23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Deputat: “Parlament həqiqətən siyasi döyüş meydanıdır” - Müsahibə
Tarix: 01-09-2018 11:18 | Bölmə: Müsahibə
Deputat: “Parlament həqiqətən siyasi döyüş meydanıdır”

Aydın Mirzəzadə: “Parlamentdə 15-ə qədər müxalifətçi deputat var. Onlar demək olar ki, bütün məsələlərdə iqtidar siyasətinə alternativlik göstərirlər”

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Siyasi Şura üzvü Aydın Mirzəzadə iddia edir ki, tezliklə Bakı şəhərinə icra başçısı təyinatı reallaşacaq. A. Mirzəzadə müsahibəsində Gəncə şəhərinə icra başçısı təyinatına da toxunub.

Reyting.az saytı A. Mirzəzadənin Moderator.az-a verdiyi müsahibəni təqdim edir:

- Gəncənin yeni təyin olunmuş icra başçısıyla bağlı fikirlərinizi bilmək istəyərdik.

- Gəncənin yeni icra başçısı Niyazi müəllimi mən 4 ilə yaxın müddətdir ki, tanıyıram. Mən Mingəçevir şəhərindən Milli Məclisin deputatıyam. O isə Mingəçevir şəhərinin icra başçısı işləyirdi. Bu müddət ərzində o, özü haqqında çox müsbət fikirlər formalaşdırıb. Mədəni, sakit, təmkinli, insanı dinləməyi bacaran və eyni zamanda kollektivlə işləməyi sevən bir rəhbər kimi özünü tanıda bilib. Hər zaman Mingəçevirin problemləriylə bağlı ciddi addımlar atıb. Onun vaxtında çöl sahili zona daha da abadlaşdırıldı və turistlərin cəlb edilməsi üçün gözəl məkana çevrildi. Onun cənab Prezidentin etimadını doğrultduğunu düşünürəm. Heç bir şübhə yoxdur ki, o, qısa zamanda gəncəlilərin sevgisini qazana biləcək. Niyazi Bayramov, müasir Azərbaycanın yetişdirdiyi çox uğurlu idarəetmə menecerlərindən biridir və ona gələcək fəaliyyətində uğurlar arzu edirəm.

- Paytaxt Bakıda isə merin yeri boşdur, deyəsən, burada dediyiniz o uğurlu idarəetmə meneceri tapılmır...

- Bəli, bir müddətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı vəzifəsi boşdur. Mənə elə gəlir ki, çox da uzaq olmayan bir vaxtda yeni başçının təyinatı baş tutacaq.

Cənab Prezidentin təyinatları həmişə uğurlu olur. Cənab Prezident etimadı doğruldan, yeni ideyalarla yaşayan, vətəndaşlarla sıx təmasda olan, problemlərin həllinə cəsarətlə gedən insanlara üstünlük verir. Yəni bu baxımdan Bakı şəhərinə də icra başçısının təyin olunması uzaq bir dövrə təsadüf etməyəcək.

- Hazırda məzuniyyətdən qayıtmısınız. Təmsil olunduğunuz Mingəçevir şəhərindən şikayətlər daxil olubmu və bu şikayətlər ən çox nələrdən ibarət olur?

- Vətəndaşlarla sıx təmasda, əlaqədəyəm. Mənim mobil nömrəmi Mingəçevirdə bilməyən yoxdur (gülümsəyərək). Ona görə də şərti olaraq demək olar ki, mən hər gün seçicilərimin qəbulunu keçirirəm. Tək Mingəçevirdən deyil, respublikanın digər bölgələrindən də qəbuluma gələnlər olur. Qaldırdıqları məsələlər müxtəlifdir. İşlə təminat, təhsil, eyni zamanda sosial problemlər kimi müraciətlər olur.

Son zamanlar təkliflərlə çıxış edənlər də çoxalıb. Təbii ki, bu məni sevindirir. Hesab edirəm ki, vətəndaşlarımız sosial aktivdirlər. Ən əsası, hesab edirəm ki, deputat üçün vacib olan Milli Məclis qapısının seçiciləri üçün daim açıq olmasıdır.

- Bu günlərdə Almaniya kansleri Azərbaycana səfər etdi. Millət vəkili olaraq səfəri necə qiymətləndirirsiz?

- Həmin dövrdə də Azərbaycandaydım. Deyərdim ki, bu səfəri tarixi hadisə kimi qiymətləndirirəm. Xanım Angela Merkelin Azərbaycana səfəri ilk dəfədir. Baxmayaraq ki, alman şirkətləri Azərbaycanda aktiv fəaliyyət göstərirlər. Eyni zamanda Azərbaycan Avropanın enerji təmainatında aktiv rol oynayır. Əslində xanım Angela Merkel regiona yox, Azərbaycana səfərə gəlmişdi. Ermənistan bu gün nəinki Almaniya, dünya üçün heç bir maraq kəsb etmir. Mən hesab edirəm ki, Ermənistana səfər sadəcə, bir protokol xarakteri daşıyır. Azərbaycan iqtisadiyyatı isə Cənubi Qafqaz iqtisadiyatının 65 faizini təşkil edir. Təsadüfi deyil ki, Almaniya Azərbaycanı özünün ən iri ticarət tərəfdaşı adlandırır. Əlbəttə, xanım Merkelin Azərbaycana səfəri iqtisadi məsələləri ön plana çəkib. Almaniya üçün əsas prioritet iqtisadi məsələlərdir.

- Azərbaycan müxalifətinin fəaliyyətini necə qiymətləndirirsiz?

- Parlamentdə müxalifət təmsil olunur. Burda təxminən 15-ə qədər müxalifətdən olan deputat var. Onlar demək olar ki, bütün məsələlərdə iqtidar siyasətinə alternativlik göstərirlər. Bu baxımdan parlament həqiqətən siyasi döyüş meydanıdır. Hər iclasda biz bunu görə bilərik. Eyni zamanda hər bir ölkədə olduğu kimi, Azərbaycanda da parlamentdənkənar müxalifət olacaq. Qanun çərçivəsində fəaliyyət göstərəni də var və yaxud da qanunları tanımayan radikal çıxış edənlər də var. Bunların fəaliyyəti qarşılarına qoyduqları məqsədə və özlərinin sosial bazasına görədir.

- Sizcə Paşinyan hakimiyyəti Sarkisyan hakimiyyətindən təhlükəlidirmi?

- Paşinyan hələ daxili və xarici siyasət məsələlərində nə qədər qəribə görünsə də, özünün prioritetlərini ortaya qoya bilməyib. Onun müəyyən qədər qərb meyillərini göstərməsi, hələ onun Avropa yönümlü siyasət aparması demək deyil.

Paşinyan, əvvəlki sələfləri kimi, iki stolda oturmağa üstünlük verib. Bir tərəfdən qərbə meylliliyini gösətərir, digər tərəfdən isə Rusiyadan ucuz qaz, təmənnasız silah, dövlət sərhədlərinin qorunmasını və Ermənistanın qeyri-şərtsiz müdafiə olunmasını istəyir. Bunun nə dərəcədə davam edəcəyini demək çətindir. Hələ ki o, öz siyasi rəqiblərini sıradan çıxarmaqla məşğuldur.

Təcrübəsizliyinə görə, Paşinyanın qısa zamanda hakimiyyətdən gedəcəyini fikirləşmək də düzgün deyil. Paşinyan Dağlıq Qarabağ məsələsində hələ konkret bir mövqe ortaya qoymayıb.

- Xəzərin statusuyla bağlı imzalanan müqaviləni necə qiymətləndirirsiz?

- Bu, tək regionun deyil, dünyanın çox ağrılı bir probleminin həlli deməkdir. Bu tip problemlər dünyada kifayət qədərdir və ən maraqlısı budur ki, bu problemlər bir sıra hallarda qanlı hərbi qarşıdurmaya gətirib çıxarır. Problemin mövcud olduğu 27 il ərzində, SSRİ-i dağıldıqdan sonra tərəflər birincisi mehriban qonşuluq münasibətini qoruyub saxladılar. Artıq nəticə var. Ümumən tərəfləri qane edən bir qərar qəbul edilib. Hər bir tərəf özünün daxili sularında balıq tutulması üçün zonaya malikdir. Mən hesab edirəm ki, bu məsələ tamamailə həllini tapıb. Bundan sonrakı məsələlər barəsində isə beştərəfli yox, ikitərəfli qərar veriləcəkdir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}