Azərbaycan İKT üzrə lider dövlətlər sırasına çıxır
Tarix: 25-11-2017 12:08 | Bölmə: Layihə
Azərbaycan İKT üzrə lider dövlətlər sırasına çıxır

İlqar Orucov: “Ölkəmizdə İKT-nin inkişaf etdirilməsi üçün orta məktəblərdən başlayaraq akademik səviyyədə hər cür imkanlar mövcuddur”

Azərbaycan Cənubi Qafqaz ölkələri arasında informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı üzrə liderdir. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yeni hesabatına əsasən, İslandiya, Koreya Respublikası və İsveçrə İKT-nin inkişafı üzrə liderlər siyahısında ilk üçlükdə qərarlaşıblar. İlk onluqda, həmçinin Danimarka, Böyük Britaniya, Honq Konq (Çin), Niderland, Norveç, Lüksemburq və Yaponiya yer alıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Reytinq”ə verilən məlumata görə, Azərbaycan 176 dövləti özündə birləşdirən reytinqdə 65-ci yeri tutmaqla Cənubi Qafqaz ölkələri arasında İKT-nin inkişafı üzrə liderdir. Gürcüstan və Ermənistan həmin reytinqdə müvafiq olaraq 74-cü və 75-ci yerləri tutublar. Belarus 32-ci, Rusiya 45-ci, Qazaxıstan 52-ci və Moldova 59-cu, Ukrayna 79-cu, Özbəkistan 95-ci və Qırğızıstan 109-cu yerlərdə qərarlaşıblar.

BTİ-nin yeni hesabatı internetə qoşulmuş insanların sayında artım olduğunu və dünyada İKT yeniliklərindən daha aktiv istifadə edildiyini göstərir. Yeni hesabatın müəllifləri bu tendensiyanı mobil telefon bazarının həcminin artması və genişzolaqlı rabitənin əlçatanlığı ilə izah edir. Hazırda dünyada hər bir 100 insana mobil genişzolaqlı rabitə üzrə 50-dən çox abunə düşür. Bu, internet və onlayn xidmətlərə çıxışı xeyli genişləndirməyə imkan verib.

Bu ilin ötən dövrü də göstərir ki, ölkəmiz bu sahədə kifayət qədər irəliləyib. Belə ki, 2017-ci ilin yanvar-oktyabr aylarında kompüter və elektron məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 172,1 milyon manatlıq məhsul istehsal olunub. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə kompüter və elektron məhsulların istehsalı 30,5 faiz, elektrik avadanlıqlarının istehsalı isə 59,9 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 10 ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 2,4 faiz, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 1,9 dəfə artıb. 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı da artaraq 43,9 faiz olub.

Bu günlərdə İKT sahəsində görülən işlər və planlar bardədə Milli Məclisdə də fikirlər səsləndirlib. Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, informasiya və rabitə sektorunda 2018-ci ildə 5,1 faiz, növbəti illərdə isə orta hesabla 6 faizə yaxın artım gözlənilir: “Növbəti illərdə İKT xidmətlərinin keyfiyyətinin, onlara çıxış imkanlarının və ölkənin tranzit informasiya dəhlizi potensialının artırılması üzrə tədbirlər həyata keçiriləcək. Yüksək Texnologiyalar Parkı Konsepsiyası çərçivəsində İnnovasiya Mərkəzinin yaradılması nəzərdə tutulub”.

Ş.Mustafayev bildirib ki, böyük potensiala malik olan nəqliyyat sektorunda “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin Azərbaycan hissəsində beynəlxalq yük axınlarının artırılması üçün daşıma xərclərinin azaldılması, idxal, ixrac əməliyyatları və tranzit daşımaları üzrə sərf edilən vaxtın qısaldılması və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi tədbirləri davam etdiriləcək. Bu tədbirlərin nəticəsində ilin 9 ayında ölkə ərazisindən 7,7 milyon ton yük daşınıb. Ötən ilin analoji dövrü ilə müqayisədə neft və neft məhsullarının daşınmasında 19 faiz, qeyri-neft məhsullarında isə 21 faiz artım əldə olunub.

Azərbaycan İKT üzrə lider dövlətlər sırasına çıxır

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov fikirlərini “Reytinq”lə bölüşərkən deyib ki, ölkədə İKT-nin inkişafı üçün kifayət qədər iş görülüb. Onun sözlərinə görə, dövlət tərəfindən həyata keçirilən layihələr müsbət nəticə verməkdədir:

“Azərbaycanda İKT-nin inkişafı ilə bağlı öncə dəyərləndirdiyim dövlət səviyyəsində siyasi iradənin ortaya qoyulmasıdır. Ölkə başçısı cənab İlham Əliyev bu sahənin inkişaf etdirilməsini həmişə vurğulayıb və konkret olaraq bu istiqamətdə mövqeyini açıq şəkildə bildirib. Bu müxtəlif hüquqi sənədlərdə, konkret dövlət proqramlarında və bu sahənin inkişafı ilə bağlı müvafiq qurumların yaradılmasında özünü bir daha göstərir və bu sahənin inkişafında dövlətin nə qədər maraqlı olduğunu bir daha sübut edir. Yəni, ölkəmizdə İKT-nin inkişaf etdirilməsi üçün orta məktəblərdən başlayaraq akademik səviyyədə hər cür imkanlar mövcuddur və bu sahəyə kifayət qədər vəsait ayrılıb və ayrılmaqdadır. Təbii ki, dünyada bəlkə də inkişaf baxımından ən sürətli sahə olan İKT-nin inkişafı ilə ayaqlaşmaq elə də asan deyil, görüləcək işlərin miqyası, həcmi o qədər sürətlə artır ki, bəzən bu inkişaf seli ilə ayaqlaşmaq belə olmur. Bu sahədə dünyada qabaqcıl texnologiyalara malik ölkələr, iri korporasiyalar var və onlar hər şeyi diktə edirlər. Bizim kimi balaca ölkələrdən təbii ki, bu prosesin lokomotovi olmağı gözləmək yaxın gələcəkdə populizmdir. Ona görə də ən azından regionda birinciliyi əldə etmək, regionun lideri olmaq lazımdır və bu istiqamətdə işlər görülür. Bu tədbirlərin tərkib hissəsi olaraq ilk kosmik peykimizin istismara verilməsi bunun bariz nümunəsidir. Amma bu sahədə akademik səviyyədə tədqiqatların səviyyəsi, tədqiqatlarımızın dünya reytinqində görünməməsi düşündürücüdür. Hesab edirəm ki, bu istiqamətdə hələ çox işlər görülməlidir”.

Onu da nəzərə çatdıraq ki, ölkədə gənc nəslin yeni texnologiyaya inteqrasiyası üçün də mühüm addımlar atılır. Bu tədbirlərdən biri olan “Gənclər üçün Elektron Hökumət” müsabiqəsinə start verilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, müsabiqənin əsas məqsədi gənclər arasında “Elektron hökumət” həllərindən istifadənin təşviq edilməsi və “Elektron hökumət” üzrə gənclərin maarifləndirilməsidir. Müsabiqə “Elektron hökumət” portalını – www.e-gov.az gənclərin geniş auditoriyasına tanıtmağa və gənclərin “Elektron hökumət” həllərindən istifadə imkanlarını genişləndirməyə şərait yaradır.

Müsabiqə 4 nominasiyada keçirilir:

“Elektron hökumət”in təbliği üzrə ən yaxşı hüquqi şəxs,

“Elektron hökumət”in təbliği üzrə ən yaxşı fiziki şəxs,

Regionda yaşayan gənclər arasında “Elektron hökumət” həllərinin istifadəsini təbliğ edən ən yaxşı təşkilat,

Dövlət xidmətlərinin elektronlaşdırılması və www.e-gov.az – “Elektron hökumət” portalının inkişafı üzrə ən yaxşı təklif.

Sənədlərin qəbulu dekabrın 20-dək davam etdiriləcək. Müsabiqə ilə bağlı daha ətraflı məlumatı https://drive.google.com/file/ keçidindən əldə etmək mümkündür.

Müsabiqədə iştirak etmək istəyənlər https://docs.google.com/forms keçidi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondu, bir sıra aparıcı gənclər təşkilatları tərəfindən dəstəklənən müsabiqə Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Məlumat Hesablama Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. Qaliblər dekabrın 26-da keçiriləcək “Gənclər üçün elektron hökumət” konfransında elan ediləcək və onlara təşkilatçı qurumlar tərəfindən qiymətli hədiyyələr təqdim olunacaq.

İlqar Orucov deyir ki, gənclərimizin İKT resurslarından istifadəsi və onlardan yararlanması müsbət haldır. Onun qənaətincə, gənclər bu sahədə öndə gedən və ən çevik təbəqədir:

“Gənclərimizdən daha şox şey gözləmək lazımdır. İlk növbədə ona görə ki, onlar yaşlılardan fərqli olaraq, yeni biliklərdən daha asan şəkildə istifadə edə bilirlər. Nəinki gənclərin, hətta məktəb yaşlı şagirdlərin bu sahədə bilik və bacarıqları orta və yaşlı nəsildən qat-qat yüksəkdir. Ona görə də artıq bu sahədə diktə edən tərəf gənclərdir.

Bu gün ali məktəblərə sənəd verərkən ən çox seçim edilən ixtisaslardan birinci yeri İKT tutur və gənclərin böyük qismi gələcəklərini bu sektorda görürlər.

Mən Avropada və dünyanın inkişaf etmiş ölkələrində azərbaycanlı gənclərin İKT sektorunda çalışdıqlarını görəndə çox sevinirəm. Əminəm ki, bizim gənclərimiz gələcəkdə öz sözlərini deyə biləcəklər. Ali təhsil müəssisələri mükəmməl İKT biliklərinin verilməsində daha çevik və dinamik olmalıdırlar. Gənc müəllimlər təhsilə cəlb olunmalı, həm də ən yüksək əmək haqqı ilə onları insitutlara bağlamaq lazımdır. Əks halda bizim İKT ixtisaslı diplomlarımız əksər diplomlarımız kimi məlum el nümunəsi olaraq səslənən “Biləcəridən o tərəfdə” tanınmayacaq”.

İ.Orucov qeyd edib ki, İKT bu gün iqtisadiyyatdır, silahdır, pis mənada isə zərərli vərdişdir. Yetər ki, bu resursdan doğru və düzgün istifadə edəsən. “Bizdə gənclər daha çox zərərli vərdişlərə aludə olmuş kimi bu resursdan istifadəyə meyillidirlər. Hesab edirəm, gənclərimizin böyük hissəsi bu sektorun faydalı tərəflərindən yararlana biləcəklər. İKT informasiya silahıdır, bu istiqamətdə çox işlər görülə bilər və burada da axsayırıq. Nümunə kimi, vikipediyada məlumatlarımızın sistemsizliyi, xaotikliyi və nizamsızlığı, məlumatların azlığı, bəzən də zərərimizə işləməsini göstərə bilərəm. Çox geri qalırıq və bu sahəyə cavabdeh həm müvafiq icra hakimiyyəti qurumunun qüsurları var, həm bu sahədə olan institutların. Bu sektora rəhbərlik kökündən gəncləşməli və yalançı elmi titullu və bürokrat kadrları dövlət proqramları ilə dünyanın seçilmiş ali təhsil müəssisələrini bitirən milli və savadlı kadrlar əvəz etməlidir”,- deyə İ.Orucov fikrini tamamlayıb.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}