Tarix: 19-02-2016 14:51 | Bölmə: Müsahibə
Arif Hacılı: "Azərbaycan hakimiyyəti problemləri həll etməkəvəzinə, repressiyalar vasitəsiylə cəmiyyəti qorxutmaq və prosesləri nəzarətdə saxlamağa çalışır”
Son dövrlər ölkədə yaranan iqtisadi böhran ictimai-siyasi proseslərində gərginləşməsinə səbəb olub. Hələlik ciddi siyasi kataklizmlər müşahidə olunmasa da, qarşıdakı dövrdə vəziyyətin kritikləşəcəyi ehtimal edilir.
Müsavat Partiyasının başqanı Arif Hacılı "Reytinq”ə müsahibəsində təəssüf hissi ilə deyib ki, Azərbaycan hakimiyyətinin həm xarici, həm daxili, həm də iqtisadi siyasəti iflasa uğrayıb:
- Azərbaycan xarici siyasət sahəsində hər hansı uğura nail ola bilməyib. Azərbaycan hazırda sivill dünyadan təcrid olunmuş vəziyyətdədir. Ölkənin avtoritar imici ildən-ilə artmaqdadır.
Qarabağ probleminin həlli istiqamətində də hər hansı irəliləyiş əldə olunmayıb. Azərbaycan hakimiyyətinin apardığı xarici siyasət nəticəsində son on ildə Qarabağ probleminin həlli istqamətində daha əlverişsiz vəziyyət yaranıb.
Ölkədaxili siyasət ona gətirib çıxarıb ki, son illərdə nəinki demokratik cəmiyyət qurulmayıb, əksinə, bir çox demokratik institutlar sıradan çıxarılıb, Azərbaycan cəmiyyətinin dayaqları olmalı olan siyasi, ictimai təşkilatların zəifləməsi üçün resursları əlindən alınıb. Ölkədə vətəndaş cəmiyyəti və hüquqi dövlət qurulması istiqamətində nəinki irəliləyişlər baş verməyib,əksinə, avtoritar idarəçilik sistemi daha da sərtləşib.
- Amma ən böyük problem iqtisadi sahədə yaşandı ki, bu da artıq ölkədə böhran vəziyyəti yaradıb…
- İqtisadi siyasətin iflasa uğramasının əsas göstəricilərindən biri odur ki, dünyada neftin qiymətinin aşağı düşməsindən dərhal sonra böhranı bütün dünyada ən çox hiss edən məhz, Azərbaycan oldu. Bir il ərzində manat dollara nisbətdə iki dəfədən çox ucuzlaşdı. Faktiki olaraq, hazırda ölkə iqtisadiyyatı iflic vəziyyətdədir. Pul-kredit siyasəti iflasa uğrayıb, ölkədə banklar bağlanır, ticarət əlaqələri pozulur, əməkhaqları verilmir, əhalinin həyat səviyyəsi sürətlə aşağı düşür. Bu da ölkədə aparılan iqtisadi siyasətin yanlışlığını təsdiq edir.
Bu illər ərzində ölkəyə daxil olan yüz milyarddan artıq valyutanın hesabına neftdən asılı olmayan iqtisadi infrasruktur qurulmadı, qeyri-neft sektoru inkişaf etdirilmədi, yerli istehsal sahələri yaradılmadı. Bunun da acı nəticələri göz qabağındadır.
- Arif bəy, ağır vəziyyətin yaranmasına baxmayaraq, problemin həlli üçün hakmimiyyət tərəfdən ciddi addımlar atılmır. Vəziyyətin ağırlığını dərk etmək istəmirlər, yoxsa...
- Mən hesab etmirəm ki, Azərbaycan hakimiyyəti nə etmək lazım olduğunu bilmir. Əgər İlham Əliyevin son illər ərzindəki çıxışlarını izləsək, görərik ki, o, daim qeyri-neft sektorunun inkişafından, korrupsiya və rüşvətxorluğa son qoyulmasının vacibliyindən, yerli istehsal sahələrinin yaradılması, regionların inkişafı mövzularından geniş istifadə edib və öz çıxışlarında bu sahələrin inkişafının zəruriliyindən danışıb. Sadəcə olaraq, Azərbaycan hakimiyyətinin bütövlükdə idarəçilik sistemi ilə bağlı seçimi başqadır. Ölkə idarəçiliyi korrupsiyaya, rüşvətxorluğa, iqtisadiyyatın bütün sahələri üzərində monopoliyaya əsaslanır. Təbii ki, belə iqtisadi siyasətin bugünki nəticələri gözlənilən idi. Biz, yürüdülən siyasət dəyişdirilməsə bu gün baş verənlərin qaçılmaz olacağı barədə illər öncə xəbərdarlıq etmişdik.
- Bəs, belə bir şəraitdə siyasi təşkilatların, müxalifətin üzərinə hansı missiya düşür?
- Müsavat Partiyası bu məsələləri daim diqqətdə saxlamağa çalışıb. Uzun illər bundan əvvəl aparılan siyasətin yanlışlığı barədə Azərbaycan cəmiyyətinə mövqeyimizi çatdırmışıq, hakimiyyəti xəbərdar etmişik. Bildirmişik ki, neft gəlirləri azalacaq, neftin qiyməti düşəcək, dünyada neftə olan tələbat azalacaq, ona görə də Azərbaycan iqtisadiyyatını neft gəlirləri asılılığından xilas etmək lazımdır.
Biz eyni zamanda, siyasi islahatlar aparılması tələblərini zaman-zaman irəli sürmüşük. Hesab edirik ki, Azərbaycanda yüzədək siyasi məhbusun olması, demokratik seçkilərin keçirilməməsi, demokratik dövlət quruculuğu istiqamətində ciddi addımların atılmaması dövlətçiliyumizə ağır zərbədir. Bütün bunlar Azərbaycanın daxil olduğu beynəlxalq qutumların prinsipinə ziddir.
Bu cür davranış həm də Azərbaycana iqtisadi cəhətdən ziyan vurur. Təbii ki, yüzədək siyasi məhubusu olan, korrupsiya burulğanında boğulan bir ölkə nə xarici investisiya qoyuluşu üçün, nə də turizm üçün cəlbedici ola bilməz. Bu baxımdan, Azərbaycan hakimiyyətinin apardığı yanlış daxili siyasət nəinki ölkənin siyasi imicinə, eyni zamanda, iqtisadi inkişafına çox böyük əngəllər törədir.
Biz tələblərimizi irəli sürmüşük. Enyi zamanda, bu tələblərin həyata keçirilməsinin mexanizmləri və müddətlərini müəyyən edən "yol xəritəsi” təqdim etmişik. Əgər hakimiyyət bu istiqamətdə hansısa addımlar atmasa, bu tələblərin yerinə yetirilməsinə nail olmaq üçün müxalifətin, o cümlədən Müsavat Partiyasının növbəti addımlar atması zəruri olacaq.
- Son 10-15 ildə indiki qədər iqtisadi çöküş müşahidə olunmamışdı. Görünən odur ki, vəziyyət getdikcə ağırlaşır, amma cəmiyyətdə hazırkı vəziyyətə adekvat reaksiya hiss olunmur. Bu durğunluğu nə ilə əlaqələndirirsiz?
- Sizinlə tamamilə razıyam. Dediklərinizi təsdiq edən əsas sübut ondan ibarətdir ki, qeyd etldiyiniz illər ərzində, Azərbaycanın dövlət büdcəsi neft gəlirləri hesabına daim artımla formalaşıb. İlk dəfədir ki, dövlət büdcəsi əvvəlki ilənisbətən azalır. Əsas məsələ odur ki, büdcə birdən-birəiki dəfədən çox azalıb. Təbii ki, bu da əhalinin yaşayış səviyyəsinə ciddi təsir göstərəcək.
Əminliklə deyirəm ki, Azərbaycan cəmiyyətinin baş verənlərə münasibəti də son aylar xeyli dərəcədə dəyişib və insalar tələblərini daha qətiyyətlə səsləndirməyə başlayıblar. Aydın görünür ki, xalq etirazları yüksələn xətt üzrə davam edəcək.
- Sizcə, etiraz dalğası genişlənən dönəmdə müxalifət həmin etirazların önündə getmək imkanı əldə edə biləcəkmi?
- Azərbaycanda ciddi etiraz dalğası yaranacaqsa, təbii ki, bu prosesi ilk növbədə ölkənin siyasi təşkilatları yönləndirəcək. Müsavat Partiyası respublikanın bütün ərazisində strukturları olan, xalqın etimadını qazanmış bir təşkilatdır. Şübhəsiz ki, ölkədə ciddi etiraz dalğası yaranacağı təqdirdə Müsavat Partiyası bütün məsuliyyəti öz üzərinə götürmək və prosesləri xaosdan yayındıraraq cəmiyyətin maraqlarına uyğun istiqamətləndirmək imkanına malikdir.
- Sizcə, ölkədə etirazlar baş qaldıranda, hazırkı davranışına nəzərən hakimiyyətin reaksiyası necə ola bilər?
- Azərbaycan hakimiyyətinin davranışları bir çox hallarda məntiqsizdir. Hakimiyyət nümayəndələrinin indi ölkədə yaranmış vəziyyət barədə açıqlamaları situasiyaya adekvat deyil. Hətta İlham Əliyev öz çıxışlarında bəzən ölkədə böhranın mahiyyətini təhrif etməyə, böhranın ağır nəticələrinin olmayacağını iddia etməyə çalışır. Bu, yanlış yoldur. Çünki böhranın olmadığını iddia etmək yox, böhrandan az itki ilə çıxmaq yolları barədə düşünmək lazımdır.
Ancaq Azərbaycan hakimiyyəti təəssüf ki, ənənəsinə sadiqdir, problemləri həll etmək əvəzinə, repressiyalar vasitəsiylə cəmiyyəti qorxutmaq və prosesləri nəzarətdə saxlamağa çalışır ki, bu da uğurlu yol deyil və daha kəskin qarşıdurmalara gətirib çıxaracaq. Ancaq düşünürəm ki, yaxın gələcəkdə Azərbaycan hakimiyyəti cəmiyyətin istək və tələbləri ilə hesablaşmağa məcbur olacaq.
- İndiyə kimi cəmiyyətdən olan etirazlara qarşı sərt üslubla yanaşılıb. Necə düşünürsünüz, vəziyyət kritikləşdikcə hakimiyyət "üslub”unu daha da sərtləşdirə bilərmi?
- Müsavat Partiyası olaraq, biz qarşıdurmanın sərtləşməsinin tərəfdarı deyilik. Hesab edirik ki, hakimiyyətin ciddi qarşıdurmalar, kataklizmlər olmadan da vəziyyəti dəyişdirmək, böhrandan ən az itkilərlə çıxmaqla bağlı addımlar atması, islahatlar həyata keçirməsi üçün imkanlar hələ tam itirilməyib.
Ancaq təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan hakimiyəti yalnız çox ciddi təzyiq və hakimiyyətin dəyişməsi təhlükəsi yarandığı məqamda islahatlara hazır olacaq kimi görünür. İslahatların qarşısıalınmaz olduğu zamanı qaçıra biləcəyini düşünmür.
Biz öz təkliflərimizi irəli sürərkən əsasən ona çalışdıq ki, Azərbaycan cəmiyyəti xaosa daxil olmasın və ölkədə tədricən dəyişikliklər baş versin.
Göründüyü kimi, ölkədə istər xarici, istər daxili, istərsə də iqtisadi siyasətlə bağlı yaranan problemlər bugünkü hakimiyyətin davranışları və idarəetmə üsulu ilə bağlıdır. Ona görə də ölkədə ciddi dəyişikliklərin olması üçün ilk növbədə siyasi hakimiyyətin dəyişilməsi zəruridir. Bu yaxınlarda Düşüncə Mərkəzi tərəfindən təqdim olunan "yol xərtiəsi”ndə də məhz, ölkədə hakimiyyətin dinc yolla dəyişdirilməsinin ağrısız yolları ardıcıllıqla göstərilib. Hesab edirəm ki, bu, yalnız Azərbaycan cəmiyyəti, müxalifət düşərgəsi üçün yox, həm də hakimiyyət üçün məqbul yoldur. Ölkədə proseslərin belə davamı cəmiyyətin maraqlarını əks etdirir.
Reyting.az
Bölməyə aid digər xəbərlər