Müdriklik və sadəlik mücəssiməsi - Firuz Mustafa yazır
Tarix: 26-05-2020 20:29 | Bölmə: Firuz MUSTAFA
Müdriklik və sadəlik mücəssiməsi

(Akademik Firudin Köçərli haqqında düşüncələr)

Bu il böyük alim, görkəmli filosof, tanınmış ictimai xadim akademik Firudin Köçərlinin anadan olmasının 100 illiyi tamam olur.

Tərcümeyi-halından çıxarış:

Akademik Köçərli Firudin Qasım oğlu 1920-ci il 28 dekabr tarixində Gədəbəy rayonunun İsalı kəndində ziyalı ailəsində anadan olmuşdur. Onun atası Qasım Köçəri oğlu öz dövrünün böyük maarif xadimi olmuşdur. 1926-1935-ci illərdə İsalı kənd orta məktəbində təhsil alan gənc Firudin 1936-cı ildə Gəncə Pedoqoji texnikumuna daxil olmuş, 1940-cı ildə oranı bitirərək yenidən doğma kəndinə qayıtmış, orada müəllimlik fəaliyyətinə başlamışdır.

F. Köçərli 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin nəzdindəki fəlsəfə şöbəsinə daxil olmuş, tələbə ikən həmkarlar təşkilatının sədri seçilmişdir. Universiteti fərqlənmə diplomu ilə bitirərək 1950-ci ildən 1953-cü ilə qədər M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında oxumuş və vaxtından əvvəl dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.

F. Köçərli 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universiteinin fəlsəfə kafedrasının dosenti vəzifəsində çalışmışdır. O, 1958-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının fəlsəfə sektorunun rəhbəri olmuş, 1967-ci ildən 1985-ci ilə qədər Fəlsəfə və hüquq inistitutunun direktoru vəzifəsində işləmişdir. Ömrünün son anlarına, yəni 2004-cü ilə qədər bu institutda fəaliyyət göstərmişdir.

F. Köçərli 1966-cı ildə dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi adına layiq görülmüşdür. O, 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1976-cı ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik F. Köçərlinin elmi-tədqiqat fəaliyyəti əsasən Azərbaycanda fəlsəfə və ictimai fikir tarixinin, dialektik və tarixi materializmin, etika və estetika problemlərinin tədqiqinə yönəldilmişdir. Azərbaycanın bir çox elm və mədəniyyət xadimlərinin fəlsəfi baxışlarına dair tədqiqatlar aparmış, həmin tədqiqatlırın nəticələri onun nəşr etdirdiyi kitab və monoqrafiyalarında öz əksini tapmışdır.

Müdriklik və sadəlik mücəssiməsi

F. Köçərlinin apardığı tədqiqatlar Moskvada nəşr olunan “SSRİ-də fəlsəfə tarixi” adlı kitaba daxil edilmişdir.

Firudin Köçərli uzun illər SSRİ Fəlsəfə Cəmiyyəti Azərbaycan bölməsinin sədri olmuşdur. O, Çexoslovakiya, Kanada, Skandinaviya və digər ölkələrdə fəlsəfənin aktual problemləri barədə çıxışlar etmişdir.

Akademik Köçərli 2005-ci il iyunun 3-də dünyasını dəyişib.

**

Adətən, insanın müdrikliyi həm də onun dediyi sözün əhəmiyyəti, çəkisi, qiyməti ilə dəyərləndirilir. "Həm də" deyirəm, ona görə ki, müdriklər təkcə dedikləri yox, həm də demədikləri söz üçün məsuliyyət daşıyırlar. Deməli, müdrik adam həm də susmağı (mənalı susmağı ilə!), lap elə adi təbəssümü ilə (əlbəttə, mənalı təbəssümü ilə!) müdrikdir...

...Dəniz kənarında iri, iti addımlarla hərəkət edən, sanki harasa tələsən ucaboy, xoşsifət, vüqarlı bir adam arabir ayaq saxlayıb tanışları ilə görüşər, hal-əhval tutardı. Kənardan göz qoyan olsaydı, bəlkə də bir az təəccüblənərdi: bayaqdan harasa "tələsən" bu adam onunla görüşənləri səbrlə dinləyər, öz müsahiblərinin bəzən uzanan söhbətlərinə diqqətlə, təmkinlə qulaq asardı.

Mən indi bu sətirləri yazarkən Firudin Köçərlinin ən başlıca məziyyətlərindən birinin, bəlkə də birincisinin, məhz "təmkin" kəlməsi ilə ifadə oluna biləcəyini özümçün bir daha müəyyənləşdirməli oluram.

Mənim həyatımın böyük bir hissəsi Fəlsəfə İnstitutu ilə bağlı olub (adı dəfələrlə dəyişdirilən bu elm ocağı çox vaxt elə bu cür qısa şəkildə formulə olunub). Amma, necə deyərlər, Firudin Köçərli ilə "tanışlığımız"ın tarixi bir xeyli əvvələ gedib çıxır. Məsələ burasındadır ki, Firudin müəllim mənim qohumumdur, atamın yaşıdı və dostu olub. Onlar eyni ildə doğulublar, hər ikisi orta məktəbdə və 30-cu illərin sonlarında Gəncədəki Pedaqoji texnikumda birgə təhsil alıblar.

1945-ci ildə Firudin müəllim Azərbaycan Dövlət Universitetinin tarix fakültəsi nəzdində açılmış fəlsəfə şöbəsinə daxil olmuşdur (atam sonralar ADU-nun filologiya fakültəsini qiyabi yolla bitirib).

Firudin Köçərlinin ulu babası İsa (hazırda kəndimiz babamızın adını daşıyır: İsalı kəndi), habelə babası Köçəri öz dövrünün mütərəqqi insanları olublar. Onun atası Qasım müəllim isə artıq qeyd olunduğu kimi, təkcə yaşadığı bölgədə deyil, bütün Respublikada bir ziyalı-maarifçi kimi tanınmışdır. Görünür, akademik F. Köçərlinin həyatının sonrakı məqamlarında gen yaddaşının da mühum rolu olmuşdur.

Bu gün böyük alimin elmi və təşkilatçılıq fəaliyyəti çoxlarına məlumdur: M. V. Lomonosov adına Moskva Dövlət Universitetində aspirantura, Azərbaycan Dövlət Universitetində müəllimlik, Azərbaycan Milli Elmlər Akademiyasında bölmə rəhbəri, institut direktoru. Və təbii ki, bu illər ərzində onun elmi fəaliyyəti də yüksələn xətlə artmışdır.

Bütün bunlar Firudin müəllimin tərcümeyi-halının, necə deyərlər, "rəsmi", bir növ "texniki" tərəfləridir. Azərbaycan elm ictimaiyyəti F. Köçərlini yorulmaz bir tədqiqatçı kimi tanıyır. Onun Mirzə Fətəli Axundov, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Əli bəy Hüseynzadə, Ömər Faiq Nemanzadə, Cəlil Məmmədquluzadə və digər böyük ədəbi-ictimai-siyasi xadimlərin həyat və fəaliyyətinə həsr olunmuş fundamental tədqiqatları öz əhəmiyyətini bu gün də saxlayır və şübhəsiz ki, bu əsərlər gələcək araşdırıcılar üçün də qiymətli bir mənbə olacaqdır. Ümumiyyətlə, Firudin müəllim üçyüzə yaxın əsərin, iyirmidən çox kitabın və monoqrafiyanın müəllifidir.

Ən maraqlısı budur ki, Firudin Köçərlinin özü bir şəxsiyyət kimi daha çox, uzun illər həyat və yaradıcılığını səbrlə, təmkinlə tədqiq etdiyi "qəhrəmanlarına" – klassik maarifçi və demokratlara daha çox bənzəyir. O da məhz həmin aydınlar kimi daim insanların maariflənməsi, savadlanması, dünyagörüşlərinin formalaşması üçün əlindən gələni əsirgəməmişdir.

Bütün böyük alimlər həm də böyük vətəndaş olurlar. Məhz bu cəhətinə görə də Firudin Köçərli bir çox həmkarlarından fərqlənirdi. O, sözün əsl mənasında, xalqla nəfəs alırdı. Onu həmişə sadə, adi, sıravi adamların əhatəsində görmək olardı. O, təkcə böyük alim deyil, həm də böyük vətəndaş idi. Bu sadə insanı tanıyan və tanımayan insanlar öz problemlərini, dərdlərini ona deməkdən çəkinməzdilər. Akademik Köçərlinin qəbul otağında heç kəsin növbə gözlədiyini görmək olmazdı. Çünki Firudin müəllim "gizli" söhbətləri sevməz, hamıya eyni münasibət göstərər, hamını səbrlə dinləyər, adamlara imkanı daxilində əl tutar, hörmət edər və sonra da bütün müdriklər kimi elədiyi yaxşılığı unudardı...

F. Köçərli bilavasitə əsasını özü qoyduğu və illərlə direktor işlədiyi Fəlsəfə İnstitutunda çox işgüzar, canlı bir atmosfer yaratmağa nail olmuşdu. O, əsl demokrat, humanist, yüksək əxlaqlı bir insan idi. Söz yox ki, onun "yumşaqlığ"ından sui-istifadə etməyə çalışanlar da tapılırdı: bəziləri "sərt" olmadığı üçün onu qınayır, bəziləri də öz "elmi fəaliyyəti"ni intriqalara istiqamətləndirirdi.

Hətta, bəzən bu təvazökar insanla "yüksək ton"da danışmağa, öz evlərindən yığıb gətirdikləri çirkab, əsəb və qəzəbi onun üstünə tökməyə cəhd edənlər də tapılırdı. Belə gərgin situasiyalarda Firudin Köçərlinin dəfələrlə adi bir təbəssümlə, bir zarafatla məlum atmosferi necə dəyişdiyinin çoxları şahidi olub.

Firudin müəllim təkcə dostlarla deyil, ona "düşmənlik" edənlərlə belə ünsiyyətini itirməz, "küsənlər"lə dil tapar, böyüklüyünə məxsus olan sadəliyini saxlayar, bir sözlə, bütün adamlarda, hətta, pislərdə və pisliklərdə belə həmişə işıqlı cəhətlər axtarardı. Kimisə "yıxıb-sürümək", kiminsə "axırına çıxmaq", kiminləsə "amansız mübarizə"yə girişmək Firudin Köçərli xasiyyətinə, xarakterinə yad idi. O, sözün böyük mənasında, sülh, barış, əmniyyət adamı idi.

Firudin müəllimi əsl təvazökarlıq nümunəsi hesab etmək olardı. O, heç vaxt bəzi həmkarları kimi, yeri gəldi- gəlmədi, öz yaradıcılığından "sitat" gətirməz, yazdıqları ilə öyünməzdi. Hətta, (bunu onunla işləyənlərin və onu tanıyanların yəqin ki, əksəriyyəti bilir), ona "filosof' deyəndə belə özünü bir növ narahat hiss edər, "mən filosof yox, fəlsəfə tədqiqatçısıyam, əgər belə demək mümkünsə, fəlsəfəçiyəm" - deyər və bundan sonra "əsl filosofların” adını sadalayardı...

Yeri gəlmişkən deyim ki, (bu, bəlkə də bir az yerinə düşmür) mən Firudin müəllimin institut direktoru işlədiyi müddətdə əməkdaşların hansısa bir şəxsi xahiş üçün onun qapısını açdığımı xatırlamıram. Bu, heç də direktorun "zəhmi" ilə bağlı deyildi (artıq qeyd edildiyi kimi, Firudin müəllim son dərəcə təvazökar və sadə bir insan idi). Məsələ burasındadır ki, Firudin Köçərli institutda elə bir mülayim atmosfer, elə bir isti ab-hava yaratmışdı ki, əməkdaşların kimdənsə şikayət etməyə, kiminsə xahişini etmək məqsədilə onun yanına getməsinə ehtiyacı qalmırdı. Əksinə, başqa institut, başqa idarə və müəssisələrdən onun yanına dəstə-dəstə adamlar məsləhətə, xahişə (bəzən də öz müdirlərindən şikayətə) gəlirdilər. O, hər kəsin xoşməramlı istəyinə işıq tutmağa çalışardı.

Firudin Köçərli Azərbaycan ziyalısı olsa da, onu keçmiş SSRİ-nin elmi-fəlsəfi ictimaiyyəti də yaxşı tanıyırdı. Alimin ölkəmizdən kənarda da yetirmələri az deyildi.

Yadıma bir epizod düşür: 70-ci illərin sonları idi. Azərbaycan Televiziyasında müxtəlif verilişlərdə ssenarist və aparıcı kimi iştirak edirdim. Bir dəfə ölkəmizə gələn xarici tələbə-gənclərlə bağlı veriliş hazırlamaq məqsədilə Mingəçevirə gedəsi oldum.

Dünyanın ən müxtəlif ölkələrinin, eləcə də SSRİ-nin bir çox aparıcı ali təhsil ocaqlarından gəlmiş gənclər Mingəçevirdə dincəlirdilər. Minsk Dövlət Universitetinin tələbələrinə sarışın, gülərüz, orta yaşlı bir qadın rəhbərlik edirdi. Söhbət əsnasında belə məlum oldu ki, o, fəlsəfə kafedrasının əməkdaşıdır və bu yaxınlarda onun çalışdığı kafedrada aspirantlardan birinin müdafiəsində akademik Köçərli iştirak edib.

Həmin aspirantı "vurmaq" istəyirmişlər. Amma Firudin Köçərli gənc tədqiqatçını müdafiə edib, nəticədə "hücumçular" geri çəkiliblər. Qadın ömründə bir dəfə gördüyü Firudin müəllimin maraqlı çıxışı, zəngin erudisiyası, təmənnasız xeyirxahlığı barədə heyran-heyran danışırdı.

Bilmirəm təsadüfdən ya zərurətdəndi - hər nədəndisə, o günün axşamı bizim istirahət etdiyimiz binanın foyesində qoyulmuş televizorda Firudin Köçərlinin çıxışı gedirdi. Mən tez-tələsik həmin belorusiyalı qadını taparaq ekran qarşısına çağırdım.

O, televizorda Firudin Köçərlini görüb uşaq kimi sevinərək şən-şən qışqırdı: "Hə, bu ki, bizim Firudin Qasımoviçdir. Görün bir o, nə gözəl, nə ağıllı adamdır. Onunla fəxr etməyə, öyünməyə dəyər. Çünki o, əsl xeyirxahlıq mücəssəməsidir..."

Doğrudan da o, xeyirxahlıq üçün doğulmuşdu.

Başqa bir epizod: 80-ci illərin əvvəllərində Fəlsəfə İnstitutunda hansısa ümumittifaq miqyaslı tədbir keçirilirdi. Bakıya SSRİ-nin əksər respublikalarından nümayəndələr gəlmişdilər. Qonaqlar o zamankı "Azərbaycan" mehmanxanasında yerləşdirilmişdi. (Həmin vaxt mən aspirant idim).

Firudin müəllimin rəhbərlik etdiyi tədbirin qərargahı da mehmanxanada idi. Qonaqların arasında məşhur akademik Boris Lomov da (psixoloq) vardı. Bizim ali məktəblərin birində işləyən iki nəfər "alim", çəkisi yüzəlli kiloqrama çatan, araq-çaxırı vedrə ilə içən Lomovu az qala qucaqlarına götürmək, bellərinə şəlləmək istəyirdilər.

Əlbəttə, qonağa diqqət yetirmək yaxşı əlamətdir. Amma bu "alim"lər açıq-aşkarca "mərkəzdən gələn" məşhur qonağa yaltaqlanır, məddahlıq edir, uzun-uzadı sağlıqlar deyir, onun qulluğunda bulunurdular. Bir-iki dəfə mənə də "tapşırıq" verdilər: restorandan nəsə almaq lazımdı. Mən etiraz etdim, "tapşırığı” yerinə yetirmədim. Deyəsən, "dikbaşlığım" nə qonağa xoş gəldi, nə də bizim "alimlərə".

Hiss etdim ki, bizim o "cəfakeş yerli alimlər" Firudin müəllimə məndən şikayət ediblər. Ortaya yaman pərtlik düşmüşdü. Bir az sonra Firudin müəllim mənə yaxınlaşıb ordan-burdan söhbət açdı, başı ilə "bizim alim"lər tərəfə işarə edib mənalı tərzdə gülümsəyərək dedi: "Görürsən də, bunlar necə canfəşanlıq edirlər". Hiss etdim ki, Firudin müəllimin də bu cür yaltaqlardan xoşu gəlmir.

Tez-tez təkrar etdiyi bəzi ifadələr çoxlarının yadındadır:

...Rəhmətlik Heydər Hüseynov deyərdi ki, yazılan qalacaq. Nə qədər sağıq, işləməliyik, yazıb-yaratmalıyıq.

...Deyirlər sosializm pisdir. Yaxşı, buna mən də şərik. Amma onun yaxşı cəhətləri də olub.

Özünəməxsusluğu vardı Firudin müəllimin:

...Kurortlarda dincəlməyi xoşlamazdı. Hər yay doğma yerlərə - Şınıxa, doğma İsalıya gedərdi; ziyalılarla, habelə sadə əkin-biçin adamları ilə ünsiyyətdə olmağı çox sevərdi;

...Şəhərdə ən çox sevdiyi məşğulliyyəti piyada gəzmək, kənddə isə arıya baxmaqdı;

...Bəzi tay-tuşları ilə zarafat etməyi xoşlayardı; məsələn, ən gərgin, uzun iclaslarda belə, bir də görərdin ki, üzünü ciddi "rejim" gözləyən Hüseynağa müəllimə (institutun əməkdaşına) tutub deyərdi:

"Hüseynağa müəllim, sənin naharının vaxtıdır, nə vaxt istəsən gedə bilərsən".

...Dostluğa sədaqətli idi - vəzifəli və vəzifəsiz dostlara heç bir fərqi qoymazdı: tələbə dostları Aslan Aslanov, Məqsəd Səttarov, Ziyəddin Göyüşov, Qədim Mustafayev və başqaları ilə uzun illər boyu dostluğu qoruyub saxlamışdı.

...Təhsilə, biliyə çox yüksək qiymət verirdi, "hamı savadlı olmalıdır"- deyərdi.

... Hansısa yaxşı, xeyirxah bir adamı tərifləyəndə deyərdi:

"Peyğəmbər kimi ədalətli insandır".

... "Alma meyvələrin şahıdır”- bu da Firudin müəllimin sözləridir.

Və dostluqdan söz düşmüşkən. Bildiyimiz kimi, Firudin müəllimin qardaşı Tofiq Köçərli böyük tarixçi alim, ictimai-siyasi xadim idi. O, uzun illər Zaqafqaziya Ali Partiya məktəbinin rəhbəri olmuşdur. Akademiyaya növbəti seçkilərdən birində Tofiq müəllim sənədlərini EA-nın müxbir üzvlüyünə təqdim etmişdi. Təbii ki, səs verənlərdən biri Firudin Köçərli idi və yenə də təbii ki, hər kəs onun öz qardaşının lehinə səs verəcəyini gözləyirdi. Amma... Firudin müəllim səsvermə zamanı açıq-aşkar demişdi: “Bax budur, mən Tofiq Köçərlinin yox, Qaraş Mədətovun lehinə səs verirəm”, - demiş və dediyi sözə də əməl etmişdi.

Firudin müəllim yumoru çox sevərdi, amma şit zarafatlardan zəhləsi gedərdi.

Mən onun haqqında hansısa qeyri-təbii bir epiteti işlətməyə ehtiyat edir, düzü, buna elə bir ehtiyac da duymuram. O, doğulduğu və canı qədər sevdiyi Azərbaycan torpağının özü kimi saf, təmiz, təbii və səxavətli idi.

O, tərifi sevməzdi. Amma hər cür tərifdən uca idi.

"Yalnız şərin təmtəraqlı sözlərlə bəzənməyə ehtiyac var, xeyirxahın isə buna qətiyyən ehtiyacı yoxdur". Arabir başımda dolaşan bu sözlər artıq tarix səhnəsindən silinib getmiş bir topluma - latın xalqına məxsusdur. Qəribədir, xalqın özü yoxdur, amma sözü qalıb. Bəli, xeyirxahların tərifə bir ehtiyacı olmaz.

Firudin Köçərli artıq haqq dünyasına qovuşub (o, 2005-ci il iyun ayının 3-də vəfat etmişdir). O, xalqımızın yaddaşında daim yaşamağa layiq bir ziyalı, alim, mütəfəkkir, xeyirxah bir insan kimi qalacaq. O, əsl filosof idi, amma özünə "filosof” deməyə tərəddüd edirdi. Bütün müdriklər kimi sadə və... müdrik idi.

Mən əminəm ki, akademik Firudin Köçərli özünün əzəmətli, vüqarlı görkəmi ilə bizim yaddaşımızda daim, zaman-zaman boy verib ucalacaqdır - öz əsərləri, öz dedikləri, öz xeyirxahlıqları ilə. Xalqımızsa özünün bu böyük oğlunu heç zaman unutmayacaqdır.

Müəllifin bütün yazıları - Firuz MUSTAFA



Bölməyə aid digər xəbərlər
bütün xəbərlər