı olduğu SSRİ kimi nəhəng bir dövlət islahatlara məhz radikal siyasi islahatlardan başlamasının qurbanı oldu. İqtisadi problemlərdən əziyyət çəkən bir ölkənin əsəbi, qəzəbli insanına siyasi azadlıqlar, demokratiya istədiyini danışmaq imkanı (“Yenidənqurma” və “aşkarlığı” xatırlayın) verməzdən qabaq, sosial-iqtisadi çətinliklərini həll etmək imkanı vermək lazım idi. Ancaq hamıya ilk növbədə hər şeyi danışmaq, bağırmaq şəraitinin yaradılması həm ölkənin dağılması, həm də minlərlə insanın məhvi, bədbəxtliyi ilə nəticələndi, lokal münaqişələrə, müharibələrə səbəb oldu və biz bu problemlərdən hələ də əziyyət çəkir, əvvəlki sabitliyi, dincliyi bərpa edə bilmirik.

Sovet İttifaqının dağılmasında günahı olan rəhbərlər, şəxsən Mixail Qorbaçov özü də sonradan etiraf etdi ki, ilk növbədə siyasi yox, iqtisadi problemlərin həllindən başlamaq lazım imiş. SSRİ ilə eyni siyasi-ideoloji prinsipləri paylaşan Çin Xalq Respublikası məhz iqtisadi problemlərin həllini ön plana çəkdiyi üçün bu gün bir çox sahələrdə ciddi uğurlar qazanıb və Qərbin, xüsusilə də dünya hegemonu ABŞ-ın qorxulu yuxusuna çevrilib. Odur ki, biz də parçalanmış və zəifləmiş SSRİ-nin yox, durmadan inkişaf edən və güclənən ÇXR-in yoluyla getməliyik. Ancaq SSRİ və ÇXR ərazi, əhali, iqtisadi və hərbi güc, dünyaya siyasi təsirləri baxımından bizdən qat-qat böyük ölkələrdir. Özümüzü onlarla müqayisə etmək elə Qərb nəhəngləri ilə tutuşdurmaq qədər qüsurlu ola bilər. Odur ki, Mehman Əliyev və onun kimilərinin səhvlərini təkrarlamamaq, düzgün nəticələr çıxarmaq üçün fikirlərimizi kiçik bir dövlətin timsalında da əsaslandıra bilərik. Bu ölkənin adı Sinqapurdur.

2015-ci ildə Sinqapur “millətin atası” saydığı keçmiş baş nazir Li Kuan Yu ilə əbədi vidalaşdı. O düz 31 il, yəni 1959-cu ildən 1990-cı ilədək ölkəyə rəhbərlik etmişdi. 91 yaşlı keçmiş rəhbər çox kasıb bir adanı dünyanın ən varlı ölkələrindən birinə çevirmişdi. Sinqapur xalqının atası bu iqtisadi möcüzəyə necə nail olmuşdu və biz azərbaycanlılar onun təcrübəsindən necə faydalana bilərik? Mehman əliyevlər haqlıdır, yoxsa Li Kuan Yu?

1963-cü ilədək Britaniya müstəmləkəsi olan Malayziya və Sinqapur müstəqil olduqdan sonra bir dövlət halında birləşmək haqqında müqavilə imzaladılar. Ancaq dövr çox narahat idi, odur ki, Sinqapurun müxtəlif millətlərdən olan əhalisi – çinlilər, malaylar, hindlər arasında qanlı toqquşmalar baş verirdi. Elə bu səbəbdən də cəmi iki ildən sonra, yəni 1965-ci ildə Sinqapur Malayziyanın tərkibindən çıxarıldı. Zorən müstəqil olan kiçik ada çətin duruma düşdü. Hazırda onun əhalisi 5 milyon nəfərdən çoxdur.

Sinqapurun heç bir təbii sərvəti, hətta içməli suyu belə yox idi, əhalinin böyük bir qismi xarabalıqlarda dilənçi vəziyyətində yaşayırdı. Kasad büdcəni isə dəhşətli korrupsiya yeyirdi.

Sinqapurun Malayziyanın tərkibindən çıxarıldığını elan edən baş nazir Li Kuan Yu göz yaşlarını saxlaya bilmirdi. O, bir neçə həftə elə ağır vəziyyətdə oldu ki, uzunmüddətli xəstəlik kağızı aldı. O zaman kimsənin ağlına belə gəlməzdi ki, Sinqapur bir neçə onillik içərisində planetimizin maliyyə paytaxtlarından birinə çevriləcək. Adam başına düşən ÜDM isə yüz dəfə artaraq 64 011 dollar olacaq. Bu, dünyada ən yüksək göstəricilərdən biridir. Müqayisə üçün bildirək ki, 2017-ci ildə bu göstərici Rusiyada 11 326, Türkiyədə 9346, Azərbaycanda 4569 dollara bərabər olub.

Li Kuan Yu müstəqillikdən dərhal sonra yeni ölkənin multikulturalizm ideyası əsasında qurulacağını, bütün dinlərə hörmət olunacağını, bütün millətlərin bərabər hüquqlar alacağını elan etdi. Bu ideya Sinqapura hava və su kimi lazım idi, çünki ölkədə bir çox millətlər və dinlər bir arada mövcud idi: əhalinin 76,8%-ni çinlilər, 13,9%-ni malaylar, 7,9%-ni hindlər, ərəblər, yəhudilər və digərləri təşkil edirdi. Əhalinin 40% buddist, qalanları isə xristian, müsəlman və digər dinləri təmsil edirlər.

Yeni ölkənin milli ideyası gəlişigözəl vətənpərvərlik şüarları deyil, rifaha, qanunlara və ədalətə əsaslanan rasional praqmatizm oldu.

İqtisadiyyatda dünya bazarındakı rəqabətə davamlılıq əsas götürüldü. Hökumətin prioritet elan etdiyi sahələrdə fəaliyyət göstərən istər yerli, istərsə də xarici müəssisələr vergidən azad edilir, digər müxtəlif üsullarla həvəsləndirilirdi. 1970-ci illərdə bu sahələr – neft emalı, yüngül sənaye, gəmiqayırma, ondan sonra isə elektronika və yüksək texnologiyalar idi. Bu cür şirkətlər 5 il müddətinə gəlir vergisindən və rüsumlardan azad edildilər. Nəticə o oldu ki, Sinqapur düz beş il bütün dünyada biznes qurmaq üçün ən əlverişli ölkə kimi tanındı. Xarici şirkətlərin Sinqapura axını, ölkədə rifah halını yüksəltməklə yanaşı, işsizlik problemini də həll etdi.

“Biz hər bir investoru salamlayırdıq. İstehsala başlayan və biznes qurmaq istəyən hər kəsə kömək etmək üçün dəridən-qabıqdan çıxırdıq”, – Li Kuan Yu “Üçüncü dünyadan birinciyə” adlı memuarlarında həmin dövrü xatırlayaraq yazırdı.

Prioritet sahələrdən biri kazino sektoru oldu. Hazırda Sinqapur öz miqyasına görə bu sahədə Makao və Las-Veqasdan sonra üçüncü yerdədir. Yerli əhalinin oyun asılılığı ilə mübarizə aparmaq üçün isə ölkə vətəndaşlarının kazinolara girişi pulludur – 73 dollar.

Sinqapur “Formula – 1” yarışlarının gecələr keçirildiyi yeganə ölkədir və bundan yüksək gəlir götürür.

Lakin müəyyən sahələri prioritet edən hökumət, bəzi sahələrin qayğısına lazımınca qalmayıb və həmin sahələr, demək olar ki, ölüblər. Məsələn, ölkəyə bütün ərzaq məhsulları, demək olar ki, idxal olunur. Elektrik enerjisi də həmçinin. Sinqapurda kənd təsərrüfatı və elektrik enerjisi istehsalı müəssisələri yoxdur, amma elektronika, gəmiqayırma və maliyyə xidməti sektoru inkişaf edib.

Sinqapurda təbii ehtiyatlar olmasa da, ölkə açıq dənizdə neft çıxarılması üçün platforma istehsalında dünya lideridir. Ümumiyyətlə, hökumət dünya iqtisadiyyatının flaqmanı olacaq sahələri müəyyən edərək, ilk növbədə onlara sərmayə qoymağa çalışır. Məsələn, bu gün Sinqapurda biotexnologiyalarla maraqlanırlar.

Ölkə özünün coğrafi mövqeyinin üstünlüklərindən maksimum faydalanmağa çalışır; Sinqapur limanı dünyada Şanxay limanından sonra ikinci yerdədir. “Çanqi” hava limanı isə iki il dalbadal Asiyanın cənub-şərqində ən çox sərnişin qəbul edən aviasiya məntəqəsi olub: ildə 36 milyon nəfər.

Sinqapurda vergi sistemini maksimum sadələşdiriblər: burada cəmi 5 vergi növü var ki, onlardan biri gəlir vergisidir. Vətəndaşların gəlirləri artdıqca daha çox vergi ödəyirlər.

Ölkəyə gətirilən 4 məhsul növündən vergi tutulur: avtomobillərdən, alkoqoldan, tütün məmulatlarından və neft məhsullarından. Sakinlərin özlərinin yaşadığı daşınmaz əmlakdan 4%, kirayə verdiklərindən 10% vergi tutulur.

Sinqapurda ictimai nəqliyyat daha populyardır, avtomobil sahibi olmaq üçün isə çox varlı olmaq lazımdır. Maşın almaq istəyənlər onun qiymətinin 150%-i miqdarında vergi ödəməli, üstəlik 42 min dollara da avtomobil idarə etməyə görə sertifikat almalıdırlar. Ancaq cəmi 718 kv.km ərazisi olan ölkə üçün maşın o qədər də vacib deyil.

Sinqapurun əsas resursu insandır. Odur ki, dövlət təhsilə, səhiyyəyə və insanların təlim-tərbiyəsinə böyük vəsait ayırır. 1970-ci illərdən etibarən ölkənin bütün məktəblərində ingilis dili vacib fənn kimi tədris olunur, ali məktəblərin hamısında isə dərslər ancaq ingiliscədir. İngilis dili – malay, mandarin (çin dilinin bir dialekti) və tamil dili ilə yanaşı Sinqapurun rəsmi dillərindən biridir. Bundan başqa, 1980-ci illərdə hökumət tələbələrin dünyanın nüfuzlu universitetlərində təhsil almasına pul ayırmağa başlayıb. Nəticədə burada hamı ingilis dilini yüksək səviyyədə bilir, çoxlarının nüfuzlu beynəlxalq universitet təhsili var. Bu isə dünya bazarında rəqabətə davamlılığı təmin edir. Lakin Sinqapur əldə etdikləri ilə kifayətlənmək istəmir və büdcənin 20%-ni təhsilə xərcləməyə davam edir. Burada daim müəllimlərin nüfuzunu və səlahiyyətlərini artırmağın qayğısına qalırlar.

Sinqapur dünyada uşaq ölümü səviyyəsinə görə ən aşağı yerlərdən birini tutur, burada orta ömür kişilər arasında 79, qadınlar arasında 83 yaşdır. Bu nəticə məcburi tibbi sığorta sayəsində əldə olunub. Ölkədə səhiyyə güclü inkişaf edib, insanlar sağlam həyat tərzi keçirirlər.

Hökumət təhsil almaq və ailə qurmaq istəyən vətəndaşlara vaxtaşırı vergi güzəştləri təklif edir. Yüksək təhsilli qadınlar arasında sonsuzluq problemi ilə üzləşən hökumət uşaq doğacaqları təqdirdə onlardan alınan vergini azaldır.

Sinqapurda korrupsiyanın kökünün kəsilməsi və xarici kapitalın ölkəyə cəlb olunması nəticəsində, hələ 1970-ci illərdə insanların mənzil və yaşayış şəraitini yaxşılaşdırmaq üçün vəsait ayrılmasına başlanılıb. Hazırda ölkənin bütün vətəndaşlarının, hətta ən yoxsulların belə daşınmaz əmlakı var: onlara güzəştli ipoteka kreditləri verilir.

Cinayətkarlığın səviyyəsinə görə də Sinqapur dünyada ən aşağı yerlərdən birini tutur. Burada iki-üç ay ərzində nəinki ağır cinayətlər, xırda oğurluqlar belə olmur. Bəlkə də, bu hələ də Kuan Yunun özünün də xoşladığı bambuk ağacı ilə cəzalandırmanın nəticəsidir. Sinqapurda yerli mühafizəçilərdən birini hərbi heykəlin üzərinə “demokratiya” sözünü yazdığına görə üç ağac zərbəsi ilə cəzalandırmış və üç ay azadlıqdan məhrum etmişdilər. Sinqapur sakinləri öz ölkələrini zarafatla “cərimələr ölkəsi” adlandırırlar. Burada hətta xaricdən saqqız gətirməyə görə də bir neçə il cərimə tətbiq olunub. Sinqapurda ictimai yerlərdə burun silməyə, tüpürməyə, hətta ictimai ayaqyoluları özündən sonra yumamağa görə cərimə var. Metroda yemək yeməyə görə 500 Sinqapur dolları (370 ABŞ dolları) cərimə alınır. İcazə verilməyən yerlərdə siqaret çəkməyə görə cərimə isə bundan iki dəfə artıqdır. Bunun üçün xüsusi ayrılmış yerlərdən başqa heç bir yerdə bu zərərli vərdişə icazə verilmir.

1990-cı illərdə ölkədə saqqız satmaq, çeynəmək qadağan olunmuşdu. Baş nazir saqqızın ölkəyə ziyan vurduğunu, çünki kommunal xidmətlərin onu daim avtobuslardan, küçələrdən, parklardan qoparmaq üçün əziyyət çəkdiklərini söyləyəndə xarici KİV nümayəndələri heyrət etmişdilər. Ancaq bu qanun bir neçə ildən sonra ləğv edildi.

Baş nazir Li Kuan Yunu bu günə qədər təkcə saqqız məsələsinə görə tənqid etmirlər. Onu əsas etibarilə ölkədə demokratiyanın olmamasında, KİV-ə tam nəzarət etməkdə və istənilən etiraz aksiyalarına qadağa qoymaqda suçlayırlar. O, demokratik idarə rejimində sürətli iqtisadi möcüzəyə o qədər də inanmadığını heç vaxt gizlətməyib. Li Kuan həmişə “möhkəm əl” nəzəriyyəsinin tərəfdarı olub və hesab edib ki, Qərb bir çox məsələlərdə həddən artıq liberal davranır, buna görə də nizam-intizamı təmin edə bilmir. Li hökumətin öz ünvanına olan heç bir tənqidi qəbul etmirdi, buna görə bəzi müxalifətçiləri həbsə atmışdı. Li Kuanın partiyası 1959-cu ildən hakimiyyətdədir və hazırda ölkə parlamentində cəmi altı müxalifətçi var. Sinqapurda mediaya hələ də hökumət nəzarət edir və ölkə “mətbuat azadlığına” görə daim dünyada ən sonuncu yerlərdən birini tutur.

Li Kuan Yu korrupsiya haqqında deyirdi:

“Korrupsiya ilə mübarizə aparmaq üçün üç ən yaxın dostunuzu həbs edin. Bunun səbəbini siz də bilirsiniz, onlar da biləcəklər”. Yalnız baş nazir özü bu qaydaya əməl etdikdə bu, “gəlişigözəl” söz olmayacaq. O doğrudan da ölkədə xüsusi anti-korrupsiya orqanı yaratdı. Xalq bu orqana “Yolxucu acgözlüyü araşdırma bürosu” deyirdi. Ona avtoritar səlahiyyətlər verilmişdi. O, şübhəliləri məhkəməsiz saxlaya, axtara, hesablarını yoxlaya bilərdi. Hətta Li Kuanın öz ailəsini və silahdaşlarını da yoxlayırdılar. Səs-küylü hadisələrdən biri 1987-ci ildə iqtisadi inkişaf naziri Te Çin Vanq ilə bağlı idi. O həm də Li Kuanın silahdaşı və yaxın dostu idi. Onun yarım milyon Sinqapur dolları məbləğində iki dəfə rüşvət aldığı müəyyən olunmuşdu. İstintaqdan xəbər tutan Te Çin Vanq, baş nazirə məktub yazdı və intihar etdi. Baş nazirin parlament tribunasından oxuduğu məktubda deyilirdi: “Mən bir abırlı centlmen olaraq öz səhvimə görə ən yüksək cəzaya layiqəm”. Bu, bütün digər yüksək vəzifəli korrupsionerlər üçün xəbərdarlıq idi və çoxları ölkədən qaçdı. Ancaq rüşvətə görə bu günədək də həbsdə olanlar var.

Korrupsiya üçün şərait yaradan və prosedurları mürəkkəbləşdirən bütün qanunlar (xüsusilə də, vergi qanunları) maksimum sadələşdirildi. Əksər lisenziya növləri ləğv olundu. Hakim vəzifələrinə ölkənin ən yaxşı, nüfuzlu vəkilləri təyin olundu və hakimlərin maaşı ildə bir neçə yüz min dollara çatdırıldı. Bütün dövlət məmurlarının məvacibləri də iri şirkətlərdəki maaşlara çatdırıldı.

Gördüyümüz kimi, ölkənin inkişafı, vətandaşların rifah halının yüksəlməsi, mehman əliyevlərin dediyi kimi, çörək, dolanışıq probleminin olmaması üçün demokratiya, sərbəst toplaşma azadlığı, ölkədə hər kəsin istədiyini danışması, özünə siyasi partiya, ictimai-siyasi təşkilat deyən hər yoldan ötənin fikir bildirməsi, mülahizə yürütməsi heç də ilkin vacib şərt deyil. Bunlar bizim ölkəmizdə radikal müxalifətin arzu etdiyi formalarda və ifrat səviyyədə olmasa da, var. Ancaq bu formaların özü bəlkə də bizim inkişafımızı ləngidən, ona mane olan səbəblərin başında gəlir. Çünki hakimiyyət sosial-iqtisadi məsələlərin həllinə sərf etməli olduğu gücü, enerjini, vaxtı, potensialı, vəsaiti müxalifətlə, onun xaricdəki havadarları, lobbiləri ilə mübarizəyə, çəkişmələrə sərf edir.

Mən əminəm ki, Qərbdən qızışdırılan, maliyyələşdirilən radikal düşərgənin mövqeyini sərgiləyən mehman əliyevləri xalqın güzəranı qətiyyən maraqlandırmır. Onun fikirlərinə bir qədər dərindən fikir verəndə hər şey açıq aydın görünür. Məsələn, parlamentin sayının artırılıb 201 nəfərə çatdırılması, qismən proporsional seçki sisteminə keçmək təklifi nə deməkdir? Əlbəttə, o deməkdir ki, bizə də deputat mandatı verin və parlamentdə oturub, bol-bol demokratiyadan, insan haqlarından, sərbəst toplaşma və söz azadlığından danışaq, xaricdəki demokratiya dəllallarına daha çox material verək və daha çox qrant alaq. Ancaq sizi əmin edirəm ki, o adamların qanunverici orqanda oturub bu məsələlər haqqında durmadan danışması xalqın güzəranını zərrə qədər yaxşılaşdırmayacaq. Ən azı ona görə ki, biz Avropa məkanında deyilik və bizim Avropa demokratiyasını təmin edəcək iqtisadi və digər resurslarımız yoxdur. Onların məqsədi də bizi ağ günə çıxarmaq deyil, ancaq bizdən faydalanmaq, öz demokratiyalarını möhkəmlətmək üçün bizi sümürməkdir. Mehmanlar da onlara bunun üçün lazımdır. Biz əvvəlcə öz resurslarımızı yaratmalı, zənginləşdirməli, millətimizi tərbiyə etməli, savadlandırmalı, formalaşdırmalıyıq. Ona elmi düşünməyi öyrətməliyik ki, xaricdə bəstələnən və mehmanların ifa etdiyi hər mahnıya oynamasın. Demokratiya qaçmır və o məqsəd deyil. Demokratiya nəticədir. Əgər xalqın maddi durumu, təhsili yüksək olsa, aqressivliyi, radikallığı azalacaq, o, radikal şüarlara meyil göstərib, şəhərin mərkəzində dağıdıcı aksiyalar keçirmək, yeknəsəq, mənasız şüarlar səsləndirmək istəməyəcək. Bu şəraitdə vəzifə, mandat, mövqe davası da aktuallığını qismən itirdiyindən, seçkilər, hakimiyyət uğrunda mübarizə də yumşaq xarakter alacaq, ölüm-dirim məsələsi olmayacaq və bəlkə də elə formal xarakter daşıyacaq. Ölkədə korrupsiyanın kökü kəsilsə, vəzifəyə rüşvət alma mənbəyi kimi baxılmasa və vəzifəli şəxsin gəlirləri, hörməti, nüfuzu şirkət işçisininkindən çox da fərqlənməsə, vəzifə uğrunda mübarizə də səngiyəcək. Sinqapurda bunu demokratiyasız etməyi bacarıblar. Məncə, bizdə də mümkündür, ancaq cənab Prezident demokratiyanı inkar etmir, bu işləri demokratik proseslərlə paralel aparmaqla, onların qanunlarımıza uyğunluğunu təmin etməklə bərabər görür. Ancaq mehmanlar, onlara havadarlıq edən, pul verən xarici və daxili düşmənlər ona hər vəchlə mane olmağa çalışırlar.

Memhan Əliyev deyir ki, hakimiyyət özünə nəzarəti aradan qaldırmaq üçün vətəndaş cəmiyyəti institutlarını ləğv etdi. Onların beynəlxalq donor təşkilatları ilə əlaqəsini kəsdi. O iddia edir ki, yuxarıdan iqtisadi dəyişikliklər aparmaqla heç nə etmək olmaz, gərək azad məhkəmə olsun, vətəndaşlar öz hüquqlarını müdafiə edə bilsinlər. Lazım gəlsə, mitinqlər keçirsinlər, nümayiş etsinlər.

Baxın, o, beynəlxalq donorların maliyyələşdirdiyi QHT-lərin hakimiyyətə nəzarət etməsini istəyir. Burada əsas məqsəd xaricilərin işlərimizə burunlarını soxmasını təmin etmək, hökumətə işləməyə imkan verməmək, onu Avropadan asılı duruma salmaqdır. Belə hökumət xalq üçün neyləyə bilər? Onun başı ancaq “razborkalara” qarışacaq.

“Bizdə böhran ona görə baş verdi ki, cəmiyyətin hakimiyyət üzərində nəzarəti itdi. Xaricdə azad media var, vətəndaş cəmiyyəti institutları var, partiyalar var, ona görə də qarşılıqlı nəzarət sistemi var. Əgər ABŞ-da, Fransada, Almaniyada qarşılıqlı nəzarət sistemi olmasa, orda da korrupsiya olacaq, özbaşınalıq olacaq, diktaturaya gedib çıxacaqlar”. Mehman Əliyev hesab edir ki, hazırkı hökumət yönümlü QHT-lər və KİV korrupsiyaya qarşı çıxış etmir. Hakimiyyət xırda dəyişikliklər istəyir, amma köklü dəyişikliklərə getmir. Kənd təsərrüfatına ayrılan investisiyalara düzgün nəzarət olunmur. Mediaya yardım edilmir, ancaq mane olunur.

Bu fikirlər də gəlişigözəldir və ictimai rəyi çaşdırır. Az öncə qeyd etdiyim kimi, demokratiyanın prinsiplərindən olan qarşılıqlı nəzarət sisteminin tətbiq olunması üçün bir çox resurslara, rıçaqlara ehtiyac var ki, biz bunları formalaşdırma mərhələsindəyik. Ancaq həmin o ABŞ-dan, Fransadan, Almaniyadan təlimat alan QHT-lər, partiyalar bu resursları yaratmağa mane olur, hökumətə işləməyə imkan vermirlər. Bizim Prezident də Sinqapur lideri kimi islahatlar aparmaq, qayda-qanun, səliqə-sahman yaratmaq üçün addımlar atır, ancaq ona mane olunduğu açıq-aşkar görünür.

Mehman Əliyev xaricdə polisin mitinqləri kənardan seyr etdiyini iddia edir. O təcili həll olunmalı problemlər sırasında birinci yerə vətəndaş cəmiyyətinin qeyri-hökumət sektorunu azad etməyi qoyur və əlavə edir ki, hökumətin istəmədiyi QHT-lərə, xarici donorların ölkəyə gəlməsinə şərait yaradılmalıdır.

Yenə yalan. Xaricdə polis razılaşdırılmış aksiyaları kənardan seyr edir və bu bizdə də belədir. “Təcili həll olunmalı problem” olaraq ona görə “QHT sektorunu azad etməyi” ön sıraya qoyur ki, onun təmsil etdiyi düşərgə nümayəndələri xarici donorlardan maliyə alaraq istədiklərini edə bilsinlər. Bu açıq-aşkar pul müqabilində xarici ölkələrin maraqlarına xidmət etməyin leqallaşdırılmasını tələb etməkdir. “Hökumətin istəmədiyi QHT-lərə, xarici donorların ölkəyə gəlməsinə şərait yaradılmalıdır”,- nə deməkdir? Hökumət niyə hansısa QHT-lərə, xarici donorlara ona mane olmaları üçün şərait yaratmalıdır? Bu adamlar hansı əsasla hökuməti xalqa düşmən, özlərini və xariciləri isə dost sayırlar?

Deyir ki, hökumət yalnız özünə yaxın olan QHT və KİV-lərə yadım edir? Mehman Əliyev, məgər xarici donorlar qrantları kimə gəldi verirlər? Şəxsən sizin və dəstənizin razılığı, barmağı olmadan bir Azərbaycan vətəndaşı xaricdən qrant ala bilər? Yox! Yaxud o xarici donor öz maraqlarına uyğun gəlməyən hər hansı layihəyə yardım edər? Etməz! Xarici donorun siyasi, geopolitik, digər hər cür maraqları olduğu halda, Azərbaycana rəhbərlik edən hakimiyyətin siyasi maraqlarının, ölkənin inkişafına, gələcəyinə yönəlik milli inkişaf strategiyasının olması niyə qəbahət sayılmalıdır?

Biz, əlbəttə, Sinqapur deyilik, amma Avropa da deyilik. Odur ki, onlardan hansınısa olduğu kimi təkrarlamaq, yamsılamaq zorunda ola bilmərik. Bu, mümkün də deyil. Ancaq zənnimcə, bizim üçün Sinqapur modeli bir çox cəhətlərdən daha münasibdir. Əvvəlcə qayda-qanun, iqtisadiyyat, rifah, ondan sonra geniş demokratiya. Zatən bunların olması elə demokratiyadır.

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ



Bölməyə aid digər xəbərlər
bütün xəbərlər