Azərbaycan özünün İKT modelini ortaya qoyub
Tarix: 14-06-2017 15:27 | Bölmə: Layihə


Yeni mərkəzlərdə bütün növ telekommunikasiya, poçt, bank və maliyyə xidmətləri təşkil edilib

Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi artıq dövlət siyasətinə çevrilib. Bu sahənin daha önəmli olduğunu həyata keçirilən dövlət proqramları və ölkənin inkişaf strategiyasında İKT-yə xüsusi yer verilməsi də sübut edir.

Ölkəmiz qloballaşan dünyadan kənarda qalmadığı üçün informasiya cəmiyyəti və İKT ilə bağlı gerçəkləşdirilən bütün tədbirlərdə iştirak edir.

Məlum olduğu kimi, 17 may dünyada Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir. Bu ümumbəşəri tarixin qeyd olunması Beynəlxalq Teleqraf İttifaqının əsasının qoyulması ilə bağlıdır. Hazırda bu qurum Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanır. 2005-ci ilədək bu tarix Beynəlxalq Telekommunikasiya Günü kimi qeyd edilib. İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2005-ci ildə Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına 17 may tarixinin Beynəlxalq İnformasiya Cəmiyyəti Günü elan edilməsi ilə bağlı müraciət qəbul edilib və 27 mart 2006-cı ildə 17 may tarixi Beynəlxalq İnformasiya Günü elan edilib.

Daha sonra, Beynəlxalq Telekommunikasiya İttifaqı 2006-cı ilin noyabrında 17 may tarixini Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd etməklə bağlı qərar verib. Ənənəvi olaraq BMT və BTİ baş katibləri bu gün ilə əlaqədar illik müraciətlə çıxış edirlər. Artıq uzun illərdir ki, beynəlxalq səviyyədə dünyanın əksər ölkələrində 17 may tarixi ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsi ənənə halını alıb. Bu günün əsas məqsədi İKT-dən istifadənin genişləndirilməsi, eyni zamanda rəqəmli fərqliliyin aradan qaldırılması üçün məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdir.

Bu gün üçün hər il bir mövzu müəyyən olunur. 2017-ci il üzrə "Böyük təsir üçün böyük həcmli verilənlər” mövzusu seçilib. Mövzunun məqsədi əsas diqqəti iritutumlu məlumatların potensialına və praktiki dəyərə malik natamam, mürəkkəb məlumatların informasiyaya çevrilməsi yolunun axtarışına yönəltməkdir. Eyni zamanda, mövzu inkişaf etməkdə olan ölkələrdə gənc novator və sahibkarların, kiçik və orta müəssisələrin, startap və texnoloji mərkəzlərin dayanıqlı inkişaf üzrə beynəlxalq məqsədlərə nail olması üçün fəaliyyətinin sürətləndirilməsini əhatə edir.

Azərbaycan da BMT-nin İKT üzrə ixtisaslaşmış agentliyi - Beynəlxalq Telekommunikasiya İttifaqı ilə münasibətlərini yüksək səviyyədə həyata keçirir. Ölkəmiz 1992-ci ildən bu təşkilatın üzvüdür. Bu gün ölkəmizdə dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır.

İKT sahəsində nəzərdə tutulan işləri sistemli şəkildə həyata keçirmək üçün Azərbaycan prezidentinin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” təsdiq edilib. Həmin strategiyanın həyata keçirilməsi ilə bağlı qəbul olunmuş dövlət proqramları, əldə olunmuş nəticələr, informasiya cəmiyyətinin əsaslarının yaradılması, vətəndaşlar, cəmiyyət, özəl sektor və dövlət orqanları tərəfindən İKT-dən geniş istifadə növbəti mərhələdə fəaliyyət istiqamətlərinin planlaşdırılması üçün əlverişli şərait yaradır.

Azərbaycanda İKT-nin inkişaf etdirilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən görülən işlər nəticəsində ölkənin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (e-hökumət, e-ticarət, distant təhsil və s.) təşəkkül tapması, informasiya və bilik bazarının yaradılması, iqtisadiyyatın müxtəlif sahələrində səmərəliliyin artırılması, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır.

Ölkəmiz beynəlxalq sərgilərdə təmsil olunur

Qeyd edək ki, bu sahədə ölkəmizin təcrübəsini artırmaq üçün mütəxəssislərimiz müxtəlif beynəlxalq tədbirlərdə iştirak edirlər. Təbii ki, dövlət qurumlarının nümayəndələrinin bu tədbirlərə qoşulması müsbət nəticələrə gətirib çıxarır. Azərbaycan Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən "Svyaz-2017” ("Rabitə-2017") 29-cu Beynəlxalq İnformasiya-Kommunikasiya Texnologiyaları Sərgisində təmsil olunur. Sərgidə tərəfdaş ölkə statusunda ilk dəfə Azərbaycan çıxış edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkil etdiyi milli pavilyonda ölkəmizin telekommunikasiya, "Elektron hökumət”, elektron həllər, poçt və mobil rabitə sahəsində qazandığı nailiyyətlər nümayiş olunur.

Bu günlərdə gerşəkləşdirilən sərgidə nazir müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinin tərkibinə dövlət və özəl qurumlardan 20-yə yaxın təmsilçi daxil olub. Sərginin açılış mərasimində Azərbaycan nümayəndəsi də çıxış edib.

1975-ci ildən keçirilən sərgi MDB və Şərqi Avropada İKT sahəsində ən böyük həll və məhsulların təqdim edildiyi platforma hesab edilir. Sərgidə dünyanın 21 ölkəsindən 322-dən çox aparıcı şirkət iştirak edib. Sərgidə stasionar, mobil, peyk və optik-lif rabitəsi, məlumat ötürmə şəbəkələri üçün həllər, telekommunikasiya, server və şəbəkə avadanlığı, kabel, peyk televiziya və radio yayımı sistemləri, xüsusiləşmiş proqram təminatı, informasiya təhlükəsizliyi, virtuallaşdırma, internet texnologiyaları, elektron ticarət sahəsində həllər və xidmətlər təqdim olunub. Bundan başqa, "Svyaz-2017” aktual məsələlərin müzakirəsi, sahə üzrə peşəkarların, tədarükçü və alıcıların ünsiyyəti üçün əlverişli müzakirə meydançasıdır. Sərgi zamanı telekommunikasiya və İT sənayesinin aktual məsələlərinə həsr olunmuş konfrans, "dəyirmi masa” və təqdimatları keçirilib.

Nazir beynəlxalq tədbirə qatılıb

Qeyd etməliyik ki, tədbirlər bununla bitmir. Bir neşə gün öncə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Belarusun paytaxtı Minskdə keçirilən "TIBO-2017" beynəlxalq telekommunikasiya sərgi-forumunda iştirak edib. Nümayəndə heyətinin tərkibinə dövlət, özəl və qeyri-hökumət təşkilatlarından 30-a yaxın təmsilçi daxil olub.

Tədbirin açılış mərasimində Belarus Respublikasının baş nazirinin birinci müavini Vasili Matruşevski, bu ölkənin rabitə və informasiyalaşdırma naziri Sergey Popkov, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, beynəlxalq təşkilatların və eləcə də digər ölkələrin sahə üzrə rəhbər şəxsləri iştirak ediblər. Sərgidə təşkil olunan tur çərçivəsində rəsmi şəxslər Azərbaycan Milli Pavilyonuna baş çəkib, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə tanış olublar.

Ənənəvi olaraq hər il keçirilən sərgi telekommunikasiya, bank və ofis texnologiyaları sahəsi üzrə ixtisaslaşıb. Sərgidə İKT sahəsində proqram təminatı, bank texnologiyaları, istehlakçı elektronikası üzrəyerli və əcnəbi şirkətlərin ən son nailiyyətləri nümayiş olunub. Builki sərgidə son nəsil ofis kompüterləri, "5G” texnologiyası, "Elektron hökumət” və "ağıllı” əşyalar kimi tətbiqlər nümayiş etdirilir.

Sərgidə 18 ölkədən (Belarus, Rusiya, Qazaxıstan, Azərbaycan, Litva, Latviya, Polşa, Çexiya, Almaniya, Avstriya, Finlandiya, İsveç və s.) 100-dən çox şirkət iştirak edib. Sərgi çərçivəsində müxtəlif mövzular üzrə 15 "dəyirmi masa” keçirilib.

Qeyd edək ki, 1994-cü ildən keçirilən "TIBO” Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biri hesab olunur.

Türkdilli dövlərin "İKT dili”

Ötən ay İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) İKT üzrəişçi qrupunun 2-ci iclası keçirilib. Tədbirdə "Elektron hökumət”, "Elektron imza”, peyk xidmətləri, kibertəhlükəsizlik, "Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsi və fiber-optik infrastrukturunun inkişafı mövzularında altqrupların iclasları təşkil olunub. Qeyd olunan sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. İclaslarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları da iştirak ediblər. Ölkəmizin "Elektron hökumət", "Elektron imza" infrastrukturu barədə təqdimatla çıxış edən Məlumat Hesablama Mərkəzi Milli Sertifikat Xidmətləri Mərkəzinin mütəxəssisi Həbib Abbasov sosial xidmətlərin elektronlaşdırılması, sənəd mübadiləsinin avtomatlaşdırılması və "Elektron imza”nın tətbiqi barədə ətraflı məlumat verib.

H.Abbasov bildirib ki, Azərbaycanın elektronlaşma sahəsində əldə etdiyi uğurlar "Elektron imza”nın dövlətlərarası tanınmasına imkan verir.

"E-hökumət” altqrupu təqdimatlar və müzakirələr əsasında mobil tətbiqlər, "bir pəncərə” prinsipi üzrə elektron xidmət təminatı, açıq məlumatlar və s. üzrə təcrübə mübadiləsinin aparılmasını, bununla əlaqədar təlimlərin təşkil olunmasını, ümumi layihələrin hazırlanması üçün hər bir üzv dövlətin "Elektron hökumət” sisteminin araşdırılmasını qərara alıb. Sonda türkdilli dövlətlər arasında "Elektron imza”nın tanınması məqsədi ilə ilkin şəraitin yaradılması ilə bağlı razılıq əldə olunub. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan arasında "Elektron imza”nın tanınması üçün tələb olunan məlumatların təmin edilməsi məqsəd olaraq qarşıya qoyulub. Həmçinin, Şuraya üzv dövlətlər arasında ortaq elektron xidmətlərin hazırlanması müzakirə edilib.

"Şəbəkə” xidmət mərkəzləri işə başlayıb

Ən mühüm məqamlardan biri dəbeynəlxalq təcrübənin öyrənilməsi, metodlar müdadiləsinin aparılmasıdır.

Sirr deyil ki, artıq İKT sahəsində öz modelimizi də ortaya bilirik. Bu günlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti "Şəbəkə” xidmət mərkəzlərini istifadəyə verib. Xəzər (Sergey Yesenin küçəsi 102) və Yasamal (Hüseyn Cavid prospekti 19) rayonlarında yerləşən "Şəbəkə” xidmət mərkəzlərində bütün növ telekommunikasiya, poçt, bank və maliyyə xidmətləri təşkil edilib.

Xəzər və Yasamal rayonlarının sakinləri telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların IMEI qeydiyyatı, "Elektron hökumət” xidmətlərindən yararlanmaq, "Elektron imza”, valyuta mübadiləsi və aviabiletlərin alınması üçün bu mərkəzlərə müraciət edə bilərlər. Mərkəzlərdə vətəndaşlara fasiləsiz olaraq həftənin iş günlərində səhər saat 9-dan axşam saat 7-dək, istirahət günləri saat 9-dan 6-ya dək xidmət göstərilir.

"Şəbəkə”in yaradılmasında əsas məqsəd əhaliyə mərkəzləşdirilmiş qaydada yüksək standartlara uyğun xidmət göstərməkdir.

Xidmətlərin vahid məkanda cəmlənməsi eyni zamanda, vətəndaşların vaxt itkisini aradan qaldırmağa və nağdsız ödənişləri stimullaşdırmağa hədəflənib. Bakı şəhərində ilkin mərhələdə 10-a yaxın belə xidmət mərkəzinin açılması nəzərdə tutulur. Hazırda Yasamal rayonunda ikinci, Binəqədi rayonunda isə ilk "Şəbəkə” xidmət mərkəzinin açılması üçün təmir-tikinti işləri aparılır və yaxın zamanlarda onların istifadəyə verilməsi gözlənilir. Gələcəkdə respublikamızın regionlarında da "Şəbəkə” xidmət mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.

 






Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}