Tarix: 04-05-2017 19:13 | Bölmə: Müsahibə
Ayaz Mütəllibov deyir ki, Yeltsinin ətrafındakı "demokratlar” onu hakimiyyətdən uzaqlaşdırmaqla ermənilərin sifarişini yerinə yetiriblər
Azərbaycanın eks-prezident Ayaz Mütəllibov Şuşanın işğalının 25-ci ildönümü ilə bağlı Modern.az saytının suallarını cavablandırıb.
Reyting.az saytı A.Mütəllibovun müsahibəsini təqdim edir:
- Ayaz müəllim, son vaxtlar ailə problemlərinizin olduğu söylənilir. Nə baş verib?
- Yoldaşım əməliyyat olunmuşdu. Qəfildən mədə-bağırsaq problemi ortaya çıxdı. Vaxtında müdaxilə edilməsəydi, pis sonluqla nəticələnə bilərdi. Peşəkar həkimlərimizin köməyi sayəsində həyat yoldaşım sağlamlığına qovuşdu. İndi hər şey yaxşıdır.
- Keçmiş döyüşçü, Qarabağ əlili Qalib Rəhimov saytımıza açıqlamasında deyib ki, 1992-ci ilin 14 mayında Ayaz Mütəllibovun hakimiyyətə gəlməsini Moskva dəstəkləməyib. Səbəb kimi Rəhim Qazıyevin adını çəkib. O zamankı müdafiə naziri ilə münasibətləriniz hansı səviyyədə olub?
- Keçmiş döyüşçünün dedikləri tənqidi yazıdır. 1992-ci ilin 14 mayında bir günlük hakimiyyətə gəldim. Həm xaricdə, həm də daxildə heç kəs məni dəstəkləmədiyindən ölkəni tərk etməli oldum.
Rəhim Qazıyev o zaman öz işini görmüşdü. Yaxşı olar ki, bu barədə özü danışsın. Mayın 14-ü Daşkənddə iclas keçirilməli idi. MDB-nin iclası olacağını və gedə bilməyəcəyimi söylədim. Mən də müdafiə naziri olaraq Rəhim Qazıyevi həmin iclasa göndərdim. Həmin görüşdə Qraçovla, Yeltsinlə görüşmüşdü. Sonra da məni hakimiyyətdən uzaqlaşdırdılar.
- Siz də baş verənləri görüb Bakını tərk etdiniz…
- Bakını könüllü olaraq tərk etdim. Başqa yol qalmırdı. Ya silaha əl atıb müxalifətə qarşı çıxmalı idim, ya da kənara çəkilməli. İkinci yolu seçməli oldum. Yeltsinin ətrafında olan "demokratlar” ermənilərin sifarişini yerinə yetirərək, məni hakimiyyətdən uzaqlaşdırdılar.
- Keçmiş döyüşçü yazır ki, o zamankı daxili işlər naziri Tahir Əliyev və Etibar Məmmədov Şuşanın işğaldan azad olunmasına çalışsalar da, Rəhim Qazıyev buna mane olub. Sizcə, Rəhim Qazıyevin məqsədi nə idi?
- Düzü, Xalq Cəbhəsinin daxilindəki çəkişmələrə rəy verə bilmərəm. Dedikləriniz barədə eşitmişəm, amma təsdiq etməyə ixtiyarım yoxdur. Kimlər ki, o zaman hakimiyyətə gəlməyə can atırdılar, onlar da qalmaqalların mərkəzində qərar tutmuşdular. Qalmaqallı dövr dövlətimizin başına çox böyük bəlalar gətirdi. Təbii ki, sağ olanlar söhbətin nədən getdiyini bilir. Dünyasını dəyişənlər də bilməmiş gediblər.
- Şuşanın işğalının əsas məqsədini gizlətmək üçün İranda atəşkəs elan olunacaq deyə, Azərbaycan və Ermənistan rəhbərləri İrana dəvət olunmuşdular. Deyilənə görə, bu, hədəfi yayındırmaq məqsədi daşıyırdı. Şuşanın işğal faktının adını İranla bağlamaqda məqsəd nə idi?
- Bunu dəqiq deyə bilmərəm. Ancaq bir dəfə İranda olmuşam.
- İranda prezident Əli Əkbər Haşimi Rəfsəncani ilə görüşünüzün məqsədi nədən ibarət idi?
- Görüş 1991-ci il baş tutub. Həmin görüşdə Yaqub Məmmədov (Milli Məclisin keçmiş sədri) da iştirak edirdi. İranda İslam ölkələrinin iqtisadi müşavirəsində iştirak edirdim. Düzü, Şuşanın işğal faktının adını İranla bağlanmasını düşünülmüş hesab etmirəm. Həmçinin, İrana səfərim iqtisadi iclasla bağlı olub. Məni də dəvət etmişdilər.
- Rəfsəncani ilə görüşən zaman Xocalı faciəsinin törədiləcəyi, ardınca Şuşa və Laçının işğala məruz qalacağı barədə hər hansı bilgilər əldə etmişdinizmi?
- Rəfsəncani ilə görüşdə Qarabağ məsələsini gündəmə gətirdim. Çünki 1991-ci ildə də Xocalıda vəziyyət gərgin idi. Fürsətdən istifadə edib dedim ki, Bakıdan xəbər verirlər ki, Xocalıda vəziyyət gərginləşib. Bizə necə kömək edə bilərsiniz? O da dedi ki, rəsmi şəkildə kömək edə bilməzlər. Amma könüllü dəstələr göndərə bilərlər.
- Səhv etmirəmsə, İrandan Azərbaycana heç bir könüllü dəstə gəlmədi...
- Mənim vaxtımda olmadı. Amma Rəfsəncani dedi ki, xarici işlər naziri Əli Əkbər Vilayətiyə tapşırıq verib. O, məsələnin siyasi yolla yoluna qoyulmasına şərait yarada bilər.
- Keçmiş döyüşçü deyir ki, Şuşada baş verən hadisələri Moskvanın sifarişi ilə general Şahin Musayev idarə edirdi. Bu barədə nə deyə bilərsiz?
- Şahin Musayevi xatırlayıram. Həmin dövrlərdə onun fəaliyyəti kölgəli idi. Sonralar Azərbaycanı tərk etmişdi. Başqa nəsə demək istəmirəm.
- Sizin Azərbaycanı tərk etməyiniz birmənalı qarşılanmamışdı. Niyə tərk etmək barədə qəfil qərar verdiniz?
- Həmin vaxt Bakını tərk etməsəydim, həyatıma qarşı hər şey ola bilərdi. Azərbaycanda qalsaydım, baş verən bütün hadisələri mənim adımla bağlayacaqdılar. Qan tökmədən könüllü şəkildə kənara çəkildim. Burada söhbət həm də ailə vəziyyətimdən gedirdi. Hər an təhlükə vardı. Deyirlər ki, Ayaz Mütəllibov çamadanını da götürüb gedib. Halbuki, Moskvaya portfellə getmişdim.
- Ailə vəziyyətinizin təhlükədə olduğunu dediniz. Onları da özünüzlə apara bildiniz?
- Nə aparmaq. Həmin vaxt evə, bağa zəng etdim. Cavab verən olmadı. Ailəmi tapa bilmədim. Məcbur olub Moskvaya getdim.
- Mayın 14-də bir günlük hakimiyyətə gəldiniz. Bəs Şuşanın işğal ərəfəsində nə işlə məşğul idiz?
- Bağda oturub yazı-pozu işi ilə məşğul idim. Xatirələrimdən ibarət memuar yazırdım. Bəzi qüvvələr vardı ki, 1992-ci ilin 14 mayında mənim hakimiyyətə gəlməyimi istəyirdi. Çünki qanuni prezidentə qarşı zor davranış bəslənilmişdi. Məni hakimiyyətdən devirənlər silahlı yolla dövlət çevrilişi etmişdilər.
- Sizi o vaxtlar "Moskvanın adamı” kimi təqdim edirdilər. Bu, nədən qaynaqlanırdı?
- Bu sözü indi də deyirlər. Necə "Moskvanın adamı” idim ki, Yeltsin (Rusiyanın eks-prezidenti) məni müdafiə etmədi. Xahişimi Moskva qəbul etmədi.
- İstəyiniz nədən ibarət idi ki, Moskva xahişinizə rəy vermirdi?
- Moskvadan heç nə istəmirdim. Sadəcə, Yeltsinə zəng edirdim, o da telefonun dəstəyini götürmürdü.
Bölməyə aid digər xəbərlər