Tarix: 19-06-2017 13:12 | Bölmə: Müsahibə
Təhsil Nazirliyinin məsul şəxsi deyir ki, bunun üçün tələbə təhsil müddətində 240 kredit toplamalıdır
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev Trend-ə müsahibə verib.
Y.Piriyev əvvəlcə Nazirlər Kabineti tərəfindən "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"na edilən dəyişikliklərə aydınlıq gətirib.
Reyting.az həmin müsahibəni təqdim edir:
- Dəyişikliklərin əsas məqsədi ali təhsil müəssisələrinin müstəqilliyinin genişləndirilməsi, ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına uyğunlaşdırılması və ən əsası tələbələrin təhsilalma imkanlarının genişləndirilməsidir.
- Bəs tədrisə qismən cəlb olunma (parttime) nədir və bu təhsilin qiyabi təhsilalma formasından fərqi nədədir?
- Tədrisə qismən cəlb olunma əyani təhsilalma formasının növüdür. Qiyabi təhsilalma formasından fərqli olaraq tədrisə qismən cəlb olunan tələbə ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafikini özü tərtib edir və fənnə qoyulan bütün tələbləri (dərslərdə iştirak və s.) ödəməlidir.
- Parttime tələbə semestr ərzində neçə kreditə qədər fənn (fənlər) seçə bilər?
- Bir semestrə, tədrisə qismən cəlb olunan (parttime) tələbəyə ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla 20-yə qədər kredit müəyyənləşdirilir.
- Bəs tədrisə tam cəlb olunan (fulltime) tələbəyə semestr ərzində maksimum neçə kreditli fənlər seçməyə icazə verilir?
- Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30-a qədər kredit müəyyənləşdirilir. Bu tələbələrə əlavə fənn də seçməyə icazə verilir. Bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır.
- Əgər tələbə bir semestrə 40 kredit götürəcəksə, bu, onun ali təhsil müəssisəsini tez qurtarmasına imkan verəcəkmi?
- Bəli. Tələbə təhsil müddətində 240 kredit toplamalıdır. Bu səbəbdən tələbə tədris qrafikini düzgün tərtib etdiyi halda ali təhsil müəssisəsini 4 ildən tez bitirə bilər.
- Fənni dinləmədən akademik borcu qalan tələbənin neçə fənn üzrə təkrar imtahan vermək hüququ var?
- İmtahana buraxılan, lakin akademik borcu qalan tələbə hər semestrdə fənni dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddət ərzində həmin fənn tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər.
- Təkrar imtahanlar ödənişli əsaslarla təşkil edilir? Əgər belədirsə, ödənişin məbləği nə qədərdir?
- Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir.
- Tələbələr istənilən halda təkrar təşkil olunmuş imtahan üçün ödəniş ödəyəcək?
- Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə imtahan üçün ödəniş ödənilməlidir.
- Əgər tələbə təkrar imtahandan yenidən kəsilərsə, bu zaman nə olacaq?
- İstənilən halda akademik borcu yaranmış tələbəyə həmin fənn üzrə təkrar imtahan vermək və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır.
- Dəyişikliklərə əsasən, tələbə yay semestrində neçə kreditə qədər fənn seçə bilər?
- Yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır.
- Tələbələrin dərsə davamiyyəti ilə bağlı ali təhsil müəssisələrinə hansı sərbəstlik verilib?
- Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır. Bu hədd ali təhsil müəssisəsi tərəfindən azaldıla bilər.
- Kimlər tyutor vəzifəsinə təyin oluna bilərlər?
- Tyutorlar bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan ali təhsilli şəxslər arasından seçilirlər.
Bölməyə aid digər xəbərlər