14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
“Elektron hökumət”ə müraciətlər artır
Tarix: 18-07-2017 13:46 | Bölmə: Layihə


Qısa dövrdə elektron sistemə 10 milyondan çox müraciət daxil olub

"Elektron hökumət”in tətbiqindən sonra gerçəkləşdirilən yeniliklər durmadan artır. Artıq neçə ildir ki yaradılan sistem demək olar ki, bütün dövlət qurumlarını əhatə edib. Hazırda hər bir dövlət qurumunun onlarla sahə üzrə elektron xidmətləri var ki, onlardan internet üzərindən yararlanmaq mümkündür.

Hər hansı bir dövlət qurumundan elektron formada arayış almaqdan tutmuş, hesabatlar vermək, ərzilələr yazmaq, müxtəlif növ müraciətlər etmək olur.

Dövlət orqanları və vətəndaşlar arasında informasiya və sənəd əldə etmə prosesini reallaşdıran "Elektron hökumət” portalına maraq hər ötən gün artmaqdadır. Portala müraciət edən istifadəçi sayının artması da buna sübutdur. Belə ki, portalın təqdim etdiyi xidmətlərin çeşidi ilə yanaşı istifadə dinamikası da nəzərəçarpacaq dərəcədə müsbətə doğru dəyişir.

"Elektron hökumət” portalının operatoru Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi cari ilin ilk beş ayında elektron xidmətlərindən ən çox istifadə olunan qurumlar və ən çox müraciət edilən xidmətlərin statistikasını təqdim edib. Məlumata görə, "Elektron hökumət” portalında 2017-ci ilin ilk beş ayı ərzində xidmətlərindən ən çox istifadə olunan 10 dövlət qurumu aşağıdakılardır:

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;

- Dövlət İmtahan Mərkəzi;

- Dövlət Gömrük Komitəsi;

- "Azərsu" ASC;

- Daxili İşlər Nazirliyi;

- Əmlak Məsələləri Dövlət Komitəsi;

- Ədliyyə Nazirliyi;

- Mərkəzi Seçki Komissiyası;

- Vergilər Nazirliyi.

Mərkəzdən «Reytinq»ə verilən məlumatda bildirilir ki, bu müddət ərzində istifadə sayına görə liderlik edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə ümumilikdə 4.577.529 dəfə müraciət daxil olub. Qurumun təqdim etdiyi elektron xidmətlərə cari ildə müraciət sayı 1.388.673-ə çatan "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” xidmətidir ki, adıçəkilən xidmət 20 dövlət qurumu və 3 mobil operatorun informasiya resurslarına çıxışını təmin etməklə vətəndaşların işini asanlaşdırır.

Məlumatda bildirilir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xidmətlərinə müraciət sayı 3.088.725-dir. Nazirliyin ən çox istifadə olunan xidməti isə "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidmətidir ki, cari ilin bu gününədək xidmətə müraciət sayı 1.692 360-a çatıb.

Xidmətlərinin istifadə sayına görə ilk beşlikdə olan Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi elektron xidmətlərə müraciət sayı 1.005.477-dir. Ən çox "Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər)) ərizələrinin onlayn qəbulu” xidmətinə müraciət qeydə alınıb ki, bu göstərici 384.492 dəfə olub.

Bununla yanaşı, Dövlət Gömrük Komitəsinə 332.638, "Azərsu" ASC 59.596, Daxili İşlər Nazirliyinə 39.615, Əmlak Məsələləri Dövlət Komitəsinə 33.644, Ədliyyə Nazirliyinə 20.190, Mərkəzi Seçki Komissiyasına 16.822, Vergilər Nazirliyinə14.470 dəfə müraciət qeydə alınıb.

Qeyd edək ki, "Elektron hökumət" portalı tərəfindən təqdim olunan elektron xidmətlər bu gün həm vətəndaşların, həm də qurumların işini sadələşdirir, sərf olunan vəsaitə və işçi qüvvəsinə qənaət edir.

Daha 2 yeni xidmət

Müsbət məqamlardan biri də odur ki, inteqrasiya prosesi günbə-gün artır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin operatoru olduğu "Elektron hökumət” portalına Ədliyyə Nazirliyinin daha 2 yeni xidməti inteqrasiya edilib. Bunlar "Qeyri-kommersiya hüquqi şəxsin vətəhsil müəssisəsinin ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti barədə ilk məlumatın dərc olunması haqqında” və "Mülki dövriyyə nəticəsində baş verən hüquqi hadisələrdən yaranan yeni hüquq və vəzifələr barədə fiziki və hüquqi şəxslərin məlumatlandırılması” elektron xidmətləridir. Beləliklə, sözügedən qurumun portalda olan elektron xidmətlərinin sayı 24-ə çatıb.

Qeyd edək ki, hər iki xidmət qeydiyyatlı olduğu üçün xidmətlərdən istifadə etmək istəyən istifadəçinin "Elektron hökumət” portalında qeydiyyatdan keçməsi mütləqdir. "Qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti barədə ilk məlumatın dərc olunması haqqında” adlı xidmətdən istifadə etmək üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, qeyri-kommersiya hüquqi şəxsin və ya təhsil müəssisəsinin dövlət qeydiyyatı haqqında şəhadətnamə və VÖEN-i tələb olunur. "Elektron hökumət” portalından Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər içərisindən adı çəkilən xidməti seçən istifadəçi əvvəlcə təşkilatın hüquqi formasını seçərək "növbəti” düyməsini sıxır. Açılan səhifədə anket məlumatlarının tamamlanması tələb olunur. Anket tamamlanaraq "İrəli” düyməsi aktiv edilir və açılan səhifədə anket məlumatları əsasında tərtib olunmuş ərizə forması görünür. Ərizənin mətni ilə tanış olan istifadəçi "Təsdiq” düyməsini seçməklə ərizəsini təsdiq edib aidiyyəti quruma ünvanlayır.

Elektron xidmətin icra müddəti "Ədliyyə” qəzetinin dərc edildiyi gündən 3 gün müddətində həyata keçirilir. Nəticədə istifadəçi qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunma faktını təsdiq edən "Ədliyyə” qəzetinin müvafiq nüsxəsini əldə edir. "Mülki dövriyyə nəticəsində baş verən hüquqi hadisələrdən yaranan yeni hüquq və vəzifələr barədə fiziki və hüquqi şəxslərin məlumatlandırılması” xidmətindən istifadə edən fiziki şəxslər elektron xidmətin abunəçisi olaraq şəxsiyyət vəsiqəsi, ümumvətəndaş, xidməti və ya diplomatik pasportlar, sürücülük vəsiqəsi, ölkə ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, dövlət qeydiyyatına alınmış vətəndaşlıq vəziyyəti aktları və ya notariat qaydasında təsdiq edilmiş etibarnamələrin qüvvədən düşməsi, həmçinin məhkəmə qərarları və əmrləri ilə şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və bu məhdudlaşdırmanın götürülməsi, hüquqi şəxslər isə ləğv olunmalar ilə bağlı SMS vasitəsilə məlumatlandırılırlar. Şəxsiyyət vəsiqəsinin nömrəsini (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) və mobil telefon nömrəsini daxil edərək xidmətə abunə olan istifadəçidən müvafiq mobil operatorlar tərəfindən SMS-in sayına və həcminə uyğun xidmət haqqı tutulur.

Qəza anında elektron yardım

Elektron sistemin müsbət tərəflərindən biri də odur ki, hər hansı fövqəladə hallarda operativ müraciətlər mümkündür. Belə ki, "Azərsu” ASC-nin "Su təchizatı və tullantı sularının axıdılması sistemindəbaş vermiş qəza iləbağlı müraciət” adlı elektron xidməti "Elektron hökumət” portalına ( www.e-gov.az ) əlavə olunub. Sözügedən xidməti www.e-gov.az üzərindən "Bütün xidmətlər” bölməsindən "Azərsu” ASC-nin xidmət qrupu arasından, həmçinin "Axtarış” xanasına e-xidmətin adını yazmaqla tapa bilərsiniz. Vətəndaş müraciətini, abonent kodunu daxil etməklə və ya elektron xidmət FİN-ə uyğunlaşdırıldığına görə birbaşa "Davam et” düyməsini seçməklə formalaşdıra bilər. Açılan pəncərədə müvafiq xanaları zəruri qaydada qeyd etdikdən sonra müraciət təsdiqlənməlidir.

Beləliklə, vətəndaş kompüter və internetin olduğu istənilən yerdən sözügedən məsələlərlə bağlı müraciətini elektron qaydada göndərə bilər. Müraciət formasında qeyd edilmiş bütün xanalar lazımi qaydada doldurulduqda müraciət qeydə alınır və monitorda "MÜRACİƏTİNİZ QEYDİYYATA ALINDI. XİDMƏTİMİZDƏN İSTİFADƏ ETDİYİNİZ ÜÇÜN SİZƏ TƏŞƏKKÜR EDİRİK” sözləri yazılmış təsdiq pəncərəsi açılır. İcra müddəti 3 iş günü təşkil etdiyindən Su-kanal İdarəsinin nümayəndələri tərəfindən bu müddət ərzində müraciətə əsasən zəruri tədbirlər görülür.

"Su təchizatı və tullantı sularının axıdılması sistemindəbaş vermiş qəza iləbağlı müraciət” adlı elektron xidmət "Elektron hökumət” portalına inteqrasiya edildikdən sonra portalda olan elektron xidmətlərin sayı 449 olub.

Qeyd edək ki, elektron xidmətin istifadəsi üçün www.e-gov.az, "Elektron hökumət” portalına müvafiq autentifikasiya vasitələri ("Elektron imza” kartı, "Asan imza”, e-gov identiti vəistifadəçi adı/şifrə) iləgiriş edilir.

"E-Hökumət” mobil telefonlarda

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin operatoru olduğu "Elektron hökumət” portalının mobil tətbiqinin "Android” versiyası yenilənib. Bu mobil əlavə vasitəsilə bir çox elektron xidmətlər vətəndaşlara daha rahat və əlçatandır.

Geniş istifadəçi auditoriyasına malik sözügedən mobil tətbiqin "Android” versiyasının "Elektron arayışlar” bölməsinə aşağıda adları çəkilən 5 elektron arayış əlavə olunub:

- İl ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış

- Vətəndaşın adına qeydiyyatda olan nəqliyyat vasitələri haqqında elektron arayış

- Vətəndaşın hərbi xidmət keçməsi barədə arayış

- Vətəndaşın hərbi qeydiyyatda olması barədə arayış

- Dənizçinin şəxsiyyət sənədi.

Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Sosial sığorta haqqında məlumat” və "Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” elektron xidmətlərindən də "Android” mobil əməliyyat sisteminin istifadəçiləri artıq yararlana bilərlər. Hazırda "Elektron hökumət” portalı mobil tətbiqinin "Android” versiyasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 7, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2, Daxili İşlər Nazirliyinin 1, Səhiyyə Nazirliyinin 3, Ədliyyə Nazirliyinin 1 elektron xidməti, həmçinin 11 adda elektron arayış vətəndaşların istifadəsindədir.

Məlumat üçün bildirək ki, "Elektron hökumət” portalının mobil tətbiqinin "iOS” versiyası da istifadəçilərin ixtiyarındadır. Hər iki mobil əlavəyə giriş "Elektron imza” kartı və istifadəçi adı/şifr vasitəsilə mümkündür. Sözügedən tətbiqləri müvafiq olaraq "AppStore” və "PlayStore” onlayn mağazalarında "Elektron hökumət” portalı yazıb axtarış etməklə mobil qurğunuza yükləyə bilərsiniz. İstifadəçilər yaranan suallarla bağlı "157 Zəng Mərkəzi”nə müraciət edə bilərlər.

Qeyd olunanlar bu ilin ötən dövrü ərzində həyata keçirilib. Yəni, "Elektron hökumət” sistemi o qədər sürətlə genişlənir ki, artıq ayrı-ayrı qurumların bu sistemə inteqrasiyasını izləmək o qədər də asan deyil. Çünki, demək olar ki, hər gün yeni xidmətlər istifadəyə verilir.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.






Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}