Sahibkarlar üçün vergi əməliyyatları dəyişir
Tarix: 09-01-2018 09:51 | Bölmə: Layihə
Sahibkarlar üçün vergi əməliyyatları dəyişir

Hüquqşünas hesab edir ki, E-qaimə inzibatçılıq xərclərinin azaldılmasında və aparılan əməliyyatlarda şəffaflıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır

Ölkədə informasiya və kommunikasiya texnologiyaları (İKT) inkişaf etdikcə vergi və digər sahələr üzrə hesabatlar, kargüzarlıq əməliyyatları internet müstəvisinə transfer etməyə başlayıb. Artıq neçə ildir ki, sahibkarlar, fiziki və hüquqi şəxslər əksər əməliyyatları internet üzərindən həyata keçirirlər.

Məlum olduğu kimi, yanvarın 1-dən bütün vergi ödəyiciləri malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim etməlidir. Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən ƏDV ödəyiciləri və ardıcıl 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər təqdim etdikləri mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri isə 2018-ci il 1 yanvar tarixindən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim etməlidirlər.

Sahibkarlar üçün vergi əməliyyatları dəyişir

Bu barədə “Reytinq”ə açıqlama verən hüquqşünas Mehman Muradlı deyib ki, Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Onun sözlərinə görə, vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmamış şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur: “Beləliklə, yanvarın 1-dən başlayaraq elektron qaimənin bütün vergi ödəyiciləri üzrə tətbiqindən sonra, əlavə dəyər vergisində olduğu kimi, digər vergi növləri üzrə də malların satış dövriyyəsi tam şəkildə elektron qaydada nizamlanacaq və prosesə vergi orqanları tərəfindən nəzarət ediləcək”.

M. Muradli qeyd edib ki, elektron qaimə-fakturalarını vergi ödəyiciləri iki üsulla hazırlaya bilirlər: "Onlayn rejimdə” - vergi ödəyicisi, İnternet Vergi İdarəsinin "e-Qaimə” altbölməsinə daxil olur və "onlayn” rejimdə elektron qaimə-fakturasını tərtib edərək, digər vergi ödəyicisinə təqdim edir.

"Oflayn rejimdə” - vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün hazırlanmış xüsusi proqram təminatını və digər zəruri proqramları "İnternet Vergi İdarəsi”ndən öz kompüterinə yükləyir, qaimə-fakturaları bu proqram vasitəsilə internet istifadə etmədən hazırlayır və həmin faylı proqram vasitəsilə imzalayaraq sistemə yükləyir”.

Qeyd edək ki, bu barədə İnternet Vergi İdarəsində yerləşdirilmiş "Elektron qaimə-fakturanın istifadəçi təlimatı”nda da ətraflı məlumat verilib.

Müsahibimizin sözlərinə görə, E-qaimənin tətbiqinin vergi orqanları və vergi ödəyiciləri üçün bir sıra üstünlükləri var. M.Muradlı hesab edir ki, E-qaimə inzibatçılıq xərclərinin azaldılmasında, məlumat mübadiləsinin çevikliyinin artırılmasında və aparılan əməliyyatlarda şəffaflıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır: “Elektron qaimə-fakturanın tətbiqinin digər üstünlüyü isə mətbəə xərclərinin və vaxt itkisinin azaldılmasıdır. Bu sistemin tətbiqi nəticəsində heç bir mətbəəyə müraciət etmədən və əlavə vaxt itkisinə yol vermədən birbaşa internet vasitəsilə real vaxt rejimində elektron qaimə-fakturanı hazırlayıb malın (işin, xidmətin) alıcısına təqdim etmək mümkündür. Elektron qaimə-faktura sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşdirilməsi prosedurunun sadələşməsinə, operativliyin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına, sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə yaranacaq fikir ayrılıqlarının qarşısının alınmasına və şəffaflığın təmin olunmasına xidmət edir. Sahibkarların bir-birlərinə təqdim etdikləri mallara görə qaimələrin elektron qaydada təqdim olunması vahid elektron baza formalaşdırır və bu, sahibkarlar arasındakı münasibətlərin hüquqi şəkildə tənzimlənməsinə kömək edir”.

Onu da qeyd etmək lazımdır ki, bu mexanizmə keçid elə də asan deyil. Yəni, bu sistemdə işləmək üçün İKT biliklərinə sahib olmaq lazımdır. Amma internet vergi sistemi saytında təlimatla tanış olmaqla bunun öhdəsindən gəlmək mümkündür.

Təlimatda aşağıdakı anlayışlardan istifadə olunur:

• Obyekt – elektron qaimə-faktura göndərilən müəssisə və təşkilatın filialları, alt qurumları (əgər obyekt yoxdursa, həmin xana boş saxlanılır);

• Satıcı - malları (işləri, xidmətləri) satan vergi ödəyicisi;

• Alıcı - malları (işləri, xidmətləri) alan vergi ödəyicisi;

• “Elektron qaimə” altsisemi– “e-Qaimə” və ya “E-qaimə” altsistemi;

• Elektron qaimə-faktura – e-qaimə-faktura;

• EVHF – elektron qaimə-faktura əsasında hazırlanmış elektron vergi hesabfakturası;

• Elektron imza – Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qeydiyyatdan və akkreditasiyadan keçmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilən elektron imza:

• “e-İmza” - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində “Elektron Hökumət” Sertifikat Xidmətləri Mərkəzi tərəfindən “smart kart” və ya ”token” tipli məlumat daşıyıcısında verilən gücləndirilmiş elektron imza vasitəsi;

• “Asan İmza” – Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən ID kart və ya SIM kart tipli məlumat daşıyıcısında verilən gücləndirilmiş elektron imza vasitəsi.


Sayta daxil olduqdan sonra “E-qaimə” altsisteminə daxil olmaq lazımdır. “ASAN İMZA” və ya “e-İMZA” bölmələrinin biri vasitəsilə “E-qaimə” altsisteminə daxil olaraq e-qaimə-fakturaları hazırlayıb imzalayaraq göndərmək mümkündür. Qeyd edək ki, istifadəçi kodu, parol, şifrə ilə sistemə daxil olduqda, e-qaimə-fakturalar üzərində elektron imza tələb edən bütün əməliyyatlardan başqa digər əməliyyatlar etmək mümkündür.

Satıcı vergi ödəyicisi “Yeni qaimə” düyməsi vasitəsilə e-qaimə-fakturanı hazırlayaraq qarşı tərəfə (Alıcıya) təqdim edir. Satıcı tərəfindən göndərilmiş e-qaimə-faktura Alıcı vergi ödəyicisi tərəfindən təsdiq edilməlidir. Əgər həmin e-qaimə-faktura Alıcı vergi ödəyicisi tərəfindən 5 gün ərzində təsdiq edilməzsə, həmin e-qaimə-faktura proqram təminatı tərəfindən avtomatik təsdiqlənir. İş axını zamanı təsdiqləmə və göndərmə əməliyyatları gücləndirilmiş elektron imza (Asan İmza və ya e-İmza) vasitəsilə təsdiqlənir. İstifadəçi (Satıcı) “Kimə” bölməsində VÖEN xanasına Alıcının VÖEN-i daxil edir. Bu zaman ödəyicinin adı və filialları (obyektləri) sistem təfərindən xanalara avtomatik doldurulur.

Təlimatda göstərilir ki, E-qaimə-fakturanın rekvizitləri aşağıdakı qaydada doldurulur:

• Sıra №-si - alıcıya (sifarişçiyə) təqdim olunmuş malların (işlərin, xidmətlərin) sıra sayıdır, proqram tərəfindən nömrələnilir;

• Yola salınmış malların (işlərin, xidmətlərin) adı - təqdim edilmiş malların (işlərin, xidmətlərin) adlarıdır;

• Ölçü vahidi - malların (işlərin, xidmətlərin) ölçü vahididir;

• Miqdarı, həcmi - malların (işlərin, xidmətlərin) ölçü vahidi ilə miqdarıdır (həcmidir);

• Vahidinin buraxılış qiyməti - malların (işlərin, xidmətlərin) müəyyən olunmuş ölçü vahidinin qiymətidir (ƏDV və aksiz nəzərə alınmadan);

• Cəmi - təqdim edilmiş malın (ƏDV-siz və aksizsiz) ümumi dəyəridir;

• Aksiz qrafasının ikinci (“Məbləği, man”) sütununda aksizli mallar üzrə aksizin ümumi məbləği yazılır;

• Təqdim edilmiş malın (işin, xidmətin) dəyəri (ƏDV-siz), man. qrafasının “Cəmi” sütununda təqdim edilmiş malın (işlərin, xidmətlərin) ümumi dəyəri ilə aksiz məbləğinin cəmi göstərilir;

• O cümlədən, ƏDV-yə cəlb edilən sütununda təqdim edilmiş malların (işlərin, xidmətlərin) əlavə dəyər vergisinə cəlb olunan dəyəri qeyd edilir;

• O cümlədən, ƏDV-yə cəlb edilməyən sütununda təqdim edilmiş malların (işlərin, xidmətlərin) qanunvericiliyin müddəalarına əsasən əlavə dəyər vergisinə cəlb olunmayan dəyəri yazılır;

• O cümlədən, ƏDV-yə «0» (sıfır) dərəcə ilə cəlb edilən sütununda təqdim edilmiş malların (işlərin, xidmətlərin) qanunvericiliyin müddəalarına əsasən əlavə dəyər vergisinə «0» (sıfır) dərəcəsi ilə cəlb edilən dəyəri göstərilir;

• Vergi tutulan əməliyyatdan ödənilməli olan ƏDV, man. sütununda göstərilən məbləğ, eyni bir sətir üzrə “ƏDV-ə cəlb edilən” sütununda göstərilən ədədin, ƏDV-nin qanunvericiliklə müəyyən edilmiş dərəcəsinə vurulmaqla hesablanır;

• Təqdim edilmiş mallar (işlər, xidmətlər) üçün məbləğ, man. sütununda göstərilən məbləğ, eyni bir sətir üzrə “Təqdim edilmiş malın (işin, xidmətin) dəyəri (ƏDVsiz)” “Cəmi” sütunu ilə, “Vergi tutulan əməliyyatdan ödənilməli olan ƏDV məbləği, man.” sütununda göstərilən məbləğlərin cəminə bərabər olmalıdır;

• Yol vergisinin məbləği, man (öhdəliyi olan vergi ödəyiciləri üçündür, əks halda “0” yazılır);

• Yekun bölməsindəki məlumatlar qaimənın müvafiq məlumat sətirlərindəki məlumatların yekunudur.


Onu da nəzərə çatdıraq ki, Satıcı vergi ödəyicisi göndərdiyi istənilən e-qaimə-fakturanı ləğv edə bilər. Bunun üçün o, “Göndərdiklərim” qovluğundakı ləğv etmək istədiyi e-qaimə- fakturanın seçir. Sonra “Seçilmişləri ləğv et” düyməsini sıxır və əməliyyatı təsdiqləmək üçün ləğvetmə səbəbini daxil edir. Sonda əməliyyat, gücləndirilmiş elektron imza vasitəsilə (Asan İmza və ya e-imza) təsdiqlənir. Nəticədə, e-qaimə-faktura ləğv edilir, onun vəziyyəti həm Satıcı, həm də Alıcı tərəfdə (onun “Gələnlər” qovluğunda) “Ləğv edilib” kimi əks olunur. Satıcı vergi ödəyicisi göndərdiyi təsdiqlənməmiş e-qaimə-fakturanı silə bilər. Bunun üçün o, “Göndərdiklərim” qovluğundakı silmək istədiyi e-qaimə-fakturanın seçir. Sonra “Sil” düyməsini sıxır. Nəticədə, e-qaimə-faktura silinir.

Digər vacib məqama da toxunaq. E-qaimə-fakturanın dəqiqləşdirilməsi o zaman həyata keçirilir ki, o təqdim edildikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsinə əsas verən hallar üzə çıxsın. Başqa sözlə, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən əməliyyat qismən ləğv edildikdə, o cümlədən mal qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlər aşağı düşdükdə və s. hallarda qiymətləndirmə bazasında dəyişikliyın baş verdiyi hesabat dövründə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirilmiş e-qaimə-faktura hazırlamaq üçün aşağıdakı pəncərədə “Qaimənin tipi“ bölməsində Dəqiqləşdirilmiş sözünü qeyd etmək və dəqiqləşdirilən e-qaimə-fakturanın seriya və nömrəsini daxil edib Axtar düyməsini basmaq lazımdır. Bu zaman qaimə üzrə məlumatlar ekrana çıxacaqdır. Müvafiq düzəlişlər edilərək təsdiqləndikdən sonra e-qaimə-fakturaya yeni seriya və nömrə verilir. Satıcı tərəfindən göndərilmiş dəqiqləşdirilmiş e-qaimə-faktura Alıcı tərəfindən təsdiq edilməlidir. İş axını zamanı təsdiqləmə və göndərmə əməliyyatları gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir. Əgər həmin e-qaimə-faktura Alıcı tərəfindən ayın sonuna kimi təsdiq edilməzsə, həmin e-qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır.

Vergi ödəyicisi e-qaimə-fakturasını tərtib etmək üçün eFP-nin (“Elektron Faktura Tərtibatı Proqramı”nın) sonuncu versiyasını və digər zəruri proqramları İnternet Vergi İdarəsinin “e-Qaimə-faktura” bölməsinin “Lazımlı proqramlar” altbölməsindən öz kompüterinə yükləyir, tələb olunan qaimə-fakturaları bu proqram vasitəsilə internetdən istifadə etmədən hazırlayır və paketləyir. Sonra İnternet Vergi İdarəsinin elektron xidmətlər bölməsindən “e-Qaimə” altbölməsini seçib sistemə daxil olur və hazırladığı paketi faylı “Paket hazırla” düyməsi vasitəsilə sistemə yükləyir. Yükləmə zamanı sistem tərəfindən elektron qaimə-fakturalara unikal seriya və nömrələr verilir və onlar “Qaralama” qovluğuna düşür. Burada həmin elektron qaimə- fakturalar üzərində istifadəçi tərəfindən müvafiq əməliyyatlar aparıla bilər. Sonda isə elektron qaimə-fakturalar tək-tək və ya dəst şəklində onlayn rejimdə imzalanaraq göndərilir.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}