23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Türkiyənin son şansı - X. Cəfərli yazır
Tarix: 13-05-2019 10:21 | Bölmə: Xəqani CƏFƏRLİ
Türkiyənin son şansı

İstanbul Böyük Bələdiyyə Başqanlığı uğrunda seçkidə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi Əkrəm İmamoğlunun qalib gəlməsi ilə barışa bilməyən Ədalət və İnkişaf Partiyasının (AKP) müraciəti əsasında Yüksək Seçki Komissiyası (YSK) mayın 6-da səsvermənin nəticələrini ləğv edərək, iyulun 23-nə yeni seçki təyin etdi. Bununla bağlı üzə çıxan dəlillər YSK qərarının hüquqi əsaslarının olmadığını, yalnız iqtidar partiyasının iddiaları əsas götürülərək nəticələrin ləğv edildiyini sübuta yetirir.

YSK-nin mayın 6-da keçirilən iclasında qurumun 11 üzvündən dördü əleyhinə, yeddisi lehinə olmaqla verilən qərarda səsvermənin nəticəsinin seçki komissiyalarının formalaşdırılması zamanı mövcud qaydalara əməl olunmadığı əsas götürülüb.

Türkiyədə Ərdoğan rejiminin nəzarətində olmayan bəlkə də yeganə müstəqil qəzet “Sözçü” yazır ki, qərarın əleyhinə səs verən qurum üzvülərinin sualları cavabsız qalıb, qarşı tərəf mövqeyini əsaslandırmadan, yalnız səsvermə ilə qərar qəbul ediblər. Məsələn, nəticənin ləğvinin əleyhinə olan YSK üzvülərindən biri sual verib ki, seçki komissiyalarının formalaşdırılması ilə bağlı şikayətlərin 2 mart 2019-cu ilə kimi edilə biləcəyilə bağlı seçki prosesinin iştirakçılarına müraciətləri olub, ancaq həmin tarixə kimi seçki komissiyalarının formalaşdırılması üçün quruma şikayət daxil olmayıb.

Seçkinin ləğvinə qarşı olan YSK-nın başqa bir üzvü isə bildirib ki, 31 mart günü seçici İstanbul Böyük Bələdiyyə Başqanı ilə yanaşı, İstanbulun rayonlarının bələdiyyə başqanlarını, məclis üzvülərini, muxtarları seçmək üçün istifadə etdiyi seçki bülletinlərini eyni zərfin içərisində, eyni seçki qutusuna atdığı və həmin səslər eyni komissiya tərəfindən sayıldığı halda, onlardan yalnız birinin nəticəsinin saxta elan olunması hansı məntiqə sığır? Və təklif edib ki, əgər ləğv etmək üçün əsas varsa, bu, bütün seçkilərin nəticələrinə şamil olunmalıdır.

YSK-nın 6 may iclasında seçkinin ləğvinə qarşı olan 4 üzv bir neçə belə əsaslı dəlil gətirsə də, çoxluq heç bir izahat vermədən, yalnız səsvermə ilə seçkinin nəticəsinin ləğvinə və yeni seçkiyə qərar verib. YSK-nın - hüquqi deyil, siyasi olduğu aydın görünən - bu qərarı Türkiyənin yaxın gələcəyində arzuolunmaz hadisələrlə üzləşəcəyini proqnozlaşdırmağa əsas verir. Çünki, hüquqi qərarlar hüquqi nəticələr doğurduğu kimi, siyasi qərarlar da mütləq siyasi nəticələr doğurur.

YSK-nın 6 may tarixli iclasının siyasi qərarı Türkiyədə qanunun aliliyini şübhə altına salmaqla yanaşı, seçkili vəzifəli şəxslərin seçicinin iradəsi ilə dəyişə biləcəyini də şübhə altına aldı. Artıq Türkiyədə və düynada belə qənaət formalaşır ki, Ərdoğan rejimi bundan sonra seçicinin rəyi ilə hesablaşmayacaq və hakimiyyət dəyişikliklərinin seçki yolu reallaşması mümkünsüz olacaq. Belə qənaətə gələnlər yalnız Ərdoğan rejiminin əleyhdarları deyil.

Kanadanın nüfuzlu Memorial Universitetinin türk əsilli professoru Mehmet Efe Çaman hesab edir ki, seçkinin nəticələrinin iqtidar partiyasının tələbi ilə ləğvi Ərdoğanın hakimiyyətdən seçki yolu ilə getməyəcəyi haqqında proqnozları təsdiqləyir. Xatırladaq ki, professor M. E. Çaman uzun zamandır ki, Ərdoğan rejimini seçki yolu ilə dəyişməyin mümkünsüz olması barədə açıqlamalar verir.

Qeyd edək ki, 1960-cı ildə də Türkiyədə seçkinin nəticəsi iqtidar partiyasının tələbi ilə ləğv edilib. Həmin dövrdən ötən təxminən 60 il ərzində iqtidarlar seçkinin nəticəsini qəbul edərək, rəqiblərinin qələbəsini tanıyıblar. İndi isə belə görünür ki, Ərdoğan rejimi hakimiyyətdən seçki yolu ilə getməyəcək. Bu qənəti gücləndirən başqa məqamlar da var.

Belə ki, YSK-nın 6 may qərarına etiraz edən iş adamları və sənətçilər açıq-aşkar təhdid olunurlar. Özü də bu təhdidlərin təməlini prezident Ərdoğan şəxsən qoyub. YSK-nın 6 may qərarına etiraz edən TÜSİAD-i sərt tənqid edən Ərdoğan “Öncə hər kəs həddini biləcək”, - deməklə müxalif səslərin boğulması prosesini işə salıb. Ərdoğanın bu açıqlaması iqtidar təmsilçiləri və yandaş medianın YSK-nın qərarına etiraz edən sənətçilərin təhdidi ilə nəticələnib.

Böyük Millət Məclisində AKP-ni təmsil edənlərdən biri, Sakaryadan millət vəkili seçilmiş Kenan Sofuoğlu YSK-nın 6 may qərarına etiraz edən sənətçiləri “Yediyi qabı pisləyən (mundarlayan) məşhur nankorlar”, - adlandırıb.

Nevşəhirin AKP-dən olan bələdiyyə başqanı Rasim Arı isə YSK-nın 6 may qərarına etirazını bildirən sənətçilərin başçılıq etdiyi şəhərə girişini qadağan edib. Nevşəhiri Böyük Millət Məclisində təmsil edən AKP-çi millət vəkili Mustafa Açıqgöz isə bələdiyyə başqanının bu addımına haqq qazandırıb. Bütün bunlar 21-ci əsrdə, Avropa Birliyinə üzvlüyə iddialı bir ölkədə baş verir və bu ölkədə hakimiyyət dəyişikliyinin seçki yolu ilə baş tutacağına ümidləri daha da zəiflədir.

Hakimiyyətin seçki yolu ilə dəyişəcəyinə ümidlər zəifləsə də, hələ hər şeyin itirilmədiyini düşünənlər də var. Ayrı-ayrı vətəndaşlar hüquqi mexanizmlərdən istifadə edərək YSK-nın 6 may qərarının ləğvinə çalışırlar. Müxalifət və vətəndaş cəmiyyəti isə seçki mexanizmindən istifadə etməklə proseslərin hüquqi müstəvidən çıxmasının qarşısını almağa çalışır və iyunun 23-nə təyin olunmuş təkrar seçkinin bu istiqamətdə böyük önəm daşıyacağını bildirirlər. Türkiyə cəmiyyətində isə əksəriyyət hesab edir ki, 23 iyunda keçiriləcək İstanbul Böyük Bələdiyyə Başqanlığı seçkisi ölkədə hakimiyyət dəyişikliyinin seçki yolu ilə baş verə biləcəyi istiqamətində son şans olacaq. Əgər iqtidar seçkinin saxtalaşdırılması və digər vasitələrdən istifadə edərək müxalifət namizədinin qələbəsinə mane olsa, bu, Türkiyədə demokratik mexanizmlərin sonuncusu olan seçki institutunun formal xarakter alması demək olacaq.

Məlum olduğu kimi, Ərdoğanın ildən-ilə artan avtoritar idarəçiliyi nəticəsində Türkiyədə demokratik təsisatlar ciddi zərərlə üzləşiblər. Ölkə mediasının 90 faizi iqtidarın tam nəzarəti altındadır. Vətəndaş cəmiyyəti təsisatları ciddi şəkildə zəiflədilib, siyasi motivli həbslər cəmiyyətin gözünü qorxudub, insanlar kamera qarşısında hakimiyyətin əleyhinə danışmaqdan çəkinirlər.

Bununla belə, Əkrəm İmamoğlunun 31 mart qələbəsi, ardınca YSK-nın qanunsuz qərarına etirazlar Türkiyədə son illər görünməmiş ictimai-siyasi fəallıq yaradıb. İndi Ərdoğanın avtoritar rejiminə qarşı etirazlar artır. AKP-nin qurucularından olan sabiq prezident Abdullah Gül, seçki yolu ilə sonuncu baş nazir olmuş Əhməd Davudoğlu, sabiq iqtisadiyyat naziri Əli Babacan, Konstutisiya Məhkəməsinin sabiq sədri Haşim Kılıç və onlarla tanınmış sənətçi bu dəfə Ərdoğanın bitib-tükənmək bilməyən hakimiyyət ehtirasının qarşısını almağa çalışanların sırasında yer alıblar.

Sosial şəbəkələrdə fəallıq isə iqtidarın media üzərindəki nəzarətini faktiki olaraq aradan qaldırır. Bütün bunlar 23 iyul tarixində Türkiyədə iqtidar dəyişikliyinin seçki yolu ilə baş verəcəyi istiqamətində son şans olacağını təsdiqləyir.

Türkiyədəki proseslər beynəlxalq aləmdə də maraqla izlənir. Türkiyədəki rejimi mafiyalaşmış dövlətlərin anoloqu hesab edən ekspertlər bu növ rejimlərin seçki yolu ilə dəyişəcəyinə şübhə edirlər.

Məsələ ondan ibarətdir ki, Ərdoğan rejiminin bənzəri olan rejimlər dünyada onlarladır. Avropada da bir neçə belə ölkə var. Son illər siyasi ədəbiyyatda bu kimi yeni rejimləri “mafiyalaşmış dövlət” adlandırırlar və belə rejimlərin seçki yolu ilə hakimiyyətdən gedəcəyinə şübhələr artır. Buna görə də İstanbul Böyük Bələdiyyə Başqanı seçkisi mafiyalaşmış dövlətlərdə hakimiyyətlərin seçki yolu dəyişməsinin mümkün olub-olmadığını müəyyən edən mühüm hadisə olacaq.

Mafiyalaşmış dövlət anlayışının nələri əhatə etdiyinə növbəti yazıların birində aydınlıq gətirməyə çalışacağıq. Hələlik isə qeyd edim ki, Türkiyədə siyasi proseslərin hüquqi müstəvidən çıxması dərinləşən iqtisadi tənəzzül fonunda qardaş ölkə üçün çox ağır nəticələr doğura bilər.

Reyting.az

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}