14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Məktəblərin İKT-dən istifadə imkanları artır - Yenilik
Tarix: 24-03-2017 16:52 | Bölmə: Layihə


Daha 300 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulur; Distant təhsil üçün əlavə tədbirlər görülür

Bütün sahələrdə olduğu kimi, ölkənin təhsil sistemində də informasiya və kommunikasi texnologiyalarının (İKT) inkişafı əsas hədəf kimi müəyyən edilib. Hər il bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir.

Təhsil müəssisələrinin İKT üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.

Təhsil Nazirliyindən "Reytinq”ə verilən məlumata görə, ötən dövr ərzində təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin olunması məqsədi ilə ölkə üzrə təhsil müəssisələrinə paylanmaq üçün 800 ədəd proyektor sifariş verilib.

Məlumatda bilidirlir ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində İP Telefoniya və Çağrı Mərkəzi server avadanlıqlarının tərkib hissələri yenilənib. Bundan əlavə, "Azərbaycan müəllimi” qəzetinin redaksiyasında İP telefoniya sisteminin qurulması üçün avadanlıqlar alınıb.

Məlumat və Resurs Mərkəzinin serverlərinin daha da gücləndirilməsi məqsədi ilə "Blade Serves”, "3PAR Storage”, "SAN Switch” və "TOR Switch” avadanlıqları ilətəchiz olunub.

Onu da nəzərə çatdıraq ki, təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsi yönündə də bir sıra tədbirlər həyata keçirilib. Bakı, Gəncə, Sumqayıt, Abşeron və Mingəçevir şəhərlərində yerləşən təhsil müəssisələri Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub və bu təhsil müəssisələrindəki kompüterlərə texniki dəstək xidmətləri göstərilib.

"Elektron məktəb” layihəsində iştirak edən 43 ümumtəhsil məktəbində quraşdırılmış şəbəkə avadanlıqlarının işlək vəziyyətdə saxlanması üçün texniki dəstək verilib. Bundan əlavə, "Elektron Məktəb İdarəetmə” (ASM) proqram təminatına texniki dəstək, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində yerləşən Qaynar Xətt və şəbəkə avadanlıqlarının, o cümlədən şəbəkə idarəetmə proqram təminatının işlək vəziyyətdə saxlanması üçün texniki dəstək xidməti göstərilib.

Respublika üzrə təhsil müəssisələrində mövcud kompüterlərin sıradan çıxmış detalları yeniləri ilə (klaviatura, siçan, ana plata, prosessor, sərt disk, qida bloku, batareya və s.) əvəz olunur. Məlumat və Resurs Mərkəzində texniki dəstək xidməti 24 saat x 7 gün-bütün server, infrastrukturun, köməkçi sistemlərin fasiləsiz işləməsi təmin edilir və yedək parçalar daim saxlanır.

Mühüm tədbirlərdən biri də internet şəbəkəsinə çıxışın təmin olunmasıdır. Nazirliyin məlumatına görə, Bakı və Sumqayıt şəhərlərində yerləşən 105 təhsil müəssisəsində mövcud lokal şəbəkənin bütün tədris və inzibati otaqları əhatə etməsi üzərində işlər aparılıb. Bakı və Lənkəran şəhərlərində yerləşən digər 21 təhsil müəssisəsində mövcud şəbəkə infrastrukturu genişləndirilir və təhsil müəssisələri şəbəkə avadanlıqları ilə təmin edilib.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilinin təşkili məqsədi ilə 100 ədəd kompüterin ADSL rabitə kanalları vasitəsilə Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmasına başlanıb.

300 yeni təhsil müəssisəsinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmasına da start verilib. Bakı, o cümlədən digər şəhər və rayonlardan ümumilikdə 2037 təhsil müəssisəsi fiber-optik, ADSL və Simsiz rabitə kanalları vasitəsi ilə Təhsil Sisteminin korporativ internet və intranet şəbəkələrinə çıxışla təmin edilir.

Mühüm məqamlardan biri də odur ki, müəllimlər də təhsildə müasir yanaşmaya xüsusi əhəmiyyət verirlər. Tədris sisteminin elektronlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, müəllimərin də bu yöndəki səyləri təqdir olunmalıdır. Belə ki, müəllimlərin tədrisə yanaşmasında ciddi dəyişikliklər baş verdiyi üçün müasir texnologiyalardan istifadə də müsbət nəticələr verir.

309 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini, İKT üzrə təlimçi Mehriban Məmmədova «Reytinq»ə deyib ki, hazırda informasiya cəmiyyətində yaşayırıq və bu səbəbdən də təhsildə müasirləşmə öz əksini tapmalıdır.

Onun sözlərinə görə, yüksək texnologiyalı milli iqtisadiyyatın yaradılması bütün dövlətlərin siyasətində əsas istiqamətə çevrilib:

«Təhsilimiz nə qədər inkişaf etsə də, İKT-nin tətbiq edilmədiyi bir təhsil sistemi qloballaşmaq və rəqabətə davamlılıq xüsusiyyətlərinə malik ola bilməz. Artıq bütün inkişaf etmiş dövlətlərdə təhsilin informasiyalaşdırılması istiqamətində bir sıra işlər görülüb. Azərbaycan təhsilində də bu istiqamətdə mühüm nailiyyətlər əldə edilib. 2005-ci ildə İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya (2003-2007)-nın qəbulu ilə bu proses başladı. 2004-cü ilin avqustunda cənab prezidentimiz İlham Əliyev "Azərbaycan Respublikasında ümümtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007)”nı imzaladı və bu proqramın həyata keçirilməsi yolunda mühüm addımlar atıldı. Daha sonra - 2008-ci il 10 iyun tarixli sərəncamla "2008-2012-ci illərdə Azərbaycan Respblikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” təsdiq edildi. Təhsil Nazirliyinin bir çox beynəlxalq təşkilat və şirkətlərlə imzaladığı müqavilələr əsasında çoxlu sayda təhsil müəssisələri kompüterlərlə təmin edildi”.

Pedaqoji kadrların müasir texnologiyalardan istifadə üzrə təlim kurslarına cəlb edildiyini də deyən müsahibimizin sözlərinə görə, İKT-nin təhsilə tətbiqi hələ təhsilin informasiyalaşdırılması demək deyildi. Bu, öncə pedaqoqlarda, daha sonra isə şagirdlərdə İKT kompetensiyalarının formalaşdırılmasından çox asılıdır.

Müsahibimiz qeyd edib ki, əsas məsələ təhsil sahəsində İKT-nin istifadəsinin düzgün prinsip və məqsədlərinin müəyyənləşdirilməsi idi. Ekspert hesab edir ki, elə məhz buna görə də, 2010-cu il ölkə təhsilində İKT ili elan edilib və Təhsil Nazirliyi bu istiqamətdə xeyli işlər görüb: «Həmin ildə məktəblərdə şagird və müəllimlər üçün seminarlar, təlimlər keçirildi. Bütün bu müddət ərzində ardıcıl olaraq məktəblərin İKT ilə təminatı, pedaqoji kadrlara İKT-dən istifadə bacarığının aşılanması və ən sonda müasir təlim texnologiyalarına uyğun öyrənməni və qiymətləndirməni həyata keçirən proqramların hazırlanmsı mərhələli şəkildə reallaşdırıldı. Bu istiqamətdə işlər hələ də davam etdirilir.

İKT-dən istifadə təhsildə səmərəliliyi təmin edir. Əyaniliyi, eyni zamanda virtuallığı artırır. Təhsil prosesini xeyli sadələşdirir. Dinamikliyi və çevikliyi təmin edir. Multimedia vasitələri, görüntü, səs effekti, rəngarənglik şagirdlərin diqqətinin dərsə fokuslaşmasına kömək edir. Məktəblərdə elektron texnologiyaların mövcudluğu müəllimlərə differensial yanaşma və dərslikdən kənara çıxma imkanları yaradır. Tədris prosesini canlandırır.

2013-cü ildə qəbul edilmiş "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda müəyyən edilmiş dördüncü strateji istiqamət müasir tələblərə uyğun və ömürboyu təhsili təmin edən təhsil infrasturkturunun yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil müəssisələrində İKT və əsaslı təlim metodologiyalarına uyğun infrastukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil və s. kimi tədbirləri ehtiva edir. Elə bu sənədə nəzər salarkən dövlətin və Təhsil Nazirliyinin bu məsələlərə nə qədər önəm verdiyini anlamaq çətin deyil.

Yuxarıda qeyd olunanlardan aydın görünür ki, İKT-nin təhsilə tətbiqi məsələləri üzrə kifayət qədər hüquqi-normativ baza yaradılıb, İKT-nin təhsilə tətbiqinin məqsədi və hədəfləri müəyyən edilib. Bunun üçün bu günədək dövlətimiz yetərincə maliyyə vəsaiti ayırıb və ayırmaqda da davam edir. Bundan sonrakı mərhələlərin əsasında dayanan amil müəllim peşəkarlığıdır».

M.Məmmədova nəzərə çatdırıb ki, orta ümumtəhsil məktəblərində İKT resurslarının tətbiqi ilə bağlı müsbətə doğru dəyişikliklər çoxdur. «İKT-nin təhsilə tətbiqi sahəsində hal-hazırda direktor müavini kimi çalışdığım 309 nömrəli tam orta məktəbdə də xeyli uğur qazanılıb. Məktəbimizdə 47 stolüstü kompüter, 16 notbuk, 6 proyektor, 6 elektron lövhəvar. Məktəbin idarə heyəti, köməkçi heyət və ibtidai sinif müəllimləri İnteraktiv Texnologiya və Elektron (İTE) məzmundan istifadə üzrə təlim kursu keçiblər. Digər müəllimlərin isə bu il ərzində həmin kursdan keçməsi planlaşdırılır. Hazırda məktəbimizdə İTE tərəfindən bu təlimi keçmiş müəllimlər və inzibati-idarəetmə heyətinin İKT-nin tədrisdə tətbiqini dəstəkləmək məqsədi ilə stajkeçmə üzrə mentorluq xidməti fəaliyyət göstərir. Demək olar ki, məktəbin bütün müəllimləri İKT-dən istifadə bacarıqlarına malikdirlər. Onlar gündəlik dərslərində interaktiv lövhədən və kompüter texnologiyalarından istifadə edirlər. Bunun nəticəsidir ki, şagirdlərimiz də sürətli İKT kompetensiyalarına yiyələniblər. Hətta ibtidai sinif şagirdlərimiz belə ağıllı lövhələrdə tətbiq edilən müxtəlif səpkili tapşırıqlarla sərbəst şəkildə işləyə bilirlər. Biz də məktəb rəhbərliyi olaraq, başda məktəbin direktoru Ramiz Osmanov olmaqla, bu prosesin düzgün istiqamətləndirilməsinə, məktəbdə İKT-nin tətbiqinin məqsədəuyğun şəkildə həyata keçirilməsinə, pedaqoji kadrların bu sahədə müntəzəm olaraq özünütəhsilə və ya əlavə təhsilə, İKT bacarıqlarının təkmilləşdiriməsinə istiqamətlənmiş təlimlərə, seminarlara, treyninqlərə cəlb edilməsinə nəzarət edirik. Azərbaycan təhsilinin beynəlxalq təcrübədə özünü doğrultması, dünya təhsil sisteminə uğurlu inteqrasiyası, Azərbaycan dövləti üçün güclü iqtisadi baza yaratması və ən nəhayət, Azərbaycanın işıqlı sabahlarına zəmin olması üçün əlimizdən gələni əsirgəməməliyik. Bu məsələdə təhsildə müasir texnologiyalardan yararlanmaq daha vacibdir», - deyə müsahibimiz fikrini tamamlayıb.

Z.MƏMMƏDLİ

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.





Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}