Dövriyyəyə 200 manatlıq əskinaslar buraxılır » Reyting.az
Dövriyyəyə 200 manatlıq əskinaslar buraxılır - Fotolar
Tarix: 23-05-2018 19:37 | Bölmə: İqtisadiyyat / Xəbər lenti
Dövriyyəyə 200 manatlıq əskinaslar buraxılır

Gələn aydan etibarən Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinaslar buraxılacaq.

Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Mərkəzi Bankda Ulu öndər Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının və yeni 200 manatlıq pul nişanının təqdimat mərasimi keçirilib.

Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, son dekadada ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilib. Yeni pul nişanının dizaynı hazırlanarkən müsabiqədə ABŞ şirkəti "Crane Currency” tərəfindən təqdim olunan dizayn qalib seçilib. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı "Giesecke+Devrient” şirkətində istehsal olunub.

E.Rüstəmov bildirib ki, bu gün Mərkəzi Bank mövzusu Ulu öndərin xatirəsinə inşa edilmiş "Heydər Əliyev Mərkəzi” olan 200 manatlıq kağız pul nişanını tədavülə tədqim edir. Yeni banknotun üzərində ölkəmizin, paytaxtımızın ən müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzinin təsviri, Mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elemetləri, digər milli ornamentlər əks olunub.

Sonra E. Rüstəmov Heydər Əliyevin 95 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanını təqdim edib.

Xatirə pul nişanları çəkisi 1 troy unsiyası (31.1 qr) olan yüksək əyarlı qızıldan və platin-qızıl kombinasiyasından ibarətdir.

Yubiley pul nişanının üzərində Azərbaycanın dövlət rəmzlərindən, eləcə də memarlıq, şəbəkə sənətində geniş yayılmış ornamentlərdən istifadə olunub. Pul nişanının ön hissəsində xüsusi relyefdə əks olunmuş Dövlət bayrağının fonunda Ulu öndərin qızıl və platindən hazırlanmış portreti əks etditilib. Arxa hissəsində isə Dövlət gerbi təsvir olunub.

E. Rüstəmov eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanını təqdim edib.Xatirə pul nişanları çəkisi 1 , ¾ və ½ troy unsiyası olan yüksək əyarlı qızıldan ibarətdir.

Yubiley pul nişanının ön hissəsində azadlıq rəmzi olan günəş, Azərbaycan Respublikasının xəritəsi və onun üzərində dövlət himnimizdən bir parça, Dövlət bayrağının qrafiki dizaynı təsvir etdirilib. Cümhuriyyətin yarandığı tarix, istiqlal mübarizəmizin qələbəsi kimi zəncirlənmiş qəfəsdən azadlığa çıxan göyərçinlər təsvir olunub. Yubiley pul nişanının arxa hissəsində Dövlət gerbi, aypara ilə səkkizguşəli ulduz və şəbəkə sənətində geniş yayılmış ornamentlər əks olunub.

Hər iki yubiley pul nişanları Böyük Britaniyanın "The Royal Mint” Kral Sikkəxanasında istehsal edilib.

E. Rüstəmov təqdim edilən pul nişanlarının dünya numizmatlarının kolleksiyalarında xüsusi yer tutacağına əminliyini ifadə edib.

Dövriyyəyə 200 manatlıq əskinaslar buraxılırDövriyyəyə 200 manatlıq əskinaslar buraxılır
Dövriyyəyə 200 manatlıq əskinaslar buraxılır
Dövriyyəyə 200 manatlıq əskinaslar buraxılır
Dövriyyəyə 200 manatlıq əskinaslar buraxılır

Reyting.az




Bölməyə aid digər xəbərlər