Balkar xalqının böyük oğlu - Firuz Mustafa yazır
Tarix: 30-06-2020 11:49 | Bölmə: Firuz MUSTAFA
Balkar xalqının böyük oğlu

(Salih Qurtuyevin ədəbi bioqrafiyası Balkar xalqının taleyi fonunda)

İsti yay günündə eşitdiyim xəbərdən sarsıldım: türkdilli xalqların böyük ədibi, görkəmli tərcüməçi, memuarçı, Kabardo-Balkariyanın xalq şairi, bizim ədəbi irsimizin yorulmaz təbliğatçısı, mənim əziz dostum Salih Qurtuyev vəfat edib.

Bəli, Salih Qurtuyev görkəmli balkar ədibidir, söz adamıdır, sənətkardır. O, Kabarda-Balkariya Respublikasının sayılan-seçilən, nüfuzlu simalarından biridir.

Salih Sultanbəy oğlu Qurtuyev (Qurtulanı) ləyaqətli və ibrətamiz həyat yolu keçmişdir. Elə həmin səbəbdəndir ki, yaşadığı məmləkətdə onun 80 illik yubileyi təntənə ilə qeyd edilməkdədir. Şairin Nalçik şəhərində keçirilən yubiley törənində iştirak etmək mənə də nəsib oldu. Fevral ayının ortasında keçirilən tədbirdə yaxın və uzaq ölkələrin söz adamları öz qələm dostlarını təbrikə gəlmişdilər. İndilikdə isə şairin həyat və fəaliyyəti haqda müxtəsər də olsa məlumat verməyi özümə borc bilirəm.

Salih Qurtuyev 1938-ci ildə Kabarda-Balkariya Respublikasının Nalçik şəhəri yaxınlığındakı Aksu (Belaya Reçka) kəndində anadan olub. Müharibə başlayanda cəmi üç yaşı vardı. Onun atası Sultanbəy təhsilli adam idi, Qırmızı professura institutunu müvəffəqiyyətlə bitirmiş, bir müddət zabit kimi Bakıda xidmət etmişdi. Müharibənin ilk günlərindən ön cəbhəyə göndərilən Sultanbəydən sonra Qurtulular ailəsinin bütün əzab-əziyyəti gələcək şairin anasının zərif çiyinlərinə düşür. Az sonra Stalinin tapşırığı və Beriyanın provakasiyası ilə bütün balkar xalqı sürgün olunur. 1944-cü il mart ayının 8-də balkarlar yük vaqonlarına doldurularaq Orta Asiya səhralarına aparılır. Sürgün olunanların dəqiq sayı məlumdur - 37.103 adam. Onların böyük əksəriyyəti yaşlılar və uşaqlar idi. Bu, o zaman idi ki, 15 mindən çox balkar əlində silah faşistlərə qarşı vuruşurdu. Bu, həmin vaxt idi ki, cəsur balkar oğlu, təyyarəçi Alim Baysultanov Sovet İttifaqı Qəhrəmanı adını almiş, ikinci dəfə Qızıl ulduza təqdim edilmişdi. Böyük balkar şairi Qaysın Quliyev özünün ən alovlu şeirlərini yazdığı dövr də məhz həmin odlu-alovlu illərə təsadüf edir. Amma xalq o vaxtkı siyasilərin qəzəbinə düçar olmuşdu. Əgər çar dövründə ayrı-ayrı adamlar sürgün olunurdusa, indi bütöv xalq və millətlər sürgünə göndərilirdi. Cəmi 20 dəqiqə ərzində onminlərlə insanın taleyi “həll olunmuşdu”. 18 gün eşalonda yol gedən, aclığa-susuzluğa, əzab-əziyyətə dözə bilməyən günahsız balkarların 562 nəfəri elə bu “köç” zamanı həlak olmuşdu.

Bəli, 8 mart 1944-cü il... Həmin vaxtdan, müdhiş deportasiyadan sonra, məğrur balkar xalqı Beynəlxalq Qadınlar Gününü qeyd etmir... Halbuki balkarlar üçün anadan müqəddəs heç nə yoxdur.

İndi tarixçilər yazır ki, o zaman sürgün olunan əhalinin 52 faizini balkar uşaqları təşkil edirdi. Həmin uşaqlardan biri də məhz altı yaşlı Salih idi.

Sürgündən düz bir ay sonra, 44-cü il aprel ayının 8-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti yeni bir qərar qəbul etdi: balkar xalqının dövləti ləğv olundu. Tezliklə balkarlara məxsus etnik ərazinin bir hissəsi Gürcüstana, yerdə qalan hissə isə Kabardin Muxtar Vilayətinə verildi.

Həmin dövrdən başlayaraq balkarlara qarşı münasibət dəyişməyə başladı. Onların bu və ya digər sahədə yüksəliş və inkişafına açıq-aşkar maneələr törədilirdi. Bütöv bir xalqa qarşı (həm də təkcə bir xalqa qarşımı?) törədilən bu repressiya “milli məsələlərin həlli üzrə böyük mütəxəssis” hesab edilən “ellər atası” Stalinin insanlığa nifrətinin bariz bir nümunəsi hesab edilə bilərdi.

Orta Asiyada keçirdiyi sürgün həyatı balaca Salihin tərcümeyi-halının ən ağrılı dövrünü təşkil edir. Həmin illərdə gələcək şairin anası öz qaynanasını, oğlunu, qızını, iki qardaş və bacısı oğlunu itirdi. Salih və onun böyük qardaşı sanki bir möcüzə nəticəsində sağ qaldı.

Həmin dövrün bütün ağrı-acılarını balkar qadınları çəkməyə məhkum idi. Aclıq, xəstəlik, səfalət... Hətta, kiçik uşaqlar üçün belə, hər cür iş tapılırdı; onlar öz valideynlərinə bütün sahələrdə kömək edir, samandan ev tikir, su daşıyır, əkin-biçinə gedirdilər.

Salih bəy o günləri belə xatırlayır:

- Adamlar göz qabağındaca acından qırılırdı. Bizim yaşadığımız yerin yaxınlığında bağ və əkin sahəsi vardı. Yadımdadır, bir dəfə qadınlar öz ac uçaqlarını yedizdirmək üçün yaxınlıqdakı tarladan gizlicə kartof qazıb gətirmişdilər. Qəfildən qoruqçu at belində zühur etdi. Qadınlar qorxub kartofu yerə boşaltdılar. Bununla iş bitmədi. Qoruqçu qamçı ilə qadınların birini vurdu. Biz ağlaşırdıq. Bu zaman cəbhədən yenicə qayıtmış, orada minaya düşüb qolunun birini itirmiş yerlimiz Dattuka Çabdarov qadını vuran qoruqçunu tək əli ilə yəhərdən sürüyüb yerə atdı, onun əlindəki qamçını qapıb əzişdirməyə başladı. Qoruqcu onun əlindən zorla xilas olub qaçdı. Dattuka qadını evinəcən ötürüb əlindəki qamçını mənim böyük qardaşıma uzadaraq dedi ki, əgər kimsə sizin xətrinizə dəysə bu qamçı ilə onun cavabını verərsiniz...

Muharibə başa çatdıqdan sonra belə, balkarların əzab-əziyyəti başa çatmadı. Kişilərin bir qismi cəbhədən geri qayıtdı. Amma Sultanbəy Qurtuyevdən bir xəbər gəlmədi. Salihin anası öz həyat yoldaşını yetmiş il, yəni son nəfəsinə qədər gözləməli oldu...

Balkar xalqının böyük oğlu
S. Qurtuyev və F. Mustafa

Deportasiya olunanlarla bağlı 1948-ci ildə çıxan qərarsa daha sərt idi. Əgər əvvəllər sürgündəkilər hər ayda bir dəfə “komendaturada” qeydiyyatdan keçirdisə, indi bu işi hər gün icra etmək tələb olunurdu. Adamların məhkum olduğu ərazidən bir addım kənara atmağı uzunmüddətli həbslə nəticələnirdi.

Balkarların sürgündən öz doğma vətənlərinə dönməsində bu mübariz xalqın böyük şair oğlu Qaysın Quliyevin misilsiz xidmətləri olmuşdur. Belə ki, şair və onun dostları illər uzunu o zamankı dövlət idarələrinin qapısını döyməkdən yorulmamış, nəhayət öz ali məqsədinə nail olmuşdular. SSRİ Ali Soveti Rəyasət Heyətinin 9 yanvar 1957-ci il tarixdə Kabardin MSSR və Kabarda-Balkariya MSSR-nin yenidən təşkil olunub yaradılması barədə çıxan mühüm qərarından sonra balkarlar öz tarixi vətənlərinə qayıtmağa başladılar.

Salih Qurtuyev orta təhsilini sürgünlük dövründə rus məktəbində alıb. Sürgündən sonra 1958-ci ildə Kabarda-Balkariya Dövlət Universitetinə daxil olmuş, 1963-cü ildə həmin ali məktəbin filologiya fakültəsini bitirmişdir. “Səhər” adlı ilk kitabı 1961-ci ildə nəşr olunub. Sonrakı dövrdə onun “Qonaq qəbul edin”, “Günorta”, “Keçilmiş yol”, “Ulduzların işığı”, “Mənim tanıdığım Qaysın” və digər kitabları da işıq üzü görüb.

Salih Qurtuyev uzun illər məsul dövlət vəzifələrində çalışmışdır. 1986-1991-ci illərdə Kabarda-Balkariyanın Nəşriyyat, poliqrafiya və kitab ticarəti Dövlət komitəsinə rəhbərlik etmiş, yəni həmin qurumda nazir postunu tutmuşdur.

Salih bəy yorulmaz bir sənətkardır. O, onlarla kitabın müəllifidir. Şeirləri dillər əzbəridir. Nəsr əsərləri oxucuların stolüstü kitabıdır. Publisistik yazılarında həmvətənlərini və təkcə onarı deyil, elə hamımızı narahat edən problemlərə toxunulur. Dram əsərləri repertuarlarda özünə yer tutur. Memuarları tarixi salnamədir.

Salih bəy həm də istedadlı bir tərcüməçidir. Məhz onun tərcüməsində Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poeması, Aleksandr Puşkinin “Yevgeni Onegin” mənzum romanı, Şillerin “Məkr və məhəbbət” dramı, habelə Lermontovun, Mayakovskinin, Tixonovun, Simonovun, Yanka Kupalanın, Qabdulla Tukayın, Yevtuşenkonun, Rubtsovun, Nazim Hikmətin, Ataol Bəhramoğlunun şeirləri balkar dilində səslənib.

Şair Azərbaycan ədəbiyyatına da yaxşı bələddir, xüsusən, Səməd Vurğun poeziyasının və şəxsiyyətinin vurğunudur. O, bizim Xalq sairimiz Sabir Rüstəmxanlının yaxın dostudur. Mənə təqdim etdiyi 5-cildlik seçilmiş əsərlərinin üçüncü cildində Sabir Rüstəmxanlının poetik yaradıcılığından nümunələri tərcümə edib.

Tərcümələrdən söz düşmüşkən, Salih Qurtuyev türk xalqları qarşısında böyük bir missiyanın da öhdəsindən şərəflə gəlmiş, ölməz “Dədəm Qorqudun kitabı” abidəsini balkarcaya çevirmişdir. Onun öz əsərləri də dünyanın bir çox dillərinə (rus, polyak, serb, türk, macar, qırğız, qazax və digər dillərə) tərcümə olunmuşdur.

Dünyanın bütün böyük sənətkarlarının şəxsi həyatı öz mənsub olduğu xalqın həyatının bir parçasını təşkil edir. Bu mənada Salih Qurtuyevin bioqrafiyası balkar xalqının həyatının adekvat inikasıdır. Azadlıq uğrunda mübarizə, represssiya, faciə, sürgün, qayıdış, dinc quruculuq, intibah... Bütün bunlar məğrur, dözümlü balkar xalqının və şəxsən Salih Qurtuyevin son səksən illik taleyinin mühüm hissəsini təşkil edir.

Salih bəy bir sıra mükafat və fəxri adlara layıq görülüb. Belə ki, o, Kabarda-Balkariyanın Xalq şairi və Əməkdar Mədəniyyət işçisi, Karaçay-Çerkes Respublikasının Xalq şairi, Tiflisin Fəxri vətəndaşı, Rusiya Poeziya Akademiyasinin müxbir üzvü, Qafqaz Yazıçıları Klubunun fəxri prezidentidir.

Salih Qurtuyev dostluğa sadiq bir şəxsdir. Öz ustadlarını daim ehtiramla xatırlayır. Özünün bir söz adamı kimi formalaşmasında Kazım Meçiyev və Qaysın Quliyevin müstəsna rolunu etiraf edir. O, bütün varlığıyla öz yurduna, öz vətəninə, öz ilkinliyinə sadiq bir söz adamıdır. Şair bir şeirində öz kredosunu belə ifadə edir:

Qoy hər kəs gözləsin öz əcəlini
Doğma beşiyinin olduğu yerdə.

Salih bəyin mənsub olduğu xalq azsaylıdır. Amma biz ona kiçik xalq deyə bilmərik. Çünki nəhəng şəxsiyyətlər, o cümlədən Salih Qurtuyev kimi söz və fikir adamları yetişdirən xalq kiçik ola bilməz.

...İş elə gətirmişdi ki, mən cəmi bir ay əvvəl də Nalçikdə olmuş, hətta Yeni ili burada keçirmişdim. Bir ay sonra AYB-nin sədri Anarın təklifi ilə yenidən bu şəhərə getmək ürəyimcə oldu. Çünki Nalçikdəki Balkar Dram Teatrında mənim “Neytral zona” adlı pyesimin tamaşası hazırlanırdı. Baş rejissor Majit Janqurazovla görüşmək lap yerinə düşərdi...

Budur, yenə sevdiyim şəhərdəyəm. Başlayacaq yubiley tədbirindən əvvəl, necə deyərlər, “müşayətçim” Sultan Gekkiyevin təklifi ilə Elbursa tərəf yol alırıq. Sultan gənc olsa da məsul vəzifədə çalışır, Dövlət Universitetinin prorektorudur. Kanatla dağın zirvəsinə qalxırıq. Müxtəlif ölkələrdən gəlmiş xizəksürənlər Elbursun sinəsi boyunca çalın-çarpaz şırımlar açıblar. Hər tərəf bəmbəyazdır. Dərin dərələr qar yığınları ilə doludur. Bu anlarda öz yerlərimizi xatırlayıram. Şınıx tərəflərdə, doğulduğum İsalı kəndindəki dərələrdə hətta bəzən yayda belə əriməyən bu cür qalın qar laylarına “tar”deyirlər. Şaxtadır. Amma Günəşin şəfəqləri qar üstündə güzgüdəki kimi bərq vurur.

Zirvədəki kiçik, isti kafelərdən birində ətirli çay içib təzədən kanatdan asılmış kabinəyə yaxınlaşırıq. Mən zarafatla deyirəm ki, birdən bu təkxətli kanatda elektrik cərəyanı kəsilsə nə baş verə bilər görəsən?.. Səfər dostlarım deyirlər ki, əvvəla bu cür hadisələr çox nadir hallarda baş verə bilər və ikincisi, hətta belə bir fors-major baş versə belə, bunun bir qorxusu yoxdur, çünki “ehtiyat enerji mənbəyi” olur. Az keçmiş arzu etmədiyimiz hadisə baş verdi: cərəyan kəsildi, kanatla şütüyən kabinəmiz yarı yolda dayandı. Bir az həyəcanlansaq da, gülüşdük. Sanki “kimsə” bizim söhbətimizdəki şübhəni qar layları ilə siləbəsilə dolmuş qorxunc yarğanın üstündə reallaşdırmağa, yəni bizi sınağa çəkməyə imkan-fürsət gəzirmiş. Deyəsən, “ehtiyat enerji mənbəyi” işə salındı, az sonra kabinə yerindən tərpəndi...

Yolda Sultana telefon zəngi gəldi. Gənc dostum kiminləsə bir qədər danışandan sonra üzünü mənə tutaraq soruşdu:

“Firuz bəy, Siz Rusiyadakı səfiriniz Polad Bülbüloğunu tanıyırsız?”.

Təəccüblənib cavab verirəm ki, əlbəttə.

Üstəlik, səfirimizin müğənni və bəstəkar olduğunu da bildirirəm.

O, ciddi şəkildə söhbətini davam etdirir:

“Bəs o, necə Sizi tanıyırmı?”

Mən zarafatla deyirəm ki, “bunu onun özündən soruşmaq lazımdır”.

Sultan deyir, elə isə buyurun Polad Bülbüloğlu ilə danışın. Deyəsən, Sultan zarafat etmir. Telefonda Polad Bülbüloğlunun səsini eşidirəm. Əvvəlcə rusca başlayan söhbət öz dilimizdə davam edir.

Səfirimizlə çoxdan tanışıq. Vaxtilə Polad Bülbüloğlu Mədəniyyət naziri işləyərkən, mən bir müddət bu qurumun “Mədəniyyət” qəzetinin redaktoru işləmişəm və bəzən gün ərzində onunla dəfələrlə telefon söhbətlərimiz olub. Səfirimiz onun adından yubilyarı təbrik etməyimi xahiş edir. Onu da oyrənirəm ki, Polad Bülbüloğu Sultanın atası, Dövlət Dumasının deputatı Zaur Gekkiyevin dostdur.

Axşam Salih Qurtuyevin təntənəli yubileyində iştirak etdik. Əslində bu yubiley törəni ötən ildən qeyd olunmağa başlamışdı. Belə ki, balkar xalqının böyük oğlunun şərəfinə Belarus Respublikasında, habelə Dağıstan, Kalmık respulikalarında yubiley törənləri təşkil olunmuşdur.

Nalçikdəki yubiley şənliyində isə yaxın və uzaq xaricdən gəlmiş qonaqlar iştirak edirdi. Qonaqlar arasında Boris Qusalov, Raisa Didiqova, Miyasat Muslimova, Erdni Eldışev, Maqomed Nasrulayev, Adam Axmatukayev, Suliman Musayev, Kerimxan Umaxanov kimi tanınmış söz adamlarını görmək xoş idi.

Haqqında söhbət açılan törəndə Kabarda-Balkariya Respublikasının demək olar ki, bütün rəhbərlər işçiləri iştirak edirdilər. Və orasını da qeyd etmək yerinə düşər ki, gələn qonaqlar arasında ilk söz Azərbaycan nümayəndəsinə verildi ki, mən də bunu xalqımıza, ədəbiyyatımıza, mədəniyyətimizə göstərilən böyük bir diqqət və sayğı nümunəsi kimi dəyərləndirirəm.

Öz çıxışımda Salih Qurtuyevin keçdiyi parlaq həyat və yaradıcılıq yolu barədə müxtəsər şəkildə söz açdım, AYB sədri, Xalq yazıçısı Anarın təbrikini və Xalq şairi Sabir Rüstəmxanlının xatirə-hədiyyəsini çatdırdım...

Nalçikin şaxtalı havası sanki “poeziya havasının” təsiri altında tədricən isinir, səslənən şeirlərin şəfəqləri misra-misra, söz-söz könüllərə axırdı... Artıq dediyim kimi, Salih bəyin ilk kitabının adı “Səhər”dir. Məslisdəki dostlardan biri zarafatla yubilyara xitabən dedi ki, Salih, növbəti kitabını hazırlayanda onu bu cür adlandırarsan: “Hələ axşama çox var”... Hamı gülüşdü.

Doğrudan da hələ axşama və gecəyə çox vardı. Axı söz adamı daim səhəri və işığı gözləyir, gecəni və qaranlığı yox.

Nalçikin mənzərəli bir guşəsində yerləşən “Azimut” hotelindən Elbursu seyr edirəm. Bu əzəmətli dağ silsiləsi mənə Qafqazın məğrur, yenilməz adamlarını, o cümlədən min bir cür əzab-əziyyətə qatlaşsa da əyilməyən balkar xalqını xatırladır.

Salih Qurtuyev rus, özbək, qazax dillərini mükəmməl bilir. Bütün türk dünyasına və bütün bəşər mədəniyyətinə ehtiramla yanaşır. Amma onun üçün Allahın bəxş etdiyi ən müqəddəs ərməğan doğma balkar dilidir. O, bu dili öz varlığı qədər sevir, bu dildə yazır və yaradır. Böyük sənətkar şeirlərinin birində belə deyir:

Doğma dilim sağdırsa, demək özüm də sağam.
Bayrağı qoruyubsa, alay da salamatdır.

Və nəhayət, mən öz fikrimi yubileyi təntənə ilə qeyd olunan qələm dostumuzun dərinmənalı bir şeiri ilə yekunlaşdırmaq istəyirəm:

Bu gün narahatdır dünyamız bizim,
Yolların üstünü alıb toz-duman.
Geriyə baxıram - gecəm, gündüzüm
Geyilmiş paltara bənzəyir yaman.

Qalsa da ömrümdə keçmişin izi,
Daşların içində almaz gəzirəm,
Mən nə yoruluram, nə də bezirəm,
Zirvədə boşluğa zillənir gözüm.

Firuz MUSTAFA
fevral-mart.2019

P.S. Xatırlayıram, ötən il Nalçikdə qeyd etdiyimiz 80 illik yubileyindən qayıtdıqdan sonra Salih Qurtuyev haqqında indi oxuduğunuz bu məqaləni yazıb ədibin ünvanına göndərdim. O, çox sevindi. Az sonra bildirdi ki, həmin yazını artıq rus və balkar dilinə tərcümə edib. O, bizim dili də çox yaxşı bilirdi. Biz onunla tez-tez yazışır və zəngləşirdik. Mən onu Bakıya, o isə məni Nalçikə dəvət edirdi.

O, böyük şair və böyük vətəndaş idi.
Böyük sənətkarın yeri cənnət olsun.

26 iyun 2020

Müəllifin bütün yazıları - Firuz MUSTAFA



Bölməyə aid digər xəbərlər
bütün xəbərlər