23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Elektron xidmətlərin əhatə dairəsi genişlənir
Tarix: 19-06-2017 12:25 | Bölmə: Layihə


Ölkədə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi yönündə həyata keçirilən ən böyük layihələrdən biri "Elektron hökumət"dir. Artıq neçə ildir ki, ölkə vətəndaşları "Elektron hökumət"in imkanlarından yararlanır.

Dövlət orqanları ilə vətəndaşlar arasında informasiya və sənəd əldə etmə prosesini reallaşdıran "Elektron hökumət" portalına maraq hər ötən gün artır. Portala müraciət edən istifadəçi sayının artması da buna sübutdur. Belə ki, portalın təqdim etdiyi xidmətlərin çeşidi ilə yanaşı, istifadə dinamikası da nəzərəçarpacaq dərəcədə müsbətə doğru dəyişir.

"Elektron hökumət" portalının operatoru Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi cari ilin ilk beş ayında elektron xidmətlərdən ən çox istifadə olunan qurumlar və ən çox müraciət edilən xidmətlərin statistikasını açıqlayıb.

Mərkəzdən "Reytinq"ə verilən məlumata görə, "Elektron hökumət" portalında cari ildə xidmətlərindən ən çox istifadə olunan 10 dövlət qurumu - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Dövlət Gömrük Komitəsi, "Azərsu" ASC, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Mərkəzi Seçki Komissiyası və Vergilər Nazirliyidir.

5 ayda 0,5 milyon müraciət

Bu müddət ərzində istifadə sayına görə liderlik edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə ümumilikdə 4.577.529 dəfə müraciət olunub. Qurumun təqdim etdiyi elektron xidmətlərdən cari ildə müraciət sayı 1.388.673-ə çatan "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" xidmətidir ki, adıçəkilən xidmət 20 dövlət qurumu və 3 mobil operatorun informasiya resurslarına çıxışını təmin etməklə vətəndaşların işini asanlaşdırır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xidmətlərinə müraciət sayı 3.088.725-dir. Nazirliyin ən çox istifadə olunan xidməti isə "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilmə" xidmətidir ki, cari ilin bu gününədək xidmətə müraciət sayı 1.692 360-a çatıb.

Xidmətlərinin istifadə sayına görə ilk beşlikdə olan Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi elektron xidmətlərə müraciət sayı 1.005.477-dir. Ən çox "Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu" xidmətinə müraciət qeydə alınıb ki, bu göstərici 384.492 dəfə olub. Bununla yanaşı, Dövlət Gömrük Komitəsinə 332.638, "Azərsu" ASC-yə 59.596, Daxili İşlər Nazirliyinə 39.615, Əmlak Məsələləri Dövlət Komitəsinə 33.644, Ədliyyə Nazirliyinə 20.190, Mərkəzi Seçki Komissiyasına 16.822, Vergilər Nazirliyinə 14.470 dəfə müraciət qeydə alınıb.

Qeyd edək ki, "Elektron hökumət" portalı tərəfindən təqdim olunan elektron xidmətlər bu gün həm vətəndaşların, həm də qurumların işini sadələşdirir, sərf olunan vəsaitə və işçi qüvvəsinə qənaət edir.

Eektron ticarətin həcmi artıb

Elektron hökumətlə yanaşı, ölkədə elektron ticarətin inkişafı yönündə də mühüm adımlar atılıb. Texnoloji irəliləyişlər və imkanlar ölkədə elektron xidmətlərin, o cümlədən elektron ticarətin genişlənməsinə şərait yaradır. Ümumilikdə ölkə iqtisadiyyatında "rəqəmli transformasiya", rəqəmli iqtisadiyyatın qurulması istiqamətində işlər aparılmaqdadır. Onlayn ödəniş sistemlərinin fəaliyyəti elektron xidmətlərin genişlənməsinə, onların ödənişə qədər tamamlanmasına imkan verir.

Məlumat üçün bildirək ki, 2017-ci ilin birinci rübü ərzində elektron ticarətin ümumi həcmi 1,7 dəfə artıb. İldən-ilə ölkədə e-ticarət saytlarının sayı çoxalır. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən də e-ticarət üzrə layihələrə qrantlar verilir.

Hazırda ölkəmizdə e-ticarətin daha da inkişaf etdirilməsi, ixrac potensialının yüksəldilməsi istiqamətində də işlər görülür. İqtisadi İslahatlar Mərkəzi (İİTKM) tərəfindən "www.azexport.az" internet portalının yaradılması da buna xidmət edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də bu proseslərdə yaxından iştirak edir, xüsusən də transsərhəd elektron xidmətlərin həyata keçirilməsini təmin etmək məqsədilə qeyri-rezidentlərin elektron imzadan istifadəsinin təmin edilməsi üzrə əməkdaşlıq edir.

"Biz rəqəmli iqtisadiyyat istiqamətdə Avropa İttifaqı ilə sıx əməkdaşlıq edirik. Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramının "İqtisadi inteqrasiya və Avropa İttifaqı siyasətinə uyğunlaşma" Platforması çərçivəsində "Rəqəmli bazarların uyğunlaşdırılması" (FDM) təşəbbüsündə iştirak edirik. FDM paneli çərçivəsində Telecom Rules, Trust & Security, eSkills, GCT Gnnovation, eTrade istiqamətləri üzrə EU4 Digital şəbəkələri yaradılıb. Azərbaycan EU4 Digital şəbəkəsinin "GCT innovation", həmçinin eTrade-in e-gömrük istiqaməti üzrə əlaqələndirici ölkə seçilib",- deyə nazirlikdən bildirilib.

2017-ci ilin payızında "Bakutel-2017" beynəlxalq sərgi və konfransı çərçivəsində Avropa Komissiyası ilə birgə "GCT innovation" istiqaməti üzrə tədbirin keçirilməsi nəzərdə tutulur. Həmçinin nazirliyin strukturuna daxil olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Avropa İttifaqı ilə birgə "Azərbaycan Respublikasında elektron xidmətlərin inkişafının gücləndirilməsi" layihəsini həyata keçirilir. Layihənin məqsədi e-xidmətlər (E-Ticarət və E-Hökumət) sisteminin daha da inkişaf etdirilməsində Azərbaycan hökumətinə dəstəyin göstərilməsidir. Layihə çərçivəsində: e-Ticarət, e-Hökumət, Açıq Hökumət Məlumatları ilə bağlı texniki spesifikasiyaların hazırlanması və elektron imza və elektron ödənişlərin təkmilləşdirilməsi, bu istiqamətlərə üzrə hüquqi-tənzimləyici çərçivənin müəyyən edilməsi, Azərbaycan Respublikası üçün Etimad Nişanı Sisteminin modelinin yaradılmasıdır.

"Danışan kitabxana"lara müraciətlər artır

Onu da nəzərə çatdırmaq lazımdır ki, bu ilin ötən dövrü ərzində bir sıra kiçik layihələr də gerçəkləşdirilib. Bu layihələrdən biri də "Danışan kitabxana"lardır. Artıq "Danışan kitabxana"ya maraq getdikcə artır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən görmə qabiliyyəti məhdud insanlar üçün hazırlanmış "Danışan kitabxana"ya bu günədək 2.154 nömrədən 29.313 dəfə müraciət olunub. Mərkəzdən bildirilib ki, müraciətlərdə müasir, klassik və tarixi ədəbiyyat üstünlük təşkil edir.

"Danışan kitabxana" 100-dək peşəkar səviyyədə səsləndirilmiş kitabı dinləyicilərin ixtiyarına verib. Kitabxana vasitəsilə 8 janrda - şifahi, müasir, xarici, poeziya, tarixi, dini, uşaq və klassik ədəbiyyatı dinləmək mümkündür.

Həmçinin "Danışan kitabxana"ya avtomatik rejimdə işləyən (1541) xüsusi telefon xidməti vasitəsilə 24 saat ərzində müraciət etmək olar. Müraciət edən istifadəçi istənilən vaxt dinləməni dayandıra və bir müddət sonra dayandırılmış hissədən dinləməyə davam edə bilər.

Qrant müsabiqəsində İKT layihələri

Maraqlı məqamlardan biri də odur ki, ölkədə İKT resurslarına inteqrasiyanın əhatə dairəsini genişləndirmək üşün müxtəlif tədbirlər həyata keçirilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsinə layihələrin qəbulu başa çatıb. Müsabiqə çərçivəsində fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) qeydiyyatdan keçməklə elektron qaydada 172 layihə təqdim edilib.

Nazirlikdən "Reytinq"ə bildirilib ki, müsabiqəyə layihələrin qəbulu mütərəqqi proqram təminatının hazırlanması, innovativ İKT məhsulları nümunələrinin hazırlanması, innovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması, müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması, İKT xidmətlərinin genişləndirilməsi, eləcə də internet xidmətlərinin inkişafı prioritet istiqamətləri üzrə aparılıb. Müsabiqəyə təqdim olunmuş layihələrin prioritet istiqamətlər üzrə bölgüsü müvafiq olaraq 20, 71, 23, 22 və 36 (cəmi 172) olub.

Qrant müsabiqələri çərçivəsində layihələr 2 mərhələdə qiymətləndirilir. Birinci mərhələdə 15 iş günü müddətində müsabiqəyə təqdim olunan layihələrin ilkin ekspertizası aparılır. İkinci mərhələdə isə ilkin ekspertiza mərhələsindən keçmiş layihələr 20 iş günü müddətində müstəqil ekspertlər tərəfindən kompleks ekspertizadan keçirilir. Kompleks ekspertizanın nəticəsində müsbət rəy almış layihələr yekun qərarın qəbul edilməsi üçün fondun Müşahidə Şurasına təqdim edilir.

Qeyd edək ki, qrant müsabiqəsi çərçivəsində layihələrin qəbulu 2017-ci il aprelin 10-dan iyunun 9-dək davam edib. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun əsas məqsədi İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, innovativ sahibkarlıq fəaliyyətini dəstəkləmək, intellektual biznes, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.

"İctimai internet" layihəsi

Onu da qeyd edək ki, gerşəkləşdirilən İKT müsabiqələri müxtəlif şirkətləri öz fəaliyyətini daha da genişləndirməyə sövq edir. Bəzi şirkətlər bu istiqamətdə fəaliyyətlərini genişləndirməklə önə çixmağa çalışırlar. Bu istiqamətdə seçilən şirkətlərdən olan "Baktelecom" uğurları sırasına daha birini əlavə edib. Ötən ildən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə icrasına başlanılan "İctimai internet" layihəsi "İlin informasiya texnologiyaları hadisəsi" nominasiyasında "NETTY" Azərbaycan Milliİnternet Mükafatının qalibi olub. "NETTY" sosial əhəmiyyətli layihələri dəstəkləyən, əhali arasında informasiya texnologiyalarını populyarlaşdıran peşəkar mükafat kimi "Baktelecom"un pulsuz "Wi-Fi" xidmətinə biganə qalmayıb.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ќuranə Əliyeva bildirib ki, "Baktelecom" aylar öncə evdən kənarda, gəzinti zamanı internetə pulsuz qoşulmaq imkanını insanlar üçün əlçatan edib. Bu məqsədlə ilkin mərhələdə əhalinin sıx istirahət etdiyi ərazilər seçilib. Dənizkənarı Milli Parkın bütün hissəsi, İçərişəhər Tarix-Memarlıq Qoruğu, Sahil bağı və Heydər Əliyev Mərkəzinin parkı kimi geniş əhatə zonasında ümumilikdə 210 qoşulma nöqtəsi yaradılıb. Mart ayından etibarən paytaxt sakinləri və şəhərimizin qonaqlarının seçiminə çevrilən layihənin istifadəçi sayı 200 mini ötüb.

"Baktelecom" əhalinin pulsuz "Wi-Fi" xidmətinə maraq və tələbatını nəzərə alaraq əhatə dairəsinin genişləndirilməsi istiqamətində bu gün də işlərini davam etdirir. Yaxın zamanlarda Mərkəzi Parkda, Sabir, Xəqani bağlarında və digər istirahət parklarında da ictimai internet şəbəkəsi aktiv ediləcək. Şəbəkənin təkmilləşdirilməsi işləri ilə yanaşı, yeni və daha rahat qeydiyyat sisteminin tətbiqindən sonra istifadəçilərin pulsuz "Wi-Fi"ya qoşulması daha da asanlaşacaq.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.





Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}