Qeyri-neft sektorunun özəl bölməsində 749 569 şəxslə əmək müqaviləsi bağlanıb
Tarix: 14-10-2021 10:32 | Bölmə: İqtisadiyyat
Qeyri-neft sektorunun özəl bölməsində 749 569 şəxslə əmək müqaviləsi bağlanıb

Azərbaycanda sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsi məqsədilə qanunvericilikdə stimulların yaradılması nəticəsində ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda artım qeydə alınıb.

Reyting.az
xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd olunur ki, bu artımın böyük hissəsi özəl sektorun payına düşüb.

2021-ci il oktyabrın 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 749 569 təşkil edib ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 209 647 müqavilə çoxdur. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.

2021-ci ilin yanvar-sentyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 789,6 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 % artıb, daxilolmalar üzrə proqnoz 253,7 milyon manat artıq yerinə yetirilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 % artaraq 1 milyard 771,5 milyon manat təşkil edib, proqnoz 112,8 % icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % artaraq 95,9 milyon manat olub, proqnoz 108,9 % icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,3 % artaraq 70,7 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 110,5 % yerinə yetirilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər