Provayderlərin problemi yaranıb
Tarix: 29-05-2017 17:19 | Bölmə: Layihə

Dövlət qurumu internet istifadəçilərinin hüquqlarının pozulmasına göz yumur

Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı istiqamətində davamlı işlər görülüb, bu iş üçün böyük məbləğdə vəsaitlər ayrılsa da, problemlər hələ də var. Xüsusən də internetlə bağlı yaranan problemlər istifadəçiləri narahat edir. Son günlər internetin sürətinin zəifləməsi isə çoxlarının narazılığa səbəb olub.

"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib ki, Azərbaycanda internetin keyfiyyəti son zamanlar hədsiz dərəcədə pisləşib:

"Düşünürəm ki, bu, əsasən 3 səbəblə bağlıdır. Çox güman ki, pisləşmə məhz əksər yerli provayderlərin əsas backbone provayder – "Delta Telekom”-a olan borcları ilə bağlıdır.

Heç kim üçün sirr deyil ki, dövlət və özəl provayderlərin bu şirkətə 30 milyon manat borcu yaranıb. Delta xəbərdarlıq edirdi ki, ya internet kəsiləcək, ya da məhkəməyə verəcək və s. Güman ki, bu borcları əldə edə bilməyən Delta-nın beynəlxalq operatorlar qarşısında problemləri yaranıb və bu da, təbii ki, ilk növbədə ya ölkəyə daxil olan internet trafikdə, ya da provayderlərə verilən internet sürətində özünü göstərməliydi.

Delta-nın onlayn statistikasından görünür ki, ölkəyə daxil olan trafik dəyişməyib. Deməli, Delta, bütün borclu provayderlərin internetini kəsməyin ciddi rezonans yaradacağını düşünərək, borcluların trafikindən xeyli azaldıb”.

Ekspert hesab edir ki, Azərbaycan internetindəki keyfiyyətsizliyin ikinci səbəbi güman ki, beynəlxalq yarışların keçirildiyi ərəfədə təhlükəsizliklə bağlı aparılan süzgəcləmədir:

"Güman ki, təhlükəsizliklə bağlı hansısa əməliyyat-axtarış tədbirləri çərçivəsində belə bir süzgəcləmə aparılır. Təbii ki, süzgəcləmənin xarakterindən, avadanlıqların keyfiyyətindən asılı olaraq sürət az və çox dərəcədə azala bilir”.

O.Gündüz üçüncü səbəb kimi məlum köhnə problemi göstərib:

"Aidiyyatı dövlət qurumlarının nəzarətinin yetərli olmadığı şəraitdə bəzi provayderlər həmişə olduğu kimi istifadəçiləri "çəkidə aldadırlar”. Yəni onlar öz istifadəçilərinin sayına uyğun olan həcmdə trafik almırlar. Provayderlər müqavilədə nəzərdə tutulan sürəti deyil, qəsdən daha az həcmdə trafik verir. Adicə mobil operatorların abunəçilərinin sayı ilə aldığı internet trafikin həcmini müqayisə etdikdə, bunu görmək olar. Təəssüf ki, bütün qeyd olunanlarla bağlı tənzimləyici qurum olan, həmçinin qanunvericilikdəki son dəyişikliklərə görə məhkəmə qərarı olmadan da internet resursları bağlamaq səlahiyyəti əldə edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və backbone provayderlər ya qabaqcadan, ya problemin baş verdiyi anda heç bir açıqlama verməyiblər. Bu isə doğru yanaşma deyildir”.

O.Gündüz qeyd edib ki, hazırda Azərbaycan interneti bütün sahələrə inteqrasiya edib, vətəndaşlar, dövlət qurumları, özəl və qeyri-dövlət sektoru internetdən həm informasiya münasibətlərinin qurulması, həm də digər müxtəlif məqsədlər üçün istifadə edirlər:

"İnternet üzərindən biznes quranlar, təhsil və səhiyyə xidmətləri göstərənlər var, xeyli dövlət xidmətləri bunun üzərindədir. Odur ki, düşünürük, adı çəkilən qurumlar baş verənlərlərlə bağlı rəsmi açıqlamalar yaymalı, gözləntilərlə bağlı informasiyalar, tövsiyələr verməlidirlər. Provayderlərə ictimai və dövlət nəzarəti gücləndirilməlidir. NRYTN monitorinqlər aparmalıdır. İstifadəçilər də öz provayderlərindən müqavilədə nəzərdə tutulan sürəti daha ciddi tələb etməlidirlər. Problemlərlə bağlı aidiyyatı dövlət qurumlarına müraciət etməlidirlər”.

Ölkənin ən əsas internet provayderi olan "Delta Telekom”dan isə bildirilib ki, Azərbaycanda internetin keyfiyyəti pisləşməyib:

"Azərbaycan ərazisində internetin keyfiyyətinin hədsiz dərəcədə pisləşməsini bildirmək düzgün yanaşma deyil. İnternetin keyfiyyəti onu yayan provayderlərin xidmətindən asılıdır və keyfiyyətə də müxtəlif təsirlər ola bilər. Amma ümumilikdə Azərbaycana daxil olan internetin nə keyfiyyətində, nə də sürətində problem var”.

Məsələylə bağlı fərqli sahəni təmsil edən şəxslərin fikirlərini öyrəndikdə, hüquqşünas Mehman Muradlı deyib ki, ölkədə hər sahədə olduğu kimi, İKT sektorunda da müəyyən problemlər var. Onun sözlərinə görə, problemlər olsa da, vəziyyət o dərəcədə pis deyil:

"Azərbaycanda hər ay internet kanalları ilə orta hesabla 30 Terabitdən artıq informasiya nəql edilir. Bu, hərəsi 700 səhifədən ibarət olan 30 milyon kitaba bərabərdir.

Son günlər internetin zəif olması barədə söhbətlər gəzir. Əvvala qeyd edim ki, nə iş yerimdə, nə evdə, nə də mobil telefondan istifadə etdiyim internetdə problem yaşamamışam”.

M.Muradlı qeyd edib ki, ola bilsin, problem interneti nəql edən provayderlərdən asılıdır: "Digər səbəb isə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları ilə bağlı fiber-optik internet ötürücüsünün bu oyunların işıqlandırmasına yönəlməsidir ki, digər abonentlərdə internetdən istifadə sürətini zəiflədib”.

Onu da nəzərə çatdıraq ki, bəzi provayderlər abunəçilərlə bağlanan müqavilələrə əməl etmir, bəzən şərtləri kobud şəkildə pozurlar. Amma əksər abunəçilər hüquqlarını bərpa etməyin yolunu hələ də tapa bilməyiblər. Bu səbəbdən də hüquqşünasın abunəçilərə məsləhəti var:

"Bu halda abunəçilər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərlər. Dəymiş zərərin əvəzini həmin provayderlərdən tələb etsələr, hesab edirəm ki, həmin provayderlər məsuliyyət hiss edərlər. O zaman problemlər təkrarlanmaz”.

AMİP Siyasi Şurasının üzvü, millet.az saytının baş redaktoru Əli Orucov isə deyib ki, Azərbaycanda internetin geniş yayılmasına baxmayaraq, keyfiyyətin və sürətin aşağı olması müəyyən problemlər yaradır. Onun sözlərinə görə, ölkə əhalisinin internetdən istifadə edən kəsimi əsasən əlaqə və əyləncə vasitəsi kimi istifadə edir:

"İnternet resurslarından bölgələrdə çox az sayda adam faydalana bilir. Bu həm internetə qoşulmanın baha olması, həm müasir rabitə-elektron texnologiyalara bələd olmamaqdan irəli gəlirsə, həm də bu texnologiyaların qiymətlərinin əlçatmaz olmasıdır. Kompüterləri almaq, ondan istifadə etmək statistik azərbaycanlı üçün o qədər də asan deyil. Azərbaycanda internet media və internet informasiya getdikcə populyarlığını və kütləviliyini artırmaqdadır. Ona görə də hökümət son dövrlər bu sahəni də tam nəzarətə götürmək üçün addımlar atıb. Müxalif və tənqidçi internet medianı bloklamaqla, yaxud da müəyyən məhdudiyyətlər qoymaqla önləyici tədbirlər görməyə başlayıb.

Təəssüflər olsun ki, son dövrlər internet trafiki çox zəifləyib, təhlükəsizlik tədbirləri yox dərəcəsindədir. Halbuki Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vəd verib ki, internetin axınında, sürətində və keyfiyyətində müsbət dəyişikliklər edir”.

İKT üzrə ekspert Həsən Babayev də "Reytinq”ə açıqlamasında ölkədə internetlə bağlı ciddi problemlərin olduğunu vurğulayıb. Onun qənaətincə, mövcud vəziyyət demək olar ki, bütün abunəçilərin narazılığını artırıb:

"İnternet xidməti göstərən provayderlərin hamısında problem yaranıb. Dövlət provayderlərindəki vəziyyət isə lap biabırçıdır. Kosmosda iki peyki olan ölkənin internetində problem yaranması utancvericidir. Nazirliyin bu məsələyə aydınlıq gətirməməsi isə ölkədəki internet istifadəçilərinə qarşı hörmətsizlikdir və dövlət qurumunun kütləvi şəkildə istehlakçı hüquqlarının polzulmasına göz yummasıdır. Uzun zamandır mətbuat yazır, sosial şəbəkələrdə insanlar etirazlarını bildirirlər, ancaq aidiyyatı qurumlardan səs çıxmır. Bu sahəyə cavabdeh şəxs konkret olaraq bu məsələyə münasibət bildirməli və yaranan problemin aradan qaldırılması üçün göstəriş verməlidir”.

İKT sahəsi üzrə araşdırmaçı jurnalist Zülfiyyə Quliyeva da internetin vəziyyətindən narazıdır. Onun sözlərinə görə, son vaxtlar internetin sürəti çox zəifləyib:

"Mən Binəqədi qəsəbəsində yaşayıram. Bizdə bircə provayder var – "Bakinternet”. Ona müraciət etməyə məhkumuq. Seçim imkanımız olmadığından internet zəif də olsa, birtəhər istifadə edirik. Əvvəllərlə müqayisədə internet xeyli zəifləyib. Rayonlarda isə ümumiyyətlə, keyfiyyəti aşağıdır. Genişzolaqlı internetin keyfiyyətini təəssüf ki, görə bilmirik. Biz əlaqə saxlayan kimi düzəlir. Yeni internet zolaqları, xəttlər çəkilmir, mövcud xətlərə yüklənmələr olur. Çünki, internet xətt üçün müraciət edəndə ATS-lərdə deyirlər yer yoxdur, sabah görürsən ki, qonşun da qoşulub”.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.

 






Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}