"Samir Şərifov və digərləri iqtisadi cinayətkarlıqla məşğuldur"
Tarix: 23-10-2016 14:29 | Bölmə: Müsahibə


Hafiz Hacıyev: "Məmurlar xalqı üsyana təhrik edir. Ölkədə olduqca təhlükəli vəziyyət yaranıb"

Ölkədə baş verən devalvasiyadan sonra bəzi banklar əmanəti olan vətəndaşlara qarşı haqsızlıqlarını daha da artırıblar. Bu isə ölkə vətəndaşları ilə banklar arasında ciddi narazılığa səbəb olub.

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev "Reytinq" qəzetinə müsahibəsində bu sahəyə məsul olan hökumət nümayəndələrini ittiham edib.

Reyting.az həmin müsahibəni təqdim edir:

- Ölkənin maliyyə-bank sektoruna rəhbərlik edən şəxslər yalnız öz maraqlarını güdürlər. Son dövrlər ölkədə dolların məzənnəsi ilə o qədər oynadılar ki, milli valyutamızı tamamilə nüfuzdan saldılar. Bu prosesdə maliyyə naziri Samir Şərifov, Mərkəzi Bank rəhbəri Elman Rüstəmov və yeni yaradılan Maliyyə BazarlarınaNəzarət Palatasının sədri Rüfət Aslanlı öz oyunlarını qurublar. Əllərdə olan manatı baha qiymətə dolları olanlara satırlar, sonra məzənnəni qaldırıb,onu "ölmüş” pul kimi geri alırlar. Bu yolla camaatı daha da müflisləşdirirlər. Bircə maraqları var - camaatın evindəki son qəpiyi də əlindən almaq. Elə bu səbəbdən də ölkənin maliyyə-bank sektoru çökməkdədir.

- Sizcə, bu sahəyə cavabdeh olan şəxslər nəyə görə məsuliyyət daşıdıqları sektoru bu vəziyyətə salırlar?

- Çünki adamlar ayrı-ayrı dövlətlərin agentura şəbəkəsi ilə əlaqəlidir. Həmin xarici qüvvələr isə Azərbaycanda vəziyyəti gərginləşdirmək istəyirlər. Bunun üçün vəzifədə olan adamları vasitəsiylə belə bir vəziyyət yaradırlar. Onlar da həm ciblərini doldururlar, həm də bağlı olduqları şəbəkələrin sifarişlərini yerinə yetirirlər. Ona görə də təcili sərt addımlar atılmalıdır. Bu məmurların yarısı vəzifədən kənarlaşdırılmalı, yarısı da həbs olunmalıdır. Həm də bu adamların həbsi üçün kifayət qədər əsaslar var.

- Milli Məclisin son toplantısında Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri vətəndaşların yox, bankların tərəfini tutdu. Bunu necə qiymətləndirirsiniz?

- Həmin iclasda deputat Vahid Əhmədov bankların hansı oyunlardan çıxdığını, Maliyyə Nəzarəti Palatasının isə buna qarşı heç bir tədbir görmədiyini faktlarla sadaladı.

Bank rəhbərləri və onların bağlı olduğu yüksək vəzifəli məmurlar bilirlər ki, prezident İlham Əliyev islahatlar aparacaq və bu islahatlar nəticəsində həmin məmurların əksəriyyəti vəzifədən kənarlaşdırılacaq. Ona görə də çalışırlar ki, ölkədə qarışıqlıq yaransın və bildiklərini eləsinlər. Bunun üçün, həmin məmurlar xalqı üsyana təhrik edir. Onların əsas məqsədi prezidentlə xalq arasında dərin uçurum yaratmaqdır. Rəy yaratmaq istəyirlər ki, ölkə idarəolunmaz səviyyəyə çatıb, insanlar çıxılmaz vəziyyətlə üzləşib. Çıxış yolunu ölkəni tərk eləməkdə, intihara əl atmaqda görürlər. Bir sözlə, ölkədə olduqca təhlükəli vəziyyət yaranıb. Əgər prezident təcili tədbirlər görməsə, bunun çox ağır nəticəsi olacaq.

- Həmin məmurlar bu qədər qanunsuz əməllər törədirsə, məsul şəxslər buna niyə seyrçi qalır?

- Prezident heç vaxt istəməz ki, ölkədə belə bir narazılıq olsun. Sadəcə olaraq, məmur təbəqəsi bir-birlərinə bağlı olduqları üçün prezidentə yalan məlumat verirlər.

Millət vəkili Vahid Əhmədov o qədər fakt açıqladı... Amma həmin məmurların heç birinin yoxlanması ilə bağlı hər hansı addım atılmadı. Yəni, məmurlar ölkəni talayır, bir yerdə olduqlarına görə də bir-birlərinin ayaqlarını tapdalamırlar.

Prezident bölgələrə səfərlər edir, fermerlərlə, sahibkarlarla görüşür, onlara dəstək verilməsini tapşırır, amma məmurlar bunun əksinə gedirlər.

Gördüklərimi, bildiklərimi deyirəm, o dəqiqə mənə təzyiqlər başlayır. Amma mən heç bir təzyiqdən qorxmuram. Bu xalqın, bu dövlətin başçısının yolunda bütün təzyiqlərə sinə gərəcəyəm.

- "Beynəlxalq Bank"la bağlı məhkəmədə Cahangir Hacıyev Samir Şərifova qarşı ciddi ittihamlar səsləndirdi...

- (Tələsik) Əgər Cahangir Hacıyev bu qədər ciddi ittiham irəli sürürdüsə, bu istiqamətdə araşdırma aparılmalıydı, amma heç nə olmadı. Bütün bunlar göstərir ki, Samir Şərifov və digərləri iqtisadi cinayətkarlıqla məşğuldur. Elə bir sistem formalaşıb ki, hamısı bir-birinin yanında gözükölgəlidir. Hesab edirəm ki, Respublika Prokurorluğu bu məsələyə reaksiya verməli, araşdırma aparmalı və cinayət əməli olanlar həbs edilməlidir.

- Bir neçə gün öncə Bakıya yağan yağışlardan sonra paytaxt yolları iflic oldu. İnfrastrukturuna milyonlar xərclənən şəhərdə beləbir vəziyyətin yaranması nəyin nəticəsidir?

- Bunlar göstərir ki, infrastruktur layihələrini həyata keçirən hər biri qurum yalnız mənimsəmə ilə məşğul olub. Milyonlarla vəsait xərclənib, amma ölkənin kanalizasiya sistemi yox imiş. Bakıdakı acınacaqlı vəziyyətin yaranmasında əsas təqsirkarlardan biri Hacıbala Abutalıbovdur.

Bakıda yaranmış acınacaqlı vəziyyət çox ciddi məsələdir. Bakıda adi bir yağışın yağmasından sonra şəhərin iflic olması aidiyyatı qurumların vaxtilə ayrılmış vəsaitləri mənimsəməsini göstərir. Düşünürəm ki, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov həbs edilməlidir. Ona görə ki, Bakı şəhərinə birbaşa məsuliyyət daşıyan insan məhz odur. Kanalizasiyalar çəkildiyi zaman nəzarət etməli idi. İndiki şəraitdə maşınların yollarda suyun içində qalması, bəzi məhəllələri suyun basması insanlar arasında böyük narazılıq yaradır. Binəqədidə insanlar ağır vəziyyətdədir, etirazlarını bildirirlər. Bunun özü ölkədə kütləvi narazılığın təzahürüdür.

Ölkədəki infrastrukturların çoxunun taleyi belədir. Dünyanın hər yerində yağış da, qar da yağır, amma heç vaxt Bakı kimi iflic olmur. Fikrimcə, bu məsələ ciddi şəkildə araşdırılmalı və hələ qış gəlməmiş bu şəraitin yaranmasına cavabdeh olan şəxslər cəzalandırılmalıdır. Nə qədər ki, bu cəzasızlıq davam edəcək, həmin məmurlar ölkədə narazılığı daha da artıracaqlar. Ona görə də islahatları sürətləndirib, bu cinayətkar məmurları ya vəzifədən kənarlaşdırmaq, ya da həbs etmək lazımdır.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}