Anbarlarda 577 milyon manatlıq satılmamış mal yığılıb
Tarix: 18-12-2017 11:14 | Bölmə: İqtisadiyyat / Xəbərlər
Anbarlarda 577 milyon manatlıq satılmamış mal yığılıb

İstehsalçı müəssisələrin anbarlarında hazır məhsul qalığı artmaqdadır.

Reyting.az-ın xəbərinə görə, iqtisadçı alim Qubad İbadoğlu bildirib ki, anbar qalığı 01 yanvar 2015-ci il vəziyyətinə 355,1 milyon manat, 01 yanvar 2016-cı il vəziyyətinə 415,8 milyon manat, 01 yanvar 2017-ci il vəziyyətinə 471,2 milyon manat olduğu halda 01 noyabr 2017-ci il vəziyyətinə 577 milyon manat təşkil edir.

Qubad İbadoğlunun sözlərinə görə, 10 ay ərzində istehsalçı müəssisələrin anbarlarında hazır məhsul qalığı 106 milyon manata qədər artıb. İqtisadçı, anbarlarda hazır məhsul qalığının artımını əsasən 2 səbəblə izah edib.

Birinci səbəb istehsal olunan malların keyfiyyətsiz və rəqabətə davamlı olmaması və bazarın tələblərinə cavab verməməsidirsə, digər səbəb bəzi məhsulların qiymətlərində artımın gözlənildiyini nəzərə alaraq istehsalçıların onları satışa çıxarmamasıdır:

“Hazırda mövcud olan anbar qalıqları daha çox birinci səbəbdən yaranıb. Belə ki, xüsusilə də son 13 ildə 62,8 milyard manat xərclənən “Regionların sosial-iqtisadi inkişaf proqramları” çərçivəsində yaradılan yeni müəssisə və sexlərin bir çoxundan məhsul buraxılışı bazarın tələblərinə cavab vermədiyindən satılmır, yenidən istehsalçı müəssisələrin anbarlarına qayıdır. Odur ki, hazırda istehsalçı müəssisələrin anbarlarında hazır məhsul qalığı 577 milyon manata çatıb. Digər tərəfdən, bəzi məhsulların qiymətində gözlənilən artımı nəzərə alaraq istehsalçılar onları baha qiymətə satmaq niyyəti ilə həmin malları bir müddət anbarlarda saxlayır və qiymət bahalaşarkən satmağa üstünlük verirlər”.

İqtisadçı alim qeyd edib ki, hazırda Azərbaycan iqtisadiyyatında qiymətlərin artım tendensiyası davamlı xarakter daşıyır və onun səviyyəsi getdikcə qalxır: “Odur ki, anbar qalığının artımından bu faktor da nəzərə alınmalıdır”.


Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}