18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Regionlarda elektron xidmətlərin sayı artır
Tarix: 14-09-2017 15:24 | Bölmə: Layihə
Regionlarda elektron xidmətlərin sayı artır

Telekommunikasiya infrastrukturunun yenilənməsi və inkişafı istiqamətində layihələrə start verilib

İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi, elektron xidmətlərin təkmilləşdirilməsi prosesi paytaxt Bakıda tamamilə yekunlaşıb. Təbii ki, bununla kifayətlənmək mümkün deyil. Bu səbəbdən də İKT resurslarının ölkənin regionlarında da inkişafı prioritet kimi götürülüb.

Hazırda əsas məsələlərdən biri də respublikamızı regionun tranzit informasiya mərkəzinə çevirməkdir. Bu istiqamətdə Regional Data Mərkəzin qurulması bizi sözügedən məqsədin reallaşmasına doğru daha bir addım yaxınlaşdırır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən qurulan Regional Data Mərkəz respublikamızda və bütövlükdə Qafqaz regionunda ilk sertifikatlaşdırılmış mərkəzdir. Artıq test sınaqları uğurla həyata keçirilib və bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

NRYTN regionlarda elektron xidmətlərin genişlənməsi yönündə davamlı tədbirlər həyata keçirir. Nazir Ramin Quluzadə də bütün çıxışlarında bu istiqamətdə tədbirlərin daha da sürətləndirilməsinin vacibliyini vurğulayıb. Onun qənaətincə, hazırda əsas məsələ internetin əhatə dairəsi ilə yanaşı, internetin keyfiyyətinin və sürətinin yüksəldilməsidir:

“Azərbaycan əhalisinin 75 faizindən çoxunun internetə çıxışı var və bu, hazırda yaxşı göstəricidir. Amma geniş istifadəçi kütləsi lazımi keyfiyyətdə internet xidməti ala bilirmi? Təəssüf ki, bu suala birmənalı cavab vermək olmur. Apardığımız monitorinq, texniki audit və istifadəçilər arasında keçirdiyimiz sorğuların təhlili göstərir ki, hələ görüləsi işlər çoxdur. Əslində, bu, fasiləsiz bir prosesdir”.

Nazirin sözlərinə görə, qeyd olunan sahədə inkişaf o qədər sürətlə gedir ki, dünənki texnoloji inkişaf bu gün üçün köhnə sayılır:

“Hazırda ölkənin bütün yaşayış məntəqələrində yüksəksürətli fiber-optik kabel şəbəkəsinin qurulması layihəsi üzərində iş gedir. Bu o deməkdir ki, genişzolaqlı şəbəkə üzərindən keyfiyyətli internet və telekommunikasiya xidmətləri göstəriləcək. Layihənin mahiyyəti hər bir mənzili 100 meqabit saniyə internetlə, IP TV və telefon xidməti ilə təmin etməkdən ibarətdir. Yəni, yeni infrastruktur 3 xidmətin eyni vaxtda yüksək keyfiyyətdə aparılmasına imkan verəcək. Bakı ərazisində artıq layihənin icrasına start verilib. Təbii ki, qarşıdakı əsas vəzifələrdən biri də yaxşı infrastruktur yaratmaqla sağlam rəqabət mühiti formalaşdırmaqdır. Elektron xidmətlərin Azərbaycanın regionlarında istifadəsinin genişləndirilməsinə, sektorun sağlamlaşdırılmasına ehtiyac var. Provayderlərin səmərəli fəaliyyəti üçün münbit şəraitin yaradılması bu layihənin əsas məqsədlərindəndir. İnfrastruktur müasir standartlara cavab verməlidir ki, xidmətin də keyfiyyəti yaxşı olsun”.

Qeyd edək ki, regionlarda elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi Azərbaycan prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Bu səbəbdən də regionlarda görülən işlərə ciddi nəzarət edilir.

Xatırladaq ki, İlham Əliyev sentyabrın 2-də Cəlilabad Telekommunikasiya Qovşağının əsaslı şəkildə yenidən qurulan inzibati və texnoloji binasında yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, dövlət başçısının qəbul etdiyi qərarlar, imzaladığı sənədlər və verdiyi tapşırıqlar İKT sektorunun müasir tələblər səviyyəsinə çatmasına hərtərəfli zəmin yaradıb. Bu inkişaf özünü telekommunikasiya qovşaqlarının binalarının əsaslı şəkildə yenidən qurulmasında, ən müasir avadanlıqla təchiz olunmasında da aydın büruzə verir. Cəlilabadda Telekommunikasiya Qovşağının inzibati və texnoloji binasının əsaslı şəkildə yenidən qurulması bu işlərin coğrafiyasının ölkənin hər yerini əhatə etdiyini göstərir. Son dövrlərdə bu sahədə bir sıra mühüm layihələr icra olunub ki, bunlar da, ilk növbədə, əhaliyə yüksək səviyyədə İKT xidmətləri göstərmək üçün hərtərəfli şərait yaradıb. Bu baxımdan “Şəbəkə” Xidmət mərkəzlərinin də böyük rolu var. “Şəbəkə” müxtəlif xidmətlərin vahid məkanda cəmlənməsinə şərait yaradıb. Bu isə, ilk növbədə, vətəndaşların vaxt itkisini aradan qaldırmağa, onların vahid məkanda bir neçə əməliyyatı yerinə yetirməsinə geniş imkan verir. Bundan başqa, bu xidmət həm də nağdsız ödənişlər üçün əlverişlidir. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə İKT sektorunun inkişafı prioritet sahələrdən biri kimi qəbul edilib və bu istiqamətdə olduqca əhəmiyyətli addımlar atılır.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Cəlilabad Telekommunikasiya Qovşağının inzibati və texnoloji binasında görülən işlər barədə dövlətimizin başçısına məlumat verərkən qeyd olunub ki, sahəsi 1700 kvadratmetrdən çox olan dördmərtəbəli bina əsaslı təmir-tikinti işləri aparılaraq yenidən qurulub. Qovşağın ətrafında geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb. Qovşağın birinci mərtəbəsində “Şəbəkə” Xidmət Mərkəzi də yaradılıb. Nazirliyin qurumları tərəfindən vətəndaşlara göstərilən bütün poçt və telekommunikasiya xidmətləri artıq bir məkanda təqdim ediləcək. “Şəbəkə”nin poçt xidmətləri, bütün növ ödənişlər, telefon çəkilişləri, internetə qoşulma, IMEI qeydiyyat, “Elektron hökumət”, “Elektron imza”, valyuta mübadiləsi, poçtamt xidməti, aviabiletlərin və turpaketlərin satışı və digər bir çox xidmətlər təqdim olunacaq. Ən son texnoloji tələblərə uyğun avadanlıqla təchiz olunan mərkəzdə müasir çeşidləmə otağı da yaradılıb.

Dövlət başçısına mərkəzdəki “Elektron hökumət” ödəmə sistemi barədə də məlumat verilib. Qeyd olunub ki, bu sistem vasitəsilə hazırda kommunal xərclər və digər ödənişlər mümkündür. Mərkəzdəki “Elektron imza” və “Elektron hökumət” portalı ilə bağlı həyata keçirilən yeniliklər barədə də ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, vətəndaşlar mərkəzdən aviabiletlər də əldə edə bilərlər. Burada müvafiq təlimlər keçmiş işçilər həftənin 7 günü saat 9:00-dan 20:00-dək vətəndaşlara xidmət göstərəcəklər. Mərkəzdə könüllülər də fəaliyyət göstərirlər. Gələcəkdə onların bu müəssisədə çalışmaları nəzərdə tutulub.

Qovşaqda fəaliyyət göstərəcək “Elektron hökumət” Təlim-Tədris Mərkəzi də yenidən qurulub və müasir avadanlıqla təchiz edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Təlim-Tədris Mərkəzi əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması və elektron idarəçilik üzrə bacarıqların inkişafı məqsədilə yaradılıb.

Onu da qeyd edək ki, ölkə üzrə 15 regionda 17 mərkəz fəaliyyət göstərir. Onlayn təhsil portalı vasitəsilə bütün regional mərkəzlər üçün real vaxt rejimində distant təlimlər keçirilir.

Prezident İlham Əliyevə respublika üzrə telekommunikasiya qovşaqlarında quraşdırılacaq yeni nəsil avadanlıqlar barədə də məlumat verilərkən bildirilib ki, telekommunikasiya qovşaqlarının bu avadanlıqlarla təchiz edilməsi nəticəsində xidməti ən müasir səviyyəyə çatdırmaq mümkün olacaq. Prezidentin tapşırığına əsasən, regionlarda mövcud telekommunikasiya infrastrukturunun yenilənməsi və inkişafı istiqamətində layihələrə start verilib. İlham Əliyev tərəfindən təsdiq olunan Dövlət Proqramına uyğun olaraq, ölkə əhalisinin genişzolaqlı internetə çıxışının daha da yaxşılaşdırılması üçün aparılan işlər bütün regionları əhatə edəcək.

Mühüm məqamlardan biri də odur ki, nazir Ramin Quluzadə də regionlarda görülən işlər, vətəndaşların problemləri ilə vaxtaşırı maraqlanır. Belə ki, nazir bir müddət öncə maraq Göygöl şəhərində vətəndaşlarla görüşüb. Göygöl, Goranboy, Daşkəsən, Samux, Kəlbəcər, Xocalı rayonlarının, Gəncə və Naftalan şəhərlərinin sakinlərini qəbul edən nazir vətəndaşların telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətlərinə baxıb, təkliflərini dinləyib. Hər bir sakinin probleminə diqqətlə yanaşan R.Quluzadə vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin həlli barədə nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verib.

Görüşdə nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Regionalara səfəri çərçivəsində R.Quluzadə aidiyyəti rayonların Telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb. Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinə fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.

Bundan əlavə, Şəki şəhərində keçirilən vətəndaşlarla görüşdə R.Quluzadə Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya və poçt xidmətləri, bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı müraciətləri dinləyib. Telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələləri əhatə edən vətəndaş müraciətlərinin əksəriyyəti yerində həllini tapıb.

R.Quluzadə səfər çərçivəsində aidiyyəti rayonların telekommunikasiya qovşaqlarının və poçt filiallarının, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.
Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yüksəldilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması, hər bir vətəndaş müraciətinə fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.

Z.MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}