“Ölkəmizdə Moskvanın əlində alət olan böyük şəbəkə var” - Müsahibə
Tarix: 25-05-2017 16:48 | Bölmə: Müsahibə


İsa Qəmbər: "Bu şəbəkə yenə müəyyən oyunlar oynayacaq, artıq ilkin əlamətləri də görünür…”

Müsavat Partiyasının lideri, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər həm gündəmdəki məsələlər, həm də digər aktual məsələlərlə bağlı maraqlı açıqlamalar verib.

Reyting.az saytı Bakupost-a istinadla İ.Qəmbərin müsahibəsini təqdim edir:

- İsa bəy, gündəmin baş mövzusu Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvidir. Sizcə, nə baş verdi ki, Rusiya Azərbaycana qarşı bu addımı atdı?

- Son vaxtlar ictimaiyyətin və medianın diqqətini cəlb edən, regionda və Azərbaycanda baş verən hadisələri təhlil etmək üçün ümumi baxış lazımdır. Ümumi mənzərə ondan ibarətdir ki, ölkə dərin böhran içərisindədir və ciddi dəyişikliklər qaçılmazdır. Güman edirəm ki, bu ilin ikinci yarısı və 2018-ci il dəyişikliklərin ən ehtimal olunan zaman müddətidir.

Soruşduğunuz məsələ də bundan kənarda ola bilməzdi.

Azərbaycan hakimiyyəti bütün dünyada maliyyə resursları axtarır - həm Qərb maliyyə mərkəzlərindən, həm ərəb maliyyə dairələrindən. Və belə bir vaxtda müxtəlif qüvvə mərkəzləri öz mövqelərini ortaya qoymağa çalışırlar.

Təbii ki, bu qüvvə mərkəzlərindən biri kimi Rusiya hakimiyyət dairələrini qeyd etmək lazımdır. Rusiya azərbaycanlıların ən böyük diaspor təşkilatının qeydiyyatını ləğv etməklə mesaj göndərir ki, bizim maraqlarımızı təmin etməlisiniz.

- Rusiyanın Azərbaycanda təmin olunmayan hansı maraqları qalıb ki, indi onları tələb edirlər?

- Azərbaycanda və bir sıra postsovet ölkələrində olan rejimlər Rusiyanın avtoritar idarəçiliyinin, müstəmləkəçilik siyasətinin nəticələridir.

Amma Rusiya sovet dövründə olduğu kimi bu ölkələrdə tam hökmran deyil. Çünki müəyyən həddə qədər həm Rusiya, həm də bu ölkələr Qərblə, beynəlxalq birliklə hesablaşmalı olurlar.

Azərbaycanda Rusiyanın nəzarətində olan və böhrana görə müəyyən mənada Qərblə hesablaşan bir hakimiyyət var. Üstəlik, hakimiyyətdaxili proseslər gedir. Əslinə qalsa, son referendum və I vitse-prezident təyinatı İlham Əliyevin hakimiyyəti istədiyi şəkildə dəyişməsi deməkdir. Burda müəyyən qüvvələr İlham Əliyevə mesaj verirlər ki, hakimiyyətin yeni konfiqurasiyası bizim üçün əvvəlkindən pis olmamalıdır. İdealda əvvəlkindən yaxşı olmalıdır, ən pis halda əvvəlkindən pis olmamalıdır. Bax, belə bir mesaj Rusiyadan və başqa mərkəzlərdən gəlir. Çox təəssüf ki, bu cür ölkələrdə hakimiyyət çox vaxt xalqın iradəsi ilə deyil, kənar qüvvələrin təsiri ilə formalaşır. Önəmli olan odur ki, Azərbaycan xalqı iradəsini ortaya qoyaraq bu tendensiyanın qabağını almalıdır.

- Yəni, fikrinizcə baş verənlər Rusiya-Azərbaycan gərginliyi yox, hakimiyyət-Rusiya qarşıdurmasıdır?

- Azərbaycan hakimiyyəti daxili və xarici siyasətində hər zaman şəxsi maraqlardan, qrup maraqlarından çıxış edir. Ona görə də xarici münasibətlərdə gərginlik də müxtəlif ölkələrlə Azərbaycan arası deyil, həmin ölkələrlə Azərbaycan hakimiyyəti arasında problem şəklində ortaya çıxır.

- Bu sualı ona görə soruşdum ki, siz siyasətçi olmaqla bərabər tanınmış ictimai xadimsiz, ağsaqqalsız. Bəlkə müxalifət-iqtidar münasibətlərini bir kənara qoyub, Rusiya ilə bağlı yaranmış vəziyyətdə ümummilli maraqlar naminə dialoq təklifi irəli sürəsiniz?

- Hələ 2016-cı ildə Azərbaycanda sosial-iqtisadi böhran dərinləşməyə başlayanda Milli Strateji Düşüncə Mərkəzi olaraq bir "Yol xəritəsi” hazırlayıb, "Böhrandan-imkana yol xəritəs” adlanan bu sənədi ictimaiyyətə və eyni zamanda hakimiyyətə təqdim etdik. Həmin "yol xəritə”si ölkəni sosial-iqtisadi böhrandan çıxarıb, düzgün inkişaf magistralına yönəltməklə bağlı konkret təkliflər paketi idi. Eyni zamanda bildirdik ki, təkliflər mütləq biz deyən şəkildə həyata keçməyə bilər. Yəni, istər hakimiyyət, istərsə digər qüvvələr məqsədəuyğun sayardısa "yol xəritəsi”nin müzakirəsinə başlana, müəyyən dəyişikliklər oluna, ümummilli bir sənəd halına gətirib çıxarıla bilərdi, o cümlədən haqqında danışdığınız dialoqun da mövzusu ola bilərdi.

Dialoq üçün mövzu olmalıdır. Dialoq barədə söhbətlər yorucu məşğuliyyətdir, daha doğrusu, bizim sevmədiyimiz məşğuliyyətdir. Ancaq xeyli zaman itirilsə də, bu sənəd aktuallığını itirməyib.

Həmçinin, sonrakı müddətdə də müxtəlif ciddi siyasi mərkəzlər tərəfindən bir neçə təşəbbüslər edilib və heç biri təkliflərimizə zidd olmayıb. Məsələn, bu yaxınlarda Müsavat Partiyasının tədbiri oldu. Tədbirdə seçki sistemini təkmilləşdirmək, islahatlar aparmaq üçün referendum keçirilməsi təklif edildi. Bu təklif də bizim təqdim etdiyimiz "yol xəritəsi”nə nəfəs qazandıran addım idi. Bu baxımdan mövzu aktuallığını saxlayır.

- İsa bəy, necə bilirsiz, Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik səngiyib, yenidən öz axarına düşəcəkmi, yoxsa proses uzun çəkə bilər?

- Əgər tərəflərin münasibətlərindəki gərginliyin bir konkret səbəbi olsaydı, əlbəttə, bunu yoluna qoya bilərdilər. Amma bir neçə problemlər var. 2013-cü ildə "Milyarderlər ittifaqı” adı ilə bir qüvvə meydana çıxmışdı, amma o zaman danışdılar, bazarlaşdılar. İndi isə hər iki ölkədə ciddi sosial-iqtisadi böhran var. Ona görə də bütövlükdə ciddi dəyişikliklər labüddür. Elə Rusiyanın özündə də dəyişikliklər qaçılmazdır.

- Həmin "Milyarderlər ittifaqı”nın 5 il sonra - 2018-ci ildə dirilməsi mümkündürmü?

- Yuxarıdakı suallarınıza cavablarımda bu məsələyə müəyyən işarələr edildi. Fakt budur ki, tərəflər arasında gərginlik var və hər biri öz mövqeyini ortaya qoymağa çalışır. Rusiya azərbaycanlıların diaspora təşkilatını ləğv edir, Azərbaycan tərəfi guya, erməniyə (əslində Rusiyaya) casusluq edən şəbəkənin həbsi ilə ehtiyatlı şəkildə olsa da, düşünürəm ki, Rusiyaya bir cavab vermiş oldu.

- Yeri gəlmişkən, "Milyarderlər ittifaqı”nın müxalifət kartından istifadə etməsi mümkündürmü? Çünki 2013-də bu qurumu Milli Şuraya bağlayırdılar, hətta Müsavat da bu məsələdə bir yaxınlıq gördüyü üçün oradan ayrılmışdı...

- 2013-cü ildə müxtəlif mərkəzlər hakimiyyətlə bazarlıq etmək üçün, eyni zamanda Müsavatın prezident seçkilərində bilavasitə iştirak etməməsi, demokratik qüvvələrin seçkiləri boykot etməsi üçün planlar qururdular. Biz o mərhələdə Azərbaycan üçün ən uyğun, gerçək variantı seçdik və demokratik düşərgənin seçkidə iştirakını təmin etməyə nail olduq.

2018-ci ildə bu manevrlər mümkün olmayacaq. Ancaq Azərbaycanı öz nəzarətində saxlayan Moskvadakı dairələrin 2018-ci ildə hakimiyyətin xalqın nəzarətinə keçməməsi üçün əllərindən gələni edəcəyi gözləniləndir. Əfsus ki, ölkəmizdə Moskvanın əlində alət olan şəbəkə var və kifayət qədər böyükdür. Bu şəbəkə yenə müəyyən oyunlar oynayacaq, artıq ilkin əlamətləri də görünür, qarşıdakı dövrdə isə proses daha da intensivləşəcək. Azərbaycanı sevən ləyaqətli qüvvələr bu təhlükəni görüb qiymətləndirməlidir.

- 2013-cü ildən bu yana işini davam etdirən Milli Şuranın fəaliyyətini necə qiymətləndirirsiz?

- Mənim üçün bu mövzu maraqlı deyil.

- İsa bəy, müxalifət qüvvələri uğursuzluqlarına görə həmişə bir-birini ittiham edib. Hər qrup özündə yox, qarşı tərəfdə günah görüb. Bu proseslərin yekununda - artıq illər də keçib - özünüzdə müəyyən günah görürsüzmü ki, hansısa mərhələdə güzəştə getmək lazım idi?

- Hələ ki, yekundan danışmaq tezdir və mübarizə davam edir. Müsavat tarixi boyunca Azərbaycan xalqının və dövlətinin maraqları naminə mümkün olan-olmayan nə varsa edib, yenə edəcək. O baxımdan digər siyasi qüvvələrlə münasibətlərdə partiyanın yanışlığını görmürəm. Amma fərqli fikirlər ola bilər, kiminsə sualı, qeydi varsa müzakirə edə bilərik.

- 2018-ci il prezident seçkilərində iştirak nə şəkildə olacaq, namizədliyiniz irəli sürəcəksizmi?

Yaşayarıq, görərik. Bayaqkı sualınıza əlavə olaraq deyim ki, 25 illik müstəqillik dönəmində Müsavat Partiyası yalnız bir dəfə prezident seçkilərində öz namizədi ilə iştirak edib, o da 2003-cü ildə. Yəni, aparıcı müxalifət partiyası cəmi bir dəfə öz namizədi ilə çıxış edib. Bundan böyük nə güzəşt ola bilər? Hesab edirəm ki, bu, digər siyasi partiyalara ciddi güzəştdir.

- Gələn seçkidə də güzəşt ola bilərmi?

- Onu zaman göstərər. Söhbət güzəştdən deyil, Azərbaycanın maraqlarına xidmətdən getməlidir. Azərbaycanın maraqları nəyi tələb edirsə ona uyğun addımlar olacaq.

- İsa bəy, gündəmdə olan digər məsələ MTN işi üzrə məhkəmədə agenturanın kod adlarının açılmasıdır. Hətta bir sabiq nazir və bir siyasətçinin Eldar Mahmudovun adamı olması haqda iddialar açıq şəkildə yazıldı. Bu olayların da Rusiyaya bir mesajı ola bilərmi?

- Mən buna əmin deyiləm. Amma versiya kimi qəbul etmək olar. Əslində, bu qalmaqalı hakimiyyətdaxili mübarizənin təzahürü kimi qiymətləndirirəm.

Məhkəmədə müəyyən qapalı proseslər keçirilir və o zaman jurnalistlərin məlumat əldə etmək imkanı olmur. Deməli, həmin məlumatların sızmasını hakimiyyətdə hansısa qrup təşkil edib ki, digər qrupu gözdən salsın. Ümumilikdə, ciddi yenilik görmürəm.

- İddialardan görünür ki, MTN həm də müxalifətçilərə təzyiq edib. Müsavat üzvləri və ya rəhbərliyi haçansa Mahmudov şəbəkəsinin şantajı ilə üzləşibmi?

- İndi konkret bir fakt yada salmaq çətindir. Amma olmamış olmaz. Xatırlayırsınızsa, 2010-cu il parlament seçkilərində bizə efirdə çıxış üçün 4-5 dəqiqə vaxt ayrılmışdı. Mən o zaman İlham Əliyev, Ramiz Mehdiyev və Eldar Mahmudovun adını çəkmişdim. Çoxları təəccübləndilər ki, ilk iki şəxsi başa düşdük, ölkə rəhbərliyidir, bəs Eldar Mahmudov niyə? Yəni, biz o vaxt da bilirdik ki, ölkə daxilində cəmiyyəti, qüvvələri parçalamaqda MTN kifayət qədər önəmli rol oynayır. O baxımdan Mahmudovun adını çəkmişdim.

- İndi Milli Strateji Düşüncə Mərkəzindəki fəaliyyətdən əlavə nə edirsiniz? Oxuculara maraqlıdır ki, Müsavatın eks-başqanı İsa Qəmbər indi nə ilə məşğuldur?

- Siz Milli Strateji Düşüncə Mərkəzinin işini az hesab edirsiz? İş kifayət qədər çoxdur, vaxt çatdırmaq olmur. İdeyalarımız, proyektlərimiz var, resurslarımız isə məhddudur. Yeri gəlmişkən, mayın 26-da Elçibəy hakimiyyətinə həsr olunmuş "Cümhuriyyət: 2-ci cəhd” adlı tədbirimiz olacaq. Elçibəy hakimiyyətində yüksək vəzifə tutmuş şəxslər, tanınmş ictimai-siyasi xadimlər, ciddi ekspertlər tədbirdə iştirak edəcək. Hamıya açıq bir tədbirdir.

Yəni, işləyirik, çalışırıq, ölkə üçün, xalq üçün ən önəmli mövzuları müzakirə edirik, təkliflər, sənədlər hazırlayırıq. Bütün bunlar vaxt, enerji tələb olunan məsələlərdir. Ümumiyyətlə, ciddi araşdırma mərkəzlərinə çox ehtiyac var. Mərkəzlərin əksəriyyətinin adları var, işləri isə məhddudur.

İstisna olaraq Bütöv Azərbaycan Ocaqlarını qeyd edə bilərəm. BAO-da ciddi mövzular müzakirəyə çıxarırlar. Ən qlobal geopolitik məsələlərdən lokal daxili hadisələrə qədər müxtəlif mövzular araşdırılır. Belə mərkəzlər çox azdır. Cəmiyyətin inkişafı üçün bu mərkəzlərinm olması əhəmiyyətlidir və onların sayını, gücünü artırmaq lazımdır.

- Niyə bu mərkəzlər azdır?

- Hər bir sahədə strukturların sayı ilk növbədə tələbatdan asılıdır. Cəmiyyətdə bu mərkəzlərə tələbat yox dərəcəsindədir. İndiyə qədər olan mərkəzlərin tövsiyyələrindən istifadə edilməyib. Çünki hakimiyyət araşdırma mərkəzlərindən qorxur. Siz bəlkə xatırlamazsız, yaşlı nəslin yadındadır, 1995-ci ildə ASAM deyilən təşkilat var idi. Azərbaycan Strateji Araşdırma Mərkəzi üzvlərini o dövrün daxili hərbi toqquşmalarına aid edib tutdular. Ondan sonra ekspertlər də qorxub çəkindilər. Ümumiyyətlə, hakimiyyət cəmiyyətin, vətəndaşın düşünməsini istəmir.

- Hakimiyyətin vətəndaşların düşünməsini istəmədiyini dediniz, yəqin ki, müşahidə edirsiz - ölkə boşalır. Müxalifətçilər də, adi adamlar da ölkədən gedir. Məsələn, siz getməmisiz, yəqin ki getmək şansınız həmişə olub. Bu axının qarşısını necə almaq olar?

- Bir faktı deyim: 1994-cü ildə məhkəmə prosesimiz gedirdi. 1994-cü ilin dekabrın sonunda məhkəmə yekunlaşdı, prokuror bizə 7 il iş tələb etdi. Onda həbsdə deyildik, amma məhkəməmiz gedirdi. Hakim dedi ki, hökmü Yeni ildə verəcək və nəticədə 7 illik həbs tələbilə bizi yeni ili qarşılamağa göndərdi.

Həmin vaxt jurnalistlər məndən soruşdular ki, sizi 7 il həbs təhlükəsi gözləyir, ölkəni tərk etməyi düşünürsüzmü? Dedim ki, siyasətçinin zamanda və məkanda 4 yeri var: hakimiyyət, müxalifət, həbsxana və mühacirət. Mühacirətdən başqa hər üçünə hazıram. İndi də bu sözümə sadiqəm. Bu, özümlə bağlı hissədir.

Ümumən isə haqlısız ki, axın var. Ölkənin perspektivli gəncləri, işləmək istəyən insanları, təşəbbüskar-biznes quracaq insanları gedirlər. Azərbaycan üçün ciddi bir itkidir. Ancaq bunun qarşısını hansısa dahiyanə sözlə almaq mümkün deyil. Yeganə yol ölkədə iqtisadi və siyasi azadlıqları bərqərar etməkdir - iqtisadi imkanlar olanda, iş qurmaq və iş tapmaq mümkün olanda, fərqli düşünənlərin normal fəaliyyəti mümkün olanda kütləvi axın dayanacaq.

- Köhnə siyasətçilərdən - Pənah Hüseyn, Lalə şövkət və başqaları ilə əlaqə saxlayırsızmı?

- Görüşdüklərimiz də var, görüşmədiklərimiz də.

- Qəzetləri, məsələn "Yeni Müsavat”ı oxuyursuzmu?

- Saytları oxuyuram. Elə informasiya varmı ki, saytda olmasın qəzetdə olsun?

- Yəni çap mediasına ehtiyac qalmayıb?

- Bunu indi demək çətindir, amma reallıq var. 2002-ci ildə Yaponiyada böyük qəzetlərdən birinin rəhbəri mənə dedi ki, 10 milyon tirajla çıxırıq. Mən təəccüblə soruşdum ki, 10 milyon? O da utana-utana dedi ki, bəli, keçən il 11 milyon idi, internetə görə 1 milyon azalıb.

Son illərdə Almaniyada olanda isə nüfuzlu qəzetlərdən birinin rəhbəri dedi ki, artıq qəzeti bağlamalı olub, internet imkan vermir. Ümumdünya prosesdir. Azərbaycanda isə bu daha bərbad hal alıb, çünki qəzet satışına imkan verilmir.

- İsa bəy, ümumən – media, partiyalar, QHT-lərin vəziyyəti yaxşı deyil. Kənardan Müsavat Partiyası da əvvəlki kimi görünmür. Çiyinlərinizi yenidən Müsavatın altına verib gücləndirmək zərurəti hiss edirsizmi?

- Yox. Müsavat Partiyası 2014-cü ildə təkcə Azərbaycana deyil, bütün postsovet məkanına nümunə göstərdi. Eyni şəxsin iki dəfədən artıq partiya sədri olması ənənəsinə son qoydu. Müsavatçılar qurultayda azad, ədalətli, şəffaf seçki keçirərək yeni başqan və yeni rəhbərliyi seçdilər. Təbii ki, indi müəyyən çətinliklər var, amma bu ümumi vəziyyətin yaratdığı çətinliklərdir. Mən hesab edirəm ki, yeni rəhbərlik çətin və şərəfli missiyanı ləyaqətlə həyata keçirir, bu rəhbərliyin daha ciddi gələcək uğurlarına inanıram.

- Amma gedişinizdən sonra başqanlığa üç namizəddən ikisi getdi və yanlarındakı adamları da apardılar...

- Hər bir müsavatçının getməsi itkidir. Amma Müsavat ayrı-ayrı şəxsləri itirirsə, həmin şəxslər də Müsavat Partiyasını itirirlər. Hansı itki daha böyükdür? Bunu düşünməyə dəyər. Məncə, heç birimiz Müsavatdan böyük deyilik.

 

 

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər