Tarix: 04-07-2016 17:53 | Bölmə: Müsahibə
Ramin Quluzadə: "İnfrastrukturda, texniki təchizatda, texnologiyada, insan resursları sahəsində islahatlar aparırıq”
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə rəhbərlik etdiyi sahədə görülən və görüləcək işlərlə yanaşı, problemlər və yeni islahatlarla bağlı müsahibə verib.
Reyting.az saytı Trend-ə istinadən həmin müsahibəni təqdim edir:
- Azərbaycanın İKT sektorunun inkişafı nə ilə əlamətdar olub? Azərbaycanın ixrac yönümlü qeyri-neft iqtisadiyyatına keçidini nəzərə alsaq, sahə qarşısında yaxın perspektivdə hansı vəzifələr dayanır?
- Azərbaycan regionun ən inkişaf etmiş ölkəsidir və iqtisadiyyatın inkişafı bütün sahələri əhatə edir. İnformasiya-kommunikasiya texnologiyaları sektorunun davamlı inkişafı da Azərbaycan prezidenti İlham Əliyevin apardığı iqtisadi-siyasi islahatların ayrılmaz tərkib hissəsidir.
Bildiyiniz kimi, ökəmizdə qeyri-neft sektorunun hərtərəfli inkişafına yönələn dövlət proqramları həyata keçirilir. Qeyd olunan proqramlar İKT sahəsinin keyfiyyətcə növbəti mərhələyə keçidini zəruri edir. Yəni, bu artıq günün tələbidir.
Ölkəmiz Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyasını qəbul etmiş birinci və yeganə dövlətdir. Ümumiyyətlə isə Azərbaycan bu cür strategiyanı qəbul edən azsaylı ölkələrdən biridir. Son illər Azərbaycanın İKT sahəsində əldə etdiyi ən böyük nailiyyətlərdən danışarkən, ilk növbədə regionda yeganə kosmos sənayesinə sahib ölkə olmağımızı qeyd etmək lazımdır. Eyni zamanda "Elektron hökumət" sistemi inkişaf etdirilib, İKT sahəsində nailiyyətə təkan verən "Elektron imza"nın tətbiqi genişləndirilib, mobil telefon şəbəkə sistemində ən son texnologiya olan "4G" xidmətinin tətbiqinə başlanılıb və bu da ölkənin istənilən nöqtəsində yüksəksürətli internetə çıxış imkanı yaradır. Həmçinin, ölkə ərazisi rəqəmsal televiziya yayımı ilə əhatə olunub və s.
Kommunikasiya və yüksək texnologiyaları ən dinamik inkişaf edən sektor hesab etmək olar. Təbii ki, biz ən azı dünyada gedən tendensiyanı təqib etməliyik ki, texnoloji yeniliklərdən geri qalmayaq. Bunun üçün hazırda ciddi layihələr üzərində işlər gedir.
Əlbəttə, İKT ölkəmizdə davamlı inkişaf və intellektual potensialın gücləndirilməsi baxımından vacib sahədir. Eyni zamanda cəmiyyətdə şəffaflığın inkişaf etdirilməsi üçün önəmlidir. Bu istiqamətdə bizim üzərimizdə konkret vəzifələr var.
Bu gün sahə üzrə həyata keçirilən işlər əhalinin istifadəsinə verilən elektron xidmətlərin sayının və keyfiyyətinin artırılmasına yönəlib. Elektronlaşma və xidmətlərin vətəndaşlar üçün maksimum əlçatan olması qarşımızda duran əsas məsələlərdəndir.
Onu da vurğulayım ki, "Elektron hökumət" layihəsi birbaşa ölkə başçısının diqqət mərkəzində olan prioritet sahələrdən biridir. Bu layihənin hədəfi vətəndaşların dövlət qurumlarından keyfiyyətli "online" xidmət almasını təmin etmək, vətəndaş-hökumət, vətəndaş-məmur münasibətlərini daha sağlam və müasir formata gətirməkdir.
Sevindirici haldır ki, dövlət qurumları "Elektron hökumət" portalına daha çox xidmətlərini inteqrasiya etməkdə maraqlıdırlar. Deməli, vətəndaşlar get-gedə daha çox xidməti "online" əldə edə biləcək.
- Azərbaycanda internetin əhatə dairəsinin indiki səviyyəsi sizi qane edirmi və bu sahədə hansı işlər aparılır?
- Hazırda bizi düşündürən əsas məsələ internetin əhatə dairəsi ilə yanaşı, internetin keyfiyyətinin və sürətinin yüksəldilməsidir. Azərbaycan əhalisinin 75 faizindən çoxunun internetə çıxışı var və bu, hazırda yaxşı göstəricidir. Amma geniş istifadəçi kütləsi lazımi keyfiyyətdə internet xidməti ala bilirmi? Təəssüf ki, bu suala birmənalı cavab vermək olmur. Apardığımız monitorinq, texniki audit və istifadəçilər arasında keçirdiyimiz sorğuların təhlili göstərir ki, hələ görüləsi işlər çoxdur. Əslində, bu, fasiləsiz bir prosesdir. Qeyd olunan sahədə inkişaf o qədər sürətlə gedir ki, dünənki texnoloji inkişaf bu gün üçün köhnə sayılır.
Hazırda ölkənin bütün yaşayış məntəqələrində yüksəksürətli fiber-optik kabel şəbəkəsinin qurulması layihəsi üzərində iş gedir. Bu o deməkdir ki, genişzolaqlı şəbəkə üzərindən keyfiyyətli internet və telekommunikasiya xidmətləri göstəriləcək. Layihənin mahiyyəti hər bir mənzili 100 meqabit saniyə internetlə, IP TV və telefon xidməti ilə təmin etməkdən ibarətdir. Yəni, yeni infrastruktur 3 xidmətin eyni vaxtda yüksək keyfiyyətdə aparılmasına imkan verəcək. Bakı ərazisində artıq layihənin icrasına start verilib.
Təbii ki, qarşıdakı əsas vəzifələrdən biri də yaxşı infrastruktur yaratmaqla sağlam rəqabət mühiti formalaşdırmaqdır. Elektron xidmətlərin Azərbaycanın regionlarında istifadəsinin genişləndirilməsinə, sektorun sağlamlaşdırılmasına ehtiyac var. Provayderlərin səmərəli fəaliyyəti üçün münbit şəraitin yaradılması bu layihənin əsas məqsədlərindəndir. İnfrastruktur müasir standartlara cavab verməlidir ki, xidmətin də keyfiyyəti yaxşı olsun.
- Azərbaycan digər dövlətlərin təcrübəsindən istifadə edərək ölkə vətəndaşlarının sosial şəbəkələrdə olan fərdi məlumatlarını saxlamaq üçün respublika ərazisinə keçirməyi planlaşdırırmı?
- Google, Facebook, Twitter kimi korporasiyaların əsas fəaliyyət prinsiplərindən biri də istifadəçi məlumatlarının mühafizəsini təmin etməkdir. Bunun üçün tələblərə cavab verən məlumat bazasının mövcud olması əsas şərtdir.
Bu gün əsas məsələlərdən biri də respublikamızı regionun tranzit informasiya mərkəzinə çevirməkdir. Bu istiqamətdə Regional Data Mərkəzin qurulması bizi sözügedən məqsədin reallaşmasına doğru daha bir addım yaxınlaşdırır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qurulan Regional Data Mərkəz respublikamızda və bütövlükdə Qafqaz regionunda ilk sertifikatlaşdırılmış mərkəzdir. Artıq test sınaqları uğurla həyata keçirilib və bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
Data Mərkəzin resurslarından telefon operatorları, maliyyə təşkilatları, kiçik və orta sahibkarlıq subyektləri, eləcə də müxtəlif təşkilatlar informasiyanın qorunması və saxlanması üçün istifadə edə bilərlər. Bu məlumatların emalı prosesində hər hansı bir məlumatın sızmamasına, ümumilikdə kənar müdaxilələrdən mühafizəyə zəmanət verilir. Eyni zamanda Data Mərkəz beynəlxalq kommunikasiyada alternativ trafik daşıyıcısı funksiyasını da yerinə yetirəcək. Bunun da strateji baxımdan böyük əhəmiyyəti var.
Dünya üzrə IT xidməti göstərən iri şirkətlər bu Data Mərkəzdə öz infrastrukturunu yarada biləcəklər.
- Poçt sahəsində kreditlərin verilməsi və depozitlərin qəbulu da daxil olmaqla hansı yeni islahatlar gözlənilir?
- Telekommunikasiya sektorunda əhalinin ən çox müraciət etdiyi ünvanlardan biri də poçtdur. Bu xidmət sahəsinin daim təkmilləşdirilməsinə ehtiyac var. Təbii ki, "Azərpoçt" MMC-nin inkişafından danışarkən burada islahatların aparılması və yeni xidmətlərin yaradılması günün tələbidir. İnanırıq ki, Azərbaycanın müasir standartlarla ayaqlaşan milli poçt xidmətini qura biləcəyik.
Bildiyiniz kimi, milli poçt ənənəvi xidmətlərlə yanaşı, maliyyə xidmətləri də göstərir. Vətəndaşlarımız həm ölkədaxili, həm də beynəlxalq pul köçürmələri sisteminin xidmətlərindən rahatlıqla istifadə edirlər. Ümumilikdə bütün maliyyə xidmətlərində təkmilləşmələr aparılacaq. Günün tələbinə uyğun olaraq elektron ödənişlər üstünlük təşkil edəcək.
Bununla yanaşı, hazırda sürətli (ekspress) poçt xidmətlərinin əhatə dairəsi genişləndirilir. Hazırda mövcud olan ekspress poçt xidmətini beynəlxalq standartlara uyğunlaşdırmağa çalışırıq. Digər sahələrdə olduğu kimi, Azərbaycanın poçt sistemini də beynəlxalq tranzit qovşağa çevirməyi nəzərdə tuturuq.
"Azərpoçt" MMC-nin ölkə üzrə geniş filial şəbəkəsi var və ölkə daxilində 1600 şöbəsi fəaliyyət göstərir. Bütün ölkə ərazisini əhatə edən bu geniş şəbəkədən əhalinin daha çox faydalanması üçün yeni xidmətlərin, o cümlədən maliyyə xidmətlərinin tətbiqinə çalışırıq. Hələlik, "Azərpoçt"un 1000-dən çox şöbəsində Mərkəzi Bankın lizensiyası əsasında maliyyə xidmətləri göstərilir. Amma kredit verilməsi və əmanət qəbul edilməsi bu xidmətlərə daxil deyil. Poçtda kreditlərin verilməsi məsələsinə yalnız maliyyə xidmətlərinin genişləndirilməsi çərçivəsində qanunvericilik bazası formalaşdırıldıqdan sonra baxıla bilər.
- Nazirlik kabel-kanal qurğularının auditini aparıb. Müəyyən edilib ki, onların montajı tələblərə cavab vermir və həddindən artıq yüklənib. Bu o deməkdirmi ki, hər bir operator kabel-kanal qurğularında öz optikasını çəkə bilməz, onlara öz abonentlərinə xidmət göstərmək üçün vahid infrastruktur təklif ediləcək?
- Kabel-kanal sistemi uzun illər normativə uyğun, düzgün istismar edilməyib. Qeyd edim ki, tərəfimizdən aparılan audit zamanı qeyri-qanuni çəkilişlərin həyata keçirməsi ilə bağlı çoxsaylı faktlar aşkarlanıb. Bu nöqsanlar ona gətirib çıxarıb ki, hazırda infrastrukturun normal texniki istismarı mümkünsüz olub.
Artıq bu nöqsanların aradan qaldırılması üçün işlər görülür. Provayderlər ümumi istifadədə olan kabel-kanal sistemindən yararlanaraq özlərinin kabel infrastrukturlarını qurublar. Kabel-kanallarının sayının artırılması və intensiv yerləşdirilməsi mövcud quyuların normadan artıq yüklənməsinə səbəb olur. Bu da öz növbəsində hər bir ünvana fiber-optik xəttin çəkilməsi kimi əhəmiyyətli layihənin həyata keçirilməsinə əngəl törədir. Ona görə də kabel-kanal sistemində başladığımız tədbirlər davam etdirilir.
İlkin mərhələdə Bakı ərazisində kabel-kanal infrastrukturu lazımi standarta gətiriləcək. Daha sonra isə hər bir ünvanadək optik kabel şəbəkəsi qurulacaq və telefon qovşaqlarında hazırda mövcud olan avadanlıqlar ən son nəsil qurğularla əvəz olunacaq.
Özəl şəbəkənin inkişafına dəstək məqsədilə provayderlərə 100 Mbit/s və 1 Gbit/s-lik alternativ portlar təklif olunur. Həyata keçirilən işlər nəticəsində müasir standartlara cavab verən, keyfiyyətli və davamlı rabitəni təmin edə biləcəyik.
- Hazırda nazirlikdə bəzi islahatlar aparılır. Bu islahatlar nələri əhatə edir?
- Nazirlikdə aparılan islahatlar ümumən ölkədəki çoxşaxəli islahatların tərkib hissəsidir və bu islahatlar ölkəmizin, eləcə də, rabitə və yüksək texnologiyalar sahəsinin inkişafına yönəlib.
Təbii ki, köklü islahatlar hərtərəfli yanaşma tələb edir. Biz infrastrukturda, texniki təchizatda, texnologiyada, insan resursları sahəsində islahatlar aparırıq. Eyni zamanda əməkdaşlarımızın sosial təminat məsələlərinə də həssaslıqla yanaşırıq. İşçilərin sosial rifahının yüksəldilməsi başlanan islahatların ayrılmaz tərkib hissəsidir.
Azərbaycanın telekommunikasiya sahəsində çalışan, böyük kollektivdə uzun illərin təcrübəsinə malik güclü mütəxəssislər var. Amma hər zaman müasir inkişaf tempini izləyə bilən, yeni yanaşması olan kadrlara da ehtiyac duyulur. Ona görə də işə daha peşəkar kadrlar cəlb edirik. Bununla yanaşı, əməkdaşların bilik və təcrübələrini artırmaq üçün treninqlər təşkil olunur, xarici mütəxəssislərlə əməkdaşlıq imkanları yaradılır. Beynəlxalq səviyyələrdə bir sıra nüfuzlu təşkilatlarla əməkdaşlığın genişləndirilməsi üçün işlər aparılır.
Onu da qeyd edim ki, rabitə və yüksək texnologiyalar sektorunda islahatlar bütün ölkə ərazisini əhatə edir. Doğrudur, hər yerdə eyni vaxtda nəticə əldə etmək mümkün deyil. Amma paytaxtla paralel bölgələrdə də yeni telekommunikasiya layihələri həyata keçirilir. İslahatlar poçt, telekommunikasiya, eləcə də digər seqmentləri əhatə edir.
Məsələn, rayon telekommunikasiya qovşaqlarında göstərilən rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və istifadəçiyə yeni xidmətlərin təklifi üçün pilot layihələr hazırlanır. Layihələrin nəticəsində bölgələrdə yaşayan istifadəçilər yüksək keyfiyyətdə telefon, internet və IP TV xidməti alacaq.
Əlbəttə, qeyd olunan işlərin həyata keçirilməsinə müəyyən zaman lazımdır və yaxın gələcəkdə bu islahatların və onların konkret nəticələrinin şahidi olacağıq.
- Vətəndaşlardan daxil olan müraciətlər daha çox hansı məsələləri əhatə edir və vətəndaşlarla iş necə qurulub?
- Biz mütəmadi olaraq Bakıda və bölgələrdə vətəndaşlarla görüşürük, onların təklif, irad və şikayətləri ilə yerində tanış oluruq. Müraciətlərin əksəriyyəti telekommunikasiya, internet, poçt, işə qəbulla bağlı məsələlərə aid olur. Çalışırıq ki, müraciətlərin əksəriyyətini yerindəcə həll edək.
İKT sektoru xidmət sahələrini əhatə etdiyi üçün biz birbaşa vətəndaşlarla işləyirik və ona görə də hər bir müraciətə həssaslıqla yanaşılır. Hazırda həm nazirliyin, həm də tabeli qurumların "Qaynar xətt"ləri, poçt və elektron poçt, həmçinin sosial şəbəkələr vasitəsi ilə çoxsaylı müraciətlər qəbul olunur. Həmin müraciətlərin hər biri dəqiqliklə araşdırılır və qiymət verilir.
Amma bu məsələni təkmilləşdirməyə ehtiyac görürük. Hazırda vətəndaşların müraciətlərinin qəbulu və daha keyfiyyətli, operativ xidmət göstərmək məqsədilə müştəri xidmətləri mərkəzinin qurulması üzərində iş gedir. Geniş auditoriyası olan hər bir xidmət sahəsi üçün bu, çox önəmlidir. Çünki istifadəçinin məmnunluğu əsas məsələlərdəndir.
Aparılan islahatlar nəticəsində problem və nöqsanların aradan qaldırılması çox önəmlidir. Ona görə də vətəndaşlar üzləşdikləri problemi bildirməklə, bizə kömək etmiş olurlar. Biz həmin məlumatları təhlil edir və sahələr üzrə mövcud olan vəziyyəti daha aydın görürük. Bu, növbəti addımların müəyyən olunmasında bizə kömək edir.
- Sosial şəbəkələrdən istifadə edirsinizmi və sosial şəbəkələr vasitəsilə "sual-cavab" praktikasına necə baxırsınız?
- Bəli, istifadə edirəm. Çünki bu gün sosial şəbəkələr ən aktiv ünsiyyət vasitəsinə çevrilib.
Sosial şəbəkələrdə nazirliklə bağlı məsələləri deyərdim ki, gündəlik izləyirəm. Bilirsiniz ki, nazirliyin sosial şəbəkələrdə səhifələri var. Həmin səhifələr eyni zamanda vətəndaşlarla bir ünsiyyət vasitəsidir. Nazirliyin "qaynar xətt"inə edilən müraciətlər kimi, sosial şəbəkələr vasitəsi ilə bizə daxil olan informasiya, şikayət və müraciətlərdən mütəmadi məlumat alırıq. Və əslində sizin qeyd etdiyiniz kimi, sosial şəbəkələr vasitəsi ilə "sual-cavab" aparmaq işin xeyrinədir. Yəni, sosial şəbəkə vətəndaşla bilavasitə və operativ ünsiyyət baxımından əhəmiyyətlidir.
Bölməyə aid digər xəbərlər