19:57 / 13-03-2025
Yevlaxda iki nəfər bıçaqlanıb
18:55 / 13-03-2025
İranda üç ölkənin səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
18:37 / 13-03-2025
Nəcməddin Sadıkovun adı yenə milyonluq mənimsəmələrdə hallanır
18:09 / 13-03-2025
XII Qlobal Bakı Forumu keçirilir - İlham Əliyev tədbirə qatılıb - (Yenilənib) - Fotolar
18:00 / 13-03-2025
Ukraynada iki Azərbaycan vətəndaşı itkin düşüb
17:50 / 13-03-2025
Ermənistan XİN: Azərbaycanla sülh sazişi imzalanmağa hazırdır
17:45 / 13-03-2025
Casusluqda ittiham olunan Fransa vətəndaşı Bakıda hakim qarşısına çıxarılıb
17:23 / 13-03-2025
Fərhad Mehdiyev Vəkillər Kollegiyayasının üzvlüyünə bərpa edilib
17:08 / 13-03-2025
İlham Əliyev Fatih Birolu qəbul edib - (Yenilənib) - Fotolar
16:56 / 13-03-2025
İcra Hakimiyyətinin şöbə müdiri həbs olunub
16:54 / 13-03-2025
Zelenski: Rusiya müharibəni dayandırmağa məcbur olacaq
16:45 / 13-03-2025
Nazirlər Kabineti sürücülərin hazırlanması ilə bağlı qanuna dəyişiklik edib
16:42 / 13-03-2025
Aviasiya sahəsinə dair daha bir qayda təsdiqlənib
16:27 / 13-03-2025
İlham Əliyev ÜST rəhbərini qəbul edib
16:21 / 13-03-2025
Neft Emalı Zavodunda yanğın: saxlanılan var - DTX açıqlama yayıb
16:02 / 13-03-2025
Orban həbsinə order verilmiş baş naziri qonaq çağırıb
15:56 / 13-03-2025
Azərbaycan və Albaniya prezidentləri görüşüb
15:31 / 13-03-2025
Ceyhun Bayramov: "Ermənistanla sülh sazişinin mətni üzrə danışıqlar prosesi yekunlaşıb"
14:45 / 13-03-2025
Ali Məhkəmə icarə müqaviləsinin ləğvi məsələsi ilə bağlı qərar qəbul edib
14:13 / 13-03-2025
Həm Ukraynaya, həm də Rusiyaya ciddi təzyiqlər var - Deputat
13:55 / 13-03-2025
AFFA klubları cərimələyib - Siyahı
13:47 / 13-03-2025
Axtarışda olan daha bir nəfər Azərbaycana gətirilib
13:46 / 13-03-2025
“Atəşkəsə təminat yoxdur” - Hərbi ekspert
13:21 / 13-03-2025
Baharın “Ulduz”u işıq üzü görüb - Foto
13:15 / 13-03-2025
Binəqədi və Sabunçuda əməliyyat: 14 kq narkotik vasitə aşkarlanıb
13:05 / 13-03-2025
Prezident nazir müavinləri barədə sərəncam imzalayıb
12:53 / 13-03-2025
Tramp administrasiyası 450 min bayquşu öldürmək istəyir
12:42 / 13-03-2025
Sabahın hava proqnozu açıqlanıb
23:39 / 08-03-2025

14:48 / 10-03-2025

20:14 / 09-03-2025

23:18 / 08-03-2025

21:05 / 10-03-2025

16:31 / 09-03-2025

22:52 / 10-03-2025

19:56 / 11-03-2025

13:26 / 10-03-2025

15:56 / 10-03-2025

17:57 / 10-03-2025

Deputat: “Ölkədə 4-cü Respublika qurulmalıdır”
Tarix: 23-12-2019 09:35 | Bölmə: Müsahibə

Qüdrət Həsənquliyev: “Azərbaycanda proporsional seçki sistemi bərpa olunmalı, parlamentli respublika modelinə keçilməlidir”
Gələn il fevral ayının 9-na təyin olunan növbədənkənar parlament seçkiləri ərəfəsi ölkənin siyasi arenasında sensasiyaya səbəb olan bir olay baş verdi. Dövlət Təhlükəsizliyi Xidmətinin ötən həftə keçirdiyi əməliyyat nəticəsində Ağstafa rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev, birinci müavini Ramiz Tatarov və Yevlax rayon icra hakimiyyətinin keçmiş başçısı Qoca Səmədov həbs olundular.
Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə), 311.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Reyting.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevlə müsahibəyə əvvəlcə bu olaya münasibət öyrənməklə başladı.
- Qüdrət bəy, bu həbslər cəmiyyət üçün gözlənilməz oldu. Bu hadisəni necə dəyərləndirirsiniz?
- İcra hakimiyyəti başçısının vəzifədən kənarlaşdırılmadan həbs olunması Azərbaycanda ilk dəfədir baş verir. Bu baxımdan, mənim üçün də, gözlənilməz oldu. Amma digər tərəfdən də hesab edirəm ki, bu həbslər dövlət və ictimai maraqlar baxımından doğru addımdır. Ona görə ki, digərləri məsuliyyət hiss edəcək.
Mən hüquqşünas olduğum üçün deyirəm ki, cəzanın həm ümumi, həm də xüsusi xəbərdarlıq məqsədi var. Ümumi xəbərdarlıq məqsədi odur ki, biri cinayət törədəndə onu cəzalandırmaqla dövlət digərlərini cinayət törətməkdən çəkindirir. Məsələn, iki yaxın dostdan biri ehtiyatsızlıqdan digərini öldürür, amma dövlət onu həbs edib cəzalandırır. Onsuz da onun çəkdiyi mənəvi əzab bəlkə də həbsxanada çəza çəkməsindən daha ağırdır. Amma buna baxmayaraq, cəzalandırılır. Niyə? Çünki başqalarının daha ehtiyatlı və daha məsuliyyətli olması üçün. Bu baxımdan, hesab edirəm ki, həbslər normaldır.
Video görüntülər yayılıb. Hesab edirəm ki, Dövlət Təhlükəsizliyi Xidməti bu əməliyyatı çox peşəkarcasına həyata keçirib. Bununla da əlavə manipulyasiya üçün əl yeri qoyulmayıb.
Etiraf edək ki, əməliyyat yüksək səviyyədə həyata keçirilib. Faktlar da ortadadır. Səs yazıları, şahid ifadələri də var. Düşünürəm ki, artıq çoxları bundan nəticə çıxarıblar.
Prezident bir çox gənclərin ictimai işlərə cəlb olunmasına, onların minimum tələbatlarını ödəyə bilmələri üçün, daha yaxşı iş tapana qədər müəyyən vəsait ayırır. Həmin pulu mənimsəmək vicdansızlıqdır. Həmin şəxslər aldıqları maaşın azlığından, uşaqlarını dolandıra bilmədiklərindən bu cinayətə getməyə məcbur olublar? Videodan da görünür ki, bunlar həm də ayrı-ayrı sahibkarlardan pul alırlar. Sahibkardan qanunsuz yolla pul alırsan, üstəlik, bu azmış kimi, kasıb adamlar üçün ayrılan pul üçün də kart açdırıb mənimsəyirsənsə, düşünürəm ki, bu, xəyanətdir, ictimai narazılığa şərait yaratmaqdır.
Bu həbslər eyni zamanda cəmiyyətimizdə doğrudan da dəyişikliklər baş verdiyini göstərir və həmin dəyişikliklərin bir elementidir.
- Siz deputat və partiya rəhbəri kimi siyasi proseslərdən daha çox xəbərdarsınız. Proses davam edəcəkmi, belə icra hakimiyyəti başçıları yenə varmı?
- Mən hüquqşünasam, əlimdə konkret faktlarım olmasa, “hə” deyə bilmərəm. Amma mətbuatda oxumuşam ki, başqa icra başçıları da belə işlər görüblər. Düşünmürəm ki, istintaq orqanları iki faktla kifayətlənəcəklər. Hesab edirəm ki, mətbuatda gedən məlumatlara əsaslanaraq araşdırma aparılmalıdır, əgər faktlar təsdiqlənərsə, həmin şəxslər də cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Həmin şəxslər məcbur edilməlidirlər ki, kasıb insanlar üçün ayrılan vəsaitlər geri qaytarılsın və təyinatı üzrə çatdırılsın.
- Qüdrət bəy, bu gün ölkəmizdə bələdiyyə seçkiləri keçirilir. Hamıya məlumdur ki, icra hakimiyyətləri bələdiyyələri tamamilə nəzarətdə saxlayır. Yerli özünüidarəetmə orqanlarının sərbəst fəaliyyəti bu səbəbdən məhduddur. Sizcə, yeni seçkilərdən sonra bələdiyyələrin fəaliyyəti necə qurulmalıdır, hansı dəyişikliklər edilməlidir?
- Çox vacib bir məsələyə toxunursunuz. Ümid edirəm ki, növbəti mərhələdə islahatlar bu sahəni də əhatə edəcək. Biz bu məsələni dəfələrlə qaldırmışıq. Mən hətta mətbuata müsahibələrimdən birində də demişəm ki, biz üzvlərimizi bələdiyyə seçkilərində iştiraka kütləvi şəkildə qatılmağa inandıra bilmirik. Onlar deyirlər ki, seçki kampaniyasında vətəndaşa hansı vədi verək, nə səlahiyyətimiz var, seçiciyə hansı problemini həll edəcəyimizi söyləyək?
Bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir. Mən, əvvəllər də çıxışlarımda demişəm, bizim bütün seçki platformalarımızda da öz əksini tapıb ki, bələdiyyələrə yerli özünüidarəetmə orqanları yox, yerli hakimiyyət orqanları statusu verilməlidir. Bələdiyyələrin səlahiyyətləri kifayət qədər genişləndirilməlidir. Yəni icra hakimiyyətlərinin səlahiyyətləri məhdudlaşdırılmalı, səlahiyyətlərinin əksəriyyəti – tikintiyə icazə verilməsindən tutmuş, məktəblər, bağçalar, sərnişin daşınması və digər məsələlər bələdiyylərə verilməlidir. Bələdiyyələr həm pul qazanmalıdırlar, həm də öz ərazilərinin abadlığı ilə məşğul olmalıdırlar. Fikrimcə, zaman keçdikcə icra hakimiyyətlərindəki həmin səlahiyyətlər alınmalıdır. İcra hakimiyyətləri isə Türkiyədəki valilər kimi, prezidentin yerdəki təmsilçisi olmalıdır. Onun fəaliyyəti əsasən Konstitusiyaya nəzarət funksiyasını həyata keçirməklə yekunlaşmalıdır.
Bələdiyyələr, eyni zamanda seçkili və kollegial orqan olduqlarından, onların səlahiyyətlərinin artırılması regionların inkişafına da müsbət təsirini göstərər.
İndi icra başçısı prezidentin sərəncamı ilə təyin olunur və onun qarşısında məsuliyyət daşıyır. Yəni onun xalqdan hər hansı formada asılılığı yoxdur. Bələdiyyə sədrləri isə yerli sakinlərdən səs aldığı üçün ora düşürlər. Ona görə də xalq qarşısında daha çox məsuliyyətli olurlar. Bu baxımdan, islahatlar növbəti mərhələdə bələdiyyələri də əhatə etməlidir.
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası parlament seçkilərində neçə namizədlə iştirak edəcək?
- 32 namizədimiz olacaq. Əvvəlki seçkilərdə partiyadan namizədliyini irəli sürənlərin sayı 60-dan çox olurdu. 60-dan çox namizədimizin qeydə alınması ehtimalının az olduğunu nəzərə aldıq, üstəlik, resursları daha çox dairədə bölməyi də məqbul saymırıq. Bilirsiniz, bunun üçün böyük maliyyə resursu tələb olunur. Rayonlara səlahiyyətli nümayəndələrin gedib-gəlişi üçün bütün xərclər seçki fondundan ayrılmalıdır. Üstəlik, kifayət qədər çox lazımsız sənədlər tələb olunur. Adi bir misal deyim: tutaq ki, sənədlərin hamısını vermişik, məsələn, Nizamnamə iri həcmli bir sənəddir, partiyanın digər sənədləri də var. Bunların MSK-ya təqdim olunması üçün notarial qaydada təsdiq olunmasına 700 manat pul vermişik. Əlavə olaraq tələb olunur ki, hər bir dairə üzrə də MSK-ya təqdim etdiyimiz sənədləri təqdim edək. Görün, bu, nə qədər pul deməkdir? Təbliğat və təşviqat işlərinə, ezamiyyə xərclərinə də çox böyük vəsait tələb olunur. Ona görə də qərara aldıq ki, kimin daha çox dairədən namizəd irəli sürməsi kimi mənasız rəqabətə qoşulmayaq, köhnə sterotipləri də dağıtmaq lazımdır. Az dairədə namizəd irəli sürürsən və çalışırsan ki, onlara daha çox dəstək verəsən, daha effektli seçki kampaniyası aparmalarına şərait yaradasan.
Onsuz da bilirik ki, parlamentdə böyük tərkibdə təmsil olunmaq imkanlarımız məhduddur. Bunun əsas səbəblərindən biri də resursların qeyri-bərabərliyidir. Bəlkə də sizin sualınızla birbaşa bağlılığı yoxdur, amma əlaqəlidir. Məsələn, seçkilər elan olunanda da söyləmişdim ki, Yeni Azərbaycan Partiyasının resursları ilə digər partiyaların resursları çox fərqlidir. Yəni YAP bütün seçki dairələrində gücünü qoysa, onda gərək parlamentə başqa partiyadan heç kəs seçilməsin. Maliyyə, insan, inzibati və digər resurslar qeyri-bərabərdir, mətbuat və informasiya dəstəyi ilə bağlı da yerlə göy qədər fərq var. Ona görə hətta təşəbbüslə çıxış etmişdim: məsələn, bizdə mojaritar seçki sistemi olduğuna görə, heç bir siyasi partiya 3/2-dən çox dairədə namizəd irəli sürməsin. Əgər YAP istəyirsə ki, doğrudan da onun ciddi opponentləri olsun, yəni rəqabətsiz mühitdə fəaliyyət göstərməsin, o zaman bunu etməlidir.
Mən demişdim ki, hər partiya 85 dairədə namizəd irəli sürə bilər. Biz seçkiləri partiyalılıq prinsipi əsasında keçirməklə bitərəflərin namizədliklərini özləri tərəfindən irəli sürməsini məhdudlaşdıra bilərik. Artıq gecdir, bitərəflər namizədliklərini irəli sürüblər. Amma gələcək üçün söyləyirəm, ümumiyyətlə, bitərəflərin namizədliklərini irəli sürməsi qadağan olunmalıdır. Onları yalnız partiyalar irəli sürə bilərlər, sayı isə məhdud olmalıdır. Məsələn, hər partiya 85 namizəd irəli sürəcəksə, onun yalnız 10-15-i bitərəf ola bilər. Bu da ona gətirib çıxaracaq ki, gələcəkdə komissiyaların formalaşdırılmasında yalnız partiyalar iştirak edəcək. Parlamendə ən azı 40 yerdə digər partiyalar təmsil olunacaq. Bu da parlamentdə fraksiyaların yaranmasına imkan verəcək. Bəzən deyirlər ki, bu fraksiyalar nəyə lazımdır? Fraksiya ona görə lazımdır ki, istənilən məsələni parlamentin plenar iclasının müzakirəsinə çıxarmaq imkanı olacaq. Alternativ məruzələrlə çıxış etmək imkanı yaranacaq.
Büdcənin müzakirəsi olur, hökumətdən neçə nəfər çıxış edir? Baş nazir, yaxud onun əvəzindən kimsə, Mərkəzi Bankın rəhbəri, iqtisadiyyat naziri, Hesablama Palatasının sədri, iqtisadi siyasət komitəsinin sədri çıxış edir və hərəsinə də 20-25, bəzən 30 dəqiqə vaxt ayrılır. Ən azı 5 nəfər çıxış edir və hərəsinə 25 dəqiqə vaxt gedir. Növbə bizə çatanda isə sədr deyir ki, çıxış etmək istəyənlər çoxdur, ona görə də 5 dəqiqə ayrılır. Təsəvvür edin, 5 cildlik sənədə 5 dəqiqə ərzində necə münasibət bildirməli, necə təhlil etməlisən? Sizcə, bu mümkündürmü? Ancaq fraksiya olacağı təqdirdə, vəziyyət köklü şəkildə dəyişəcək.
Bundan başqa, parlamentin idarə olunmasında – sədr müavinləri, komitə sədrləri, müavinləri səviyyəsində siyasi partiyalar iştirak edəcəklər. Nəticədə normal bir parlament formalaşdıra biləcəyik. Təkliflərim bundan ibarətdir, amma, ümumiyyətlə, bizim partiyanın bu seçkilərdə əsas platformasında – dekabrın 21-də ATƏT-in nümayəndələri ilə görüşdə “sizin platformanızda fərqli nə var”, - sualına cavabımda da dedim, - ən böyük fərq odur ki, biz seçkilərdən dərhal sonra yeni Konstitusiyanın qəbul olunması təşəbbüsü ilə çıxış edirik. Hesab edirik ki, ölkədə 4-cü Respublika qurulmalıdır. İndiyə qədər 3 Respublika olub – 1918-20-ci ildə parlament respublikası, sonra Sovet Sosialist Respublikası, indi prezidentli respublikayıq və 4-cüsü də yenidən parlamentli respublika olmalıdır. Biz əslində 1918-20-ci ildəki cümhuriyyətin varisiyik, səhvimiz Azərbaycan 1991-ci ildə öz müstəqilliyini yenidən əldə edəndən sonra parlamentli respublika qurmamağımız olub.
Bundan əlavə, ölkədə proporsional seçki sistemi bərpa olunmalı, parlamentli respublika modelinə keçilməlidir.
Biz ölkənin gələcəyini bu cür görürük. Ölkədə doğrudan da güclü məhkəmə hakimiyyəti formalaşdırılmalıdır. Ümumiyyətlə, ümid edirəm ki, cəmiyyətin inkişaf səviyyəsi artdıqca, bu islahatlara gedəcəyik. Mən bunun alternativini görmürəm.
- Ölkədə aparılan kadr dəyişikliyi parlamentin tərkibində də özünü göstərəcəkmi? Siz yeni parlamentin tərkibini necə görürsünüz?
- İndidən söyləmək çətindir. Amma hər halda parlament rəhbərliyində müəyyən dəyişiklik baş verəcək. Yenə deyirəm, hətta bu baş verməsə belə, parlament idarəetməsi dəyişməlidir. Bizim daxili Nizamnamədə yazılıb ki, Azərbaycanda parlament idarəetməsi çoxpartiyalılıq əsasında həyata keçirilir. Mən dəfələrlə parlamentdə bu sualı vermişəm: “Nizamnamənin əsas müddəası özünü nədə ehtiva edir? Çoxpartiyalılıq əsasında fəaliyyətimizin elementini mənə göstərin. Yəni digər partiya təmsilçisinə də ölkənin ən əsas maliyyə sənədinin – büdcənin müzakirəsi zamanı 5 dəqiqə, tutaq ki, bir bitərəfə də 5 dəqiqə vaxt verirsiniz”.
Hər halda, çox ümidliyəm ki, müəyyən dəyişikliklər ola bilər. Amma parlamentin tərkibində böyük dəyişiklik olacağını gözləmirəm.
İndi hərdən deyirlər, gənclər irəli çəkilməlidir. İrəli çəkmək üçün hazırlıqlı gənc olmalıdır də. Gənclər özlərini ictimai-siyasi həyatda göstərməlidir. Açıq söyləyirəm, gənc hansısa iqtisadi, beynəlxalq məsələyə münasibət bildirməli, mətbuatda çıxışlar etməlidir. Yəni bir siyasətçinin edəcəyi hansısa işləri görməlidir ki, onu parlamentə də seçəsən. Parlament nə uşaq bağçası, nə də ibtidai sinif deyil ki, kimsə gəlib orada öyrənsin. Orada yalnız təcrübəni artıra bilərsən. Parlamentə gələn adam hazırlıqlı olmalıdır. O gənclər hardadır? Bəzi gəncləri keçən seçkilərdə seçmişdilər, Yeni Azərbaycan Partiyası namizədliklərini irəli sürmüşdü, dəstək vermişdi. Onlardan neçəsi son 4 il yarımda hansı səviyyədə özünü göstərdi? Ona görə bəzən “gəncləşdirilməlidir” deyəndə, bu barədə də düşünmək lazımdır. Məsələn, gedib hansısa xarici ölkədə təhsil almaq, ingilis, rus dilini bilmək, yazıb-oxumağı bacarmaq hələ o demək deyil ki, həmin şəxs mütləq deputat seçilməlidir. Deputat olmaq üçün dil bilmək bəlkə də axırıncı şərtdir.
Deputat seçilmək üçün məntiqi təfəkkürün olmalıdır. Hadisələrə arqumentləşdirilmiş formada münasibət bildirməyi bacarmalısan, müzakirə olunan məsələlərlə bağlı biliyin olmalıdır, dünya praktikasını öyrənməlisən, öz üzərində işləməlisən, zəhmət çəkməlisən. İndi hamı ucdantutma deyir ki, deputat olmaq istəyirəm.
Mən öz fəaliyyətimə istinad edib deyirəm: hərdən həyat yoldaşım otağıma gəlib deyir ki, bəlkə də universitetdə bu qədər oxumamısan.
Mən hər iclasa hazırlaşıram. Millət vəkili seçiləndən sonra ciddi şəkildə ingilis dilini öyrənmişəm. Ona görə ki, bu, beynəlxalq təcrübəni öyrənmək üçün lazım idi. Hər bir şeyə hazırlaşmaq lazımdır. Dünyada hər hansı problemin necə çözüldüyünü, bizdə hansı formada təqdim olunduğunu bilməlisən.
Bizdə parlamentin tərkibinin yenilənməsi üçün iki baza var: biri qeyri-hökumət sektorudur, ikincisi Azərbaycan mətbuatıdır. Mətbuatda siyasi cəhətdən çox hazırlıqlı jurnalistlərimiz var. Siyasi jurnalistika elə siyasət deməkdir.
QHT sektorunda isə hüquq və iqtisadi müstəvidə artıq özünü tanıtmış, təsdiqləmiş insanlar var.
Parlamentdə müsbət dəyişiklik o halda özünü göstərəcək ki, sadaladığım sahələrdən adamlar cəlb olunsun. Hakim partiyanın imkanları daha geniş olduğu üçün mətbuatdan və QHT sektorundan yeni namizədlər irəli sürüb parlamenti gücləndirə bilər.
- Neçə illərdir parlamentdə təmsil olunursunuz. Həmkarlarınızın hamısının nəyə qadir olduğunu bilirsiniz. Daha effektli fəaliyyət üçün parlamentin tərkibinin neçə faizinin yenilənməsinə ehtiyac var? Sizcə, bu zaman yaş amili də nəzərə alınmalıdırmı?
- Allah rəhmət eləsin, Əbülfəz Elçibəyin gözəl bir sözü vardı. Onu bir dəfə mənə Əli Kərimliyə münasibətdə söyləmişdi. Dedi ki, insan anadangəlmə istedad sahibi ola bilər, insan zəhmətkeş olub, çox oxuyub çox bilik toplaya bilər, amma bir keyfiyyət var ki, o insana yaşın üstündə gəlir, o da müdriklikdir.
Yəni hər bir dövlət orqanında müdrik və yaşlı insanlara ehtiyac var. Ona görə də, kimin nə deməsindən asılı olmayaraq, parlamentdə də ağsaqqallara, yaşlılara ehtiyac duyulur. Amma ümumən parlamentin hərəkətverici qüvvəsi iqtisadi, hüquqi və siyasi biliklərə yiyələnmiş, beynəlxalq siyasətdən baş çıxaran və bu sahədə təcrübəsi olan insanlardan formalaşdırılmalıdır. Yalnız o halda güclü parlament formalaşdıra bilərik.
Sizin sualınıza cavab olaraq düşünürəm ki, mənim nəzərdə tutduğum parlamenti formalaşdırmaq üçün əksəriyyət dəyişməlidir. Onu da söyləyim ki, hal- hazırda bu, qeyri-realdır.
- Tərkibin dəyişməsində xarici təsir amili də mümkündürmü?
- Əlbəttə, bu, mümkündür. Məncə, növbədənkənar seçkilərin keçirilməsində məqsədlərdən biri də bu amilin təsirini azaltmaq olub.
- Növbədənkənar parlament seçkilərindən sonra növbədənkənar prezident seçkilərinin keçirilməsi də gündəmə gələ bilərmi?
- Bilirsiniz, məşhur bir deyim var, deyirlər ki, siyasətdə “heç vaxt” fikrini işlətməyin. Mən növbədənkənar parlament seçkiləri ilə kiminsə ehtimal etdiyi, yeni növbədənkənar Prezident seçkiləri keçiriləcəyi, arasında ciddi bir əlaqənin olduğunu görmürəm. Bizim Konstitusiyaya görə əgər Azərbaycan Respublikasının Prezidenti istefa verərsə, yaxud öz vəzifələrini icra edə bilməzsə, o zaman səlahiyyətlər Birinci vitse-prezidentə keçəcək. Yəni, hakimiyyətdə varislik məsələsi artıq iki il bundan öncə, 2017-ci ilin fevralında həll olunub. Bilirsiniz ki, ondan əvvəl, hörmətli Mehriban xanım həm də Yeni Azərbaycan Partiyasında sədrin birinci müavin seçilmişdi. Yəni həm hakim partiyada, həm də hakimiyyətdə varislik məsələsi həll olunub, bununla da ölkədə və iqtidarda sabitlik əhəmiyyətli dərəcədə təmin edilib. Bu məsələnin müzakirəsini belə ciddi qəbul etmirəm. Növbəti Prezident seçkiləri, inşallah, 2025-ci ildə keçiriləcək.
- İslahatlardan danışdınız, Azərbaycanda əhalinin ən çox narazı olduğu sahələrdən biri də məhkəmə sistemidir. Prezident bu il aprel ayının 3-də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” ilə bağlı fərman imzalasa da, islahatlar istənilən səviyyədə getmir. Bu ləngimənin səbəbi nə ilə bağlı ola bilər?
- Məhkəmə-hüquq sistemində islahatlarla bağlı müəyyən addımlar atılır. Məsələn, hakimlərin sayının 200 nəfər artırılması çox əhəmiyyətli addım idi. Parlamentdəki çıxışımda demişdim ki, elə hakim var, bir gündə 17 işə baxır. Bu halda, sadəcə, fiziki baxımdan işə səmərəli və keyfiyyətli baxılmasından söhbət gedə bilməz. “Mediasiya haqqında” Qanunun qəbulu, hakimlərin sayının 200 nəfər artırılması, onların əmək haqlarının əhəmiyyətli dərəcədə qaldırılması, mülki işlər üzrə müstəqil ekspertizaların yaradılması müsbət addımlardır.
Amma köklü məsələlərin həlli hələ də qalır. Bunlardan biri odur ki, hakimlər ya 70 yaşa qədər, ya da ömürlük təyin olunmalıdırlar. İntizam məsuliyyətinə cəlb etməklə hakimin vəzifədən kənarlaşdırılmasını biabırçılıq hesab edirəm. Bu halda hakimin müstəqilliyindən söhbət gedə bilməz.
İkincisi, hakimlərin özünüidarə orqanı – Məhkəmə Hüquq Şurasının üzvləri kimlərdir? Deputatlar, vəkil, prokuror, ədliyyə naziri – bu, gülməlidir.
Digər tərəfdən, Konstitusiyamızın 7-ci maddəsinə görə, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyətlərin bölgüsü prinsipi əsasında həyata keçirilir. Hakimin fəaliyyətinə qiymət verən, onu vəzifədə irəli çəkən, cəzalandıran qurumun başında hakimiyyətin başqa bir qanadının nümayəndəsi dayanır. Bilirsiniz, təqribən nəyə oxşayır? Məsələn, bir nazir gəlib Milli Məclisin spikeri olur. Ona görə dəfələrlə demişəm ki, Məhkəmə-Hüquq Şurasının tərkibi yalnız hakimlərdən ibarət olmalıdır. Əlbəttə, iclasa baş prokuror, ədliyyə naziri da dəvət oluna bilərlər. Məsələn, biz NATO Parlament Assambleyasında assosiativ üzv kimi iştirak edirik, bütün məsələlərlə bağlı çıxış etmək, münasibət bildirmək hüququmuz var, ancaq səs vermək hüququmuz yoxdur. Məhkəmə-Hüquq Şurasında da belə olmalıdır, ədliyyə naziri, baş prokuror da söz deməlidir, amma o qurum tam müstəqil olmalıdır.
Bizim məhkəmə sistemində ən biabırçı məqamlardan biri məhkəmə prosesinin uzadılmasıdır. Dəfələrlə məsələ qaldırmışam ki, niyə yuxarı instansiya məhkəməsi məsələyə mahiyyəti üzrə baxmır, bəzən işi aşağı instansiyaya qaytarır?
Komitə iclasında Ali Məhkəmənin üzvünə sual verirəm, “Niyə Ali Məhkəmə işi təzədən Apellyasiya Məhkəməsinə qaytarır?” Bir proses illərlə məhkəmələrdə fırlanır. Deyir ki, biz kassasiya qaydasında işə baxanda mahiyyəti üzrə baxmırıq, qanunlara nə dərəcədə doğru əməl olunması məsələsini araşdırırıq. Deyirəm, axı 1995-ci ildə qəbul etdiyimiz Konstitusiya ilə məhkəmə aktlarının qanunauyğunluğunu yoxlamaq səlahiyyəti müstəsna olaraq Konstitusiya Məhkəməsinə verilib. Ali Məhkəmə bu səlahiyyəti necə götürə bilər? Deməli, qanunlar Konstitusiyaya uyğunlaşdırılmalıdır. Prosessual Məcəllədə yazılmalıdır ki, Ali Məhkəmə işlərə kassasiya qaydasında mahiyyəti üzrə baxır. Vəssəlam, bununla da bu məsələ qurtarır. Yəni, aşağı məhkəmə insatansiyası düz baxmayıbsa, qanunu pozubsa, o biri məhkəmə instansiyası işə düzgün baxmalı və bununla da iş qurtarmalıdır. Üçüncü kassasiya instansiyasında məsələ bitməlidir. Ondan sonra vətəndaş istəsə ya Konstitusiya Məhkəməsinə, ya da Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilər. Amma bizdə necədir?
Vəkillərdən biri mənə deyir ki, istənilən işi 3 il 4 ay uzada bilərəm. Hansısa sahibkarın biznesi mübahisəli məsələdən asılıdırsa, deməli, bu müddətdə iflasa uğrayacaq.
Elementar məsələdir, nə qədər deyirəm, yenə də əməl etmirlər. Üstəlik, əsaslandırıram ki, bunu Konstitusiya tələb edir. Cavab da tapa bilmirlər. Amma yenə dəyişmirlər.
Digər tərəfdən, məsələn, Konstitusiyada yazılıb ki, Ali Məhkəmə işlərə kassasiya qaydasında baxmalıdır. Məcəllədə isə Konstitusiyaya zidd olaraq yazılıb ki, Ali Məhkəmə həm də işlərə əlavə kassasiya qaydasında baxır. Soruşuram: “Axı Konstitusiyada belə şey yoxdur, siz Ali Məhkəmənin səlahiyyətini necə genişləndirirsiniz, növbəti bir məhkəmə instansiyası yaradırsınız?”
Əlavə kassasiya insatansiyası o deməkdir ki, təqdimat, protest və şikayət əsasında işə Ali Məhkəmə Plenumunda baxılır. Bu Konstitusiyaya ziddir və süründürməçiliyə yol açır.
Prosessual qaydada işlərə baxanda 3 hakim qərar qəbul edir. 3 hakimin baxıb qərar qəbul etdiyi işi Ali Məhkəmənin sədri kiminsə şikayəti əsasında bir hakimə verir ki, qərarın düzgün verilib-verilməməsini yoxlasın. Deməli, 3 hakimin qəbul etdiyi qərara başqa bir hakim – o da Ali Məhkəmənin hakimlərindən biridir – baxıb deyir ki, məsələn, səhv qərar verilib. Təzədən həmin məsələni Plenuma çıxarırlar və orada 3 hakimin qərarı bir hakimin təqdimatı əsasında ləğv olunur. Bu, əslində sui-istifadə hallarına imkan verir.
Məhkəmə-hüquq sistemində görüləsi o qədər işlər var ki... Vəkillik institutunun da səlahiyyətləri genişləndirilməlidir.
İstintaq orqanları ilə bağlı dəfələrlə məsələ qaldırmışam. Azərbaycanda, səhv etmirəmsə, 8 dövlət orqanında istintaq idarəsi var. Hüquq pozuntusunu qeydə alan orqan cinayət işinin istintaqını aparmamalıdır. Dövlət əleyhinə olan cinayətlər istisna olmaqla. Niyə? Çünki çalışacaqlar ki, cinayət işi qaldırılıbsa, proses məhkəmə instansiyasına qədər gedib çıxsın. Ona görə də Baş Prokurorluq yanında Dövlət İstintaq Komitəsinin yaradılması barədə müzakirələrə başlamaq lazımdır.
Reyting.az
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə