Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
Tarix: 21-08-2020 14:59 | Bölmə: Müsahibə
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək”

Oqtay Qasımov deyir ki, Türkiyə Aralıq dənizi məsələsində öz hüquqlarını sona qədər müdafiə edəcək: “Burada söhbət çox ciddi karbohidrogen ehtiyatlarından gedir. Bu günə qədər aşkarlanan karbohidrogen ehtiyatları Türkiyənin 500 illik ehtiyaclarını ödəyəcək həcmdədir”

Aralıq dənizində gərginlik pik həddə çatır. Faktiki olaraq Türkiyəyə qarşı ciddi ittifaq yaradılıb və Fransa da bu prosesə daxil olub. Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin köməkçisi işləmiş siyasi analitik Oqtay Qasımov Reyting.az-a müsahibəsində deyib ki, Şərqi Aralıq dənizində vəziyyətin gərginləşməsinin səbəbkarı Yunanıstandır:

- Afina 1961-ci ildə BMT tərəfindən qəbul edilən dənizlərdə ərazilərin müəyyən edilməsi xartiyasına qarşı addımlar atır. Yunanıstanın həm Türkiyəyə qarşı irəli sürdüyü iddialar, həm də Misirlə bağladığı müqavilələr bu prinsiplərin əleyhinədir.

1961-ci il sənədinə görə ölkələrin dənizlərdəki müstəsna iqtisadi sahələri 200 mil müəyyən edilib. Bu məsafələr dövlətlərin kontinental ərazilərindən hesablanmalıdır. Yunanıstanın İtaliya ilə dəniz ərazilərinin bölgüsünə dair bağladığı müqavilələr də məhz buna əsaslanıb. Yəni hər iki dövlətin adalardan deyil, ölkələrin yerləşdiyi kontinental, qitədəki əsas ana torpaqları üzərindən hesablanıb. Yunanıstanın İtaliya ilə belə müqavilə bağlamasına baxmayaraq Türkiyə ilə münasibətdə məsafələri adalar üzərindən hesablamağa çalışır. Bu da o deməkdir ki, Türkiyənin həm Aralıq, həm də Egey dənizlərində hüquqları məhdudlaşdırılır. Bir sözlə, bu yanaşma ilə Türkiyə dəniz dövləti olmamalıdır. Sözsüz ki, belə niyyəti Türkiyə dövləti qəbul edə bilməz. Yunanıstan və onu dəstəkləyən Fransanın iddiaları Ankara tərəfindən qəbul edilsə, bu zaman Türkiyənin dənizlər üzərində hüquqları 180 nin kvadrat kilometrdən 41 min kvadrat kilometrə düşəcək. Bu, faktiki olaraq Türkiyənin maraqlarına zərbə vurulmasıdır.

Türkiyə beynəlxalq hüquq normalarına əsaslanaraq iddialarını ortaya qoyub və öz iddialarını irəli sürməklə yanaşı həm də elan edib ki, bu məsələlərin dinc və diplomatik yolla həllinin tərəfdarıdır, danışıqlara hazırdır. Yəni qonşuluq münasibətlərini nəzərə alaraq tərəflərin maraqlarına uyğun olacaq ortaq mövqeyə gəlmək istəyirlər.

Əslində Yunanıstanla da belə müzakirələr aparılıb. Maraqlıdır ki, Yunanıstanla Türkiyə arasında bu şərtlər daxilində razılaşma sənədi üzərində yekun iş aparılıb imzalanmasına bir gün qalmış Yunanıstan Misirlə imzaladığı müqaviləni ictimaiyyətə açıqlayıb. Əslində bu, cığallıq və oyunpozanlıqdır.

Fransa isə bu prosesdə “ələkçinin qıl verəni” rolunda çıxış edir. Ümumiyyətlə, Aralıq dənizinin Fransaya heç bir aidiyyəti yoxdur. Söhbət Aralıq dənizinin şərq hissəsindən gedir. Fransanın bu dənizlə nə əlaqəsi, nə də sərhədi yoxdur. Sadəcə, 100 il əvvəl Fransa Suriya və Livanı işğal altında saxlayıb. Bu saat Fransa zədələnən mövqelərini bərpa etmək məqsədi güdür. Amma mən düşünmürəm ki, Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyəcək. Türkiyə öz hüquqlarını sona qədər müdafiə edəcək. Burada söhbət çox ciddi karbohidrogen ehtiyatlarından gedir. Bu günə qədər aşkarlanan karbohidrogen ehtiyatları Türkiyənin 500 illik ehtiyaclarını ödəyəcək həcmdədir. Türkiyə nə üçün bundan imtina etməlidir?

Nəzərə alın ki, Türkiyə ildə mavi yanacaq, elektrik və neftə görə 50 milyard dollardan artıq vəsait ödəyir. Bu mənada düşünmürəm ki, Türkiyə bu məsələdə öz maraqlarına zidd addım atsın. Sadəcə, Türkiyədən gözlənilən qətiyyətli davranışı davam etdirərək maraqlarını qorumaqdır. Əminəm ki, Türkiyə bunu edəcək.

- Fransanın bu dərəcədə anti-Türkiyə mövqeyi və qərəzinin nüvəsində hansı səbəblər dayanır?

- Bu tarixi məsələdir. Əslində Fransa Şərqi Aralıq dənizində müşahidə olunan proseslərdə destruktiv rol oynayır. Bu, həm Suriyada Türkiyəyə qarşı PKK/PYD terror təşkilatını dəstəkləməklə, həm də Liviyada BMT tərəfindən tanınan legitim hakimiyyətə qarşı vuruşan qiyamçı general Xəlifə Haftarı dəstəkləməklə bağlıdır. Həmçinin qonşu olan Yunanıstan və Türkiyə arasında problemlərin həllinə aidiyyəti olmadığı halda bu işə burnunu soxması ilə əlaqədardır. Ehtimal edirəm ki, bu addımlar qəbul edilməyəcək və Fransa da belə şantajla hər hansı nəticə əldə edə bilməyəcək.

Adama sual verərlər ki, Şərqi Aralıq dənizi ilə Fransanın arasında bir neçə min kilometr məsafə olduğu halda niyə burada sənin karbohidrogen ehtiyatları axtarmağın təbii, bu dənizin sahilində yerləşən Türkiyənin beynəlxalq iqtisadi zonasına daxil olan ərazisində bu işləri görməsi qanunsuz hesab olunmalıdır? Bu, harada yazılıb? Odur ki, Fransanın bütün hərəkətləri əslində destruktivdir və qəbul olunmur.

- Son xəbərlərə görə, Türkiyə Mali dövləti ilə əməkdaşlıq sazişi bağlayıb və bundan az sonra ölkədə Fransaya yaxın olan hakimiyyətin çevrilişi baş verib...

- Ümumən Şimali və Qərbi Afrika qitəsinin böyük hissəsi XIX əsrdə Fransanın müstəmləkəsi olub, rəsmi Paris bu gün də həmin ərazilərdə siyasətini davam etdirir. Sözsüz ki, Fransanın imkanları orada genişdir və hazırda orada işlər görür. Malidə baş verən dövlət çevrilişi ilə bağlı əhatəli məlumat olmadığından fikir yürütmək bir qədər çətindir. Amma, hər halda çevrilişi baş verib. Qənaətimcə, Fransanın bu məsələlərdə “barmağının” olması istisna deyil. Mən düşünmürəm ki, bu, məhz Türkiyənin Mali ilə əməkdaşlığı səbəbindən baş verib.

Amma ortada başqa məsələlər var. Normalda Afrika qitəsi ölkələrində hərbi çevrilişlər artıq həyat tərzinin bir hissəsinə çevrilib. Odur ki, mən deməzdim, Malidə Fransa Türkiyəyə cavab verərək hakimiyyət çevrilişi həyata keçirib.

- Artıq ABŞ da gəmilərini Aralıq dənizinə göndərməyə başlayıb. Dünyanın ən qaynar vəziyyəti halında olan Aralıq dənizində müharibə başlaya bilərmi?

- Bunu düşünmürəm. Bu saat orada bir az da əsəblərin mübarizəsi gedir. Kim daha çox qətiyyətli və əsəblərinə hakim olacaqsa, eyni zamanda beynəlxalq hüquqa görə iddialarında dürüst olacaqsa, sözsüz ki, öz iddialarını qəbul etdirəcək.

BMT tərəfindən qəbul edilən dənizlər haqqında xartiyasına görə Ankaranın burada 200 millik, təxminən 230 kilometrlik ərazilərdə hüququ var. Əgər belə olmasaydı Türkiyə tərəfi 2019-cu ilin noyabrında Liviya ilə imzaladığı müqaviləni BMT-nin təsdiqinə verməzdi. Yəni Türkiyə beynəlxalq hüquqa uyğun addımlar atdığına arxayın olduğu üçün öz mövqelərini qətiyyətli şəkildə müdafiə edir.

- Türkiyənin Şərqi Aralıq dənizində yataq tapdığı doğrudurmu, əgər doğrudursa, bu, Ankaraya qarşı olan ölkələrin hansı reaksiyasına səbəb ola bilər?

- O ərizlərdə böyük karbohidrogen ehtiyatları var. Məsələn, bu günə qədər açıqlanan rəqəmlərə görə, orada 10 milyardlarla barrel neft var. O cümlədən də 10 trilyonlarla kubmetr qaz ehtiyatının olduğu bildirilir. Türkiyə də cəmi 3 gəmisi ilə araşdırma aparır. Hələlik yataq tapılması məncə, təxminlərdir. Ehtimal odur ki, bu ərazilərdə faydalı qazıntılara rast gəlinəcək və Türkiyənin cəhdləri boşa çıxmayacaq.

Yeri gəlmişkən, burada Türkiyənin qətiyyət gösərməsinin bir səbəbi də Kipr yunanlarının bu məsələdə bütövlükdə Kiprin təmsilçisi kimi çıxışı və qəbul edilməsidir. Halbuki 1961-ci ildə qəbul edilən sənədə əsasən Kiprdə ikiicmalı toplum dövləti yaradılmalı idi. Ancaq yunanlar 1964-cü ildən bu anlaşmanı pozaraq adadakı türk əhaliyə qarşı soyqırımı törətməyə başladı. Bunun da nəticəsində Türkiyə 1974-cü ildə Barış Hərəkatı ilə bu problemi aradan qaldırdı və kimin nə düşünməsindən asılı olmayaraq, artıq Kiprdə 46 ildir iki dövlət fəaliyyət göstərir.

2004-cü ildə Annan planına uyğun olaraq adanı bütövləşdirmək məqsədilə referendum keçirildi. Türk əhali referendumda adanı bütövləşdirməyin lehinə çıxış etsə də, yunan tərəfi əleyhinə getdi. Halbuki o zaman beynəlxalq aləmdə belə mövqe qoyulmuşdu ki, əgər vahid dövlət yaratmaq mümkün olmasa, türk tərəfi referendumun lehinə, yunan tərəfi isə əleyhinə çıxış etsə, türk Kipri müstəqil dövlət kimi tanınacaq, Kipr də iki dövlətdən ibarət olacaq. Amma təəssüflər olsun ki, BMT və beynəlxalq güclər öz sözünü tutmadı. Əvəzində adada vahid dövlətin yaranmasının əleyhinə çıxan yunan Kipri Avropa Birliyinə qəbul edildi, türk Kipri isə izolyasiya şəraitində saxlanılmaqda davam etdi. Bu gün Türkiyənin fəaliyyəti həm də Şimali Kipr Türk Cümhuriyyətinin hüquq və haqlarını qorumaq məqsədi güdür.

- Fransanın təşəbbüsü ilə Avropa Birliyinin toplantısı çağırılıb və məqsəd Türkiyəyə qarşı sanksiyalar qərarı verilməsinə nail olmaqdır. Gözləntiniz nədən ibarətdir?

- Avropa Birliyinin əsas dövləti olan Almaniya bu məsələdə Yunanıstanın cığallığını hansısa formada qəbul edir. Bu baxımdan Avropa Birliyinin Türkiyəyə qarşı sanksiya qərarı çıxarması Fransanın oyunlarıdır və “Bu regionda mən də varam!”,- demək istəyidir. Həm də ənənəvi türk düşmənçiliyi siyasətidir. Fransanın böyük uğur qazanacağını istisna edirəm. Fransanın Türkiyəyə qarşı bu addımları həm də Qafqaz regionunda Türkiyənin fəaliyyətinin güclənməsi, o cümlədən Paris tərəfindən də dəstəklənən Ermənistanın iyulun 12-də Tovuz istiqamətində təxribatlarına Türkiyənin sərt mövqe nümayiş etdirməsi ilə də bağlıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər