23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?
Tarix: 31-07-2019 14:06 | Bölmə: Müəllif-3 / Xəqani CƏFƏRLİ
İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?

Son dövrlər YouTube-dəki bəzi kanallar üzərindən Azərbaycanda inqilaba çağırışlar edilir, hətta həmin inqilabı həyata keçirmək üçün dəqiq tarixlər göstərilir.

İbtidai tarixi bilgilərə malik şəxslər bilirlər ki, inqilab elə bir hadisədir ki, onu əvvəlcədən təyin etmək mümkün deyil. Qiyam və çevrişlərin baş verəcəyi günü təyin etmək mümkün olsa da, inqilabın baş verəcəyi tarixi təyin etmək bir yana, hətta müəyyən etmək belə mümkünsüzdür.

İnqilabi əhval-ruhiyyənin yarandığını sosioloji araşdırmalarla müəyyən etmək mümkün olsa da, geniş xalq kütlələrinin inqilabi yolla hakimiyyət dəyişikliyinə qərar verəcəyi tarixi əvvəlcədən müəyyən etmək olduqca çətindir. Bu mənada “Elm hələ inqilabların daxili kimyasını öyrənməyə qadir deyil”, - deyən politoloq Zərdüşt Əlizadə tam haqlıdır.

Eyni zamanda geniş xalq kütlələrinin iştirakı ilə baş verən nəhəng dəyişikliklərin bir çoxu inqilabi hadisə kimi başlasa da, inqilabın özünə çevrilmədən hakimiyyət dəyişikliyi olaraq qalıb. Ukraynada baş verən iki böyük hadisə - 2004-cü ildəki “Narıncı inqilab” və 2014-cü ildəki “Ləyaqət inqilabı” buna ən bariz nümunə ola bilər.

“Narıncı inqilab” və “Ləyaqət inqilabı” nəticəsində köklü hakimiyyət dəyişikliyi baş versə də, bu, dövlət idarəçiliyində köklü dəyişikliklərlə nəticələnmədi. Buna görə də hər iki hakimiyyət dəyişikliyi nəticəsində iqtidara gələn qüvvə növbəti seçkidə məğlub olaraq, siyasi olimpi tərk etmək məcburiyyətində qaldı. Əgər “Narıncı inqilab” qarşısına qoyduğu məqsədlərə çatsaydı, “Ləyaqət inqilabı” baş verməzdi. Eyni ilə “Ləyaqət inqilabı” qarşısına qoyduğu məqsədlərə nail olsaydı, bir teleserial qəhrəmanı xalqın böyük dəstəyi ilə hakimiyyətə gələ bilməzdi. “Xalqın xidmətçisi”ni hakimiyyətə gətirən əsas səbəb “Narıncı” və “Ləyaqət” inqilablarının qarşılarına qoyduqları məqsədə çatmaması idi.

Ukrayna nümunəsi həm də onu göstərir ki, inqilab yarımçıq qala bilməz. Rusiyada inqilabın qaçılmazlığı haqqında təkidlə danışan professor Valeri Solovey fikirlərini belə əsaslandırır ki, 1991-ci ildə kommunist rejiminə qarşı baş vermiş inqilab qarşısına qoyduğu məqsədlərə çatmadığı, yarımçıq qaldığı üçün yeni inqilab qaçılmazdır. Ukraynada məhz bu proses müşahidə edilir. “Narıncı inqilab” qarşısına qoyduğu məqsədlərə çatmadığı üçün on il sonra “Ləyaqət inqilabı” baş verdi. “Ləyaqət inqilabı” da hədəflərinə çatmadığından səhnəyə “Xalqın xidmətçisi” çıxdı. Ukraynanın özəlliyi isə ondan ibarətdir ki, ukraynalılar hakimiyyəti dəyişməkdən qorxmurlar.

Ukraynalılardan fərqli olaraq əksər postsovet respublikalarının xalqları hakimiyyət dəyişikliyindən qorxurlar. Total korrupsiya və kütləvi qanunsuzluqlar qarşısında xalqların uzurpator rejimlərə dözümlü yanaşmasının əsas səbəblərindən biri də xalqların alt şüurunda hakimiyyət dəyişikliyindən qorxu hissinin kök salmasıdır.

“Sarı jiletli”lər etiraz aksiyası keçirdiyi günlərdə baş tutan rəy sorğuları göstərirdi ki, Fransa əhalisinin 72 faizi sarı jiletlilərin tələblərini dəstəkləyir. Əksər postsovet ölkələrində isə Parisdə baş verənlərə qorxu hissi ilə yanaşırdılar. Avropanın elm mərkəzlərindən biri geniş təhqiqatlar nəticəsində müəyyən edib ki, eyni hadisəyə ayrı-ayrı fərdlər fərqli reaksiya verdiyi kimi, ayrı-ayrı xalqlar da fərqli yanaşırlar.

Ukraynada 2004-cü ildə baş vermiş “Narıncı inqilab” və 2014-cü ildəki “Ləyaqət inqilabı”ndan fərqli olaraq 2003-cü ildə Gürcüstanda reallaşmış “Qızılgül inqilabı” bu gün qarşısına qoyduğu məqsədlərə əsasən çatmış inqilab kimi qəbul olunur. Çünki “Qızılgül inqilabı”ndan sonra Gürcüstanda köklü dəyişikliklər həyata keçirilib, bu ölkə postsovet məkanından Şərqi Avropa ölkələri ilə rəqabət aparmağa qadir müasir dövlətə çevrilib. Gürcüstanın azadlıqların təmin edilməsi, həyat səviyyəsinin yüksəlməsi, korrupsiyanın miqyasının aşağı olması, innovasiyaların tətbiqi kimi məsələlərdə - Baltikyanı respublikalar istisna olmaqla - digər postsovet respublikalarından öndə olması “Qızılgül inqilabı”nın qarşısına qoyduğu məqsədlərə əsasən çatdığını təsdiqləyir. Buna görə də “Narıncı inqilab”ın lideri Viktor Yuşşenko və “Ləyaqət inqilabı”nın lideri Petro Poroşenkondan fərqli olaraq “Qızılgül inqilabı”nın lideri Mixeil Saakaşvili dünyada islahatçı lider kimi qəbul edilir.

Bu nümunələrdən çıxan nəticə ondan ibarətdir ki, bir nəhəng siyasi hadisənin inqilaba çevrildiyi ölkədə baş verən hadisə dövlət idarəçiliyində köklü dəyişikliklərə səbəb olmaqla cəmiyyətin tamamilə dəyişməsinə bağlıdır. Yəni, inqilab bir keyfiyyət dəyişikliyi deməkdir. Məsələn, Böyük Fransa İnqilabı monarxiyaya son qoymaqla bitmədi, feodalizmə ölümcül zərbə vuraraq feodal münasibətlər sisteminin tarixin arxivinə göndərilməsinin yolunu acdı.

Böyük mütəfəkkir Viktor Hüqo inqilabı tərəqqinin kobud təzahürü adlandırır və Parisin inqilablar şəhəri olduğu üçün mədəniyyət şəhəri olduğunu vurğulayırdı.

Bir başqa yanaşmaya görə isə, böyük dəyişikliklər yuxarıdan həyata keçirildikdə islahat, aşağıdan həyata keçirildikdə isə inqilab adlanır. Uzaqgörən dövlət xadimləri həmin dəyişikliklərin aşağıdan həyata keçirilməsini gözləmədən prosesi yuxarıdan başladıblar. İkinci Aleksandr Rusiyada təhkimçilik hüququnun ləğvinin aşağıdan başlanmasını gözləmədən yuxarıdan həyata keçirilməsini ən doğru yol adlandırıb.

Qoca tarixin səhifələrində yüzlərlə belə misallara rast gəlmək olar. Həmin misallardan çıxan qəanət ondan ibarətdir ki, inqilabı öncədən təyin etmək mümkün olmadığı kimi, onu doğuran amillər yuxarıdan, yəni islahat yolu ilə aradan qaldırılmadığı halda prosesi uzun müddət önləmək mümkün olmur. Buna görə də YouTube kanalları üzərindən edilən inqilab çağırışlarından daha çox, inqilabı doğura biləcək amillərin mövcudluğundan narahat olmaq lazımdır.

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}