Tarix: 02-03-2017 16:13 | Bölmə: Müsahibə
Professor Abbasqulu Nəcəfzadə problemi müvafiq qurumların diqqətinə çatdırıb, Milli Məclisdə müzakirəyə çıxarılmasına çalışır
Son zamanlar muğam sahəsində yeni qalmaqal yaranıb. Bakılı xanəndələr "Kəsmə şikəstə"nin əvvəlki adını bərpa istəyirlər. Xanəndələr iddia edirlər ki, bu muğamın əvvəlki adı "Bakı şikəstəsi" olsa da, bəzi ifaçılar onu tədris proqramına salanda adını dəyişiblər.
"Kəsmə şikəstə"nin əvvəlki adının bərpasına çalışanlardan biri də Milli Konservatoriyanın müəllimi, professor Abbasqulu Nəcəfzadədir. O, "Reytinq"ə deyib ki, bu işin üzərində uzun zamandır işləyir:
- "Kəsmə şikəstə"nin tarixi adının "Bakı şikəstəsi" olması ilə bağlı əlimizdə xeyli materiallar və faktlar var. Mənbələrimizə istinad edərək çalışırıq ki, muğamın əvvəlki adını bərpa edək.
1925-ci ilə proqram tərtib ediləndə "Bakı" sözü kiminsə xoşuna gəlməyib. Bu sözün əvəzinə "Kəsmə" sözünü əlavə ediblər. O gündən bu günə muğamın adı "Kəsmə şikəstə"dir.
Mən bununla bağlı Türkiyə, İran mətbuatında məqalələrdən istifadə etdim.
Mən də bu il seminar keçirib orada bu muğamın tarixi adının qaytarılması məsələsini qabartdım. Niyə "Qarabağ", "Şirvan" şikəstələrinin adı qalır, amma "Bakı şikəstəsi"nin adı qalmasın?
Bir var ki, bu adda şikəstə olmasın, biri də var ki, əlimizdə fakt və sübutlar ola. Hazırda bununla bağlı hazırlıqlar və müzakirələr aparılır.
Şair Vüqar Əhməd də söz verib ki, məsələni Milli Məclisə çıxardacaq. Vüqar Əhməd deyir ki, bununla bağlı dövlət səviyyəsində də qərar verilə bilər. İctimaiyyətin adından lazımi yerlərə müraciət olunacaq.
- Hansı qurumlara müraciət etmisiniz?
- Mən təbliğat aparmışam. Çünki bunun üçün ictimai rəy olmalıdır.
Vaxti ilə Üzeyir bəy Hacıbəyobun da soyadı ilə bağlı məsələ müzakirə olunurdu. Həmin vaxt mən Milli Məclisə məktub yazdım. Orada bildirdim ki, Üzeyir bəyin soyadı Hacıbəyli olsun və elədə qəbul edildi. Beləbir qərar "Bakı şikəstəsi" ilə bağlı da verilə bilər.
Mən onsuz da bütün proqramlarımda "Bakı şikəstəsi" yazıram. Bununla bağlı kimsə mənə irad tuta bilməz. Dərslik üçün tərtib edilən proqramlarda da "Bakı şikəstəsi" kimi yazılır.
- "Kəsmə şikəstə"nin tarixi adının "Bakı şikəstəsi" olması haqqında xalq artistlərinin, muğam ifaçılarının məlumatı olub. Amma nədənsə onlar bunu "Kəsmə şikəstə" kimi təqdim ediblər...
- Mən bunu xanəndələrlə müzakirə etmişəm.
Xalq artisti Əlibaba Məmmədov deyir ki, "Bakı şikəstəsi" adlı muğamın olmasından xəbəri yoxdur. Düzdür, ola bilsin eşitməyib.
Amma mən ona dedim ki, bu necə ola bilər, rəhmətlik Fatma Mehrəliyeva sağ olanda onun haqqında veriliş çəkilib. Həmin verilişdə Əlibaba Məmmədov da iştirak edib. Roza Tağıyeva mətni oxuyanda deyir ki, "Bakı şikəstəsi" İçərişəhərin divarları arasında yaradılıb. Sonradan bunun adını dəyişib "Kəsmə şikəstə" qoyublar. Bu muğamın ən gözəl ifaçısı isə Fatma xanım olub. Bu gün isə həmin muğama 3-cü ad verilir: "Fatma şikəstəsi".
Mən bunu Əlibaba müəllimə deyəndə, o, belə bir söz eşitmədiyini bildirdi.
Əlibaba Məmmədov Bakılıdır, kim istəməsə də, o, şikəstənin adının bərpasını istəyəcək.
Elə adamlar var, düşünür ki, 70 ildir bu muğam "kəsmə" adı ilə tanınıb, bundan sonra onun adını dəyişmək nəyi həll edəcək? Qoy qalıb. Amma mən istəyirəm ki, hər şey tarixi adı ilə qalsın.
Bu muğamdan Faiq Çələbiyev dissertasiya işi yazıb. Həmin işdə də bütün bunlar yazılıb.
Vüqar Əhməd dedi ki, Bakı ziyalıları adından Milli Məclisə məktub ünvanlayacaq. Faktları da qoyub məktuba müzakirəyə verəcəyik.
Hətta Bəhram Mansurovun da bununla bağlı sübutları var ki, onlar da müzakirəyə veriləcək.
Qocaman sənətkar Exan Müzəffərov da təsdiqləyib ki, "Bakı şikəstəsi" adında muğam olub. İndi görək son qərar neçə veriləcək.
- Bakı kəndlərində muğama münasibət dəyişməyib ki?
- Yox, Bakı kəndləri muğamla nəfəs alır. Muğam Abşeron camaatının mənəvi dünyasıdır. Muğama münasibət heç vaxt pis ola bilməz.
Elə adamlar var ki, kasıbdır, istədiyi xanəndəni toya gətirə bilmir. Amma bu, muğama olan diqqətsizlik deyil. Abşeronlular muğamdan ayrı düşə bilməzlər. Bakı kəndlərində sözə, qəzələ münasibət həmişə yüksək səviyyədə olub. "Bakı şikəstəsi"nə qulaq asanda Abşeron ağayanalığı hiss olunur. Sanki adama laylay çalınır.
Reyting.az
Bölməyə aid digər xəbərlər