“Günün tələblərinə uyğun müəllim ordusu hazırlamaq xüsusi diqqət istəyir”
Tarix: 15-09-2016 10:28 | Bölmə: Müsahibə

 

Mikayıl Cabbarov: "Təhsilin İnkişafı Üzrə Dövlət Strategiyasında müəllimlərin peşəkarlığının artırılması ayrıca bir istiqamətin mövzusudur”

Azərbaycanda yeni təhsil ilinin başlanması ilə əlaqədar təhsil naziri Mikayıl Cabbarov APA İnformasiya Agentliyinə müsahibə verib.

Reyting.az həmin müsahibəni təqdim edir:

- Cənab nazir, ali məktəblərə qəbulun statistikasına görə ötən 3 ildə təhsilin nəticələrinin getdikcə yaxşılaşdığını söyləyə bilərik. Bu, təhsildə, nəhayət ki, müsbət keyfiyyət dəyişikliyinə keçidin başlanğıcdırmı?

- Öncə yeni tədris ilinin başlaması münasibətilə bütün təhsil ictimaiyyətini, müəllimləri, təhsilalanları, valideynləri ürəkdən təbrik edir, uğurlar arzulayıram.

Ötən gün Prezident İlham Əliyevin iştirakı ilə İT STEP Akademiyasının açılışı ölkəmizdə informasiya texnologiyaları sahəsində ilk peşə-ixtisas təhsili ocağının yaranması ilə yadda qaldı. Eyni zamanda, bu tədris ilindən Azərbaycan-Fransız Universitetinin (UFAZ) fəaliyyətə başlaması da ali təhsilimizin inkişafı və beynəlmiləlləşməsində yeni həlqə olacaq.

200-dən artıq bal toplayanların sayı artıb

Bəli, ötən il də nəzərə alınmaqla təhsil sahəsində baş verənlər keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Maksimalist olduğumuzdan hər zaman nəticələrin daha da yüksək olmasını istəyirik. Biz ölkə rəhbərliyinin təhsilin bütün sahələrinin inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün gücümüzü səfərbər etmişik. Məmnunam ki, artıq 3 ildir hər bir ixtisas qrupu üzrə nəticələr yüksəlir. Bu onu göstərir ki, apardığımız islahatlar hər hansı bir coğrafi məkan və ya ixtisas qrupu ilə məhdudlaşmır, hər bir şagirdin nailiyyətlərinə təsir edir.

Buraxılış imtahanlarının nəticələrindəki irəliləyişlər özünü qəbul imtahanlarında da büruzə verdi. Belə ki, ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir. Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı rekord miqdarda - 34475 nəfər (43,9%) təşkil edib ki, bu da ötənilki göstəricidən 3, 9%, 2014-ci ildəki göstəricidən isə 9,2% artıqdır. 2015-ci ildə 200-dən yuxarı bal toplayanların sayı 33 198 nəfər (40%), 2014-cü ildə isə 32 159 nəfər (34,7%) təşkil edib. Bunu riyazi formullar da təsdiq edir.

Eyni zamanda, tələbə qəbulu imtahanlarında iştirak edərək 200-dən artıq bal toplayan abituriyentlərin nəticələrinə görə keyfiyyət göstəriciləri yüksəlib.

Digər bir məsələ isə keçid balıdır. Bu, ali təhsilə çıxış ilə bağlı olan bir məsələdir. Dünyada bununla bağlı iki təcrübə var. İlk nümunə keyfiyyətlə bağlıdır - ali təhsilə girişdə bal məhdudiyyətinin qoyulması. Belə praktika dünyada mövcuddur. Bu gün Azərbaycan da bu modeldən istifadə edir. Hətta beynəlxalq səviyyəli test imtahanlarının nəticələri eyni ölkədə universitetlərin reytinq əmsalına görə dəyişir. Universitetlərə qəbulda keyfiyyətlə bağlı qoyulan bal məhdudiyyəti həm də əmək bazarının tələbidir. Biz həm də son iki ildə ali təhsil müəssisələrinə bir sıra prioritet ixtisaslar üzrə minimal keçid ballarını artırmışıq. Yəni burada qarşıya qoyulan məqsəd odur ki, ali təhsil müəssisələri öz potensialını və profilini nəzərə almaqla ixtisasları, onların sayını və sifarişlərini müəyyənləşdirməlidirlər.

"Dövlət Strategiyasında da qəbul planının ləğvi nəzərdə tutulur”

İkinci yanaşma - hər istəyənə ali təhsil almaq hüququ verməkdir. Burada önə çəkilən amil təhsilin əlçatanlığıdır. Bir çox ölkələr ali təhsilə yiyələnmək arzusu olan hər kəsə bu hüququ verir. O şərtlə ki, vətəndaş öz təhsil xərcini tam şəkildə üzərinə götürür. Ali təhsilin əlçatanlığı "bilik iqtisadiyyatı” və ya "post sənaye” dövrü üçün uğurlu bir model kimi dəyərləndirilir. Bu, ölkədə insan kapitalının keyfiyyətinə müsbət təsir edir, iş yerlərinin yaradılması və iqtisadiyyatın inkişafı ilə sıx bağlıdır.

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da qəbul planının ləğvi nəzərdə tutulur. Bu isə universitetlərdən daxili qiymətləndirməyə və yekun imtahana olan yanaşmaya yeni baxış tələb edir.

Yuxarıda qeyd etdiyim mövzuların hər biri cəmiyyətdə müzakirə edilməlidir. Bu məsələlər dövlətin iqtisadi siyasəti və strukturu, həmçinin ictimai siyasətlə sıx bağlıdır.

- Belə bir yanaşma var ki, bir uşağa çəkilən xərc məktəbəqədər mərhələdə daha vacibdir, nəinki təhsilin digər səviyyələrində, o cümlədən ali təhsildə…

- Tamamilə doğrudur. Aparılan tədqiqatlar bunu birmənalı təsdiq edir. Təhsilin bu mərhələsinin vacib olduğunu və bununla bağlı ölkə rəhbərliyinin və Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın xüsusi yanaşmasını qeyd etmək lazımdır. Bir neçə ay bundan əvvəl Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Uşaqların məktəbəhazırlığının təşkili məsələləri” haqqında qəbul etdiyi qərar məktəbəqədər hazırlığın çərçivəsini genişləndirməyə yeni təkan verəcək. Bu, hər kəsin marağındadır. Biz məktəbəhazırlıq işini genişləndirmək üçün ilk növbədə elə ümumi təhsil müəssisələrinin infrastrukturundan istifadə etməyə qərar verdik. Yəni, bildiyiniz kimi, yeni tədris ilindən ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılacaq. Artıq bununla bağlı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda UNICEF-in maliyyə və metodiki dəstəyi ilə təlim proqramına start verilib. "Təlimçi hazırlığı” adlanan bu proqrama əsasən məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər təlimatlandırılır.

- Orta təhsildə son vaxtlar aparılan əsas dəyişikliklərdən biri də məktəblərdə təmayülləşmənin tətbiqidir. Bu, hansı zərurətdən yarandı?

- Ümumi təhsilin təmayüllər üzrə təşkilini bu sahənin keyfiyyətinin yüksəldilməsi üçün görülən işlərdən biri saymaq olar. Təmayülləşmə müvafiq fənləri əhatə edən təhsil sahələri üzrə fərqlənən şagirdlərin istedadlarının, onların potensial imkanlarının reallaşmasına və ümumi inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən prosesdir. Məqsəd təhsildə seçimini etmiş şagirdlərə öz potensiallarını reallaşdırmaq üçün bütün imkanları yaratmaqdır.

Yeni tədris ilindən təmayülləşmə genişlənəcək

Ötən tədris ilində 58 məktəbdə 176 sinif komplektində təxminən 3700 nəfərə yaxın şagird X sinifdə təmayüllər üzrə tədrisə cəlb olunub. Yeni tədris ilindən təmayülləşmə üzrə coğrafiya genişləndirilərək ölkənin 5 şəhər və 36 rayonu üzrə 124 məktəbdə tətbiq olunacaq. İndiyədək əldə olunan nəticələrin təhlili göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin meyl və arzularına uyğun təşkil edildiyi üçün onlarda təlimə marağı xeyli artırıb, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir edib.

- Dərslik problemi ictimaiyyət tərəfindən daim müzakirə olunan ciddi məsələlərdəndir. Son illərdə bu sahədə hansı dəyişikliklər edilir? Bugünkü dərsliklərimiz tədris standartlarına tam uyğundurmu? Bu problemlə bağlı nə deyə bilərsiniz…

- Biz bu il çap edilən dərsliklərin yerlərə çatdırılması prosesini bir qədər tez həyata keçirdik. Düşündük ki, şagirdlərin bir məktəbdən digər məktəbə yerdəyişməsi, birinci sinfə gedəcək şagirdlərin sayının dəqiqliklə müəyyən edilməsinin mümkünsüzlüyü dərsliklərlə təminatda çətinlik yaradar. Bu baxımdan valideynlərə və şagirdlərə müraciət etdik ki, göstərilən vaxtadək dərslikləri təhsil aldıqları məktəblərdən əldə etsinlər.

"Elektron dərsliklərə xüsusi önəm veririk”

Sualınızın digər hissəsinə gəldikdə isə qeyd edə bilərəm ki, dərslik seçimində şəffaflığı təmin etmək məqsədilə xüsusi sayt yaradılıb. Bununla bağlı davamlı ictimai rəy öyrənilir. Yəni dərsliklərin yazılması prosesində mütəxəssislərin və ictimaiyyətin də rəy və təkliflərinin nəzərə alınmasına üstünlük verilir.

Bir məsələni də vurğulayım ki, elektron dərsliklərə xüsusi önəm veririk. Təhsil Nazirliyi tərəfindən yaradılmış elektron dərslik portalında (www.e-derslik.edu.az) 143 elektron kitab var. Onlardan 121-i dərslik, 22-i müəllim üçün metodiki vəsaitdir. İnternetə çıxışı olan hər kəs istədiyi dərslikdən yararlana bilər. Bu günə qədər portala daxil olanların sayı 1 009 766 nəfərdir.

- Bu il həm də onunla yadda qaldı ki, Təhsil Nazirliyi müəllimlərin ixtisasartırma təhsili ilə bağlı, bütövlükdə pedaqoji işçilərin peşəkar inkişafı ilə bağlı yeni yanaşma sərgilədi. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun yeni təqdimatı təhsilimizdə nəyi dəyişəcək?

- Təhsilin keyfiyyəti müəllimin səviyyəsinə bağlıdır. Bəli, Təhsilin İnkişafı Üzrə Dövlət Strategiyasında müəllimlərin peşəkarlığının artırılması ayrıca bir istiqamətin mövzusudur. Günün tələblərinə uyğun müəllim ordusu hazırlamaq və onları davamlı inkişafa sövq etmək xüsusi diqqət istəyir. Ötən ilin sonunda Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanması İnstitutunun həm adı, həm də funksiyası dəyişdirilmişdir. Pedaqoji heyət üçün yeni modul-kredit və rəqabətəsaslı təlimlər sisteminin yaradılması istiqamətində iş gedir. Hazırda institut öz işini bu alqoritmdə tənzimləyir: Müəllimlərin təlim ehtiyaclarının müəyyənləşdirilməsi; Ehtiyaclara uyğun təlim paketlərinin hazırlanması; İxtisasartırma təlimlərinin birbaşa institutda deyil, tender yolu ilə seçilmiş universitet və ya əlavə təhsil müəssisələrində aparılması.

"İnstitut keyfiyyətə nəzarəti öz öhdəsində saxlayır”

Düşünürük ki, bu, ixtisasartırma təlimlərinin keyfiyyətini yüksəldəcək və universitetlər, əlavə təhsil müəssisələri arasında sağlam rəqabəti dəstəkləyəcəkdir. İnstitut keyfiyyətə nəzarəti, qiymətləndirmə və sertifikasiya məsələlərini öz öhdəsində saxlayır. Vahid standartlar əsasında hazırlanmış ixtisasartırma təlimlərinin bir qurum tərəfindən keçirilməsi, digər qurum tərəfindən qiymətləndirilməsi də şəffaflığı və keyfiyyəti yüksəltməyə xidmət etməlidir.

Başqa bir vacib məsələ müəllimlər üçün elektron ixtisasartırma proqramlarının hazırlanmasıdır. İxtisasartırma proqramlarının nəzəri-informativ hissələrinin elektronlaşdırılması hər mənada işi xeyli yüngülləşdirir.

- Bu il həm də dövlət başçısının sərəncamı ilə "Ən yaxşı müəllim”, " Ən yaxşı məktəb” müsabiqələrinin qaydası dəyişdi. Təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulub. Sizcə bu, təhsildə nəyi dəyişəcək?

- Birincisi, bu, fəaliyyətin daha hədəfli və seçimli qurulmasına xidmət edəcək. Cənab prezidentin sərəncamına əsasən, "Ən yaxşı ümumi təhsil müəssisəsi” və "Ən yaxşı müəllim” mükafatları üçün Azərbaycan Respublikasının dövlət büdcəsində hər il üzrə nəzərdə tutulan vəsait təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldiləcək. Sərəncam imkan verir k, bu prosesə tək ümumi təhsil məktəbləri, müəllimlər deyil, eyni zamanda ilk peşə, orta ixtisas və ali təhsil müəssisələri də cəlb olunsun. Bununla universitetlər də öz ideyalarını, yanaşmalarını ortaya qoya biləcəklər.

Əvvəlki illərdə yüzlərlə ümumitəhsil məktəbi fərqləndirildi, mükafatlar təqdim edildi. Bundan sonra ayrı-ayrı fərdlərin deyil, həmin şəxslərin təhsilə verəcəyi töhfələr qiymətləndirilməyə başlanacaq. Hazırkı dövrdə aparıcı mütəxəssislərin, onların müəllimlərinin ideyalarına ehtiyac var. Bu da innovasiyaların, kreativ yanaşmaların təhsilə gətirilməsinə xidmət edəcək.

- Bu gün aparılan islahatlarda məktəb direktorlarının seçimi də cəmiyyətin diqqətində olan məsələlərdəndir…

- Bu gün direktorlardan idarəetmədə yeni vərdişlərə yiyələnmə, tədris mühitinin şəffaflığının təmin edilməsi, təşəbbüskarlıq və məktəbin cəmiyyətin vacib həlqəsi kimi rolunu dərk etmə kimi əsas keyfiyyətlər gözlənilir. Bütün nailiyyətlərin və qarşıda duran çağırışların kökü məktəbdən başlayır. İstənilən şəxsin, fərdin formalaşması, milli dəyərlərin daşıyıcısı olması, öz uğurunu fərd olaraq deyil, uğurlu bir dövlətin, cəmiyyətin uğuru kimi görmək imkanı məktəbdə olan mühitdən, təhsil imkanından asılıdır. Məktəbdə isə bu mühitin yaradıcısı məktəb direktorudur. Müəllimlərin işə yanaşması, məktəb-valideyn münasibətləri məktəb direktorlarının fəaliyyətindən asılıdır. Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti layiqincə dəyərləndirməli, rəhbərlik etdikləri təhsil müəssisələrinin inkişafı naminə var gücləri ilə çalışmalıdırlar.

Bu il də məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalara uyğun olaraq, 4 mərhələdən ibarət müsabiqə keçirilib. Əvvəlcədən müəyyənləşdirilmiş 597 vakant yerə 2260 nəfər müraciət edib. İmtahanda iştirak edən 1591 nəfərdən 516-sı müsahibə mərhələsinə buraxılıb. Onlardan 208 nəfəri ölkənin şəhər və rayonlarındakı vakant məktəb direktoru vəzifəsinə işə qəbul olunub.

- "Məktəblilərin dostu” layihəsi də son vaxtların ən diqqətçəkən yeniliklərindən oldu. Bu, şagird-müəllim münasibətinin daha da yaxşılaşmasına, valideyn məmnuniyyətinə şərait yaradacaqmı?

- Təhsil Nazirliyi "ASAN xidmət”lə birgə "Məktəblilərin dostu” layihəsinə start verib. Layihə təhsilin idarəedilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə həyata keçirilir.

"Məktəblinin dostu”nun əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması olacaq. "Məktəblinin dostu” həmçinin, hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin olunması, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edəcək. Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçiriləcək.

- Son 3 ildə ölkə təhsilində olimpiadaların keçirilməsi ilə bağlı yaxşı ənənə formalaşıb. Nəticələr nəyi deyir?

- Sağlam və ədalətli rəqabət mühitində keçirilən bu yarışlar şagirdlərin müvafiq fənlərə olan marağının daha da artmasına səbəb olur.

 260 şagird olimpiadanın qalibi olub

Cari tədris ilində Koreya, Albaniya, Rusiya və Çində keçirilən 5 müxtəlif beynəlxalq fənn olimpiadasında Azərbaycan məktəbliləri 5 gümüş və 11 bürünc medal qazanıblar. Təsadüfi deyil ki, bir çox Respublika və Beynəlxalq Olimpiada qaliblərimiz dünyanın nüfuzlu universitetlərində təhsil alırlar. Moskvada keçirilən Beynəlxalq Mendeleyev Olimpiadasının qalibləri Lomonosov adına Moskva Dövlət Universitetinə, Balkan Riyaziyyat Olimpiadasında medal alan şagirdlər isə Türkiyənin Bilkənt və Orta Doğu Texniki universitetlərinə dəvət ediliblər.

Respublika Fənn Olimpiadalarının birinci mərhələsində bu il iştirak edən şagirdlərin sayı xeyli artıb. Belə ki, iştirakçıların sayı 27 500 nəfər olub. Qaliblər arasında paytaxtla müqayisədə bölgə məktəblilərinin üstünlük təşkil etməsi isə müsbət hal kimi dəyərləndirilməlidir. Bu il 260 şagird olimpiadanın qalibi adına layiq görülüb.

- Məktəb tikintisinin statistikasını görə Azərbaycan artıq uzun illərdir ki, qabaqcıl ölkələrdən sayılır. Bu sahədə son rəqəmlər necədir?

- Bəli, Azərbaycan bu sahədə öncüldür. Son 13 il ərzində ölkəmizdə məktəblərin 70 faizi yenidən tikilib və ya əsaslı təmir olunub. Yeni tədris ilindən ölkə üzrə 29 yeni məktəb, o cümlədən, Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb istifadəyə veriləcək.

101 məktəbdə əsaslı və 384 məktəbdə isə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir. Yeni tədris ilindən Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə 2 internat məktəbi əsaslı təmir olunub istifadəyə veriləcək.

- Deyəsən, təhsilimiz getdikcə "asan”laşır”. "ASAN məktəb”, "ASAN peşə”, "Məktəblinin dostu” və sair. Maraqlı layihələrdir. Onların, xüsusən də elə "ASAN peşə” layihəsinin coğrafiyasını genişləndirmək mümkündürmü?

- Təhsil sistemi əhalinin böyük hissəsini əhatə etdiyindən bizim "ASAN xidmət”lə olan əməkdaşlığımızın genişləndirilməsi təsadüfi xarakter daşımır. Məqsədimiz təhsil xidmətlərini daha rahat və şəffaf formada çatdırmaqdır. Bu tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul pilot olaraq "ASAN peşə” layihəsi üzrə Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən "ASAN xidmət” mərkəzlərində həyata keçirilib. Bu, Təhsil Nazirliyi ilə "ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində reallaşdırılır. 4 mindən artıq şəxs ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.

"ASAN peşə” layihəsi vətəndaşların rahatlığının təmin olunması, Təhsil Nazirliyi–"ASAN xidmət” əməkdaşlığının səmərəliliyinin artırılması və ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir.

Bundan əlavə, Bakı və Gəncə şəhərlərində ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması, dövlət-özəl əməkdaşlığının qurulması və işəgötürənlərin peşə təhsilinin inkişafına yönələn layihələrə cəlb olunması (British Council və Absheron Hotel Group, Bocsh, Knauf, "İT STEP Academy”) üzrə də iş aparılır. Ukraynanın "İT STEP Academy” şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində şəbəkə texnologiyaları və sistem inzibatçılığı, kompüter qrafikası və dizayn, proqram təminatının yaradılması ixtisasları üzrə birgə fəaliyyət nəzərdə tutulub.

Təhsil Nazirliyi ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatının ödənilməsini, müasir iqtisadi çağırışlara çevik reaksiya vermək qabiliyyəti olan ilk peşə-ixtisas təhsili sisteminin formalaşdırılmasını və mövcud peşə təhsili şəbəkəsinin dövlət-biznes partnyorluğuna əsaslanan sistemə transformasiyasını təmin etmək üçün kompleks tədbirlər həyata keçirir. Odur ki, müasir dövrün tələbinə uyğun ilk peşə-ixtisas təhsili ixtisaslarına yiyələnmək üçün yaradılmış imkan və potensialdan yararlanmaq abituriyentlərin seçimindən və istəyindən asılıdır.

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması da ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə yaradılıb.

- Maarifçi Tələbə Kredit Fondu hansı məqsədlə yaradıldı? Hər tələbə bu kreditlərdən istifadə edə bilərmi?

- Maarifçı Tələbə Kredit Fondu Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Fond dövlət ali təhsil müəssisələri tərəfindən təsis olunub. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

"Cari ilin iyununda artıq 22 tələbəyə kredit ödənilib”

Tələbələr tərəfindən təhsil kreditləti üzrə müraciət yalnız elektron qaydada həyata keçirilir. Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər.

Cari ilin iyununda artıq 22 tələbəyə kredit ödənilib. Kreditlərin yenidən verilməsinə isə oktyabrın 1-dən başlanacaq. Tələbə Kreditləri ilə bağlı artıq beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanılıb, o cümlədən Dünya Bankı ilə ilkin danışıqlar aparılıb və texniki yardım göstərilməsi üçün məsləhətçi ayrılıb. Məqsəd beynəlxalq təcürübənin öyrənilməsidir. Artıq bu işlər üzrə ilkin hesabat hazırlanıb.

- Fransa-Azərbaycan Universitetinin fəaliyyətə başlaması əslində gənclərimizin təhsili üçün yaradılan daha bir vasitədir və xüsusi qeyd olunmalı məsələlərdəndir. Bu, beynəlxalq əməkdaşlıq yönümündə hansı irəliləyişlərə rəvac verəcək?

- Azərbaycanla Fransa arasında bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksək səviyyədə əməkdaşlıq inkişaf edir. Fransa-Azərbaycan Universitetinin (UFAZ) yaradılması da bu əməkdaşlığın bariz nümunəsidir. Eyni zamanda bu, Avropa keyfiyyətli ali təhsili ölkəmizdə əldə etməyə imkan verəcək, bu isə mühüm irəliləyiş olacaq.

UFAZ bu tədris ilindən ADNSU-nun binasında Azərbaycanda ən çox tələbat olan 4 ixtisas üzrə tədrisə start verəcək. Bu ixtisaslar kimya, geofizika, neft-qaz mühəndisliyi və kompüter elmləridir. Təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla, 4 il davam edəcək. UFAZ-ın məzunları ikili diplom (Strasburq Universiteti və ADNSU) əldə edəcəklər.

- Ötən ilin dekabrında alimlərimiz üçün xüsusi imkanların yaradılması ilə bağlı Təhsil Nazirliyi ilə "TomsonReuters” arasında müqavilə imzalandı. Bu müqavilənin hazırkı icra vəziyyəti necədir?

- Təhsil Nazirliyinin "ThomsonReuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi ilə imzaladığı müqaviləyə əsasən Azərbaycanın 40 ali təhsil müəssisəsi dünyada məşhur elmi istinad indeksi olan "ThomsonReutersWeb of Science” platformasına çıxış əldə etmək imkanı qazanıb. Bununla yanaşı, AMEA-nın alimləri də bu platformadan istifadə edirlər. Həmin bazaya çıxış beynəlxalq elmi dairələrdə tanınmaq və qlobal universitet reytinqlərində yüksəlmək imkanı verəcək. Dünyanın ən tanınmış elmi-analitik informasiya təminatçısı olan "ThomsonReuters” şirkəti ilə əməkdaşlıq rəqabətəqabil insan kapitalının hazırlanması siyasətinə əsaslanır və ölkəmizin inkişaf konsepsiyasına dəstək göstərilməsi məqsədi daşıyır.

- Sizcə, tələbə köçürülməsinin elektron qaydada aparılması bu sahədə nəyi dəyişəcək?

- Bu ilin avqustunda tələbələrin köçürülməsində yenilik etdik. Artıq təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilir. Burada əsas məqsəd tələbə köçürülməsində şəffaflığın, rahatlığın və sadələşmiş prosedurun yaradılmasıdır. İndi tələbə rahat şəkildə bir universitetdən digərinə və ya bir ixtisasdan başqasına köçürülmək istəyirsə, bunun üçün sadəcə elektron şəkildə məlumatlarını daxil edərək istəyini reallaşdıra bilər.

Təhsil Nazirliyinin əsas hədəfi odur ki, təhsil prosesinin baş verdiyi bütün sferalarda şəffaf mexanizm yaratsın. Yəni müraciət edənlə məmur arasında birbaşa ünsiyyət olmadan məsələ həllini tapsın. Bu, həm də ölkəmizdə son illərdə tətbiq olunan elektron idarəçilik sisteminin bir həlqəsidir. Təhsil Nazirliyi təhsilin bütün sferalarında bu cür innovativ yanaşmaları davam etdirməyi əsas məqsəd sayır.

- Bu günlərdə Təhsil Nazirliyində keçirilən kollegiya iclası ali təhsilin inkişaf trendlərinə həsr olunmuşdu. Sizcə, bu inkişaf tendensiyalarını necə təsbit etmək olar?

- Bu il ali təhsil müəssisələrində, belə demək mümkün olarsa, ümumilikdə rekord sayda tələbə qəbul olunub. Bunu ilk növbədə qəbul imtahanlarında keçid balının aşağı salınması hesabına deyil, akademik nəticələrin yüksəldilməsi hesabına əldə etmişik. Bu, ölkəmizdə Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən islahatların məntiqi nəticəsidir. Ali təhsil müəssisələrimiz üçün tələbələrin həm sayının artımı, həm tələbələrin göstərdiyi nəticələrin yüksəlməsi, düşünürəm ki, onların fəaliyyəti üçün çox münbit bir şərait yaradır.

Bilirsiniz ki, cənab Prezidentin müvafiq fərmanı ilə bu yaxınlarda "Elm haqqında” qanun qəbul olunub. Həmin qanunda həmkarlarımızla dəfələrlə müzakirə etdiyimiz mövzulardan biri, nəhayət öz müsbət həllini tapıbdır. Bu çox böyük bir irəliləyişdir. Ölkəmizdə tədqiqat universitetlərinin tanınması - belə bir status, belə bir anlayış cənab prezident tərəfindən müvafiq qanunla təsdiqlənib.

- Məktəbdənkənar təhsil sahəsində hansı yeniliklər var?

- Bu yeniliklər ötən tədris ilində kifayət qədər çoxsaylı olub. Növbəti tədris ilində də bu işin miqyası əhatəli olacaq. Bu tədbirlər çərçivəsində 60 minədək məktəblinin müxtəlif tarixi və dövlət əhəmiyyətli məkanlara ekskursiyası təşkil olunub, "Multikulturalizm ili” ilə əlaqədar yaradıcılıq mərkəzlərinin müxtəlif konsert proqramları keçirilib.

İdman sahəsində isə bu ilin tədbirləri rəngarəng olub. Elə götürək Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilmiş "Bakı marafonu-2016” yarışmasını. Sevindirici haldır ki, "Bakı Marafonu 2016"da Təhsil Nazirliyinin tabeliyindəki məktəblərin əməkdaşları və idmançıları - Namiq Əsədov, Tural Sadıqlı, Elman Abışov, Raidə Aslanova, Rəqsanə Rəcəbli, Lalə Pirumova ən yüksək nəticə göstərənlərdəndir.

"Rio-2016” Yay Olimpiya Oyunlarına hazırlıq ərəfəsində Milli Olimpiya Komitəsində idman federasiyaları, Gənclər və İdman Nazirliyinin rəhbərliyi ilə birgə geniş tərkibli görüşü keçirilib. Görüşün əsas məqsədlərindən biri təhsil və idman qurumları arasında üzvü əlaqəni təmin etmək, təhsil qurumlarının idman potensialından və məktəblərin idman qurğularından səmərəli istifadə etmək olub. Həmçinin, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və müvafiq idman federasiyalarının dəstəyi ilə təhsil müəssisələrində şagirdlərin idmana, xüsusən də bədən tərbiyəsinə cəlb olunması, məktəblilər və gənclər arasında idmanın kütləviliyinin təşviqi əsas mövzularından biri olub. Sevindirici haldır ki, son illərdə məktəbdənkənar tərbiyənin effektiv təşkili nəticəsində müxtəlif miqyaslı yarşmalarda çıxış edən təhsil-idman məktəblərinin yetirmələrinin sayı da çoxalıb.

Təsadüfi deyil ki, Rio-de-Janeyro şəhərində təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında respublikamızı təmsil edənlər arasında yüksək nailiyyət qazanmış 2 nəfər idmançı Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələrindəndir. Belə ki, sərbəst güləş üzrə 1 idmançımız gümüş, digəri isə bürünc medala layiq görülüblər. Həmçinin, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Fiziki Hazırlıq Klubunun direktoru Ramil Qasımov "Rio-2016” XV Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. Bütün bu uğurlar ölkə Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına göstərdiyi davamlı qayğı sayəsində qazanılan nailiyyətlərin sırasını daha da zənginləşdirir.

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiyadasında 6 komanda üzrə 30 şahmatçı ilə təmsil olunan milli komandamızın üzvlərindən 22-si Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən UGŞM-nin yetirməsidir.

Ümumilikdə təhsil insan inkişafının ahəngdarlığını təmin etməlidir. İstər tədrisdə qazanılan akademik göstəricilər olsun, istərsə də təhsilalanın fiziki inkişafı. Bu vəhdətdə məktəbin, ailənin və bütövlükdə sosial mühitin gəncin formalaşmasındakı rolu danılmazdır. Təhsilin dəyər və məqsədi də təkcə təhsilalanın imtahan balı ilə ölçülmür, yetkin vətəndaşın formalaşması ilə birbaşa bağlıdır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}