"Tələbələrimin 10 faizi yaradıcılığını dondurub" - Müsahibə
Tarix: 04-04-2017 15:04 | Bölmə: Müsahibə

Mənsum İbrahimov: "Opera və Balet teatrında çox az rol ifa edirəm. Bunun səbəbi..."

Tanınmış muğam ifaçısı, xalq artisti Mənsum İbrahimov bu günlərdə səfərdən qayıdıb. O, BMT-nin binasında beynəlxalq Novruz Günü münasibəti ilə keçirilən konsertdə iştirak edib.

M.İbrahimov "Reytinq"ə müsahibəsində xarici ölkələrdə Azərbaycan muğamına olan maraqdan və ölkəmizdə keçirilən Muğam müsabiqəsinə orada hədsiz marağın olmasından da söhbət açıb:

- Həmin tədbirdə öz "Qarabağ" muğam qurupum - Elçin Həşımov və Elmur ilə çıxış etdim. Konsertdən sonra orada yaşayan azərbaycanlılarla da görüşdük. Onlar Muğam müsabiqəsinin təşkilatçılarına və bizə təşəkkürlərini bildirdilər.

Deyirlər ki, biz hər axşam televizorun qarşısına yığışıb həsrətlə sizi gözləyir, AzTV vasitəsi ilə Muğam müsabiqəsinə baxırıq. Biz artıq Muğam müsabiqəsinin bütün iştirakçılarını tanıyırıq. Çox gözəl bir layihədir, çalışın ki, davamlı olsun.

Onlar Heydər Əliyev Fonduna da təşəkkür etdilər. Hətta bütün ustadlara salam da ünvanladılar.

Eyni zamanda deyirdilər ki, Muğam müsabiqəsində Azərbaycan muğamı daha da inkişaf edir, muğam sənətinə yeni səslər gəlir. Hər dəfə müsabiqə keçirilən ərəfədə fərqli səslər üzə çıxır.

Demək olar ki, Azərbaycanın bütün bölgələrindən burada iştirakçılar var, hamısı da bir-birindən gözəl səslər. Onların səsi hər həftə dəyişir, canlanır, həyəcanları keçir, yaxşı ifalar nümayiş etdirirlər. Bu, muğamla yanaşı Azərbaycan mədəniyyətinin inkişafıdır.

- Müsabiqə neçə ay davam edəcək?

- 4 ay. İyulun 10-na kimi biz efirdə olacayıq.

Müsabiqənin başqa ənənələri də var. Təbii ki, arada bölgələrə də gedəcəyik. Müsabiqə Naxçıvan, Qarabağ bölgəsində canlı yayımlanıb. İndi də bu plan var. Bu, 6-cı Muğam müsabiqəsidir.İnanıram ki, bu say getdikcə artacaq.

Hər müsabiqədə 20 nəfər gənc iştirakçı seçilərək cəmiyyətə təqdim olunub. Biz bu 20 nəfəri 400-500 iştirakçının arasından seçirik. Artıq geridə qoyduğumuz müsabiqənin içərisindən 100 nəfər muğam ifaçısını Azərbaycan xalqına təqdim eləmişik. Təbii, mən deyə bilmərəm ki, onların hamısı oxuyur, bu sənəti davam etdirir. Artıq onların çoxunun fəxri adları var, Opera və Balet teatrında baş rollarda oynayırlar. Bəziləri Azərbaycan televiziyanın solistləridir, dövlət tədbirlərində iştirak edirlər, Azərbaycanı xarici ölkələrdə təmsil edirlər.

Hətta 6-ci Muğam müsabiqəsində 2-ci Muğam müsabiqəsi qaliblərinin tələbələri iştirak edir. Onlar artıq ustadırlar, bəziləri konservatoriyanın müəllimləridir, bəziləri də müxtəlif musiqi ocaqlarında dərs deyirlər.

Xalqımızın bu gün muğama marağı böyükdür. Buna səbəb, həm də müsabiqə gedən ərəfədə maariflənmə işlərinin aparılmasıdır.

- Etiraf edək ki, Sizin cəmiyyətə təqdim etdiyiniz iştirakçıların bəziləri bu sənəti davam etdirmir. Onların muğamdan yayınmasına səbəb nədir?

- Bəziləri var ki, cəmiyyətdə tanınandan sonra "başgicəllənməsi" yaranır. Bunu hamı üçün demək olmaz. Muğam çətin sənət olduğuna görə, əziyyətinə hər kəs dözmür. Bəzən görürsən ki, gənclərimiz çox yüngül qazanc arxasınca qaçmağa meyillənir. Məsələn, muğamı oxuyub, sonra da şou-biznesə keçib. Əslində bu, normal addımdır. Amma bizim cəmiyyətə təqdim etdiyimiz 100 nəfər ifaçınınəksəriyyəti muğam sənətinin davamçılarıdır.

- Necə düşünürsünüz, bəlkə daha çox qazanmaq həvəsi onları muğam sənətindən uzaqlaşdırıb?

- Tənbəllər var. Hansı ki, onlar əziyyətə dözmək istəmirlər. Ümumilikdə isə gözəl ifaçılarımız var. Hansı ki, onlar sənətə xidmət edirlər. Onlar həm də artıq tələbə yetişdirirlər. İfaçı kimi Opera və Balet teatrında və digər sənət ocaqlarında fəaliyyət göstərirlər.

- Müsabiqədə Sizin də tələbələriniz iştirak edib. Onlar fəaliyyətlərini davam etdirir, yoxsa başqa sənət arxasınca gedənlər də var? 

- Mənim də tələbələrimin 100 faizi bu yolda davam gətirə bilməyib. Sənət belə bir şeydir ki, həvəs tələb edir. Əgər həvəs və əziyyətə dözümü yoxdursa, nə eləsək də, mümkün deyil. Mənim tələbələrimin 90 faizi sənətdədir. Bu gün artıq onlar mənim sənət yoldaşlarımdır. Onlar mənimlə bərabər Milli Konservatoriyada dərs deyirlər.

Tələbələrimdən razıyam. Mən muğam sənətindən uzaq düşənlərlə də maraqlanıram. Əslində onlar kənarlaşmayıb, sadəcə olaraq gündəmdə deyillər.

İştirakçılar efirlərdə çıxış edirlər, yeni-yeni mahnılar yazdırırlar. 10 faizi isə tənbəllik edir, yaradıcılıqlarını dondurublar. Onların böyük potensialı var. Mən onları yanıma dəvət edib müzakirə aparıram.

Münsif üzvlərinin hamısı müsabiqə iştirakçıları ilə görüşür. Bizim məqsədimiz Azərbaycan muğamını inkişaf etdirib, yaxşı ifaçıları təbliğ etməkdir. İstəyirik ki, tamaşaçı da baxıb bundan zövq alsın.

- Opera və Balet teatrında rollarınızı ifa edirsiniz?

- Bəli. Amma Opera və Balet teatrında çox az rol ifa edirəm. Demək olar ki, ildə bir dəfə səhnəyə çıxıram. Bunun da səbəbi var - rollarımı gənclərə vermişəm. İstəyirəm ki, bu rolları daha gənclər oyansın, həm də aktyor kimi yetişsinlər.

Bahar RÜSTƏMLİ





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər