“Mişel Forstun hesabatı reallığı əks etdirmir”
Tarix: 22-09-2016 17:07 | Bölmə: Müsahibə

Əli Həsənov deyir ki, BMT-nin xüsusi məruzəçisi hazırladığı sənəddə ciddi yanlışlığa yol verib

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov APA-ya müsahibə verib.

Reyting.az həmin müsahibəni təqdim edir:

- Əli müəllim, BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst qurumun Azərbaycanla bağlı hesabatını açıqlayıb. Hesabata münasibətiniz necədir?

– Qeyd etməliyəm ki, Azərbaycan müxtəlif beynəlxalq və xarici qeyri-hökumət təşkilatları ilə daim fəal əməkdaşlıq edir və bu sahədə yaxşı təcrübə toplanılmışdır.

Ayrı-ayrı vaxtlarda onların ölkəmizdə bu və ya digər sahələrlə bağlı hazırladıqları və yaydıqları hesabatlara münasibət də fərqli olmuşdur. Obyektiv, mahiyyət etibarı ilə reallığı əks etdirən hesabatlar həmişə həmin qurumlarla müzakirə edilmiş və nöqsanlar müəyyən olunduğu halda, onların aradan qaldırılması ilə bağlı real addımlar atılmışdır. Lakin Azərbaycan heç vaxt subyektiv mülahizələrdən ibarət, qərəzli və qeyri-ciddi iddialara əsaslanan sənədləri qəbul etməmiş və bu gün də öz prinsipial mövqeyində qalır.

Qeyd edim ki, hər bir beynəlxalq təşkilatın, xüsusilə də BMT kimi ali qurumun hesabatı müstəqil şəkildə hazırlanmalı, balanslı olmalı, dəqiq və yoxlanılmış faktlara əsaslanmalı, istənilən sahə ilə bağlı həm pozitiv, həm də neqativ məqamlar nəzərə alınmalıdır.

Təəssüf ki, cənab Mişel Forstun məruzəsində balans gözlənilməmiş, irəli sürülən iddialar, xüsusilə həbslər, KİV və QHT-lərlə bağlı "faktlar” araşdırılmamış, Azərbaycan hakimiyyətinin mövqeyi öyrənilməmiş və nəzərə alınmamışdır. "Freedom Hause” kimi Azərbaycana qarşı mənfi münasibət bəsləyən xarici QHT-lərin "heabatlarında” əksini tapmış mülahizələr olduğu kimi həmin sənədə köçürülmüşdür.

İnsan hüquqlarından danışarkən, xüsusi məruzəçi həm də Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasını nəzərə almalı və sənədə daxil etməli idi. Lakin təəssüflə qeyd etməliyəm ki, ölkəmiz üçün taleyüklü məsələ hesab edilən qaçqın-köçkün problemi diqqətdən kənarda saxlanılmışdır. Təsadüfi deyil ki, mətbuat konfransında cənab Forst öz mandatını əsas gətirərək, ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi və onun nəticələrinə toxunmayacağını bəyan etmişdir. Bu da onun Azərbaycana qarşı münasibətinin və ermənipərəst mövqeyinin açıq göstəricisidir. Burada söhbət mandatla müəyyən olunmuş səlahiyyətlərdən deyil, Ermənistanın işğalı nəticəsində Azərbaycanda yaranmış humanitar vəziyyətin ümumi duruma mənfi təsirindən gedir ki, bu məqam da beynəlxalq hüquq məsələləri ilə məşğul olan hər bir şəxsin, xüsusilə də BMT-nin məruzəçi missiyasını yerinə yetirən rəsmi nümayəndənin diqqətində olmalıdır.

Düşünürəm ki, cənab Forst Ermənistanla bağlı analoji hesabatında bu ölkədəki vəziyyəti az qala İsveçrə, Almaniya və ya Fransa ilə bir səviyyəyə çatdırmağa cəhd göstərəcəkdir. Ermənistanda insan hüquqlarının total şəkildə pozulması, QHT-lərə təzyiqlər və digər bu kimi məsələlərin o hesabatda əksini tapacağı şübhə doğurur.

Xüsusi məruzəçi bir çox məsələlərdə olduğu kimi, hökumətlə vətəndaş cəmiyyəti sektoru arasında dialoqun olmamasını iddia etməklə ciddi yanlışlığa yol vermişdir. Bunun da əsas səbəbi odur ki, cənab Forst Azərbaycanda yalnız ona lazım olan QHT-lərlə görüşmüşdür. Həmin QHT-lərin hesabatlarında isə adətən hökumətin ardıcıl şəkildə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşlər təşkil etdiyi, onların problemlərini öyrəndiyi və həlli istiqamətində addımlar atdığı barədə informasiyalar gizlədilir.

O ki qaldı QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara dəyişikliklərlə bağlı iradlara, qeyd etməliyəm ki, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində şəffaflığın təmin olunması ilk növbədə BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisinin marağında olmalıdır.

Həbslər məsələsinə gəldikdə, cənab Forstun mülahizələri onu deməyə əsas verir ki, o, cinayətlərin xarakteri və cinayət materialları ilə ümumiyyətlə tanış olmamışdır. Əgər tanış olsaydı, konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuş şəxsin barəsində "internetdəki fikirlərinə görə cinayət işi açılıb” ifadəsini işlətməzdi. Bu, ən azından peşəkarlıq məsələsidir. Həmçinin, cənab Forst maliyyə çətinliyi ilə üzləşən və buna görə də fəaliyyətini dayandıran hər hansı KİV-lə bağlı yaranmış vəziyyətin məsuliyyətini hökumətin üzərinə yıxmazdı. Ümumiyyətlə, həmin hesabatda və xüsusi məruzəçinin məntiqində ziddiyyətlər, qeyri-dəqiqlik, faktların təhrif olunması halları o qədər çoxdur ki, bu, cənab Forstun ekspert kimi səriştəliliyini ciddi şübhə altına qoyur.

Bütün bunlara görə, BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forstun hesabatı Azərbaycan reallığını əks etdirmir, qərəzlidir və sifariş xarakteridir.

– Siz bu hesabatın həm də sifarişli olduğunu qeyd etdiniz. Buna səbəb nədir?

– Bilirsiniz ki, Azərbaycan demokratik, hüquqi dövlətdir, ölkədə bütün məsələlər qanun çərçivəsində tənzimlənir, hakimiyyət bölgüsü qanunverici, icra və məhkəmə hakimiyyətləri arasında tarazlılığı təmin edir. Azərbaycanda söz və məlumat, sərbəst toplaşmaq və digər azadlıqlar təmin olunmuşdur. Yüzlərlə KİV, QHT, onlarla siyasi partiya fəaliyyət göstərir, ictimai-siyasi proseslərdə fəallıqları ilə seçilir, öz mövqelərini açıq şəkildə bəyan edirlər.

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcəkdir. Konstitusiya islahatları son illərdə siyasi, sosial-iqtisadi və hüquqi sahələrdə baş vermiş intensiv yenilikləri əks etdirir. Bu təşəbbüs dövlət idarəçiliyinin təkmilləşməsinə, insan hüquq və azadlıqlarının qorunması üçün daha geniş bazanın yaradılmasına, həyata keçirilən islahatların dərinləşməsinə və səmərəliliyinin təmin olunmasına yönəlmişdir.

Artıq bəzi xarici dairələrin davranışı onu deməyə əsas verir ki, hər dəfə xalqımız üçün mühüm əhəmiyyət kəsb edən hadisələr ərəfəsində fəallaşan və ölkəmizi hədəfə götürən qüvvələr bu dəfə də Azərbaycana xüsusi münasibətlərini büruzə verirlər.Təsadüfi deyil ki, aprelin 20-də Avropa Şurasının Venesiya Komissiyası referendumla bağlı öz qərəzli rəyini açıqladı. Adətən Venesiya Komissiyası tez-tələsik şəkildə hər hansı qanun layihəsinə rəy yazmır və qarşı tərəfin də mövqeyini öyrənir. Ancaq bu dəfə referendum layihəsi ilə bağlı bütün prosedurlar pozulmuş və AŞPA prezidentinin sorğusu əsasında cəmi iki həftə müddətində tələm-tələsik rəy hazırlanaraq yayılmışdır. Bununla da Azərbaycan tərəfi öz mövqeyini bildirmək hüququndan məhrum edilmişdir. Venesiya Komissiyasından dərhal sonra BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi hesabat açıqlayaraq Azərbaycanı hədəfə götürmüş və ola bilsin ki, qarşıdan gələn bir neçə gün ərzində başqa təşkilatlar və məlum xarici QHT şəbəkəsi hansısa bəyanatlar versinlər və hesabatlar açıqlasınlar.

Hesab edirəm ki, bütün bunlar bir mərkəzdən idarə olunan prosesin tərkib hissəsidir və referendumla bağlı Azərbaycan hakimiyyətinin siyasi mövqeyinə, xalqın iradəsinə təsir göstərmək məqsədi daşıyan sifarişli kampaniyadır. Düşünmürəm ki, bu cəhdlər hansısa səmərə versin.

Azərbaycan hakimiyyəti xalqın maraqlarından çıxış edir, onun qarşısında məsuliyyət daşıyır və öz siyasətini davamlı inkişaf, sosial rifah, dövlətçiliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, problemlərin milli maraqlar çərçivəsində həlli və digər bu kimi meyarlar üzərində qurur. Azərbaycan xalqı da Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti hərtərəfli dəstəkləyir və öz liderinin arxasınca gedir. Buna görə də Azərbaycanı düzgün inkişaf yolundan çəkindirməyə hesablanmış bütün cəhdlər iflasa məhkumdur.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər