“Azərbaycan-Rusiya gərginliyinin alt qatında qlobal proseslərın də izi var” - Müsahibə
Tarix: 27-05-2017 12:21 | Bölmə: Müsahibə

VİP sədri Əli Əliyev deyir ki, hakimiyyətin Rusiya vəİranla bağlı mühafizəkar seqmenti Azərbaycanı inkişafdan uzaq tutmaq üçün əlindən gələni edir

Mayın 28-də Vətəndaş və İnkişaf Partiyasının (VİP) IV Qurultayı keçiriləcək. Qurultay öncəsi VİP sədri Əli Əliyevlə partiyadaxili proseslər və ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı müzakirə apardıq.

Ə.Əliyev Reyting.az-a müsahibəsinə qurultaya hazırlıqla başladı:

- Qurultaya hazırlıq normal məcrada davam edir. İş planımıza və hazırlanmış qrafikə uyğun gedirik. Keçiriləcək qurultay növbəti qurultaydır. Belə toplantıda bütün seçkili qurumlar hesabat verir vəyenidən seçkilərə gedilir. Bütün strukturlar təzələnir.

Vəziyyətimiz ümumən qənaətbəxşdir. Azərbaycanın siyasi reallığında ən vacib vəzifə təslim olmamaq, mövqe və sərbəst fəaliyyət imkanını özündə saxlamaqdır. Fikrimcə, ötən dövrdə buna nail ola bilmişik.

İqtidarın formalaşdırdığı qeyri-rəsmi direktivə görə Prezident Əliyevin tənqid olunması yolverilməzdir, "qırmızı xətt”dir. Ona görə də bir qism "müxalifətçi”lər onun ətrafını "baltalayır”, lakin adını hallandırmağa cürət etmirlər.

Digər qism düşərgə yoldaşlarımız isə başqa siyasi direktivə söykənərək yalnız Prezidenti tənqid edir, ətrafını "görmürlər”. Bizim bu məsələ ilə bağlı tam sərbəstliyimiz var. İstənilən tərəfi tənqid etmək imkanındayıq.

Dediklərimin fövqündə bir vacib postulat vardır. Biz heç kəslə fərdi savaş və ədavət aparmırıq. Bizim üçün bir hakim komanda var. Bu komandanın lideri, birinci çevrə məmur ordusu və digərləri mövcuddur.

Siyasi hakimiyyətin Azərbaycana sırıdığı bir siyasi idarəçilik metodu vardır. Apardığımız mübarizə ilk növbədə yanlış siyasi idarəçiliyə, onun əsas müəllifi olan YAP-a qarşıdır. Bu komandanın içində fərdi məsuliyyət və ya qanunsuzluq qabaran zaman, istənilən yetkilini fərdi qaydada tənqid edirik. Qalan dövrlərdə isə bütöv şəkildə hakimiyyət və onun yürütdüyü ziyanlı siyasət hədəfimizdə olur.

Qeyd edim ki, belə siyasi suverenliyini özündə saxlayan çox azsaylı təşkilat vardır. Hətta bir qism potensial "müxalifətçi”lər elə gizləniblər ki, onaların cınqırını belə eşitməzsiniz. Belə ünsürlər İlham Əliyevin hakimiyyətilə anlaşaraq pısıblar, siyasətdən getməmə səbəbləri isə nə vaxtsa geri dönüb millətə "nömrə gəlmə” istəkləridir.

- Sədr postuna yenidən namizəd olacaqsınız. Alternativiniz formal namizəd olacaq, yoxsa həqiqətən mübarizə gedəcək?

- Biz süniliyin əlehinəyik. Qurultay qərarı qəbul olunan iclasda sədrliyə namizəd olmaq istəyənlərə mesajımı vermişəm. Belə şəxslərin ortaya çıxması partiyanın inkişafına xidmət edər. Lakin bu təşəbbüs növbətçi xarakter daşımamalıdır. İddiaçı ortaya çıxan zaman alternativliyi ortaya qoymalı, yeni və fərqli tövr nümayiş etdirməlidir. Hələlik bu istəkdə olan namizəd ortaya çıxmayıb.

- Azərbaycanda partiyalar şəxslər ətrafında formalaşır. VİP Sizin ətrafınızda formalaşıb, yoxsa söykəndiyi ideologiya var?

- Siyasi problemlərin spesifikası Azərbaycan arealı üçün xarakterikdir. Fikrinizcə, bütün dövlət resurslarını mənimsəmiş, avtoritar şəkildə hakimiyyəti yönləndirən YAP ideoloji təşkilatdırmı? İqtidar partiyasının siyasi spektrin hansı yerində durduğunu kimsə söyləyə bilərmi?

Unutmayın, hakim partiyanın nüvəsi, bir günün içində 400 minlik Kommunist Partiyası sıralarını tərk edən şəxslərdən təşkil olunub. Əliyevlər bir saatlıq büdrəsələr, o partiyada saymaq üçün 5 nəfər tapmayacaqsınız. Bunu ötən əsrin 80-90-cı illərində özləri də yaşayıblar.

YAP bütövlükdə Azərbaycanı ideyasızlaşdırıb. Daha doğrusu, pul qazanmanı əsas xətt kimi seçib. Son illərin təcrübəsi göstərir ki, bu yolda heç bir cinayətdən belə çəkinmirlər.

Hökümətin nəzarətində olan bir bankda dollar ekvivalentində 2 illik dövlət büdcəsi mənimsənilib. Nazirimizin "qara mühasibatlıq"dan aldığı illik məbləğ ABŞ prezidentinin illik maaşı qədər olur. Belə biabırçılıqları saatlarla sadalamaq mümkündür. Budurmu, YAP ideolojisi?

Hakimiyyət siyasi partiyaları "ayaqlamaqla” məşğuldur. Siyasi fəaliyyət cəmiyyət tərəfindən ən təhlükəli fəaliyyət hesab edilir. Opponentlər bütün vasitələrlə susdurulur. Dünya praktikası da göstərir ki, avtoritar cəmiyyətlərdə klassik partiya anlayış və nümunələri olmur. Ona görə də müqavimətin təşkili şəxs və ya qrupların ətrafında baş verir.

VİP-in rəsmən sağ mərkəzdə, mühafizəkar mövqedə durmasına, müdafiə etdiyi ideoloji dəyərlərin olmasına baxmayaraq, bizim də təşkilat bir qrup insanın fədakar zəhməti nəticəsində ayaqda dura bilir. İnsanlarımızın inamlı və əzmkar işləri olmasaydı, çox çətin olardı.

Fürsətdən istifadə edərək VİP-in bütün nüvə şəxslərinə dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, onların əqidə savaşı milli davamızda nəticəli olacaq.

- Qurultaydan sonra partiyanızın mübarizə istiqamətində hansısa dəyişiklik olacaqmı?

- Əsaslı dəyişikliklərin olacağını düşünmürəm. Bunun bir sıra deyilməyən səbəbləri var. Biz yaranmış vəziyyətdə siyasi paradiqmalara korrektəni lazım görürük. Sözsüz ki, yeni çalarlar əlavə olunacaq. Çünki qurultayımız çox gərgin dövrə təsadüf edir. Ətrafımızda və ölkənin daxilində ciddi hərəkətlənmənin şahidiyik. İqtidar "qabıqtökmə” mərhələsindədir. Siyasi komanda təşvişdədir. İqitidar, büruzə verməsə də, xeyli yıpranıb. Beynəlxalq proseslər təhdid edir. Tramp yeni çağırışlara müəlliflik edir. Rusiya və İran Trampın hədəfindədir. Çini yanına alaraq, ABŞ dünya siyasi xəritəsinə "əl gəzdirməyə” qərar verib. Qonşuları Azərbaycandan mövqe gözləyirlər.

Tramp ilk səfərini Səudiyyə Ərəbistanına etməklə, İslam dünyasındakı müttəfiqini göstərdi. İlk təmas 100 milyardlıq silah satışı anlaşması ilə yadda qaldı.

Qonşularımız bərk narahatdırlar. Azərbaycan-Rusiya münasibətlərindəki gərginliyin də alt qatında qlobal proseslərın izi yatır. Bunun ziyanlı təzahürləri mütləq aşkara çıxacaq. Gərginliyin potensialı dediklərimdən xeyli böyükdür.

Belə vacib dönəmdə çağırışlara qarşılıq verməmək mümkünsüzdür. Çalışacağıq, baş verə biləcək bütün proseslərə, ehtimallı variantlara hazırlıq görək. Təbii ki, imkanımız daxilində.

- Əli bəy, ölkədəki vəziyyət ortadadır. Sizcə, hazırkı situasiyada nə etmək lazımdır? Müxalifətin üzərinə düşən missiya nədir?

- Müxalifət baş verməsi ehtimal edilən miqyaslı hadisələrə hazır olmalıdır. Qarşıdan gələn dönəm, "gözləmə rejimi”ndən çıxmanı nəzərdə tutur.

Müsahibələrinin birində prezident Əliyev maraqlı bir detala toxunmuşdu. "Siz müxalifəti necə ram etdiniz?” sualına "Mən onların maliyyə mənbələrini qapadım” cavabını vermişdi. Həqiqətən YAP-ın aktivinə yazıla biləcək "uğurlu” amil kimi müxalifətin maliyyə mənbələrindən məhrum edilməsi olub. Gənəldə bu cür qapanış dövlətçiliyə ziyanlı olmasına baxmayraq, YAP sədri bu "uğurundan” məmnunluqla danışır. Opponentləri zəiflətmək üçün işə yarayan mövqe olsa da, belə davranış dövlətin bazisi olan siyasi altqurumu da dağıdır. Nəticədə isə dövlət "binası” zədə alır. Bu, başqa mövzudur.

Qarşıdan gələn dövr hakimiyyət tavanı altında toplanmış maliyyə resurslarının siyasi həyata transferi mümkün görünür və bu olacaq. Beləliklə, YAP rəhbərinin xüsusi önəm verdiyi arqument, onların əlindən çıxa bilər. Paralel olaraq müxalifətə həm də təşkil olunmağı bacarmaq lazımdır. Bu iki şərt daxilində demoralizə olunmuş iqtidarın çöküşü qaçılmaz olacaq.

Müxalifət bu vacib işlərin öhdəsindən gəlməyi bacarmalıdır. Bunu bir dəfə bacarmışıq, yenə də etməliyik. Bu tarixi missiyanı icra etmək üçün müxalifətin böyük intellektual potensialı və təcrübəsi mövcuddur. Soyuqluğu bitirməli, satılmamışları birləşdirməli, nüvə yaratmaq lazımdır. Əminəm ki, belə nüvənin maqnetizmi digər çatmayan komponentləri də cəzb edə biləcək. İqtidarın daxilidən parçalanmasına rəvac verəcək addımlar atılmalı, bugünkü qeyri-müəyyənlikdən narazı olanlara zəmanət verərək fəaliyyətə keçmələrinə çağırışlar edilməlidir.

- Qarşıdakı dövrdə müxalifətin hakimiyyətə qarşı mübarizədə vahid mərkəzdən mübarizə aparmaq imkanları nə dərəcədədir?

- Fikrimcə, birləşmənin alternativi yoxdur. Lakin "Kiminlə və hansı şərtlərlə?” sualına aydınlıq gəlməlidir. Vəziyyət kifayət qədər aşkardır. Mövcud "bataqlıq” şəraiti bir çox mətləblərə işıq salıb. Ona görə də sual çətin deyil. Proseslərin inkişafı müxalifəti bir araya gətirə bilər. Düşünürəm ki, trend o istiqamətdədir.

- Hakimiyyətdən uzun illərdi islahat gözləyirsiniz, amma faktiki olaraq, bu yöndə ciddi addımlar müşahidə edilmir. İslahat olmadıqca, cəmiyyətdə aqressiya və narazılıq artır. Necə düşünürsünüz, cəmiyyətin narazılığı kəskin müstəvidə genişlənərək ortaya çıxa bilərmi?

- Bu gün də təkamülün tərəfdarıyam. İnqilabların faydalı olacağına inanmıram. Göz önündə xeyli ərəb nümunələri vardır. Lakin hakimiyyətin Rusiya və İranla bağlı mühafizəkar seqmenti Azərbaycanı inkişafdan və milli vəhdətdən uzaq tutmaq üçün əlindən gələn hər işi edir. Nə qədər ki, bu kəsim siyasi proseslərə həlledici təsir gücünə malikdir, nəyinsə pozitivə dəyişəcəyinə inanmaq olmur. Bəzən aşkar görünür ki, onlar prezident Əliyevə də qarşı gedirlər. Sözsüz ki, baş verənlərə görə məsuliyyəti tam şəkildə İlham Əliyev daşıyır.

Yaxud referendumdan sonrakı qeyri-müəyyənlik nə deməkdir? Referendumun məqsədi var idisə, niyə durğunluq davam edir? Yox idisə, referendum nəyə lazım idi?

Ritorik də olsa, bu sual daxili gərginliyin miqyasına aydınlıq gətirir. Yaxud Birinci vitse-prezidentin təyinatından sonra Kremlin aşkar həyasızlığı Azərbaycanı "qarmaqda” saxlama təşəbbüsünün bariz nümunəsidir.

Cəmiyyətdə səhv, ya düz, Mehriban Əliyevadan bir pozitiv gözlənti işartısının olduğunu heç kəs inkar edə bilməz. Lakin onun da ləngliyi müqavimətin ciddiliyindən xəbər verir. Belə ki, hakimiyyətdaxili turbulentlikdə hər hadisənin başvermə ehtimalını gözləmək lazımdır.

Müxalifət ümidini hakimiyyətin içində baş verənlərə bağlamamalıdır. Bir halda ki, "qırğılar” müsbət dəyişikliyə əngəl ola bilirlər, o zaman islahat ummağın bir anlamı qalmır. İslahatsız şəraitdə isə ölkə təbii ki, ac qiyamlara hazırlanır. Bu, acınacaqlıdır. Sosial gərginlik heç bir proqnoza uymayan obyektiv prosesdir. Onların partlayışa gətirib çıxarması qaçılmaz ola bilər. Ona görə müxalifətin nüvə yaratma zərurətini xüsusi qeyd edirəm. Ola da bilər ki, belə miqyaslı işə iqtidardaxili sağlam tərəflər də cəlb edilsin.

- Son çıxışlarınızda Azərbaycana qarşı beynəlxalq təhdidlərin olduğunu da vurğulayırdınız. Bu təhdidlər nə dərəcədə ciddiləşə və ölkəyə hansı səviyyədə təhlükələr yarada bilər?

- Ən ciddi təzyiq və təhlükə Şimaldandır. Kreml Azərbaycanı toruna - Avrasiya Birliyinə salmaq üçün dəridən-qabıqdan çıxır. Ukrayna və Gürcüstanı Qərb cinahında itirmiş Rusiya Qafqazda qalmaqda israrlıdır. Azərbaycan bunun üçün kilid dövlətdir. Düşünürəm ki, Rusiya təzyiqlərini artıracaq.

Azərbaycanın sıxılmış halı İrana da sərf edir. Bu baxımdan, Cənub və Şimal pressi bizi əzəcək. Dözmək zəruridir. Bunun alternativi yoxdur.

Bizim üçün ən pis nümunə Suriya olmalıdır. Suriya ilə tək coğrafi yaxınlığımız yoxdur. Dahi Nəsimi dəbizim yeganə ortaq məsələmiz deyil. Oranın da daxili inkişaf tarixinə nəzər saldıqda, bir çox oxşarlıqlar mövcuddur. Əsəd də Qərb təhsilli, intellektual, müasir insan təəssüratı bağışlayırdı. Hətta ailəsini Qərb nümunəsi üzərində qurmuşdu. Lakin bütün bunlar səthi imiş. Gen yaddaşı öz sözünü həlledici məqamda deyir. Genetik yaddaşın oyanması üçün xarici qıcıq faktorları bəs qədərdir. Onlarda da, bizdə də.

Əsədin keçdiyi həyat yolu atavizmin vəhşi reflekslərinin üzə çıxmasına mane ola bilmədi. Ortaqlarına baxın - Rusiya və İran! Bir qədər əvvəl bizim xarici təhlükə amillərimizi saydıqda, eyni dövlətləri işarələdim.

Əsəd 11-ci ildə Qətər karbohidrogenlərinin Türkiyə üzərindən daşınmasına razılıq versə, özünü Türkiyəyə, onun vasitəsilə Qərbə bağlaya bilsəydi, bu fəlakətlərə müəlliflik etməzdi. Amma gücü və iradəsi yetmədi. Müəllim soyadlı Suriya boz kardinalı buna mane oldu. Nəticə göz önündədir. Suriya artıq parçalanıb. Dünyanın bütün axmaq ideoloji və silahları orada gücünü sınayır. Suriya virandır. Ağır dönəm gəlir. Bu yolda müttəfiqləri seçmək lazımdır. Tək qalsaq, ya poliqon, ya da yem olacayıq.

- Ümumilikdə həm xarici, həm də daxili faktorları nəzərə alaraq, Azərbaycan üçün qurtuluş yolunu nədə görürsünüz?

- Bu, çox geniş və həssas mövzudur. Ən ümumiləşdirilmiş şəkildə Türkiyə ilə yaxınlaşmanı yeganə yol kimi görürəm. Bu tandem bizi vəziyyətdən çıxara bilər. Yeganə Türkiyədir ki, bizim suverenliyimizdə maraqlıdır. Bəlli məsafəni saxlamaqla, Türkiyə ilə inteqrasiya mövcudluğumuzun qarantı ola bilər. Təbii ki, bu ittifaq digərlərinə qarşı çevrilməməli, region dövlətləri ilə xoş münasibətlər qorunmalıdır.

Zaur ƏHMƏD

Reyting.az



 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər