Nəqliyyatda elektron idarəetmə sistemi genişlənir
Tarix: 06-04-2017 17:20 | Bölmə: Layihə

 

İKT mərkəzləşdirilmiş nəqliyyatın digər spektrlərini də əhatə edəcək

Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının (İKT) yeni tətbiq olunduğu sahələrdən biri də nəqliyyat sektorudur. Artıq bir neçə ildir ki, nəqliyatın müasir texnologiyalar üzərindən idarə olunması mexanizmi işə düşüb. Prezident İlham Əliyevın təşəbbüsü ilə yaradılan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) bu sahədəki fəaliyyəti xüsusi vurğulanmalıdır.

Məlumat üşün bildirək ki, NİİM-in bir qurum kimi qarşısında duran əsas məqsədlərdən biri sərnişin və sürücülərin rahatlığının yüksək səviyyədə təşkili və nəqliyyatın sıx olduğu küçə və prospektlərdə hərəkətin tənzimlənməsidir. Bu məqsədlə quraşdırılan yeni işıqforlar nəqliyyatın idarə edilməsini təmin edir və bununla da nəqliyyat axınlarının optimal hərəkəti tənzimlənir. Məhz bu işıqforlar "yaşıl dalğa" effekti yaradaraq sıxlıq olan küçələrdə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradır.

Nəzərinizə çatdıraq ki, NİİM fəaliyyətə başladığı gündən bu yeniliklər 28 May, Bakıxanov, Z.Əliyeva, Ü.Hacıbəyov və s. küçələrdə tətbiq olunub.

Statistikaya əsasən, 2013-cü ilin mart ayında Bakıxanov küçəsində avtomobillərin orta sürəti 40,2 km/saat, sayı 45 612 olduğu halda, 2014-cü ilin mart ayı üzrə orta sürəti 46,4 km/saat, avtomobillərin sayı 46 149 olub. Bu, sistemin fəaliyyətinin müsbət göstəricilərindən biridir.

Həmçinin, əsas yollarda hərəkətin sıxlığı ilə bağlı vəziyyət barədə və təmir-tikinti işləri səbəbindən bağlı olan yollar haqqında sürücülərə elektron rəqəmsal tablolar vasitəsilə fasiləsiz məlumat çatdırılır, onlara alternativ yollardan istifadə etmək imkanı yaradılır.

Sistemin təkmilləşdirilməsi, inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Daxili İşlər Nazirliyinin müvafiq qurumları - Respublika Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Dövlət Yol Polis İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, "Azəravtoyol" ASC və müvafiq nazirliyin aidiyyəti mütəxəssisləri ilə əməkdaşlıq edilir, gələcək planlar müzakirə olunur.

Amma nəqliyyatda İKT resurslarından istifadə bununla bitmir. Çünki nəqliyyat sisteminin elektronlaşmasının müxtəlif spektrləri var.

İqtisadçı-kibernetik, İKT üzrə ekspert Həsən Babayev "Reytinq"ə açıqlamasında nəqliyyatda yeni texnologiyanın tətbiqindən və onun müsbət tərəflərindən danışıb.

H.Babayevin sözlərinə görə, İKT-nin imkanlarından nəqliyyat sistemində istifadə son illər bir sıra problemlərin aradan qaldırılmasına xidmət edib:

"Öncə nəzərə çatdırmaq istəyirəm ki, hazırda həyatı nəqliyyatsız təsəvvür etmək mümkün deyil. Avtobuslar, minik avtomobilləri, trolleybuslar, tramvaylar, marşrut taksilər, gəmilər, təyyarələr və s. bütün bunlar cəmiyyəti və bizi əhatə əhatə edir, insanları mənzil başına çatdırır.

Nəqliyyat elə bir sahədir ki, onun vəziyyətinə görə ölkənin rifah səviyyəsi də qiymətləndirilir. Nəqliyyat müəyyən mənada ölkənin gücünü təyin edən strateji mühüm kompleksdir. Bazar şəraitində vahid nəqliyyat sisteminə yanaşma bir qədər fərqlidir. Bu gün meydana çıxan rəqabət nəqliyyatın inkişafına təkan verən, nəqliyyat xidmətlərinin maya dəyərini aşağı salmaq və çatdırma sürətini artırmaq üçün nəqletmənin yeni proqressiv texnologiyalarının axtarışına şərait yaradan amil kimi qəbul edilməlidir.

Bu gün dünyada elm inkişaf edir və onun tətbiq sahələri genişlənir. Dünya düzəninin İKT üzərində addımladığı bir zamanda idarəetmənin bütün sahələrinin elektronlaşdırılması vacib əhəmiyyət daşıyır. Bütün istehsal və emal sənayesindəki idarəetmə ağırlığını İKT-nin tətbiqi ilə azaltmaq təcrübəsi geniş yayılıb. Bunu ölkəmizdə yaradılan elektron hökumət portalının timisalında da görmək mümkündür".

Ekspert deyib ki, yüksək inkişaf etmiş ölkələrdə hazırda nanotexnologiyanın və proqram təminatının tətbiqi ilə bir çox sahələrin optimal idarə olunmasında yüksək nailiyyətlər əldə edilib. Onun sözlərinə görə, Avropa ölkələrinin əksəriyyətində insan resurslarının idarə olunmasından tutmuş, fermer təsərrüfatlarına qədər bir çox sahələrdə İKT və proqram təminatı dəqiq idarəetmə baxımından əsas alət sayılır:

"İstərdim ki, Avropa ölkələrinin təcrübəsinə əsaslanaraq nəqliyyat infrastruktunun elektronlaşdırılması prosesi barədə danışım. Almaniya, Avstriya, İsveçrə və s. ölkələrdə zamanın yüksək qiymətləndirilməsi səbəbindən, insanların vaxt itkisinin qarşısını almaq və onların mənzil başına rahat, gecikmədən çatması üçün vahid elektron nəqliyyat sistemi yaradılıb. İnternet üzərində olan bu protaldan hər bir avropalı rahat şəkildə yararlana bilir. Avropa ölkələrində olan bütün nəqliyyat növlərinin hərəkət istiqaməti və dəqiq vaxtı bu portalla əlaqələndirilib. Bütün nəqliyyat vasitələrinin hərəkəti avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsi ilə idarə olunur. Bu da imkan verir ki, bu ölkələrdə yaşayan və turist olanlar gündəlik nəqliyyatda əlavə vaxt itirməsinlər və gedəcəkləri ünvana vaxtında çata bilsinlər.

Faktiki olduğun və gedəcəyin ünvanı, saat neçədə həmin məntəqədə olmağını yazmaqla sistem sənə rahat, optimal marşrut xətti seçir və hərəkət edən nəqliyyat vasitəsini, onun dəqiq zamanını çıxarır. Bununla portalın sənə verdiyi zamanda evdən çıxmaq və göstərilən dəqiqədə dayanacaqda olmaq kifayətdir. Ərazisi kifayət qədər böyük olan ölkələrdə bu sistemdən istifadə sayəsində azıb şəhərdə qalmaq mümkün deyil".

Bu sistemin Azərbaycanda da qurulmasına gəlincə, H.Babayev hesab edir ki, informasiya texnologiyalarının inkişaf etdiyi bir dönəmdə belə layihələri reallaşdırmaq asandır:

"Uzun müddət idi ki, Azərbaycanda vahid kart sismeni tətbiq edə bilmirdilər. Ancaq hazırda bu məsələ reallaşdı.

Azərbaycanda da vahid nəqliyyat portalını yaratmaq olar. İlk növbədə bunun üçün nəqliyyatın vəziyyəti lazımi həddə gətirilməlidir. Bu istiqamətdə ölkə rəhbərliyi səviyyəsində mühüm addımlar atılır".

Qeyd edək ki, buna misal olaraq Nəqliyyat Nazirliyinin ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsini də göstərmək olar.

Məlum Sərəncamda deyilir ki,

1. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar:

2.2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin;

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Müsahibimiz deyir ki, bu təcrübə dünyanın qabaqcıl ölkələrində də mövcuddur. Türkiyə, Avstriya, Norveç, Hinlandiya, Peru, Çili, Oman, Qətər, Myanma və başqa ölkələrdə rabitə və nəqliyyat sektoru vahid mərkəzdən idarə olunur. "Müasir dövrdə söhbət artıq logistikadan gedir. Nəqliyyat 50-60 il qabaqkı kimi fəaliyyət göstərmir. Bu işdə müasir texnologiyalar əsasında informasiya dəstəyi və yüksək rabitə təminatı, son texnologiyalı nəzarət (müxtəlif xarakterli naviqasiya sistemləri və s.) olmasa, normal idaretmədən və fəaliyyətdən söhbət gedə bilməz. Bu səbəbdən iki nazirliyin birləşdirilməsi nəqliyyat sahəsinin yüksək inkişafına təkan verəcək və köhnədən yığılıb qalan problemlərin həllinə şərait yaradacaq. Bu adddımdan sonra Azərbaycanda struktur islahatların davam etdirilməsi çox vacibdir. Stuktur islahatları çevik idarəetmə, xərclərə qənaət və xeyli dərəcə də şəffaf menecment deməkdir. İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) 2011-ci ildə hazırladığı struktur islahatları paketində nəzərdə tutulan bir sıra təkliflər ötən müddətdə reallaşsa da, bir sira təkliflərimizin növbəti dövrdə reallaşmasını məqsədəuyğun hesab edirik. İSİM "Azərsu", "Meliorasiya və Su Təsərrüfatı" Səhmdar cəmiyyətlərinin ləğvini, onların bazasında Dövlət Su Agentliyinin yaradılmasını, Dövlət Gömrük Komitəsinin ləğv edilməsini və ayrıca idarə kimi Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərməsini, İqtisadiyyatNazirliyinin tərkibindəki Antiinhisar Departamentinin nazirlikdən ayrılması, onun bazasında Rəqabətin Müdafiəsi Agentliyinin yaradılmasını, Energetika Nazirliyinin ləğvini və funksiyalarının bir qisminin Neft Şirkətinə, digər qismininsə İqtisadiyyatNazirliyinə verilməsini (bu nazirliyin bazasında Yanacaq Energetika Departamentinin yaradılması) və digər islahatların aparılmasını təklif edir",- deyə ekspert əlavə edib.

H.Babayev NİİM-nin mobil proqram təminatı barədə fikirlərini də bildirib. O deyib ki, NİİM sərnişinlərin və sürücülərin yollardakı hərəkətini rahatlaşdırmaq üçün mobil telefonlar üçün proqram təminatı istifadəyə verib:

"Baku İTS mobil proqram təminatı smartfonlar üçün nəzərdə tutulub və artıq iki ildir ki, smartfon marketlərinə yerləşdirilib, müvafiq olaraq yükləmələr edilir. Belə ki, proqram təminatını mobil telefonuna yükləmiş istifadəçi real vaxtda Bakının avtomobil yollarının vəziyyəti haqqında, paytaxtdakı avtobuslar, təmir-tikinti işləri aparılan yollar haqqında, elanlar və digər məlumatlar əldə edə bilər. Proqram təminatı tamamilə pulsuzdur və mobil marketlərdən yükləyərək istifadə edə bilərsiniz. Bu sistem üzərində daima təkmilləşdirmə işləri aparılır və bu haqda ictimaiyyətə mütəmadi olaraq məlumatlar verilir".

Z.MƏMMƏDLİ

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.





Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}