Professor: “Ermənistan bəzi yerlərdə Azərbaycanın 3-5, hətta 10 kilometr ərazisini qəsb edib”
Tarix: 15-05-2021 13:23 | Bölmə: Müsahibə
Professor: “Ermənistan bəzi yerlərdə Azərbaycanın 3-5, hətta 10 kilometr ərazisini qəsb edib”

Qabil Hüseynli: “Laçın rayonunun Qara göl ərazisindəki hadisələr çox da uzaq olmayan tariximizdə baş verib. Sovet hakimiyyətinin dağılmasına bir neçə il qalmış həmin əraziləri Moskva Azərbaycandan alaraq Ermənistana verdi. Həmin dövrdə orada birinci katib, sonra icra başçısı işləyən Cabbarov soyadlı şəxs ərazinin ermənilərin istifadəsinə verilməsində rol oynayırdı”

Azərbaycan Ordusunun Zəngəzur bölgəsində irəliləyərək Azərbaycana aid Qara göl istiqamətində dövlət sərhədini bərpa etməyə çalışması Ermənistanın ölkəmizə qarşı növbəti dəfə əsassız qarayaxma kampaniyasına başlamasına səbəb olub.

Sabiq dövlət müşaviri, professor Qabil Hüseynli Reyting.az-a müsahibəsində Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərdən danışıb:

- Ötən ilin noyabrın 10-da imzalanan üçtərəfli sazişin 9-cu bəndinə uyğun olaraq Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiya prosesi gedir. Bu zaman sovet dövründən qalma xəritələrdən və süni peyklərdən yerə göndərilən GPS-lər vasitəsilə sərhədlərin əvvəl mövcud olduğu yerdən bərpası həyata keçirilir. Elə yerlər var ki, orada Ermənistan sərhədi 5, hətta 10 kilometr irəli çəkib. Yəni öz ərazilərini Azərbaycan ərazilərinə doğru genişləndiriblər. İndi Azərbaycan əvvəlcədən razılaşdırılan sənədə uyğun olaraq, kartoqrafiya elminə söykənərək sərhədlərin dəqiqləşdirilməsini həyata keçirir. Bu zaman bəlli olur ki, Ermənistan bəzi yerlərdə Azərbaycanın 3-5, hətta 10 kilometr ərazisini qəsb edib.

Laçın rayonunun Qara göl ərazisində hadisələr çox da uzaq olmayan tariximizdə baş verib. Yəni sovet hakimiyyətinin dağılmasına bir neçə il qalmış həmin əraziləri Moskva Azərbaycandan alaraq Ermənistana verdi. Mən xatırlayıram, həmin dövrdə orada birinci katib, sonra icra başçısı işləyən Cabbarov soyadlı şəxs cənfaşanlıq edirdi və ərazinin ermənilərin istifadəsinə verilməsində rol oynayırdı. Ancaq bura Azərbaycan ərazisidir, zamanında qoruq elan olunub.

Qazax rayonunun yeddi kəndi 1988-ci ildən sonra Ermənistanın əlinə keçdi. Onlar bu kəndlərdən yeri əhalini qovdular. İndi düşünürlər ki, bu kəndlər onlarındır.

Eləcə də Naxçıvan istiqamətində Kərki və bəzi yüksəklikləri ələ keçiriblər. Hətta Ermənistanın Baş naziri bildirmişdi ki, bu ərazinin qaytarılması barədə göstəriş verib. Amma bu, hələ də həyata keçirilməyib.

Qeyd edim ki, torpaqların alınması sovet dövründə daha imperativ sürətlə gedib. Nəzərə alın ki, demorkasiya prosesi Kəlbəcərdə, Tovuzda, Qazaxda və digər ərazilərdə də aparılacaq. Aydındır ki, burada da ermənilərin mənimsədiyi və əlində saxlamağa çalışacağı ərazilərimiz olacaq.

Təsəvvür edin ki, 14 min hektar torpağı 1983-cü ildə Qazaxdan alaraq Ermənistana verdilər. Bunun üçün SSRİ Nazirlər Soveti xüsusi qərar qəbul etmişdi. Qərarın icrasına yerli əhali ciddi şəkildə etirazını bildirirdi. O zaman Azərbaycan SSRİ Nazirlər Soveti sədrinin müavini olan Rəsizadə Moskvadan gələn nümayəndələrlə birlikdə Qazax rayonuna getdi, əhalini dilə tutmağa çalışdı. Qəzetlər o zaman bu haqda yazırdı. Səhv etmirəmsə, indi həmin Rəsizadə vəfat edib. Təəssüflər olsun ki, sonuncu ərazilərin ermənilərə verilməsi sənədlə həyata keçirilib.

- Qabil bəy, indi Ermənistan əsassız səs-küy salıb, digər ölkələrə, beynəlxalq qurumlara müraciət edir ki, guya Azərbaycan Ermənistanın dövlət sərhədini pozaraq içərilərə doğru hərəkət edib. Bunu necə qiymətləndirirsiniz?

- Əsassız hay-küydür. Hesab edirəm ki, erməniləri qızışdıranlar var. Zənnimcə, ilk növbədə Fransa prezidenti Emmanuel Makron, Amerikada bəzi konqresmenlər, habelə Rusiyada müəyyən qüvvələr erməniləri qızışdırır. Yaxşı haldır ki, Rusiya prezidenti Vladimir Putin hələ ermənilərin yalanını müdafiə edən mövqe nümayiş etdirməyib.

Bir sözlə, Azərbaycanın atdığı addımlar qanunauyğun prosesdir. Sən torpağı zəbt etmisən, üçtərəfli razılaşma olan sülh müqaviləsinə də imza atmısan. İndi işğal etdiyin əraziləri geri qaytarmalısan. Bu barədə üçtərəfli razılaşma sənədində xüsusi bənd var. Bunun üçün xüsusi hay-küy qaldıraraq gah Moskvaya, gah Parisə, gah da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib yalvarmağın nə mənası var? Zəbt etmisən, indi də camaatın torpağını geri qaytarmalısan. İmzaladığın sənədə hörmət nümayiş etdirməlisən. Onsuz da, ermənilərin indi oturduğu torpaq da Azərbaycanın, bu xalqın, millətindir. Ermənilər vaxtilə paytaxtlarından tutmuş, dolanışıqlarını təmin etmək üçün bu torpaqları min cür hiylə ilə əldə ediblər.

1920-ci ildə ermənilərin Zəngəzur adlı torpağı olub? Bəyəm Göyçə adlı regionları və Göyçə adlı gölləri vardı? Dilican, Ağbaba mahalı adlı əraziləri vardı? Yoxsa xəbərləri yoxdur, Dağ Borçalı adlı regionları olub? Bunlar tarixi türk, Azərbaycan torpaqlarıdır. Sadəcə, ermənilər həmin ərazilərə sahiblənərək, oralarda dövlətlərini qurub, indi də utanmadan ikinci bir dövlət yaratmağa çalışırlar.

Makrona deyən lazımdır ki, ay başıboş, bəsdir dizinə döyüb, üzünü cırdığın! Sənin xüsusi xidmət orqanların var. Buyurub məsələni araşdırsınlar ki, Azərbaycan Ermənistana hücum edib, sərhədini pozub, yoxsa pozulan sərhədlərinin bərpasına çalışır? Belə təktərəfli və qərəzli mövqe tutmaq nəyə lazımdır?

- Ermənilərin hay-küyü ilə yanaşı, həm də dünyadan dəstəkləri var. Sizcə, indi onların Azərbaycan əleyhinə apardığı əsassız kampaniyanın hansı nəticələri ola bilər?

- Heç bir nəticəsi olmayacaq. Əgər səs-küy və haray-həşirlə millətin suveren hüquqları tapdalanacaqsa, beynəlxalq hüquq normaları pozulacaqsa, qəsb edilən torpaqların mənimsənilməsinə çalışılacaqsa, onda dünya X-XV əsrlərin dünyası deməkdir. Və yaxud dünyada qanunlar deyil, meşə şərtləri hökmranlıq edir. Yəni birtərəfli mövqe ifadə edərək qanuni ərazilərimizə qarşı belə reaksiya olsa, biz də buna uyğun münasibət ifadə etməliyik.

- Rusiyanın yaranan duruma münasibətini necə qiymətləndirmək olar?

- Rusiyanın davranışları hələlik təmkinlidir. Moskva açıq ifadə edir ki, 10 noyabr razılaşmasının müddəalarına ciddi əməl olunmalıdır. Ciddi sürətdə əməl etmək dedikdə, fikrimcə, sərhədlərin demarkasiyası və delimitasiyası da nəzərdə tutulmalıdır. Çünki bu məqam sənəddə açıq yazılır.

Əlbəttə, Lavrovun əlaltdan nələr etdiyi, hansı addımlar atdığı barədə bir fakt yoxdur. Amma hər halda Rusiya tərəfi aqressiv davranmır, Fransa kimi BMT-nin təcili iclasının çağırılmasını tələb etmir.

Anlamıram, rəsmi Paris BMT iclasını çağırıb nə deyəcək? Deyəcək ki, Azərbaycan öz torpağını geri istəyir, ermənilər də vermək istəmir və BMT qətnamə çıxarsın? Bəyəm BMT bu qədər oyuncaq bir təşkilatdır?

- Ermənistan eyni zamanda kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. Bu qurumun məsələyə münasibəti necə ola bilər?

- Onların mətbuat xidməti əvvəlcə məlumat yaydı ki, İrəvan bizə müraciət etməyib. Sonradan Ermənistan müraciət etdiyini bildirdi. Əslində KTMT görür ki, bu, baş tutan məsələ deyil.

Açığı, mən şübhələnirəm ki, Nikol Paşinyan seçki öncəsi reytinqini qaldırmaq və millətçilərə cavab vermək məqsədilə bu hay-küyü salıb. Özü ilə razılaşdırılıb ki, erməni əhalisi Azərbaycan sərhədləri içərisinə daxil olub, ev tikib, otlaq götürüb. Bunu onun özü də etiraf edirdi. İndi nə oldu ki, birdən-birə vəziyyət dəyişdi və vay-şivən qoparmağa başladı?

Düşünürəm ki, KTMT-də ilk olaraq tərəflərin mövqeyi ilə tanış olacaq və kimin haqlı olduğunu müəyyənləşdirəcək. O zaman biləcəklər ki, Azərbaycanın atdığı addımlar qanunidir.

- Nikol Paşinyan kiçik miqyaslı hərbi qarşıdurmaya gedə bilərmi?

- Yox, bunu gözləmirəm. Azərbaycan tərəfi atəşkəs rejiminə ciddi əməl edir. Qarşı tərəfdən atəşkəs rejimi pozularsa və hərbi addımlar atılarsa, sözsüz ki, bunun da bütün məsuliyyəti Ermənistanın üzərində qalacaq. Ona görə də, silahlı qarşıdurma gözləmirəm. Hesab edirəm ki, Ermənistan tərəfi bu illər ərzində mənimsədiyi, indi az qala özünün hesab etdiyi tarixi ərazilərimizdən səssizcə çıxmalıdır.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}