Politoloq: “Zəngəzur dəhlizində Rusiyanın da marağı var” - Müsahibə
Tarix: 09-01-2021 17:58 | Bölmə: Müsahibə
Politoloq: “Zəngəzur dəhlizində Rusiyanın da marağı var”

Oqtay Qasımov: “Azərbaycan, Türkiyə və Rusiya birmənalı olaraq Mehri dəhlizinin açılmasında maraqlıdır”

Son günlər Türkiyədən Azərbaycana hərbi təyyarələrin tez-tez uçuşu cəmiyyətdə müxtəlif cür yozulur. Bəzi mətbu orqanlar, xüsusən də xarici KİV-lər iddia edirlər ki, Türkiyə Azərbaycanda hərbi baza yaradır. Sonradan Azərbaycan Müdafiə Nazirliyi hərbi baza yaradılması ilə bağlı iddiaları təkzib etsə də, müntəzəm uçuşlar Azərbaycan cəmiyyətində böyük marağa səbəb olub.

Eks-prezident Əbülfəz Elçibəyin köməkçisi işləmiş politoloq Oqtay Qasımov Reyting.az-a müsahibəsində Türkiyənin Azərbaycanda hərbi varlığı üçün legitim əsasların olduğunu xatırladaraq Azərbaycana gələn Türkiyə hərbçilərindən də söz açıb:

- Bəli, belə məlumatlar xüsusilə sosial şəbəkələrdə, bəzi xəbər portallarında yayılıb. Hətta bəziləri daha irəli gedərək fotolar da paylaşır. Bəzi türk mənbələri isə bunu təsdiqləyir.

Amma nəzərə almalıyıq ki, xüsusi və əlahiddə hadisə baş vermir. Əvvəla, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında müqavilə var. Bu müqavilə əsasında hər iki ölkənin silahlı qüvvələri ildə bir neçə dəfə birgə təlimlər keçir, fəaliyyət istiqamətlərini müəyyənləşdirirlər.

Ötən ilin avqust ayında da iki ölkə arasında geniş miqyaslı hərbi təlimlər keçirilib. Ondan sonrakı dövrdə - Vətən müharibəsində Türkiyənin mövqeyi birmənalı olub. Bu fikirləri Türkiyənin Azərbaycanda hərbi varlığı üçün legitim əsasların olduğunu xatırlatmaq üçün qeyd etdim.

Digər tərəfdən, 10 noyabr anlaşmasına görə, Dağlıq Qarabağ ərazisində sülhməramlı prosesə Nəzarət və Müşahidə Mərkəzi yaradılır. Burada bərabər əsaslarla rus və türk hərbçiləri iştirak edəcək.

2020-ci ilin 31 dekabrında Türkiyənin Milli müdafiə naziri Hulusi Akarın rəhbərliyi ilə böyük bir hərbi heyət Azərbaycanda olub, dövlət başçısı və bizim ordu rəhbərliyi ilə görüşlər keçirib, müzakirələr aparıblar. Bundan əvvəlki dövrdə isə Türkiyə prezidenti Ərdoğan başda olmaqla rəsmi şəxslər Türkiyənin münaqişə bölgəsində bütün varlığı ilə iştirak edəcəyini bildirib. Hətta Hulusi Akarın fikri bu məsələdə daha konkret oldu. Bildirdi ki, Türkiyə münaqişə ilə bağlı məsələnin kökündədir, həm sahədə, həm də masada olacaq.

Təxminən bir ay əvvəl Xocavənd (Hadrut) rayonu ərazisində erməni təxribatçılarının müəyyən hərəkətləri oldu, Azərbaycan Ordusu və təhlükəsizlik qüvvələri buna qarşı əməliyyat keçirərək xeyli sayda təxribatçını zərərləşdirdi və əsir götürdü. O zaman Hulisi Akar daha sərt mövqe nümayiş etdirdi. Dedi ki, Azərbaycanın təhlükəsizlik məsələlərində Türkiyənin məsuliyyəti olduğundan bu məsələlər cavabsız qalmayacaq. Bu, əslində o deməkdir ki, iki ölkə arasında hərbi əməkdaşlığın səviyyəsi getdikcə yüksəlir və mən inanıram ki, bu, Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin istəyidir. Buna uyğun olaraq türk hərbçiləri Azərbaycana gəlməyə başlayıb. Onların bura gəlişi stabilləşdirici faktordur. Eyni zamanda həm üçtərəfli bəyanatın, həm də parad zamanı elan olunan əməkdaşlıq formatının işləməsi üçün çox vacib elementdir. Odur ki, belə fəaliyyət normal qarşılanmalıdır. Düşünürəm ki, müşahidə məntəqəsində 36 türk hərbçinin fəaliyyəti ilə bu iş yekunlaşmamalıdır.

- Niyə?

- Çünki Qarabağ ərazisindəki bizim nəzarətimizdən kənar hissədə çoxsaylı erməni hərbi birləşməsi, eləcədə özünü qondarma “DQR ordusu” adlandıran terrorçu qruplaşmalar mövcuddur. Hansı ki onların tərkisilah prosesi həyata keçirilməlidir. Artıq bu iş ciddiyyət qazanır və anlaşmanın əsas şərtlərindən biri də budur. Düşünürəm ki, hazırda rəsmi səviyyədə təsdiqlənməsə də, mətbuatın yaydığı kimi, əgər Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü reallaşacaqsa, yəqin ki, ilk müzakirə ediləcək məsələ bu olacaq.

- Türkiyədən gələn hərbi təyyarələrdə hərbi personallar varsa, onların birbaşa cəbhə bölgəsində yerləşdirilməsi mümkündürmü?

- Bu məlumatlar hələlik rəsmi təsdiqini tapmır, amma mən bunu mümkün sayıram. Azərbaycan və Türkiyə əlaqələri, hərbi əməkdaşlıq haqqında müqavilə bu addımın atılmasına imkan verir. Eləcədə sərhəd bölgələrində Türkiyə hərbçilərinin olmasının önəmi var. Mən təklif edirəm ki, Türkiyə ilə Azərbaycan arasında hərbi ittifaq qurulsun və Türkiyənin hərbi bazalarından biri Qubadlıda yerləşdirilsin.

Düşünürəm ki, bu, çox doğru addım olardı. Həm Qubadlı rayonu yerləşdiyi ərazi baxımdan strateji nöqtədir, həm də bu ərazi keçmiş dövrdə SSRİ-nin hava hücumundan müdafiə qüvvələrinin hərbi bazalarından biri olub. Məncə, Qubadlıda belə bir bazanın yaradılması həm Ermənistanla dövlət sərhədinə, həm İrana yaxınlıq baxımından, həm də Qarabağın bizim nəzarətimizdə olmayan ərazilərə, konkret olaraq Laçın dəhlizinə yaxınlıq baxımından məsləhətdir. Odur ki, bunlar mümkün variantlardır. Açığı, Türkiyə rəsmilərinin açıqlamalarından belə anlayıram ki, türk hərbçilər həm Ağdamda, həm Füzulidə, həm də digər işğaldan azad olunan ərazilərdə yerləşə bilər. Şəxsən mən bunu çox arzulayıram və inanıram ki, Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti də məhz bu cür düşünür və bunu arzu edir.

- Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına dair keçirdiyi toplantıda bir sıra məqamlara diqqət çəkdi. Prezidentin çıxışından belə anlaşıldı ki, real vəziyyətə, qış mövsümünə görə, sülhməramlıların orada humanitar fəaliyyətinə rəsmi Bakı razılıq verib, amma onlar da əndazəni aşmamalıdır. Siz bu açıqlamaları necə qiymətləndirirsiniz?

- Əhəmiyyətli açıqlama idi. Bizim hamımızın içində münaqişə bölgəsində yerləşən sülhməramlı qüvvələrin öz missiyalarından kənar işlərlə məşğul olmasına dair sual yaranmışdı. Hansı ki, bunun sülhməramlı missiyanın fəaliyyət istiqamətlərinə qətiyyən aidiyyəti yoxdur. Prezidentin bu açıqlaması ilə cəmiyyətə mesaj verildi ki, biz, bu məsələləri diqqətdə saxlayırıq, bəzi hallarda müəyyən səbəblərdən bunun üzərindən sükutla keçirik.

Amma prezident həm də o mesajı verdi ki, sülhməramlı qüvvələr Azərbaycanın razılığı olmadan və bizim razılıq vermədiyimiz heç bir funksiyanı həyata keçirə bilməz və Azərbaycan bunu qəbul etməyəcək.

Əslində bu, çox önəmli açıqlama idi. Düşünürəm ki, görüşlərin birində Azərbaycan və Rusiya arasında müzakirə edilən əsas məsələlərdən biri də bu olacaq. Çünki Rusiya tərəfi də rus sülhməramlılara Azərbaycan cəmiyyətində inam və etimadın yaranmasında maraqlı olmalıdır. Əks təqdirdə bu, onların özü üçün də müsbət heç nə vəd etmir. Bu mənada düşünürəm ki, prezidentin açıqlaması olduqca əhəmiyyətli idi. Bu, həm də cəmiyyətdə yaranan narahatlıqları azaltdı.

- Son dövrlər rus mətbuatında anti-Türkiyə, elə Türkiyə KİV-lərində də Rusiyanı tənqid edən hallara rast gəlinir. Necə düşünürsünüz, bu, mətbuatın məsələyə müstəqil yanaşmasından doğur, yoxsa “arxa səhnədə” hansısa oyunlar gedir?

- Hər iki məqam nəzərə alınmalıdır. Türkiyədə mətbuat sərbəstdir, demokratik cəmiyyət var, azad fikri söyləmək problem deyil. Bu tipli məsələlərlə bağlı çıxış edənlərin əksəriyyəti peşəkar mütəxəssislərdir. Digər tərəfdən, təbii ki, türk cəmiyyəti və rəsmi dairələri Rusiyanın Qarabağdakı fəaliyyətini diqqətlə izləyir. Orada sülhməramlı missiyanın bəzi davranışları sözsüz ki, Türkiyədə də suallar və narahatlıqlar yaradır. Bu baxımdan baş verənlər təsadüfi deyil. Mesajlar verilir ki, sizin Qarabağdakı fəaliyyətiniz diqqətlə izlənilir, qeyd edilir və özbaşınalığa imkan verilməyəcək. Yəni tərəflər üzərlərinə hansı öhdəliklər götürübsə, fəaliyyət də o istiqamətdə qurulmalıdır. Kənar fəaliyyətə imkan verilməyəcəyinə işarə edilir.

Rusiya mətbuatında anti-Azərbaycan və anti-Türkiyə isterikası azalsa da, səngiməyib. Bu, həm də ona cavab sayıla bilər.

- Ermənistan Baş naziri Nikol Paşinyan elan edir ki, 10 noyabr sazişində “Mehri dəhlizi” ifadəsi yoxdur. O, əlavə edir ki, Azərbaycanla Naxçıvan arasında kommunikasiyanın açılması daha çox bəyanatın 8-ci maddəsindəki əsirlərin, itkin düşənlərin və cəsədlərin mübadiləsinin effektivliyindən asılı olacaq. Sizcə rəsmi Yerevan nəyi nəzərdə tutur və niyə bu dəhlizlə bağlı öhdəlikdən yayınmağa çalışır?

- Əvvəla, Azərbaycan, Türkiyə və Rusiya birmənalı olaraq Mehri dəhlizinin açılmasında maraqlıdır.

Azərbaycanın marağı odur ki, bizim ölkənin əsas hissəsini Naxçıvanla birləşdirəcək dəhliz yaransın, eləcədə Azərbaycanın Türkiyə ilə faktiki quru sərhədi əldə edilsin, Türkiyəyə yol qısalsın.

Türkiyə üçün bu dəhliz ona görə maraqlıdır ki, həm Azərbaycanla, həm də Azərbaycan üzərindən Orta Asiya ilə əlaqələri sürətlənir, yol qısalır. Xüsusilə ticarət baxımından yükdaşımaların həm sürəti, həm də həcmi artmış olur.

Rusiyanın da Zəngəzur dəhlizində marağı var. Rusiya Qarabağda yerləşəndən sonra bölgədə sabitliyin olmasında maraqlıdır. Rusiya zamanında İranla anlaşaraq İrana məxsus bəzi körfəz limanlarında imtiyaz əldə edib və ora daşınmaların ən qısa yolu Culfa üzərindədir. Elə sovet dövründə də İrana daşımalar əsasən dəmiryolu vasitəsilə Culfa üzərindən həyata keçirilirdi. Yəni Rusiyanın marağına görə, həm Ermənistana yüklərin daşınması üçün bu yol açılmalı, Gümrüdəki hərbi bazasının təchizatı yaxşılaşmalı, həm də İrana daşımalar və İran üzərindən Ərəbistan yarımadası ölkələrinə, eləcədə Hindistan, Pakistan kimi ölkələrlə əlaqələr qurulmalıdır.

Ermənistana gəldikdə, orada hakimiyyət başında olan Paşinyan bu dəhlizin əhəmiyyətini anlayır və bununla bağlı erməni cəmiyyətinə mesajlar verir. Xüsusilə, o, Yeni il bayramı müraciətində bu məsələyə toxunanda maraqlı bir fikir işlətdi. Dedi ki, necə ola bilər, biz buradan qatara əyləşib Moskva və ya Tehrana gedək, yüklərimizi daşıyaq, amma Azərbaycan tərəfi bundan istifadə edə bilməsin?

Bu da onu göstərir ki, Yerevan bu dəhlizin əhəmiyyətini anlayır. Sadəcə, erməni cəmiyyətində mövcud olan əhval-ruhiyyəni nəzərə alaraq “Mehri” adının keçməməsi üçün manevrlər etmək istəyir.

Amma hətta uşağa da məlumdur ki, Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirəcək bircə yol ola bilər və bu da Mehri üzərindəndir. Hansı ki sovet vaxtı orada dəmiryolu və avtomobil xətti mövcud olub. Başqa bir ərazidən Naxçıvanı Azərbaycanla bağlamaq imkanı yoxdur. Odur ki, Paşinyanın açıqlamalarını erməni cəmiyyətini sakitləşdirmək və manevr kimi qiymətləndirmək olar.

Reyting.az




Bölməyə aid digər xəbərlər