Çətin işin asan yolu tapılıb
Tarix: 10-05-2017 14:09 | Bölmə: Layihə

"Asan İmza" vətəndaşların isini asanlaşdırmaqla yanaşı, şəffaflığın artırılmasında mühüm rol oynayır

Son illər informasiya və kommunikasiya texnologiyaları (İKT) resurslarının iqtisadi sistemə inteqrasiya olunması yönündə kifayət qədər yeniliklər edilib. Vergi, sosial müdafiə, statistika və digər qurumlarla bağlı hesabatların, eləcə də karguzarlıq işlərinin elektronlaşdırılması həm insanların, həm ayrı-ayrı sahibkarların, həm də müvafiq qurumların işini asanlaşdırıb.

İqtisadçılar hesab edirlər ki, müasir texnologiyaların tətbiqi vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində sistemli islahatların tərkib hissəsidir. 2006-cı ildən etibarən ən müasir texnologiyaların tətbiqi ilə yaradılmış vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) Vergilər Nazirliyinin bütün strukturlarına vahid informasiya məkanında məlumatların saxlanılması və emalı imkanını verib, elektron sənəd dövriyyəsini, operativ informasiya mübadiləsini təmin edib. Hazırda Vergilər Nazirliyinin sənəd dövriyyəsi tamamilə elektronlaşdırılıb. Bundan əlavə, 2007-ci ildə istifadəyə verilən Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı ilə bəyannamələrin elektron variantda göndərilməsinə başlanıb. Bu sistem vergi ödəyicilərinə xüsusi proqramlar vasitəsilə bəyannamələrin düzgün tərtib olunmasına, onları elektron formada saxlamağa və vergi ödəyicilərinin şəxsi vərəqələrinə real vaxt rejimində baxmağa imkan verir. E-bəyannamə sisteminin tətbiqi ümumilikdə bəyannamələrin tərtib edilməsi və onların vergi orqanına göndərilməsi üçün lazım olan vaxtı 3 dəfəyədək azaldıb.

Artıq neçə müddətdir ki, vergi bəyannamələrini təqdim etmək üçün vergi orqanlarına getmək lazım deyil, vergi ödəyiciləri bunu istədikləri vaxtda və istədikləri yerdən həyata keçirə bilərlər.

2010-cu ildən Azərbaycanda elektron vergi hesab-fakturaların tətbiqinə başlanıb. Elektron vergi hesab-fakturaların tətbiqi təkcə kağız dövriyyəsinin və vaxt itkisinin əhəmiyyətli şəkildə azaldılmasına deyil, həm də saxta hesab-fakturalardan istifadə etmək cəhdlərinin qarşısını alır.

2010-cu ildə daha bir mühüm elektron xidmət - "Online kargüzarlıq" sistemi istifadəyə verilərək ilk dəfə vətəndaşlara dövlət qurumu ilə elektron formada məktublaşmağa imkan yaradılıb.

Bir neçə il öncə yaradılan "Asan İmza" isə elektron vergi xidmətlərində yeni mərhələdir. Hazırda bu sistemdən istifadə edənlər onun bütün detalları barədə məlumatlı olsalar da, cəmiyyətin əhəmiyyətli hissəsi hələlik ətraflı məlumata malik deyillər.

Mütəxəssislər qısaca olaraq, bu sistemi belə dəyərləndirirlər:

"Asan İmza" (Mobil imza) e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır. Yəni, bu sistem bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir. "Asan İmza" əslində elektron mühitdə fiziki İD-karta bərabər sənəd kimi sertifikatlara bağlı olan mobil telefon SİM-kartınızdır. Ən mühüm mahiyyət odur ki, "Asan İmza" ilə siz şəxsiyyətinizi təsdiq edə və sənədlərə rəqəmsal imza ata bilərsiniz".

"Asan İmza" təhlükəsizdir

Müsbət məqamlardan biri də odur ki, bu sistemdə təhlüksizlik tədbirləri kifayət qədər düşünülüb. Yəni, identifikasiya və rəqəmsal imzalama yüksək səviyyəli texnologiya və müvafiq PGN-kodlar vasitəsilə qorunur. Mobil telefon e-imza smart-kartı (e-imza kartı) və kart oxuyucusu kimi eyni zamanda istifadə oluna bilər. "Asan İmza" rəqəmsal imza qanunlarına uyğun verilir və əməl olunan texnoloji və təşkilati tələblər e-imza smart-kartlarının verilməsi üçün tətbiq olunan tələblər qədər ciddidir.

"Asan İmza" ilə: haker hücumuna məruz qala biləcək və ya pozula biləcək parol məlumat bazaları mövcud deyil. GD hər zaman istifadəçi ilə birlikdədir və uzaq məsafədə yerləşən məlumat bazasında saxlanılmır. Bundan əlavə, "Asan İmza" Azərbaycanda mobil rəqəmsal imzalar üzrə yeganə təhlükəsiz həll vasitəsidir. Hazırda, ümumiyyətlə, mobil rəqəmsal imza üzrə üç əsas növ həll vasitəsi mövcuddur: server əsaslı, smartfon əsaslı və SGM əsaslı sistemlər.

Server əsaslı sistemlər ən sadədir. Bütün imzalama açarları hər hansı üçüncü tərəfin idarəçiliyində olan böyük imzalama serverində saxlanılır. Sənədi imzalamaq üçün istifadəçi serverə parolu daxil edən SMS göndərir. Əgər parol düzgündürsə, server sənədi imzalayır. Bu sistem bütün telefonlarda istifadə oluna bilər və quraşdırılması çox ucuzdur. Digər tərəfdən, o, həm də qeyri-təhlükəsizdir. Parol mətn formatında göndərilir! İstifadəçi şəxsi açara demək olar ki, nəzarət etmir və bir çox ölkələrdə bu həll vasitəsini dövlət təşkilatları ilə əlaqələr üzrə tələb olunan imzalar üçün istifadə etmək qeyri-mümkündür.

Smartfon əsaslı sistemlər açarları və imzaları saxlamaq üçün telefonda xüsusi proqramdan istifadə edir. Sistemin praktiki təhlükəsizliyi əvvəlki hal ilə müqayisədə bir qədər yaxşıdır. Lakin smartfonlar, xüsusilə də Android əsaslı cihazlar üçün zərərli proqramların sayı artdığına görə təhlükəsizlik azalmaqdadır. Şəxsi açarlar cihaz təminatı vasitəsilə qorunmadığına görə, bu həll vasitəsini GSO 15408 (Ümumi Meyar) standartına uyğun sertifikatlaşdırmaq və dövlət təşkilatları tərəfindən istifadə oluna biləcək sertifikatlar üçün tələb olunan EAL4+ təhlükəsizlik səviyyəsinə nail olmaq mümkün deyil. Ona görə də, bu texnologiyanın dövlət rəsmiləri tərəfindən və dövlətlə əlaqələr yaratmaq üçün istifadəsinə icazə verilmir. Sonda bu həll vasitəsi istifadəçidən smartfondan istifadə olunmasını tələb edir. Smartfonların geniş yayılmasına baxmayaraq, bu məsələ rəqəmsal imza kimi vacib xidmətin icrası üçün artıq maneə hesab oluna bilər. 

"Asan İmza" ən yaxşı SGM əsaslı həll vasitələrinə aiddir. Çünki onlar telefonların çoxunda istifadə edilə bilər və çox təhlükəsizdir. Bir çox hallarda bu, tələb olunan EAL4+ səviyyəsini üstələyir və bəzən hətta EAL5+ səviyyəsinə çatır. Həmin sistemlərdə imzalama açarları telefonda yerləşdirilən təhlükəsiz SGM kartda saxlanılır. Açarlar ayrıca PİN-kodların istifadəsi ilə qorunur və istifadəçi açarlara tam nəzarət edir. Beləliklə, qanunun tələblərinə əməl olunur və bu həll vasitəsi dövlət təşkilatları ilə əlaqə yaratmaq üçün istifadə oluna bilər.

Rəqəmsal imza ilə bağlı səciyyəvi biliklər SGM kart daxilindədir və bütün telefonlarda istifadə oluna bilər: həm sadə telefonlarda, həm də smartfonlarda. Bu sistemin tətbiqi daha mürəkkəbdir, çünki mobil operatorlar da cəlb olunmalıdır, lakin digər yaxşı xüsusiyyətlər onları üstələyir.

Texnologiyanın asan və rahat üzü

Şəxsi mobil identifikasiyanız hər zaman sizinlədir və xarici ölkə də daxil olmaqla, kompüter və mobil rabitənin qəbul siqnalı olan bütün yerlərdə istifadə oluna bilər. Siz artıq kompüterə kart oxuyucusunu daxil etməyə də bilərsiniz, sizin mobil telefonunuz bunu əvəz edir. Siz müvafiq proqram təminatını endirməyə də bilərsiniz. Proqram təminatı sizin mobil telefonunuza quraşdırılıb. "Asan İmza" ilə siz sanki öz e-imza smart-kartınızı (e-İmza kartı), PGN kalkulyatorunu və kart oxuyucusunu hər zaman özünüzlə daşıyırsınız. Bu xidmətdən istifadə etmək üçün heç bir əlavə tədbirlər və ya konfiqurasiyalar tələb olunmur.

Bütün müasir mobil telefonlar "Asan İmza"nın istifadəsi üçün yararlıdır. Mobil telefonların siyahısını (HAQ) müvafiq internet sistemlərindən tapa bilərsiniz. Sadəlik müvəffəqiyyət deməkdir: şəxsiyyətinizi təsdiqləmək istədiyiniz zaman sadəcə şəxsiyyət təsdiqləmə PİN kodunu daxil edin və OK düyməsini basın.

Sistemin onlayn yenilənməsi

"Asan İmza" sertifikatının qüvvədə olma müddəti 3 il olduğundan və 2013-cü ilin iyul və növbəti aylarında alınmış sertifikatların etibarlılıq müddəti 2016-cı ilin iyul və növbəti aylarında bitəcəyindən, "Asan İmza" sertifikatlarını yeniləmək lazımdır.

Sertifikatların yenilənməsi üçün aşağıdakı üsullardan birini istifadə edə bilərsiniz:

Asan Sertifikat Xidmətləri Mərkəzinin (ASXM) rəsmi veb-saytı (www.asxm.gov.az) vasitəsilə onlayn müraciət etməklə hazırda aktiv olan "Asan İmza" nömrəsindən istifadə edərək sistemə daxil olub müvafiq Ərizəni imzalayaraq göndərməklə;

"ASAN Xidmət" mərkəzlərinə və ya vergi ödəyicilərinin xidmət mərkəzlərinə müraciət etməklə.

Ətraflı məlumatı Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə müraciət etməklə və ya istifadə təlimatı vasitəsilə əldə edə bilərsiniz.

Təbii ki, səhvsiz hər hansı sistem yoxdur. Amma əsas odur ki, ortaya çıxa bilən yanlışlıqlar daha asan yolla aradan qalxsın. "Asan İmza"dan istifadə etməzdən öncə mobil telefonunuzu işə saldığınıza, PGN kodlarınızın mövcudluğuna və telefonunuzun düymə lövhəsinin açıq olduğuna əmin olun. "Asan İmza" (Mobile imza) xidməti köhnə mobil telefonlarda çalışmaya bilər, məsələn, Nokia 1280, 1800, 3110, 5110, 6110, 6150, N900, Motorola H3, Sony Ericsson P900. "Asan İmza" xidmətlərindən istifadə etmək üçün mobil telefon GSM Phase 2+ support dəstəyinə malik olmalıdır.

Onu da qeyd edək ki, internet vasitəsilə "Asan İmza"dan istifadənin qeyri-mümkünlüyü müxtəlif səbəblərdən yarana bilər:

- Telefonun proqramı düzgün işləmirsə, onu söndürüb təkrar işə salın.

- Xidmət aktiv deyilsə, bir az sonra təkrar cəhd edin və eyni problem mövcud olarsa, xüsusi xidmət provayderi ilə əlaqə saxlayın. Təsdiqləyici kodların yoxlanmasından və PGN-kodun daxil edilməsindən sonra cavab mesajının göndərilməsi şəbəkənin zəif əhatə dairəsi səbəbindən pozula bilər. Telefon sizi mesajın göndərilməsindəki problem barədə xəbərdar edəcək və mesajı təkrar göndərmək və ya dayandırmaq barədə göstəriş verəcək.

Dayandırma tamamlanmamış əməliyyatı da ləğv edəcək və onun yenidən başlanması lazım olacaq.

Təhlükədən çıxış yolu

Elektron sistemin müsbət tərəfləri ilə yanaşı, mənfi yönləri də var. Amma buna hazırlıqlı olub təhlükələri dəf etmək mümkündür. Bədniyyətli şəxslər sizin məlumatsızlığınızdan sui-istifadə edə bilərlər. Heç vaxt əvvəllər istifadə etmək istəmədiyiniz elektron xidmətindən hər hansı təsdiqləmə və ya imza tələbi aldığınız halda PGN-kodunuzu daxil etməyin! Belə bir ismarıcı ləğv etməklə, hər hansı bir şəxsin sizin PGN-kodu (kodları) öyrənməsindən və ya sizin adınızla xidmətdən istifadə etməsindən narahat olmaya bilərsiniz. Siz və sizin "Asan İmza"nızın PGN-kodları hələ də qorunur və təhlükəsizdir!

"Asan İmza"nızın PGN-kodlarını itirdiyiniz halda dərhal mobil operatorunuza və ya Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM), yaxud ASAN ofisinə müraciət edin və xidməti dayandırın. Bununla təhlükəsizliyinizi təmin etmiş olarsınız.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.

 

 





Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}